Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

HİCR SURƏSİNİN ŞƏRHİ 1-35

Mərhəmətli və Rəhmli Allahın adı ilə!

(15.1) “Əlif. Ləm. Ra. Bunlar – Kitabın və açıq-aydın Quranın ayələridir”.

Fövqəluca ən gözəl mənalara malik olan və ən mühüm hökmləri izah edən Quran ayələrinin əzəmətini bu ayədə xüsusilə nəzərə çatdırır. Onlar haqqı ən zərif və başa düşülən tərzdə açıqlayır ki, bu da insanları bu Kitaba itaət etməyi, onun nəsihətlərini yerinə yetirməyi və onu sevinc və məmnuniyyətlə qəbul etməyi zəruriləşdirir.

(15.2) “Kafirlər mütləq müsəlman olmağı arzu edərlər”.

Əgər insan Müqəddəs Quranı rədd edərək öz Rəbbinin ən böyük nemətinə nankorluqla cavab verərsə, onda o, yolunu azmış kafirlərin cərgəsinə düşər və onlar, İslamı qəbul etmədiklərinə və Quranın hökmlərini yerinə yetirmədiklərinə görə çox tezliklə peşman olacaqlar. Bu o zaman baş verəcək ki, qeyri-müəyyənlik pərdəsi qalxacaq və insan ölümünü öncədən hiss edərək özünün Axirət həyatının astanasında olduğunu görəcək. O biri aləmə daxil olduqdan sonra, kafirlər həmişə müsəlman olmadıqları haqqında təəssüflənəcəklər. Lakin Axirət həyatında onlar əldən çıxardıqları imkanları qaytara bilməyəcəklər, çünki onlar bu maddi həyatda o dərəcədə güclü azdırılıblar ki, bunu heç istəmirlər də.

(15.3) “Qoy onlar bir müddət yeyib-içsinlər, əylənsinlər və xam xəyallar onların başlarını qatsın. Tezliklə biləcəklər.

Qoy kafirlər dünya nemətlərindən həzz alsınlar və uzun ömür sürəcəkləri ilə əylənsinlər ki, bu da onları Axirət həyatı naminə çalışmaqdan yayındırır. Onlara çox tezliklə aydın olacaqdır ki, onlar yalana etiqad edirmişlər və onların əməlləri özlərinə zərərdən başqa heç nə gətirməmişdir. Buna görə Fövqəluca Allahın kafirlərə möhlət verməsi sizi yoldan çıxarmasın. O, bütün xalqlarla məhz bu minvalla rəftar edir.

(15.4) “Məhv etdiyimiz hər bir diyarın məlum bir yazısı var idi (həlak olacaqları vaxt əvvəlcədən müəyyən edilmişdi)”.
(15.5) “Heç bir ümmət öz əcəlini nə qabaqlaya bilər, nə də yubada bilər”.

Cəzaya layiq olan və məhv edilən hər bir kəndin əhalisi məlum qismətə malikdi. Onların məhv olma müddəti əzəldən məlum idi və onlar onu nə yaxınlaşdıra və nə də uzaqlaşdıra bilməzdilər. Günahlara görə qisas o saat alınmasa da, onlar, qaçılmaz ağır nəticələrə səbəb olur.

(15.6) “Kafirlər dedilər: “Ey Zikr nazil edilən şəxs! Sən, doğrudan da, dəlisən”.
(15.7) “Əgər doğru danışanlardansansa, nəyə görə mələkləri yanımıza gətirmirsən?”
(15.8) “Biz mələkləri ancaq zəruriyyət yarandıqda nazil edirik. Belə olduqda isə kafirlərə möhlət verilməz”.

