Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

HUD SURƏSİNIN ŞƏRHİ 61-83

(11.61) “Səmud xalqına da qardaşları Salehi (göndərdik). O dedi: “Ey xalqım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxdur. O sizi yerdən yaradıb orada sakin etdi. Bağışlanmağınızı diləyin, sonra da Ona tövbə edin. Həqiqətən, Rəbbim – Yaxındır, çağırışa Cavab verəndir!”

Səmudlular məşhur xalq idi və əl-Qura vadisində Hicr adlı yerdə yaşayırdılar. Allah onların yanına Öz qulu və elçisi kimi bu xalqın içindən çıxmış və öz həmqəbilələrinin qardaşı olan Salehi (ə) göndərmişdi. Ona (ə) tapşırılmışdı ki, insanları Tək olan Allaha ibadətə dəvət etsin və o (ə), belə demişdi: “Ey mənim xalqım! Tək olan Allaha ibadət edin və təkcə Ona səmimiyyətlə qulluq göstərin, çünki nə Göylərdə, nə də Yerdə ibadətə layiq başqa ilah yoxdur! Allah sizi torpaqdan yaratmış və oradaca – Yerdə məskunlaşdırmış və sizə hakimiyyət vermişdir. O, sizə gözlə gördüyünüz və görə bilmədiyiniz nemətlər bəxş etmiş, qarşınızda böyük imkanlar açmışdır ki, onların sayəsində siz evlər inşa edir, ağaclar əkir və tarlalarınızı əkib-becərirsiniz. Siz bunlardan xeyir götürür və əməyinizin bəhrələrindən istifadə edirsiniz və bütün bunlar isə yalnız Allahın lütfkarlığı sayəsində baş verir. Bu işdə Ona heç kim kömək etmir və heç kim Onunla bərabər ibadətə layiq deyildir. Allahdan keçmişdən sizə xas olan küfrünüzü, müşrikliyinizi və itaətsizliyinizi bağışlamasını xahiş edin. Onlardan əl çəkin və səmimi tövbə vasitəsilə Rəbbinizə müraciət edin. Həqiqətən, Rəbb yardım haqqında dua ilə Ona müraciət edənlərə və ya sadəcə Ona ibadət edənlərə yaxındır. O, qullarının dualarına, onlara kömək göstərməklə, onların ibadətlərini qəbul etməklə və ən gözəl tərzdə onları mükafatlandırmaqla cavab verir”.
Bilmək lazımdır ki, Allahın Öz məxluqlarına yaxınlığı iki növdür: ən ümumi və xüsusi. Fövqəluca Allahın istisnasız bütün məxluqlarına ən ümumi yaxınlığı Onun Öz elminin təzahürüdür. Bu barədə Fövqəluca belə buyurur: “And olsun ki, insanı Biz yaratdıq və nəfsinin ona nə vəsvəsə etdiyini də Biz bilirik. Biz ona şah damarından da yaxınıq!” (Qaf, 50/16). Allahın xüsusi yaxınlığı isə təkcə Allaha ibadət edənlərə, Ona duaları ilə yalvaranlara və səmimi məhəbbət bəsləyənlərə şamil edilir. Belə yaxınlıq haqqında aşağıdakı vəhydə də deyilmişdir: “Yox, yox! Sən ona uyma! Sən ancaq (Rəbbinə) səcdə et və yaxınlaş!” (Ələq, 96/19). Məhz belə bir yaxınlıqdan söhbət zərh etdiyimiz ayədə və aşağıdakı vəhydə xatırlanmaqdadır: “Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən onlara yaxınam, Mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edirəm...” (Bəqərə, 2/186). Allahın Öz qullarına xüsusi yaxınlığı qullarının dualarına cavab verən və onların arzularını yerinə yetirən Fövqəluca Rəbbin rəhmdil olmasına dəlalət edir. Məhz buna görə Allahın gözəl adları arasında – Yaxın və Cavabverən adları birlikdə xatırlanır.

(11.62) “Onlar dedilər: “Ey Saleh! Sən bundan əvvəl içərimizdə ümid edilən bir adam idin. İndi atalarımızın ibadət etdiyinə ibadət etməyi bizə qadağanmı edirsən? Doğrusu, biz sənin bizi dəvət etdiyin (tövhid) barədə şəkk-şübhə içindəyik”.

