Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tenha Xanima Gece Oxusu.Elcilik

Çox danışdı, bacardığı qədər etiraz elədi, qız bəyənmək-filan nədi, hansı dövrdü, hansı zəmanədi? Ali təhsilli müəlliməm, tay-tuş içinə çıxa, şagirdlərimin gözünün içinə baxa bilmərəm! Mənim qəlbim qalıb sahil parkındakı söyüd ağacının dibində, orda guppa-gupla vurur, guppultusu dənizin səsini belə batırırsa, burda, dağ başında necə qız bəyənə bilərəm? Nənəsi isə onu eşitmək belə istəmədi, ağlını başına yığ, hədə ilə dedi, məktəbi qurtarıbsan, dərs deyirsən, nəyi gözləyirik? Qız yıxılan evin dirəyidi, oxumuş qızdı, xəstəxanada həkim işləyir, gözəl-göyçək, su sonası! Sizi özbaşınıza qoysaq, ömrünüzün sonuna kimi subay qalarsız. O vaxt rəhmətlik qaynanam babanı bizə gətirəndə dedi, qızım, bunun qəlbi qalıb Rusiyətdə, gözünü çöldən-bacadan yığışdır. «Sən də yığışdırdın?» «Yığışdırdım, həm də elə yığışdırdım, yanında kimsə Rusiyət adı tutanda ürəyi bulanırdı». Ona qulaq asan olmadı, axırda atası hirsləndi, ağlın yoxdu sənin, evdə kim bu arvadın bir sözünü iki eləyə bilir, sən eləyəsən? Get də, yeyəcəklər? Uzaq başı deyərsən, bəyənmədim, qurtarıb gedər.
Çarəsiz qalıb düşdü nənəsinin qabağına, utandığından başını yuxarı qaldırıb yanından keçənlərin üzünə baxa bilmirdi. Sanki bütün kənd ona baxırdı, nənəsinin onu hara apardığını bilməyən yoxdu. Beləcə gəlib çıxdılar kəndin kənarındakı meyvə ağaclarının içində itmiş evə. Həyətə keçən kimi də orta yaşlı, qarabəniz, mehriban çöhrəli bir qadın qabaqlarına çıxıb nənəsi ilə görüşdü, onu isə başı ilə salamladı, gülümsəyirdi. Gül, gül, ürəyində qadının qarasınca deyinirdi, işin düzəlir, qızını ərə verəcəksən. Ay verdin ha! Gülə bilməyəcəksən, arzun ürəyində qalacaq! Pillələrlə ikinci mərtəbəyə qalxanda nənəsi əyilib qulağına pıçıldadı, sən bağa get, qız ordadı, ağzın bişməsin.
Dişi bağırsağını kəssə də, bir söz demədən geri qayıtdı, qızı tezliklə görmək istəyirdi. Nənəsi düz deyirmiş, idman kostyumu geymiş, saçlarını son dəblə vurdurmuş, ilk baxışdan suyu şirin, gözə gəlimli qız bağda ağacların arasında gəzişirdi. Qızın görkəmi onu lap hövsələdən çıxartdı, kişinin qızı geyinib keçinib, bəzənib-düzənib! Salamlaşıb eləmədən, özünə gəlməyə imkan vermədən düşdü qızın üstünə. Ay qız, sən hansı dövrdə yaşayırsan? Hansı əsrə qədəm qoymuşuq, xəbərin yoxmu? İnstitutda sənə dərs deyən müəllimlərin boyuna ip tutum! Sənə həyatdan, dünyadan bir şey öyrədə bilmədilərmi?