Muhəmməd Peyğəmbəri (s.ə.s) inkar edən müşriklər, ona (s.ə.s) istehza edərək deyirdilər: “Bura bax! Sən hesab edirsən ki, sənə vəhy nazil edilir. Doğrudanmı sən elə fikirləşirsən ki, biz sənin ardınca gedəcəyik və öz ata-babalarımızın yolundan əl çəkəcəyik? Əgər sən belə düşünürsənsə, onda sən – sadəcə, dəlisən. Yox, əgər sən doğru danışırsansa, onda niyə bəs bizim yanımıza mələkləri gətirmirsən ki, sənin sözlərinin həqiqiliyini təsdiq etsinlər? Sən bunu etməmisən, bu isə o deməkdir ki, sən doğru danışmırsan”.Muşriklərin bu sözləri onların ən böyük zalımlığının və dərin cəhalətinin sübutu idi. Onların zalımlığına gəldikdə isə, bu aydın bir şeydir. Müşriklər o dərəcədə ədəbsiz və kobud idilər ki, onlar Allaha hansı möcüzənin nazil edilməsinin lazım olduğunu göstərməyə cəsarət edirdilər. Onlar Allahdan Onun qullarına göstərmək istəmədiyi möcüzələri nazil etməyi tələb edirdilər, çünki onsuz da insanlara peyğəmbər təliminin gerçəkliyinə dəlalət edən çoxsaylı möcüzələr nazil edilmişdir. Müşriklərin cahilliyinə gəldikdə isə, bu, onlara nəyin fayda verən və nəyin isə zərərli olması haqqında məlumatsız olmalarında özünü göstərirdi. Mələklərin gəlişi onların xeyrinə olmayacaqdı, çünki mələklər artıq şəkk-şübhə yeri qoymayan həqiqəti gətirirlər və bundan sonra bu həqiqəti rəhbərlik üçün qəbul etməkdən boyun qaçıranlara və ya ona itaətkar olmayanlara Allah artıq möhlət vermir.
Əgər mələklər onların yanına gəlsəydilər də, onlar iman gətirməyəcəkdilər və belə olduqda əzabverici cəza onları bir an da olsa gecikmədən çulğalayacaqdı. Bu isə o deməkdir ki, müşriklərin onlara mələklərin göstərilməsi tələbi onların özlərindən tezliklə sərt intiqam alınmasını xahiş etmələrinə bərabərdir. Həqiqətən də, onlar öz Rəbbinin iradəsinin ziddinə olaraq iman gətirə bilməzdilər, çünki təkcə O, isanları doğru yola yönəldir. Fövqəluca buyurur: “Əgər Biz (istədikləri kimi) mələkləri onlara göndərsəydik, ölülər onlarla danışsaydılar və hər şeyi dəstə-dəstə toplayıb onların qarşısına qoysaydıq belə, Allah istəmədikcə, onlar iman gətirməzdilər. Lakin onların əksəriyyəti (bunu) bilməz” (Ənam, 6/111).
Yox əgər müşriklər həqiqətən də haqqı tapmaq istəsəydilər, bu Böyük Quran onları razı salardı. Buna görə sonra Fövqəluca Allah buyurur:

(15.9) “Həqiqətən Biz Zikri nazil etmişik, əlbəttə, Biz də onu mühafizə edəcəyik”.

Burada Zikr – Müqəddəs Qurandır və onda bütün varlıq haqqında gerçək hekayətlər və aydın dəlillər nazil edilmişdir. Allahı xatırlatmaq və öyüd-nəsihətə qulaq asmaq istəyən hər kəs üçün onlar kifayət qədərdir. Fövqəluca, Quran ayələri yerə azil edilərkən onları mühafizə edirdi və həmişə də edəcəkdir. Ayələr nazil edilərkən oları daş-qalaq edilən şeytanlardan qoruyurdular. Onların nazil edilməsi sona çatdıqdan sonra isə, Fövqəluca Allah Öz Kitabını Elçisinin (s.ə.s.) və onun (s.ə.s.) sadiq ardıcıllarının ürəyində yerləşdirdi ki, onun mətnini hər hansı təhriflərdən, əlavələrdən və əksiltmələrdən, mənasını isə yanlış şərhlərdən qorusun. Bir kimsə Quran ayələrinin mənasını təhrif etdikdə, Fövqəluca Allah insanlara sarsılmaz həqiqəti izah etmək üçün bu təhrifi izah edən birini göndərir. Bu, Rəbbin ən əzəmətli möcüzələrindən biri və Onun mömin qullarına göstərdiyi ən böyük lütfkarlığıdır. Müqəddəs Quran haqqında göstərdiyi qayğıkeşliyindən biri də Allahın təzahür etdirdiyi yardımdır. Allah onu öz düşmənləri ilə mübarizə aparan Quranın həqiqi tərəfdarlarına göstərir. Allah onları düşmələrindən qoruyur və düşmənlərə imkan vermir ki, haqqın müdafiəçilərinin kökünü kəssinlər.

(15.10) “Biz səndən öncə də əvvəlki millətlərə elçilər göndərmişdik”.
(15.11) “Onlara elə bir elçi gəlməzdi ki, ona istehza etməsinlər”.
(15.12) “Beləcə, Biz küfrü günahkarların qəlbinə yeridirik”.
(15.13) “Onlar hələ də ona (Qurana) inanmırlar. Halbuki əvvəlkilərin başına gələnlər onlara bəllidir”.

