Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

(ALLAHIN)Sevimli Bendesi Olmanin Yolu

Ayənin şərhində imam-camaat bildirdi: «Mütəal Allah bəşəriyyətə bir mesac verir, bildirir ki, «Ey insan! Sizdən ən yaxşı olanı o kəsdir ki, Allahın buyurduğu təqvaya daha çox riayət etsin. İstəyirsən Allah yanında əziz olasan, sevimli olasan – təqvalı, əxlaqlı, nümunəvi ol, mənəviyyatlı ol, günahdan çəkin!»». Burada natiq «təqva» anlayışının zəruri açılışını təqdim edir: «Təqva, yəni bir mənəvi, ruhi halətdir ki, insanı günahdan, eybəcərlikdən, mənfiliklərdən çəkindirir. İnsanı günaha, deqradasiyaya mübtəla olmağa qoymur. Eyni zamanda, həmin bu mənəvi halət insanı vacib və müstəhəb, yəni bəyənilən əməlləri yerinə yetirməyə yönəldir, sövq edir. İnsanın mənəvi tərəqqisinə təkan verir. Və müqəddəs dinimiz, insanın İlahi dərgahda üstün və əziz olmasını məhz bu ruhi halətin mövcudiyyəti ilə şərtləndirir».
Hacı İlqar müqəddəs mətndə nəql olunan mətləbin açıqladığı digər çalarların da təfsirinə toxundu: «Diqqət etsək, görərik ki, burada deyilmir: «sən təqvalı ol ki, mükafat alasan, yaxud əzabdan qurtulasan». Bildirilir ki, Allah yanında əziz olarsan, Allahın sevimli bəndəsi olarsan. Yəni, insan təkcə cənnət-cəhənnəm müstəvisində deyil, mükafatla cəlb etmə, cəza ilə qorxutma müstəvisində deyil, ali mənəvi dərəcələrə malik olmanın özünün böyük bir dəyər olması prizmasından stimullaşdırılır, yüksək məqamlara dəvət edilir».
Sözünə davam edərək, Hacı İlqar Həzrət Rəsulillahdan (s) bir mübarək hədisi nəql etdi: ««Ey Əbazər! Bir kəs təqvalılardan sayılmaz, bir halda ki, əgər bir şərikin digər şərik haqqında mühasibatından, təftişindən daha çox özünü təftiş etməyə». Möminlər, möminələr! Necə önəmli bir mətləb bəlli olur burada! Əziz Peyğəməbrimiz (ə) sədaqətli ardıcılı Əbuzər Qəffariyə xitab edərək, sadə bənzətmə ilə dərin bir mənanı açıqlayır bizlər üçün. Necə ki, bir şərik digər şəriki ilə hesab-kitabında diqqətlidir, şərikinin vəziyyətinə həssasdır, insan da öz durumunun təftişinə bundan qat-qat daha artıq diqqət yetirməlidir».
Hacı İlqar hədisin davamını nəql edərək, şərhinə də işarə etdi: ««Nəticə etibarilə (həmin şəxs) bilə ki, yediyi, içdiyi, geydiyi hansı yolla əldə edilib – halal, yoxsa haram?!». Burada biz mühüm bir nöqtəyə yetişirik: deməli, əgər insan öz durumunun, yediyinin, içdiyinin, geyindiyinin təftişini etməsə, bunun hansı yolla əldə edildiyinin, halal yollamı, yoxsa xalqın haqqını basmaqla əldə edildiyinin fərqinə varmasa, o, təqva kimi bir ruhi duruma əsla çata bilməz».