Qızın ağzı açıla qalmışdı, ona heyrətlə qulaq asır, gözləri hirsindən alışıb yanırdı. Sən necə həyasız adammışsan! Nənəsinin tumanının ətəyindən yapışıb qapımıza gələn sən, qız bəyənmək xülyasına düşən sən, məni günahkar çıxarırsan?! Bu şüurla uşaqlara necə dərs deyəcək, ağıl öyrədəcəksən? Sabah deyəndə ki, nənəsi müəllimimizin qulağından yapışıb qız bəyəndirməyə aparırdı, utanmayacaqsan? Əriyib yerə girməyəcəksən? «Sən mənim nənəmi tanımırsan, başına nə düşdü, eləməlidi! – qışqırırdı. – Yoxsa ürəyinə gəldi səndən ötrü ölən var? Ağlına da gətirmə! Yüz il subay qalsam da səni almaram! Nahaq bəzənib düzənibsən, əziyyətin batdı, zəhmətin heç oldu! Mənim qəlbim sahil parkındakı söyüd ağacının dibində guppuldayır, guppultusu dənizin səsini batırır! Özünü öldürəsən, xeyri yoxdu, buralarda sevməz, vurmaz yəni! Ay qız, almadım, bəyənmədim səni!» «Demək, sənə görə bəzənibmişəm? – hirsindən qızın səsi titrəyir, gözlərindən qığılcım çıxırdı, sanki indicə üstünə atılıb, onu param-parça eləyəcəkdi. – Geyinib keçinmişəm, demişəm, qoy meymundan seçilməyən uzundraz oğlan görüb bəyənsin! Allah vurmuşdu səni! Anamdan keçə bilmədim, dedim, anamın xətrinə dəyməyim, nə olasıdı, gəlib beş-on dəqiqə oturub, rədd olub gedəcəklər. Hardan bilim miningitin birisi quduz it kimi üstümə düşəcək!» «Bekara əl-ayağını dağıtma! – qıza güzəştə getmək fikrində deyildi. – Bələdəm siz kənd qızlarına! Özünüzü elə aparırsız, guya heç nədən xəbəriniz yoxdu! Sən razı olmasaydın, nənəm məni bura niyə gətirməliydi? Təəssüflər, xərciniz batdı, zəhmətiniz heç oldu! Almayacağam səni! Bəlkə də alardım, amma bəyənmədim! Mən meymuna yox, insan balasına oxşayıram, halbuki sənə baxanlar meymundan əsla fərqləndirə bilməz, Darvinin bütün nəsil-nicabasına dönə-dönə rəhmət oxuyarlar!»
– Demək, almayacaqsan? – qız nədənsə sakit danışırdı.
– Almayacağam! Sevmirəm, ona görə!
– Boş şeydi, sevərsən! – qız inamla dedi. – Bir halda ürəyin söyüd ağacının dibində guppuldayırsa, alma ağacının dibində niyə guppuldamasın? Səni nənənlə birlikdə qovmaq istəyirdim, amma məni elə hirsləndirdin, fikrimi dəyişdim. İndi ki, belə oldu, alacaqsan! Canın da çıxacaq, alacaqsan!
– Nə cür yəni? – nə qədər çalışsa da, qıza kobud cavab verməkdən özünü saxlaya bilmədi. – Olmaya zorla sevdirəcəksən özünü mənə?! Sevmirəm də, kimsə meymunu mənə sevdirə bilməz! Meymunlara qarşı allergiyam var, televizorda görəndə belə bir ay özümə gələ bilmirəm!
– Sevəcəksən də, alacaqsan da! İlan dili çıxarıb yalvaracaqsan!
Göyərdi, hirsindən dodaqları əsir, sözünü deyə bilmirdi, bu qız nə danışırdı, nə danışdığının fərqindəydimi? Nə deyəsən, qız uşağıdı, dinə bilmir, bu isə gör nələr danışır! Ali təhsilli müəllim, müasir insan, bəşəri dəyərləri təbliğ eləyən, xalqı maarifləndirən birisi bunun üçün ilan dili çıxarıb yalvaracaqdı?! Bir az da göyərib qaraldı, ağardı, rəngdən-rəngə düşdü.
– Keçməlisən? – qız istehza ilə soruşdu.
– Nədən bildin?
– Göyərməyindən.
– Demək, yanım, göyərməyim də? – hirsləndimi, göyərməyə başlayırdı, nə qədər çox hirslənirdisə, bir o qədər çox göyərir, gömgöy olurdu.
– Göyər! – ondan fərqli olaraq qızın kefi kökəlmişdi. – Hələ çox göyərəsəksən!
Qızı hirsləndirməkdə yanlışlığa yol verdiyini başa düşürdü, baxanda qızın günahı yox idi, nənəsinin də acığını qıza tökdü. İşləri korladı, qız desəydi razıyam, necə olacaqdı? Qızı dilə tutmağa çalışırdı, bağışla, bir az hirsliydim. Meymunu-filanı hirsimdən dedim, yoxsa gül kimi qızsan, o qədər istəyənin olacaq! İncimə, nə qədər gözəl olsan da, mən səni sevmirəm, sevə də bilmərəm. Qız isə ona qulaq asdıqca başını yırğalayır, istehza ilə gülümsəyirdi.