Saleh peyğəmbər (ə) müşrikləri tək Allaha səmimi qəlbdən ibadət etməyə çağırdıqda, onlar onun (ə) dəvətini rədd etdilər və bu çağırışa çox pis cavab verdilər. Onlar dedilər: “Ey Saleh! Sən ağıllı adam olduğun üçün biz sənə bel bağlamışdıq və sənə ümid edirdik ki, öz xalqına fayda verəcəksən. Lakin bu gün hər şey dəyişdi”. Onlar bu sözləri ilə təsdiq edirdilər ki, Saleh (ə) nəcib əxlaqı və gözəl mənəvi keyfiyyətləri ilə tanınmışdı və xalqının ən yaxşı oğullarından biri idi. Amma o (ə), qəbilədaşlarını onların alçaq niyyətli niyyətləri ilə üst-üstə düşməyən baxışlara dəvət etməyə başlayan kimi, onlar ona (ə) bəslədikləri münasibətlərini dəyişdilər və bəyan etdilər ki, əvvəllər o (ə) nöqsansız bir insan idi, lakin ona bəslənən ümidləri doğrultmadı və ondan xeyirli heç nə gözləmədikləri bir adama dönmüşdür. Qəbilədaşlarının nəzərində onun (ə) “cinayəti” - xalqını, əvvəllər yollarını azmış atalarının ibadət etdikləri bütlərə onları ibadət etməkdən əl çəkməyə çağırdığı möizələri olmuşdu. Müşriklər bunu Saleh peyğəmbərin ən böyük nöqsanı hesab etmişdilər. O (ə) onlara bildirmişdi ki, qəbilədaşları və onların azğın ata-babaları sağlam düşüncəli insanlar olmamışlar və onlara təklif etdi ki, fayda verməyə və zərər vurmağa qadir olmayan daş heykəllərə, ağaclara və digər bütlərə ibadət etməkdən əl çəksinlər. O (ə) hökm verdi ki, dinə səmimiyyətlə Allah xatirinə – fasiləsiz olaraq insanlara bol nemətlər bəxş edən, Öz yaratdıqlarına xeyirxahlıq göstərən və onlara yeganə nemətlər nazil edən və onları hər cür fəlakətlərdən və gözlənilməz hadisələrdən qoruyan Fövqəluca Rəbb xatirinə etiqad etsinlər. Lakin kafir qəbilədaşları cavab verdilər ki, onun (ə) möizələrinin həqiqətə uyuğun olması onlarda şəkk-şübhə doğurur. Onlar bildirirdilər ki, əgər onlar Salehin (ə) dəvət etdiyi dinin doğru olduğuna qəti əmin olsaydılar, onda mütləq onun ardınca gedərdilər. Lakin onlar bunu yalan deyirdilər və bu aşağıdakı ayələrdən bəlli olur.

(11.63) “(Saleh onlara) belə cavab verdi: “Ey xalqım! Bir deyin görək. Əgər mənim Rəbbimdən aşkar bir möcüzə olsa, O mənə Özündən bir mərhəmət (peyğəmbərlik) lütf etsə, mən də Ona asi olsam, məni Allahın əzabından kim qurtara bilər? Siz mənə ziyandan başqa bir şey artırmayacaqsınız!”
(11.64) “Ey xalqım! Allahın bu dişi dəvəsi sizin üçün bir möcüzədir. Qoyun Allahın torpağında otlasın, ona bir pislik etməyin, yoxsa şiddətli bir əzaba düçar olarsınız!”