Fövqəluca müşriklərin yalançı adlandırdıqları Elçisinə (s.ə.s.) xəbər verir ki, bütün zamanlarda kafir xalqlar Onun elçiləri ilə məhz eynilə belə rəftar etmişdilər. Elçilər müxtəlif xalqların və təriqət sahiblərinin yanına gəlirdilər və onları haqqa iman gətirməyə və düz yolla getməyə dəvət edirdilər, lakin kafirlər onları ancaq məsxərəyə qoyurdular. Allah zalımların və qatı böhtançıların ürəyinə küfrü bu üsulla yeridir. Onlar eyni kafirliyə etiqad edir və Allahın peyğəmbərləri və elçiləri ilə də eyni rəzalətlə davranır, onları ələ salır və onlara iman gətirməkdən imtina edirlər. Bu isə o deməkdir ki, onların taleyi yaxşı məlumdur, çünki Allah Onun ayələrinə iman gətirməkdən imtina edənlərin hamısını mütləq məhv edir.

(15.14) “Əgər onlara göydən bir qapı açsaydıq və onlar dayanmadan oraya qalxsaydılar,
(15.15) “yenə də inanmayıb: “Gözlərimiz dumanlanmış, daha doğrusu biz sehrlənmişik”– deyərdilər”.

Əgər kafirlər hətta bütün ən böyük möcüzələrin şahidləri olsaydılar da, onlar onsuz da iman gətirməkdən təkəbbürlə boyun qaçıracaqdılar. Əgər onlar üçün səma qapıları laybalay açılsaydı və onlar özləri göylərə qalxsaydılar və orada hər şeyi öz gözləri ilə görsəydilər də, onların zalımlığı və inadkarlığı hətta belə bir möcüzəni də inkar etməyə onları yönəldərdi və onlar deyərdilər: “Gözlərimiz pərdəylə örtülmüşdü və bizə elə gəlirdi ki, əslində olmayan şeyləri görürük. Bu əslində belə deyildi, çünki biz sehirlənmişdik”. Əgər insanların küfrü bu dərəcəyə çatırsa, onda onların doğru yola gələcəklərinə heç bir ümid yoxdur.

(15.16) “Biz səmada bürclər yaratdıq və onu baxanlar üçün bəzədik”.

Fövqəluca bu ayədə Onun elçilərinin təbliğ etdiklərinin doğruluğuna şəhadət verən möcüzələr haqqında xəbər verir. Bu möcüzələr Allahın qüdrətinin mükəmməlliyini və yaratdığı məxluqlara bəslədiyi hüdudsuz mərhəmətini sübuta yetirir. O, səmada nəhəng ulduzlar və parlaq göy cisimləri yaratmışdır və onlar gecə qaranlığında həm dənizdə və həm də quruda insanlara doğru yol göstərirlər. Bu səma cisimləri olmasaydı göyün belə bir ecazkar və gözəl görkəmi olmazdı. Bütün bunlar göyə baxan insanları onların üzərində düşünməyə, onların yaradılışının mənası haqqında fikirləşməyə və Fövqəluca Xaliqin sifətləri haqqında mühakimə yürütməyə vadar edir.

(15.17) “Onları qovulmuş hər bir şeytandan qoruduq”.
(15.18) “Ancaq şeytanlardan kim göy əhlinin danışıqlarına xəlvətcə qulaq assa, onu yandırıb yaxan alov təqib edər”.

Allah göyləri lənətlənmiş şeytanlardan mühafizə edir. Əgər şeytanlardan kimsə ali məqamda gedən danışıqlara qulaq asmağa cəhd göstərirsə, onun ardıyca yandırıb-yaşan bir ulduz ( Meteor. F.S.) göndərilir. Bu isə o deməkdir ki, ulduzlar göyün həm zahiri görünüşünü bəzəyir və həm də onun daxili aləmini qadağan olunan hər şeydən və nöqsanlardan mühafizə edir. Bu həm də onu göstərir ki, şeytanlar bəzən göylərdə gedən danışıqları gizlicə dinləməyə nail olurlar, lakin bu cəhdi göstərməyə cəsarət edənləri yanar axıcı ulduz mütləq haqlayaraq şeytanı öldürür və ya onu ağıldan məhrum edir. Bəzən ulduz şeytanı, o eşitdiyini öz həmkarlarına, onlar da onu insanlara ötürənədək, məhv etməyə nail olur və onda göydə eşidilən xəbər yerə gedib çatmır. Lakin şeytan bəzən, meteor onu vurana qədər xəbəri öz həmkarlarına ötürə bilirlər. Belə olduqda, şeytanlar eşitdiklərini şişirdir, bir həqiqətə yüz yalan qatırlar. Falçılar və baxıcılar isə öz “öncəgörümlərinin” doğruluğunu göydən eşidilən bir həqiqətə qatılmış yüz yalanla əsaslandırırlar.