– Sevəcəksən! Qarşımda diz çöküb quzu kimi mələyəcəksən!
– Mən mələyəcəyəm? – təzədən göyərdi.
– Sən!
– Quzu kimi?!
– Orası artıq sənlikdi, istəyirsən qoyun kimi mələ!
– Mələyənin zati-pakinə lənət! Onda kişi olmaram mən! Meymundan ötrü mələyən birisini görübsənmi? Görməyibsən, yenə də görməyəcəksən!
Qızla danışmaq mənasızdı. Başdan xarabın birisiymiş, hardan biləsən. Sözünü deyən kimi də geri döndü, qız isə arxadan onu səsləyirdi. Ey, göy oğlan, elçiləri göndərməmiş gəlib qarşımda diz çökməli, yalvarmalı, quzu kimi mələməlisən. Yoxsa elçilərin əli boş qayıdacaq!
Geri qayıdıb qıza cavab vermək əvəzinə, bir az da göyərdi, bir növ göm-göy oldu. Əsib, titrədi, sakitləşdi və qıza hirslənməklə, ya da nəsə deməklə bir şeyə nail olmayacağını başa düşdüyündən yoluna davam elədi. Söz ola bilməzdi, nənəsi onun üçün əcəb qız tapmışdı! Ay qız, sənin üçün elçi göndərən kimdi, əli boş qayıda, ya əli dolu? Otur gözlə, başıma dönməyəsən elçi görməsən!
Yolda nənəsi soruşanda ki, qız necəydi, sözünüz tutdumu, dərdi təzələndi. Ay nənə, yana-yana dedi, bəlkə mən sənin doğma nəvən deyiləm? Adam da nəvəsinə billə-bilə, gözü görə-görə düşmənçilik elər? Bilirsən qız başdan xarabdı, dəlidi, məni gətirirsən qız bəyənməyə. Qızın kökü kəsilib?
Qəribə olsa da nənəsi daha bu söhbətin adını tutmadı. O da bir qədər arxayınlaşdı, şəhərdə qalan dostu zəng eləyib hal-əhval tutanda, yana-yana ona şikayətlənirdi, yaxşı eləyib qaldın şəhərdə. Burda heç nə dəyişməyib, elə həmən kənddir. Min illər bundan əvvəl necə yaşayırdılarsa, indi də elə yaşayırar. Bəşəri sivilizasiya gəlir, bizim evlərin yanından vız, keçib gedir. Pəncərələrimizdən içəri belə boylanmır. Köhnə evlərdə uduruq köhnə, qoxumuş havadan, köhnə, qoxumuş adətlərimizlə də yaşayırıq. İnanmazsan, bu gün nənəm qolumdan yapışıb məni qız bəyənməyə aparmışdı.
– Bəyəndinmi? – dostu soruşdu.
– Yox.
– Nahaq.
– Demək, səncə bəyənməliymişəm?
– Hə, onsuz da bəyəndirəcəklər.
Hirsləndi, dostuna ağzına gələni deyirdi. Haram olsun sənə şəhərin havası, suyu! Öləndə heç səni şəhərdə basdırmasınlar! Dostu isə artıq qulaq asmırdı, dəstəyi asmışdı. Gecə də yata bilmədi, səhərisi yuxudan oyananda əzgin, yorğun görkəmi var idi. Məktəbə də beləcə getdi, azmış kimi həkim qız öz dəstəsini götürüb məktəbə gəldi, uşaqları peyvənd eləyəcəkdilər. Qızı görəndə qanı bir az da qaraldı, zor deyildi ki, ilanın acığı yarpızdan gedirdi, o da gəlib yuvasının ağzında bitirdi. Qız işini qurtarıb gedəndə əyilib onun qulağına pıçıldadı. «Göyərməsəydin sənə bir söz deyərdim». «Niyə də göyərməliyəm? – hirsləndi. – Xəstə zad deyiləm! İstəyirsən yüzünü de!» «Yalan demə, indicə göyərəcəksən, – qız güldü və o da göyərməyə başladı. – Bəs deyirdin göyərməyəcəyəm, amma gömgöy oldun, xiyar kimi!» «Ay qız, yaxşısı budu özünü psixoloqa göstər. Normalda heç bir qız belə eləməz. Bəs məndən zəhləsi gedir, ancaq acığa düşüb, qarşısına məqsəd qoyub. Mütləq mənə ərə gələcək! Bu insan həyatıdı, taledi, oyun-oyuncaqdı, acığa düşəsən! Hansı millətdə, hansı ölkədə belə iş olar?» «Bekara əl-ayağını dağıtma! Hər nədi, qərarımı vermişəm, alacaqsan məni! Amma əvvəlcə dediklərimi eləyəcəksən! Qıçlarımı qucaqlayıb yalvaracaq, quzu kimi mələyəcəksən!»