Saleh (ə) dedi: “Ey mənim qəbilədaşlarım! Mən Rəbbimdən nazil olan dəlillərə istinad edirəm və dediklərimin doğruluöuna əminəm. Allah mənə böyük bir nemət bəxş etmiş, məni peyğəmbərliklə və vəhylə şərəfləndirmişdir. Doğrudanmı bundan sonra mən sizin nəzər nöqtələrinizi qəbul etməli və sizin məni dəvət etdiyinizlə razılaşmalıyam? Belə etsəm, Ona itaətsizlik göstərsəm, onda məni Allahdan kim qoruya bilər? Həqiqətən, siz mənə zərər verməkdən, ziyan vurmaqdan və ölüm gətirməkdən başqa, heç nə ilə kömək edə bilməzsiniz. Ey qəbilədaşlarım! Budur Allahın sizin üçün möcüzəsi və xarüqəladə əlaməti (Burada: “xarüqəladə əlamət” ifadəsi ilə Fövqəluca Allahın hər şeyə qadir olan elminin və qüdrətinin canlı əlaməti, rəmzi nəzərdə tutulur. F.S.) olan dəvəsi. O, günaşırı quyudan su içəcəkdir, siz isə quyudan suyu o biri gün içəcəksiniz. ( Yəni, siz o quyudan növbə ilə su götürəcəksiniz: bir gün dəvə quyudan su içəcək, səhərisi gün quyudan siz istifadə edəcəksiniz.. F.S.) O biri gün ərzində isə siz dəvənin əmcəklərindən süd içəcəksiniz. Siz onu yemlə və başqa qida ilə təmin etməyəcəksiniz – qoy o, Allahın gen-bol ərazisində özü üçün otlasın. Onu öldürməyin və ona ziyan toxundurmayın ki, ləngidilməz ölüm cəzası sizi yaxalamasın”.


(11.65) “Onlar (dəvəni) tutub (ayaqlarından) kəsdilər. (Saleh də onlara) dedi: “Daha üç gün yurdunuzda yaşayıb kef çəkin. Bu elə bir vəddir (sözdür) ki, yalan çıxmaz!”
(11.66) “Əmrimiz gəldikdə Bizdən bir mərhəmət olaraq Salehi və onunla birlikdə iman gətirənləri xilas etdik və o Günün rüsvayçılığından qurtardıq. Həqiqətən, Rəbbin yenilməz Qüdrət Sahibi, Qüvvət Sahibidir!”

Müşriklər dəvəni kəsdikdə Saleh peyğəmbər (ə) onlara dedi: “Sizin bu dünyanın nemətlərindən ləzzət almağa daha üç gün vaxtınız qalmışdır, sonra isə sizi qarşısıalınmaz bir qisas sarsıdacaqdır”. Fövqəluca Allah fasiqləri cəzalandırmaq hökmünü verdikdə, əzabdan, rüsvayçılıqdan və şərəfsizlikdən xilas olmaq təkcə Salehə (ə) və onun (ə) iman gətirmiş qəbilədaşlarına müyəssər oldu. Həqiqətən də, Onun gözəl adları arasında – Qüdrətli və Qüvvətli adları əlamətdardır. Allah Öz Gücü və Öz Qüdrəti sayəsində bir çox fasiq xalqları məhv edərək, Öz elçilərini və onların yolu ilə gedənləri cəzalandırılmaqdan xilas etmişdir.


(11.67) “O zülm edənləri qorxunc (tükürpədici) bir səs bürüdü və evlərində diz üstə çöküb qaldılar (bir göz qırpımında həlak oldular)”.
(11.68) “Sanki onlar heç yaşamamışdılar. Bilin ki, Səmud tayfası Rəbbini inkar etmişdi. Xəbəriniz olsun ki, Səmud tayfası (Allahın mərhəmətindən) kənar (uzaq) oldu!”

Dəhşətli və qorxunc bir səs qopdu və bu səsdən kafirlərin ürəkləri partladı və diz çökərək, öz evlərindəcə yıxılıb öldülər, sanki onlar bu dünyanın nemətlərindən heç vaxt ləzzət almamışdılar, sanki onlar maddi bolluqdan heç vaxt istifadə etməmişdilər. Onların əlləri nemətlərdən üzüldü və sonu olmayan cəzanı daddılar və bundan fasiqlərə elə gəlirdi ki, bu cəza əbədidir və daima olmuşdur. Onlar aydın möcüzəni gördükdən sonra da öz Rəbbinə iman gətirməmişdilər. Həqiqətən, onlar ən bədbəxt və mənfur xalq idi. Allah bu həyatda bizi belə rüsvayçılıqdan və cəzadan saxlasın!