İmam-camaat bəhs edilən mətləbin ictimai təsirlərini açıqlayaraq qeyd etdi ki, bir çoxlarının dinə-imana gəlməməsinin, hidayət yoluna qədəm qoymamasının səbəbi məhz elə bu amillərdir: «Soruşsan, çoxları cavab verəcək ki, mən necə dinə gəlim ki, filankəs namaz da qılır, həccə də gedib, amma haram şeylər satır, yaxud rüşvət alır və s.». Lakin, Hacı İlqar onu da qeyd ki, burada «din» və «dindar» kimi əslində 2 tamamilə fərqli məfhumun qarışdırılmasının klassik variantı sezilir: «Yəni, filan dindar pisdirsə, bunun dinə nə aidiyyəti? – deyərək özündən sormalıdır insan. Əfsus ki, bir çoxları belə dərinliyə varmadan dinlərindən uzaq düşürlər, nəticədə zillətə düçar olurlar».
İnsanın halal-haram məsələlərinə diqqət etməməsinin hansı fəlakətli nəticələrə gətirməsini vurğulamaq üçün Hacı İlqar Rəsuli-Əkrəmdən (s) digər bir mübarək hədisi qeyd etdi: «Ey Əbazər! Hər kim mülahizə etməz ki, hansı yolla mal əldə edir, Allah Təala da mülahizə etməz ki, haradan onu atəşə daxil edər!».
«Necə də ağrılı bir mətləb və necə ayıldıcı bir mesac var burada» – deyə Hacı İlqar toplaşanlara xitab etdi. – «Haqq pozanlar üçün, özgə malını yeyənlər üçün necə ədalətli əzab vəd edilir burada! Diqqət edək – Rəhman Allah, bəndəsini məhəbbətindən xəlq edən Allah necə də sərt davranacaq o kəslə ki, halal-haramın fərqinə varmayır?! İstər kiçik olsun, istər böyük, özgəsinin haqqını yeyən mütləq cəzasına çatacaqdır!».
Burada natiq toplaşanların diqqətinə son günlərin ağrılı hadisələrindən birini çatdırdı: «Cəmiyyət bu günlərdə ağır bir itki verdi. Bir nəfər hüquqşünas var idi ki, çoxlarımız onu yaxşı tanıyırdıq – Vidadi Mahmudlu adlı bir kəs İlahi əmanət olan öz ruhunun məhvinə qərar vermiş oldu. Bu bir adam idi ki, bütün ölkə başına and içirdi, mərdanəliyi, sınmazlığı dillər əzbəri idi. Neçə gündür ki, kimi görürsən, fikirli gəzir. Nə olub? «Bəs, Vidadini itirdik!». Diqqət edin, bütöv bir ömür qoyulur təmiz ad qazanmağa, el-obanın ehtiramını qazanmağa, amma insan balaca ayağını əyri qoyur, dərhal geridönməz proseslər başlayır. Nəticə etibarilə insan öz ölməz ruhunu öz əli ilə məhv edir, hətta milyonlarla insanın haqqını pozan bir əmələ də imza atır».
Göstərilən olayın təhlilini davam edərək, Hacı İlqar bildirdi: «İndi çoxları soruşur ki, «bəs, filankəs ailəsinin, dostların, ümumilikdə camaatın üzünə necə baxacaq?». Aktual sualdır, amma lap elə zənn edək ki, mühit fəsad bir mühitdir, heç bu adama qınaq edən də olmadı. Bəs Allah dərgahı? İnsan tutaq ki, insanların qınağından, mühakiməsindən qurtuldu, bəs İlahi mühakiməyə necə dözəcək? Cəzanın şiddətinə necə davam gətirəcək? Gündəlik qayğılar adama bu vücudi mətləbləri unutdurur, amma bu heç də o demək deyil ki, insan qazandığı acı aqibətdən qurtula biləcək!».