– Mən mələyəcəyəm?
– Hə! – qız başıyla təsdiq elədi.
– İnstitut tələbəsi, müəllim?
– Dəxli nəymiş? – qız çiyinlərini çəkdi. – Tələbə, ya da müəllim mələmir?
– Bu tələbə mələməyəcək!
– Mələyəcək, şəxsən bu tələbə! – qız əliylə onun sinəsindən vurub, gülməkdən uğunaraq geri dönüb, qaça-qaça çıxıb getdi.
Axşamçağı işdən qayıdanda qarşıdan həkim qızın gəldiyini gördü, qız onunla salamlaşıb eləmədən dedi ki, haralardasan, görünmürsən, bilirsən sənin xiyar kimi göyərməyin necə ləzzət eləyir mənə? Necə hirsləndisə, deməyə söz tapa bilmədi, məlum işdi ki, göyərirdi. Evə qayıdanda belə hirsi soyumamışdı, özündə deyildi, çöl qapısını tapıb içəri keçə bilmirdi, anası heyrətlənmişdi, sənə nə olub? Qapının yerini yaddan çıxartdın? «Ay ana! – yazıq-yazıq dedi. – O qızla rastlaşandan sonra evin yerini yaddan çıxartmadım, Allahınıza şükür eləyin! Başıma oyun açırsız, nənəm hardadı, əriştə kəsir, eləmi? Əriştəni hər vaxt kəsə bilər, bekar qalmasın, gəlsin məni aparsın qız bəyənməyə! Bir dəfə getdik, bəyənə bilmədik, bəlkə bu dəfə bəyənəcəyik!»
Sabahısı işdən qayıdandanda uzaqdan qızın gəldiyini görüb yolunu dəyişdi, bu qızla rastlaşmaq istəmirdi, evə dolayı yolla hərlənib-fırlanıb gəlib çıxdı, hirslənmişdi. Evə keçmək istəyəndə ərdə olan, bu gün onlara gəlmiş böyük bacısı onu səslədi.
– Qağa, hara gedirsən?
– Evə! – necə qışqırdısa, bacısı dik atıldı.
– Səncə ora evdi?
– Bəs nədi, tövlədi?!
– Hə, – bacısı sakit-sakit dedi.
– Yəni deyirsən ağlımı itirmişəm, tövləylə evi dəyişik salıram? Bu tövlədi?!
Bir də onda baxıb gördü ki, tövlənin qapısını dartışdırır, pərt oldu. Bağışla, bacısının üstünə qışqırdığı üçün üzr istəyirdi, nənən başıma oyun açıb. Məni qız bəyənməyə aparıb, yıxıb evimi, hər o qızla rastlaşanda az qala dəli oluram. Qorxuram günlərin birində evə gəlib çıxa bilməyəm, ilişib qalam kol-kos dibində.
İstirahət günü olduğundan yuxudan gec oyandı. Pəncərədən baxanda uzun tuman bir qadının əlindəki kasadan həyətə su çilədiyini gördü. Qarının tumanının ətəkləri yer süpürürdü, əlini kasaya salır, ətrafa su çiləyir, dodaqaltı nəsə deyirdi. Bacısını çağırıb ondan soruşdu, bu qarı kimdi, nə iş görür. Bacısı da ürəkdən gülürdü, qağa, Gülbahar qarıdı da, səni həkim qızla evlənməyə razı salmaq üçün su çiləyir.