(11.69) “Həqiqətən, elçilərimiz (mələklər) İbrahimə müjdə (İshaqın anadan olacağı xəbərini) gətirib: “Salam!” – dedilər. (İbrahim də: ) “Salam!” – deyə cavab verdi və dərhal (gedib onlara) qızarmış bir buzov gətirdi”.
(11.70) “(İbrahim qonaqların) əllərinin yeməyə uzanmadıqlarını gördükdə onların bu hərəkəti xoşuna gəlmədi və qorxuya düşdü. Onlar dedilər: “Qorxma (biz Allahın mələkləriyik), biz Lut tayfasına (onu məhv etmək üçün) göndərilmişik!”

Xeyirxah mələklər Allahın sevimlisi və Allahın elçisi İbrahimin (ə) yanına gəldikdə, ona (ə) tezliklə bir oğlunun olacağı haqqında müjdə verdilər. Bu, Allah Lut xalqını məhv etmək və İbrahimin (ə) kəndindən keçərək, onu (ə) İshaq adlı oğlunun doğulacağı ilə müjdələmək üçün Öz hökmü ilə mələklərini göndərdikdə baş vermişdi. Pak peyğəmbərin (ə) yanına gələrək, məmləklər onu (ə) salamladılar, o (ə) da onlarla salamlaşdı. Bu onu göstərir ki, hətta İbrahim peyğəmbərin (ə) dinində də salamlaşmaq ( Yəni, rastlaşarkən bir-birinə “salam” demək (vermək). F.S.) qanuniləşdirilmişdi. Həm də, rastlaşdığın şəxsi söhbətə başlamazdan öncə salamlamaq lazımdır. Bu həmçinin ona dəlalət edir ki, salam verənin salamına daha geniş salamlaşmaqla cavab vermək lazımdır. Məsələ ondadır ki, mələklərin salamlaşması feili cümlə ilə ifadə edilmişdi və bu ərəb dilində nitqin yeniləndirilməsini vurğulayır, halbuki İbrahimin (ə) cavab salamlaşması adlıq cümləsi ilə ifadə edilmişdi ki, bu da nitqin davam etməsini nəzərdə tutur. Feili və adlıq cümlələr arasında ümumiyyətlə ərəb dilini bilənlərə yaxşı məlum olan böyük fərq vardır.
Qonaqlar İbrahimin (ə) evinə daxil olduqda, o (ə) ləngimədən tez gedib qızardılmış yağlı bir büzov gətirdi. O (ə), buzovu onların qabağına qoyub dedi: “Bizim təamımızdan dadmaq istəməzsinizmi?” Lakin qonaqlar heç dadına baxmaq üçün belə əllərini uzatmadılar və belə olduqda İbrahim (ə) qorxuya düşdü. O (ə) elə fikirləşdi ki, onlar bəd niyyətlə gəliblər və ona (ə) pislik etməyə hazırlaşırlar. Bu anda mələklər dedilər: “Bizdən qorxma! Biz Allahın, Lut xalqını məhv etməyi tapşırdığı elçiləriyik”.


(11.71) “Onun arvadı pərdə arxasında durmuşdu. O, güldü. Biz onu İshaqla, (İshaqın) ardınca da Yaqubla müjdələdik”.
(11.72) “O dedi: “Vay halıma! Mən bir qoca qarı, bu ərim də bir qoca kişi olduğu halda doğa bilərəmmi? Doğrusu, bu, təəccüblü bir şeydir”.

İbrahim peyğəmbərin (ə) zövcəsi də qonağlara xidmət göstərirdi və qonaqlarının kim olduğunu və hansı tapşırıqla gəldiklərini bildikdə, o dərəcədə təəccüblənmişdi ki, bu deyilənlərə gülmüşdü. Onda mələklər ona İshaqın tezliklə doğulacağı və onun ardınca da Yaqubun dünyaya gələcəyi haqqında xəbər verdilər. Bu müjdə onun üçün gözlənilməz idi və o, təəccüblə ucadan dedi: “Doğrudanmı mənim uşağım olacaq? Axı mən qoca arvadam və ərim də yaşı ötmüş kişidir”. O, uşaq doğacağına təəccüb etdiyi iki səbəbi göstərdi.


(11.73) “(Mələklər ona) dedilər: “Allahın əmrinə təəccübmü edirsən? Ey ev əhli! Allahın bərəkəti və mərhəməti üstünüzdən əskik olmasın! Həqiqətən, Allah Həmdəlayiq və Şan-şöhrətlidir!”