(15.19) “Biz yeri döşədik, orada möhkəm dağlar yerləşdirdik və orada hər şeydən lazım olduğu qədər yetişdirdik”.

Fövqəluca yeri elə döşədi ki, insanlar və heyvanlar bütün yer üzünə yayıla, özlərinə qida axtarıb tapa və istirahət edə bilsinlər. Allah yerə dağlardan çox möhkəm dayaqlar vurdu ki, onlar Onun iradəsi ilə yerin titrəyişlərinin qarşısını ala bilsin. O, yerdə xurma ağacları, üzümlüklər, başqa ağaclar və bitkilər yetişdirdi ki, onlar insanlara müxtəlif faydalar və bərəkət versin. Bununla yanaşı O, yeri hər növ mədən və filizlərlə zənginləşdirdi.

(15.20) “Orada həm sizin üçün, həm də sizin ruzi vermədikləriniz üçün dolanışıq vasitələri yaratdıq”.

Fövqəluca insanlara əkin əkməyə, ev heyvanları saxlamağa, ticarətlə və cürbəcür peşələrlə məşğul olmağa kömək edir. O, insanlara kölə və heyvanlar bəxş edir ki, onlara fayda gətirsinlər və onların maraqlarına xidmət göstərsinlər. Bu zaman Allah insanları özlərinə ruzi əldə etmək haqqında qayğı çəkməyə məcbur etmir, Özü onları zəruri olan şeylərlə təmin etməyi öhdəsinə götürür.

(15.21) “Elə bir şey yoxdur ki, onun xəzinələri Bizdə olmasın. Biz onu ancaq müəyyən ölçüdə nazil edirik”.

Dünya nemətlərinin və var-dövlətinin xəzinələrinə Allahdan başqa heç kim Sahib deyil. İstənilən var-dövlətin və nemətlərin saxlancları və xəzinələri Onun hakimiyyəti altındadır. O, Öz hikməti və hər şeyi əhatəedən lütfkarlığı ilə istədiyinə nemət verir və istədiyini də mərhəmətindən məhrum edir. Əgər O, yerə yağış və ya digər nemətlər nazil edirsə, bu Onun qədərinə tam uyğun olaraq baş verir. Maddi nemətlər Rəbbin təyin etdiyindən az və ya çox olmur.

(15.22) “Biz küləkləri mayalandırıcı (buludlarda su əmələ gətirən) vasitə kimi göndərdik, göydən yağmur yağdırıb sizə içirtdik. Siz onu yığıb saxlaya bilməzdiniz”.

Erkəklərin dişiləri mayalandırdığı kimi buludları mayalandıran mərhəmət küləkləri Allahın itaətindədir. Bunun sayəsində onlar su ilə dolur ki, bu da Fövqəluca Allahın iradəsi ilə baş verir. Sonra isə yerə yağış yağır və bu, insanlara, heyvanlara və torpağa susuzluğunu yatırmaya imkan verir. İnsanlar öz ehtiyaclarını təmin edirlər və bu ancaq Onun qüdrəti və rəhmdilliyi sayəsində mümkünləşir. Onlar özləri suyu qoruyub saxlamaq qabiliyyətinə malik deyillər, lakin Allah onu onlar üçün qoruyur, çayları və çeşmələri şırıltı ilə axmağa məcbur edir. Bütün bunlar – Allahın yaratdığı məxluqlara bəslədiyi mərhəməti və xeyirxahlığıdır.

(15.23) “Həqiqətən, Biz həm dirildir, həm də öldürürük və hər şeyin varisi də Bizik”.
(15.24) “Həqiqətən, sizdən əvvəl gəlib-gedənləri də bilirik, sonra kimlərin gələcəyini də bilirik”.
(15.25) “Həqiqətən, Rəbbin onları bir yerə toplayacaq. Çünki O, Müdrikdir, Alimdir”.

Allah heçlikdən əvvəllər heç olmayan məxluqları yaradır və bu təşəbbüsdə Onun heç bir şəriki yoxdur. Öncədən müəyyən olunmuş vaxt gəldikdə isə Allah bu məxluqları vəfat etdirir və onların mənimsədiklərinin Varisi olur. Bununla əlaqədar olaraq Fövqəluca belə buyurur: “Şübhəsiz ki, yerə və onun üstündəkilərə təkcə Biz Varis olacağıq. Onlar Bizə qayıdacaqlar!” (Məryəm, 19/40).
Bu, Allah üçün heç də çətin və mümkünsüz deyil. Fövqəluca Allah əvvəlki zamanlarda mövcud olmuş, hal-hazırda yaşayan və gələcəkdə dünyaya gələcək bütün məxluqlar haqqında biliyə malikdir. O, bilir ki, yer insan bədənlərindən məhz nəyi yeyir və onlardan nə qalır. Onun üçün mümkün olmayan və qeyri-adi heç bir şey yoxdur. O, Öz qullarını dirildəcək, onlara yenə də sima verəcək və onları Giyamət günü meydanında toplayacaqdır. Onun gözəl adları arasında – Müdrik və Alim adları. O, hər şeyi öz yerinə qoyur və hər kəsə əməlinə görə: xeyirə xeyirlə, pisliyə pislə əvəz verir.