Gülməkdən uğunub getmişdi, qarnını tutub eyvanla yumalanır, gözlərindən yaş gəlirdi. İlahi, nələr baş verirdi? Özünü ələ alıb pəncərə qabağına gəldi, həyətə su çiləyən qarıya baxır, nifrətlə deyinirdi. Demək, qarı sən suyunu həyətə, çör-çöpün üstünə səpəcəksən, mən də səhərisi gedib o beyinsiz qızın qıçlarını qucaqlayacağam, deyəcəyəm, ölürəm səndən ötrü? Ürəyim yumşalacaq? Yumşalmayacaq, deməyəcəyəm! Görməyəcəksiz! Səp suyunu, lənətə gəlmiş qarı! Hələ bir bacısını məzəmmətləyirdi də, eh, ay bacı, cəhalət və avamlığın əsirisiz! Sən özünə baxma, məktəbi qurtaran kimi deyiblər, səni filan oğlana ərə veririk, sən də, siz bilən məsləhətdi, deyibsən. Beləcə veriblər ərə, hardan biləsən sevgi nədi? Həyət-bacaya iyrənc su səpməklə olmur belə işlər! Qəlb dəmirdən deyil, insan şüurlu varlıqdı!
Bacısı ona heyrətlə baxırdı, ay qağa nə danışdığındı, nəyimə lazımmış e sevmək, nə bilim nə? Gül kimi balalarım, ailəm, evim, eşiyim! Mənə bundan artıq nəsə lazım deyil! Dediklərindən bir şey başa düşmədim, amma mənə qəribə gələn budu ki, nənəm səni ora aparanda, razı deyildim, qızın səni bəyənməyəcəyini bilirdim. Hələm-hələm hər oğlanı bəyənməz, özünü çox yuxarından aparır. İndisə çaşıb qalmışam, qız nəinki razılaşııb, hələ bir səni yola gətirmək üçün bu qarını da işə salıb. «Ay qız, razılaşıb eləməyib! Acığa düşüb, məni mələtmək istəyir!»
– Neyləmək istəyir? – bacısı inamsızlıqla səsləndi.
– Mələtmək!
– Mələyəcəksən?
– Səncə mələyərəm?
– Nə deyim, – bacısı çiyinlərini çəkdi, – mələdin, mələdin də!
– Bacı, ürəyini buz kimi elə, qardaşın mələməz!
Sonrakı günlərdə dəhşətlə hiss eləməyə başladı ki, deyəsən iş onun düşündüyü kimi asan deyilmiş. Qarı həyət-bacaya su səpən gündən həkim qız dayanmışdı gözlərinin önündə, getmirdi. Qızılı xəzəlli payız bağını görürdü, bağda idman kostyumu geymiş, gözəl bir qız gəzib dolaşırdı. Gözləri bağlanıbmış, nəydi, niyə ilk andaca qızın belə gözəl olduğunu görə bilmədi? Hələ bir məktəbə ağ xalat geyib gəldiyi gün, ağappaq dişlərini göstərib güləndə, qız necə də gözəl görünürdü! Başını qatmağa, fikrini dağıtmağa çalışır, amma bir şeyə nail ola bilmirdi. Televizorda maraqlı verilişə baxanda da, kitab, qəzet oxuyanda da, hətta dostları ilə yeyib içəndə də, qızın xəyalı ona rahatlıq vermir və başa düşürdü ki, bu qızsız yaşaya bilməyəcək.
Bacısı onun halını hiss eləmişdi, qağa sənə nə olub deyə soruşanda dərdi təzələndi. Nə olacaq, qarı həyət bacaya yox, suyunu ürəyimin üstünə səpib, birbaşa beynimə! Bacı, deyəsən qağan mələyəsi olacaq! Amanın günüdü, bacısı təşvişlə səsləndi, elə şey eləmə, kənd arasına çıxa bilmərik, ərimin dilindən düşməz. Onda necə olsun, o da qışqırırdı, dəli olum? Çöllərə düşüb məcnunluq eləyim? Bacı, sən bilməzsən, keçmişdə vəhşi bir tayfa var imiş, qonşu tayfalardan adamları oğurlayıb başlarını qırxdırır, dəvənin boynundan kəsdikləri dərini həmən adamların başına yapışdırıb ac-susuz həftələrlə saxlayırmışlar. Beləcə həmən adamlardan bir qismi ölür, bir qismi də şüurunu, yaddaşını itirib manqurtlaşırmış. İndinin özünə kimi də bəşəriyyətdə ən ağır cinayət hesab olunur bu, yəni insanın yaddaşını zorla silmək. Burda isə ondan da betəri olur, insanın düşüncə özgürlüyünə zorla qəsd eləyirlər, qəlbinə hakim kəsilir, hisslərini, düşüncələrini idarə eləyirlər. İndi mən bir növ manqurtam. İstədiyim kimi düşünə, yaşaya bilmirəm, hara baxıramsa o qızı görürəm.