Mələklər dedilər: “Doğurdanmı sən Allahın hökmünə təəccüblənirsən? Həqiqətən, bunda qəribə bir şey yoxdur, Çünki Onun istənilən arzusu mütləq gerçəkləşir. Allah üçün, xüsusilə, əgər söhbət bu xoşbəxt evin sakinlərindən gedirsə, mümkün olmayan bir şey yoxdur. Allahın mərhəməti həmişə bu evin sakinlərinə himayə edəcəkdir və Allahın bərəkəti sayəsində bu ev həmişə mərhəmət və rəhmlə dolu olacaqdır. Həqiqətən, sizin Rəbbiniz tərifəlayiqdir və şan-şöhrətlidir. Onun sifətləri mədh edilməyə layiqdir, çünki onlar kamillik sifətləridir. Onun əməlləri tərifə layiqdir, çünki onlar xeyrixahlıqla, səxavətlə, mərhəmətlə, müdrikliklə, ədalətlə və qərəzsizliklə doludur. O – şan-şöhrət Sahibidir, çünki Onun sifətləri və adları əzəmətli və hər şeyi əhatəedəndir. Allah nəinki sadəcə kamil sifətlərə malikdir – onlar ən kamil və ən qüsursuz təzahur formalarında (başlanğıcı olmayan sonsuzluqdan bəri) Ona xas və məxsusdurlar”.


(11.74) “İbrahimin qorxusu çəkildikdə və ona müjdə gəldikdə Lut xalqı barəsində Bizimlə mübahisə etməyə başladı”.
(11.75) “İbrahim həqiqətən də həlim, Allaha çox yalvaran və Ona üz tutan bir şəxs idi”.
(11.76) “Mələklər dedilər: “Ey İbrahim! Bundan (bu mübahisədən) əl çək. Çünki Rəbbinin əmri artıq gəlmişdir və onlara qarşısıalınmaz bir əzab gələcəkdir”.

Qonaqların qəribə rəftarından sonra qorxusu ötüb keçdikdə, İbrahim (ə) – pak peyğəmbər uşağın dünyaya gəlməsi haqqında müjdəni eşidərək, Lut xalqını ölümə məhkum etməmək üçün mələkləri fikrindən daşındırmağa cəhd göstərdi. Bununla əlaqədar Fövqəluca Allah belə buyurur: “Elçilərimiz (mələklər) İbrahimə (İshaqın, sonra da Yəqubun doğulacağı barədə) müjdə gətirdikləri zaman: “Biz bu məmləkət əhlini məhv edəcəyik, çünki onlar zalımdirlar (Allaha asi olmaqla, onun peyğəmbərini təkzib etməklə, çirkin işlər görməklə özləri-özlərinə zülm edirlər)”, dedilər. (İbrahim) dedi: “Orada (onların içində Allahın mömin bəndəsi) Lut da var! Onlar: “Biz orada kimin olduğunu (hamıdan) yaxşı bilirik. Biz onu və ailəsini mütləq xilas edəcəyik. Yalnız övrətindən başqa. O (əzab içində) qalanlardan olacaq!” – deyə cavab verdilər” (Ənkəbut, 29/31-32).
İbrahim alicənab insan idi, gözəl əxlaqa malikdi və cahil adamlar zalımlıq etdikdə də soyuqqanlılığını saxlayardı. O (ə) həmişə mütiliklə Allaha dua edər və həmişə Allaha yaxınlaşmağa can atardı. Bu məqsədlə o (ə), Allaha daha yaşxı dərk etməyə, öz Rəbbini daha möhkəm sevməyə, bütün qəlbi ilə Ona doğru yönəlməyə və hər şeydən imtina etməyə səy göstərirdi. Məhz bu keyfiyyətləri onu (ə) hətta Allahın məhvə məhkum etdiklərinə havadar çıxmağa vadar etmişdi. Lakin Allahın elçiləri ona (ə) mübahisədən əl çəkməyi məsləhət gördülər, çünki Allah artıq Öz hökmünü vermişdi və belə şəraitdə hər hansı mübahisə faydasızdır.