Lakin, imam-camaat bildirdi ki, həqiqətdə bu dünyada da ideallarına dönük çıxmış insan əməllərinin «bəhrəsindən» faydalana bilmir: «Amma reallıqda vəziyyət daha acıdır. İnsan elə bu dünyada cəhənnəmini çəkməyə başlayır. Abrını, hörmətini itirir. Etdiyi əməlin acısı ona əldə etdiyinin yalançı «şirinliyini» dadmağa da imkan vermir. Vicdan deyilən bir İlahi fitrət var insanın daxilində! Vicdanla «kompromissə» gedən insan, hər dəfə əlini əldə etdiyi yalançı «nemətə» uzatdıqda ki, bundan bir dünyəvi ləzzət əldə etsin- alınmır. Nə qədər vicdanını bassa da, bu İlahi fitrət burnundan gətirir insanın həmin haramı. Qoymur rahat yesin haramı! Nəticədə o, dünyada da bir şey əldə etmir – vicdanın məşəqqətli mühakiməsinə məruz qalır, axirətini də əldən verir insan! Əlbəttə ki, bu – bəsirətləri tam möhürlənməmiş insanlara aiddir. Kimin ki, bəsirəti tam möhürlənib, qəlbi tamamilə paslanıb – o, bu mətləblərin heç qətiyyən fərqinə varmır! Və bunun da atəşə daxil edilmə əmri veriləndə də, fərqinə varılmayacaq ki, atəşin hansı tərəfindən onu içəri salırlar».
Sonra natiq xütbənin əvvəlində nəql olunan ayəyə uyğun bir hədisi dinləyicilərin nəzərinə çatdırdı: «Ey Əbazər! Hər kim istəyir insanların ən əzizi ola – gərək İlahi təqvaya riayət etsin». Hədisin açıqlamasında Hacı İlqar bildirdi: «Göründüyü kimi, Həzrət Rəsul (s) bəşəriyyətə çatdırır ki, «Ey insan! Allah dərgahında sənin üstünlüyün milliyətinə, dərinin rənginə, cinsinə, regionuna, mənsəbinə görə deyil əsla! İstəyirsənsə Allah dərgahında əziz olasan, təqvalı ol». Alimlər təqva ilə bağlı maraqlı bənzətmə verirlər. Bildirilir ki, təqva sanki bir közdür. Necə insan qızmar közü bir əlində saxlaya bilmir, bir əlindən o biri əlinə ataraq saxlayır, təqva də elədir – gərək hər iki əlinlə saxlayasan. Bir əlinlə saxladın, o biri əlini haraya isə uzatdın, nəyisə umdun, nəyi isə götürdün, köz kimi əlini yandırıb yerə düşər, tikə-tikə olar, yığıb bərpa edə bilməzsən!»
Özünu təftiş etmə mövzusunu inkişaf etdirən natiq bildirdi: «Bəs bu deyilən təftiş məsələsi nədir?! Bu odur ki, sənin bu günün gərək dünənindən yaxşı ola, sabahın bugünündən irəlidə ola. Gördün ki, durumunda inkişaf yoxdur, yaxud da, Allah eləməmiş, hətta geriləmə var, onda gərək təbil çalasan, vəziyyətini təftiş edəsən, mütləq qarşısını alasan. Əks təqdirdə tənəzzülə uğrayacaq, fəlakətə düşəcəkdir insan».
Sonra Hacı İlqar Həzrət Rəsuldan (s) bu mövzuda nəql edilən digər bir hədisi dinləyicilərin diqqətinə çatdırdı: «Ey Əbazər! Allah yanında sizin sevimliniz o kəsdir ki, Onu daha çox xatırlasın. Və Onun yanında ən əziziniz o kəsdir ki, sizin ən təqvalınızdır. Və İlahi əzabdan ən uzaqda olanınız o kəsdir ki, Ondan daha çox çəkinsin».