(15.26) “Biz insanı görünüşü dəyişdirilmiş qara palçıqdan, taqqıltı səsi verən quru gildən yaratdıq”.

Fövqəluca bu ayədə ulu əcdadımız Adəmə göstərdiyi mərhəməti və onun düşməni İblislə baş vermiş əhvalat haqqında xəbər verir. Bununla Fövqəluca bizi şərdən və şeytanın yoldan çıxaracağından xəbərdar edir. Allah insanı gildən yaratmışdır. Gil yoğrulduqdan sonra qurumuşdu. Əgər onu taqqıldatsaydılar, o, dulusçu palçığı kimi səs verərdi. Əvvəlcə isə o, rəngi və qoxusu dəyişib taqqanağa dönmüş palçıqdan ibarətimiş.

(15.27) “Cinləri isə daha öncə qızmar alovdan yaratmışdıq”.
(15.28) “Bir zaman Rəbbin mələklərə dedi: “Mən başqa şəklə düşmüş qara palçıqdan, toxunduqda saxsı kimi səs çıxaran quru gildən insan yaradacağam!”
(15.29) “Mən ona biçim verib Öz ruhumdan üfürdüyüm zaman siz ona səcdə edin!”

Allah bütün cinlərin əcdadı olan İblisi qızmar oddan yaratmışdı. Bu, Adəm xəlq edilənə qədər olmuşdu. Allah Adəmi yaratmaq niyyətinə gəldikdə, mələklərə xəbər verir ki, O, ilkin görkəmi dəyişmiş palçıqdan əldə etdiyi taqqıldayan quru gildən insan yaradacaq. Sonra Allah onlara əmr edir ki, o, öz kamil simasına düşüb nəfəs almağa başlayan kimi Adəmə səcdə etsinlər.

(15.30) “Mələklərin hamısı ona səcdə etdilər”.
(15.31) “Yalnız İblisdən başqa. O, səcdə edənlər arasında olmaqdan imtina etdi”.
(15.32) “Allah dedi: “Ey İblis! Nə üçün sən səcdə edənlər arasında deyilsən?”
(15.33) “İblis dedi: “Sənin, başqa şəklə düşmüş qara palçıqdan, toxunduqda saxsı kimi səs çıxaran quru gildən yaratdığın insana səcdə etmək mənə yaraşmaz!”
(15.34) “Allah dedi: “Oradan çıx! Artıq sən qovuldun”.
(15.35) “Haqq-hesab gününə qədər sənə lənət olacaqdır”.

Fövqəluca xəbər verir ki, mələklərin hamısı Adəmə (ə) səcdə etdilər. Onlardan heç biri Onun iradəsinə müqavimət göstərmədi və bəşəriyyətin ulu babasına öz ehtiramlarını bildirdilər. Təkcə İblis Adəmə (ə) səcdə etməkdən boyun qaçırdı ki, bu onun insanlara qarşı düşmənçiliyinin ilk təzahürü idi. O, Allaha itaət etməkdən təkəbbürlə imtina etdi, Adəmə (ə) və onun nəsillərinə düşmənçiliyini açıq şəkildə bildirdi, insanın mənşəyi haqqında nifrətamiz rəy söylədi və qərara gəldi ki, o, insandan üstündür. Onun təkəbbürlüyünün və Allaha qarşı nankorluğunun cəzası olaraq Allah onu mələklərin arasından qovdu və sürgün etdi. İblis hər növ xeyirxahlıqlardan məhrum edildi və Qiyamət gününə qədər lənətə layiq görüldü. Lənət adı altında alçaldılma, qınanma və Allahın mərhəmətindən uzaqlaşdırılma nəzərdə tutulur. Bu və buna bənzər ayələr ona dəlalət edir ki, İblis həmişəlik kafir qalacaq və hər cür yaxşı və gözəl şeylərdən məhrum olacaq.


Tarix: 18.04.2013 / 15:33 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 483 Bölmə: Sureler
loading...