(11.77) “Elçilərimiz (mələklər) Lutun yanına gəldikləri zaman (tayfası bu gözəl qonaqlara bir pislik yetirər deyə) əndişəyə düşdü, ürəyi sıxıldı və: “Bu, çox çətin bir gündür!” – dedi”.

Mələklər İbrahimdən (ə) ayrılaraq Lutun (ə) yanına yollandılar. Onların gəlişi Lut peyğəmbəri (ə) olduqca narahat etdi. Onun (ə) ürəyi sıxıldı və öz-özünə dedi: “Bu gün çox ağır bir gündür”. O (ə) bilirdi ki, qəbilədşları, hətta hələ saqqalı çıxmamış gözəl və cazibədar gənc oğlanların qiyafəsində gəlmiş mələkləri rahat buraxmayacaqlar. Nədən qorxurdusa, o da baş verdi.


(11.78) “Tayfası (kişi qonalarının gəldiyini bilərək) tələsik (Lutun) yanına gəldi. Onlar əvvəl də pis işlər görürdülər. (Lut onlara) dedi: “Ey qövmüm! Bunlar mənim qızlarımdır və sizin üçün daha təmizdirlər. Allahdan qorxun və (yaramaz əməllərinizlə) məni qonaqların yanında rüsvay etməyin. Məgər aranızda ağlı başında bir adam yoxdur?”

Fasiqlər hər tərəfdən qaça-qaça gəlib onun (ə) evinin yanında yığışdılar ki, Lutun (ə) qonaqları ilə, o vaxtadək aləmlərin heç bir sakininin hələ törətmədiyi iyrənc Sodom ( İordan çayının mənsəbində və ya Ölü dənizin qərb sahilində yerləşən iki şəhərdən biridir, əhalisi əxlaqsızlıq batağlığına çökmüşdülər və bu yaramazlıqlarına Fövqəluca Allahın hökmü ilə büsbütün məhv edilib yer üzündən silinmişlər. F.S.) günahını işlətsinlər. Belə olduqda Lut peyğəmbər (ə) onlara dedi: “Ey mənim qəbilədaşlarım! Mənim qızlarımı götürün, çünki qadınlarla şəhvətinizi söndürməyiniz, bu işi mənim qonaqlarımla etməkdən sizin üçün daha yaxşıdır”. Bu təklif, uşaqdan ötrü iki qadının etdikləri mübahisə ilə əlaqədar olaraq Süleyman peyğəmbərin (ə) onlara uşağı iki yerə bölməyi təklif etməsinə bənzəyir. O (ə) bu təklifi etmişdi ki, həqiqəti aydınlaşdırsın, çünki çox gözəl bilirdi ki, onun (ə) qəbilədaşları onun (ə) qızlarına toxunmayacaq və onlara heç bir həvəs və meyl göstərməyəcəklər. Onun (ə) əsas məqsədi isə qəbilədaşlarını ən böyük yaramazlıqdan çəkindirmək idi. O (ə) dedi: “Allahdan qorxun və məni qonaqların yanında rüsvay etməyin! Ya Allah qarşısında qorxudan, ya da mənə və qonaqlarıma hörmət göstərərək niyyətinizdən əl çəkin! Məni onların yanında biabır etməyin! Doğrudanmı aranızda bir nəfər də olsun ağıllı kişi yoxdur ki, sizi bu əməldən əl çəkməyə çağırsın və sizin cinayətinizin qarşısını alsın?” Alicənab peyğəmbərin (ə) bu sözləri ona dəlalət edir ki, onun (ə) qəbilədaşları xeyirxahlıqdan və qeyrətdən tamamilə məhrum idilər.


(11.79) “Onlar dedilər: “Sənin qızlarına heç bir ehtiyacımız olmadığını, şübhəsiz, bilirsən. Nə istədiyimizi də, yəqin ki, bilirsən!”
(11.80) “(Lut) dedi: “Kaş sizə çatan bir gücüm-qüvvətim olaydı, yaxud möhkəm bir arxaya söykənəydim (alınmaz bir qalaya və ya güclü bir qəbiləyə pənah apara biləydim)!”