Hədisdə toxunulan məqamların təfərrüatını açıqlayan Hacı İlqar bildirdi: «Çox önəmli məsələdir. Niyə Allahı ən çox xatırlayan ən sevimlidir? Çünki Allahı xatırlayan, Onu unutmayan, özünü İlahi dərgahda hiss edən insan günah edə bilməz! Qətiyyən günah edə bilməz belə halda olan insan! Bir kəs ki, bilir, unutmayır ki, Allah dərgahındadır, o, həya edər günaha yol verməkdən. Günah etməzsə, deməli mənəvi kamilliyə, təqvaya yetər və məhz bu səbəbdən Allah dərgahında ən sevimli olar. Hədisdə toxunulan təqva məsələsi yuxarıda kifayət qədər açıqlanıb. Üçüncü mətləb isə, «ən çəkinən – əzabdan ən uzaq olandır» məsələsi xüsusi diqqət cəlb edir. Axır vaxtlar dəbdədir, çoxları bəyan edir ki, Allahdan qorxmaq yox, Allahı sevmək lazımdır! Əlbəttə ki, sevmək lazımdır, amma müqəddəs kitabımızda çəkindirən, saqındıran kifayət qədər ayələr var. Görürük ki, Quran hər kəslə sanki öz dilində danışır. Beləliklə, hədisdə bəhs olunan «çəkinmək» mövzusu çox aktualdır. Kamillik yolunda olan insan mənfi əməllərinin labüd etdiyi cəzanın anlamından, bu əməldən çəkinir və bununla öz durumunu islah etmiş olur».
Nəql olunan mətləblərə yekun olaraq, natiq bildirdi: «İnsan daima imtahan qarşısındadır. Və azad, iradəvi bir məxluq olaraq, seçimini özü edir və aqibətini də məhz özü müəyyənləşdirir».
Söhbətin ictimai hissəsində bir daha son dövrün ağrılı mövzusuna – 26 noyabr olaylarına toxunuldu: «Qəbul olunan qərarın – oturaq aksiyalara keçib-keçməmək məsələsinin – vaxtında ya tələsilmiş olmasından söhbət getmir. Bu, ayrıca bir disput mövzusudur və məsələyə aidiyyatı yoxdur. Söhbət ondan gedir ki, insanlar dinc surətdə hansısa formada etirazlarını ifadə etmyə sadəcə cəhd etdilər, bunun da müqabilində xüsusi qəddarlığa, zorakılığa məruz qaldılar. Tamamilə yolverilməzdir! Qanunların tapdanmasıdır, mənəviyyatın tapdanmasıdır, insanlığa qarşı yönəlik bir qəddarlıqdır bu! Sonra da bəzi məsullar çıxır, hələ bir insanları itlərlə də qorxutmağa başlayır! Biabırçılıqdır! O qədər dəhşətli olaydır ki, hətta bəzi ziyalılardan dözməyib ürəyi partlayanlar da var. Ürək necə dözsün axı belə dərdə?! Fərqinə varaq ki, bu hadisələrdə ayaqları sınmış körpə uşaqlar da var – ölkənin ən tanınmış curnalistlərindən birinin 7 yaşlı qızı! Əzilən, döyülən, əl-ayağı sınan insanlar yüzlərlədir– dəhşətli bir faciədir! Nə olub, nə baş verib, nəyə görə dinc yolla haqlarını istəyən insanlar belə zülmü görməli idi?!».
Daha sonra Hacı İlqar ictimai həyatda bir yenilik barədə də danışdı: «30-dan artıq qurum bir araya gələrək, yeni bir ittifaq təsis ediblər. «Dəyərlər» adlanan bu vətəndaş ittifaqı, inanclı insanların vətəndaş cəmiyyəti quruculuğu prosesində, insan haqları və azadlıqlarının inkişafı prosesində iştirakının səmərəliyini artırmaq niyyətilə təsis edilir. Uca Allahdan bu işdə xüsusi lütf və inayət diləyirik!».
Sonda, toplaşanlar insanların hidayət olunması, düzgün yola gəlməsi, xəstələrin şəfa tapması, çətinlikldə olanların müşküllərinin həlli, düşmən tapdağı altında olan torpaqların azad orlması, xalqımızın bu imtahanlardan şərəflə çıxması üçün dualar etdilər, mömin və möminələrin dünya və axirətdə Həzrət Peyğəmbər (s) və mübarək Əhli-Beyti (ə) ilə məşhur olmasını dilədilər, Zəmanə İmamının (ə.f.) tezliklə zühur etməsini istədilər


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 333 Bölmə: Sevgi varmı?
loading...