Fasiqlər dedilər: “Sənə məlumdur ki, biz təkcə kişilərə həvəs göstəririk və qadınlarla yaxınlıq etmək istəmirik”. Onların dedikləri Lut peyğəmbəri (ə) son dərəcə həyəcanlandırdı və o (ə) ucadan belə cavab verdi: “Əgər mən sizin öhdənizdən gəlmək üçün kifayət qədər qüvvəyə malik olsaydım! Əgər mən sizin qarşınızı ala bilən bir qəbiləyə arxalana bilsəydim!” O (ə) maddi səbəbləri xatırlatsa da, heç bir məxluqun qarşısında qurmağa qadir olmadığı ən qüdrətli dayağa – Fövqəluca Allaha söykəndiyini bir an belə unutmurdu.


(11.81) “(Mələklər) dedilər: “Ey Lut! Biz sənin Rəbbinin elçiləriyik. Onlar əsla sənə toxuna bilməzlər. Gecənin bir vaxtında ailənlə birlikdə çıx get. Heç kəs dönüb geri baxmasın. Təkcə övrətin istisnadır. Onlara toxunacaq əzab övrətinə də toxunacaqdır. Onların (ölüm) vaxtı səhərdir. Səhər yaxın deyilmi?”
(11.82) “(Lut tayfasının məhvi barəsində) əmrimiz gəldiyi zaman o yurdun altını üstünə çevirdik və üzərinə odda bişmiş bərk daşlar yağdırdıq”.
(11.83) “Onlara Rəbbinin dərgahında əlamət qoyulmuş. (Ey Elçim!) O (daşlar) zalımlardan uzaq deyildir!”.

İş bu vəziyyətə gəlib çatdıqda və Lut peyğəmbərin (ə) narahatçılığı təsvirolunmaz dərəcədə artdıqda, mələklər ona (ə) əslində kim olduqlarını xəbər verdilər. Onlar onu (ə) əmin etdilər ki, fasiqlər ona (ə) heç bir zərər toxundura bilməyəcəklər. Sonra mələk Cəbrail qanadını açan kimi fasiqlər görmə qabiliyyətini itirdilər. Onlar evlərinə dağılışaraq, səhər açılan kimi Lutu cəzalandıracaqları ilə hədələdilər. Sonra mələklər ona (ə) gecə qaranlığının pərdəsi altında ailəsini, səhər açılmamışdan xeyli əvvəl, şəhərdən çıxarması əmrini verdilər ki, onlar öz şəhərlərindən kifayət qədər təhlükəsiz bir məsafəyə uzaqlaşa bilsinlər. Onlara tələsmələri, öz xilası haqqında düşünmək və hətta geriyə belə dönüb baxmamaq əmr olunmuşdu. Təkcə Lut peyğəmbərin (ə) arvadının qismətinə şəhərdə qalmaq və öz qəbilədaşları ilə birlikdə cəzanın əzabını çəkmək düşdü, çüni o qadın da fasiqlərin cinayətinin iştirakçısı idi. Məhz o, onlara Lutun (ə) evində cavanların olmasını xəbər vermişdi.
Mələklər alicənab peyğəmbərə (ə) bu barədə xəbər verdikdə, o (ə) sanki ədalətli qisasın tezləşdirilməsini qərara aldı və belə olduqda, elçilər dedilər: “Onların möhləti səhər qurtaracaqdır. Məgər səhər yaxın deyilmi?” Fövqəluca Allah isə sübh çağı bu günahkar xalqı cəzalandırmağı əmr etdi. Onların yaşayış yerləri alt-üst edildi, öz başlarına isə bişirilmiş gildən odlu kəsəklər yağdırıldı. Bu od kimi közərdilmiş daş-kəsəklər bir-birinin ardıyca düşür və şəhərdən qaçmağa müvəffəq olanları yaxalayırdı. Bu daşlar Allahın cəzasının və Allahın qəzəbinin əlamətləri ilə nişanlanmışdı. Lut xalqının törətdiyi mənfur günaha görə məruz qaldığı əzab-əziyyətin yenə də belə günahları işləyən fasiqlərin başına gətirilməsi heç də təəccüblü olmayacaqdır. Qoy Allahın qulları belə cinayətlər törətməkdən çəkinsinlər ki, onlar da onlardan əvvəlkiləri məhv edən cəzaya məruz qalmasınlar.


Tarix: 20.04.2013 / 14:36 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 680 Bölmə: Sureler
loading...