Nəhayət dözə bilmədi, bir gün kəsdi işdən qayıdan həkim qızın qabağını. Bilirsən, deyirdi, düşündüm, daşındım, verdim qərarımı. Bir halda təkid eləyirsən, hökmən, hansı vasitəylə olursa olsun mənə ərə gəlmək istəyirsən, niyə də etiraz eləyim? Evlənə bilərik. Qız inamsızlıqla çiyinlərini çəkdi, necə yəni bilərik, axı mən meymuna oxşayıram. Sənin də meymunu görən gözün yoxdu. Hətta televizorda görəndə belə ürəyin bulanır, həftələrlə özünə gələ bilmirsən.
– Boş şeydi, hirsimdən elə deyirdim.
– Elə isə, bilərik. Amma ona kimi bəzi işlər görməlisən.
– Hansı işləri?
– Demişəm axı, hər dəfə yadına salmalıyam? Qarşımda diz çöküb ilan dili çıxarmaq, quzu kimi mələmək işlərini!
– Demək, mələyim?
– Özün bil, istəyirsən mələmə. Səni məcbur eləyən yoxdu.
– Necə yəni yoxdu? Var, amma mələməyəcəyəm!
– Bekara göyərib eləmə, mələyəcəksən, hələ bir yumşalacaqsan da!
Hirsindən dişi bağırsağını kəsir, neyləyəcəyini bilmirdi. Başını götürüb ordan uzaqlaşdı, əlindən nə gəlirdi, məsləhət üçün Bakıda qalan dostuna zəng elədi. De görüm düşüncəmə hakim kəsilənləri, şüurumu, ürəyimi zorla ələ keçirənləri məhkəməyə verə bilərəmmi? Qardaş, bunların elədiklərinin yanında manqurtluq-filan boş söhbətdi, artıq yaddaşımı da pozurlar, dünənə qədər sahil parkındakı söyüd ağacı bir anlığa belə yadımdan çıxmırdı, indisə mən sadəcə olaraq bu ağacı xatırlamıram. Ümumiyyətlə başa düşə bilmirəm ki, o ağacanı dibində nə ölümüm var idi? Mən indi insan deyiləm, robotam, nə göstəriş verirlər, onu da eləyirəm. Kimi buyurdular onu da sevəcəyəm. Belə olmaz, mən belə barbarlıqla barışa bilmərəm, bu bəşəriyyət əleyhinə cəinayətdir, mütləq bunları məhkəməyə verməlyiəm. Dostu isə onun qədər nikbin deyildi, sarsaqlama, öz məsləhətini verdi. Azərbaycanda hansısa məhkəməyə gedib desən ki, düşüncələrimə zorla hakim kəsilirlər, yaddaşımı pozurlar, ürəyimi oğurlayırlar, sənə hörmət eləsələr, yəni insaflı hakim əlinə düşsən, dəlixanaya göndərərlər. Necə sübut elərsən yaddaşını pozduqlarını? Dedim axı, sənsə qulaq asmaq əvəzinə, çığırıb bağırdın. Dərhal bəyənərdin, qurtarıb gedərdi, yoxsa sağlamlığını da itirəcəksən, əsəblərin də sıradan çıxacaq, sonda yenə də bəyənəcəksən.
Vaxt keçdikcə də dəli olmaq dərəcəsinə gəlirdi, hər şeyə razıydı, təki qız onunla evlənməyə, onunla birlikdə olmağa razılıq versin. Bir də sınamağı qərara aldı, yenə də kəsdi işə gedən qızın qabağını.
– Yalvarmaq hökməndimi?
– Hökməndi! – qız başıyla təsdiqlədi.
– Qıçlarını qucaqlamaq?
– O da!
– Bəs o birisi? – yazıq-yazıq soruşdu.
– Hansı birisi?
– Əşşi, mələmək də!
– O lap hökməndi! Amma göyərmək hökmən deyil, mələyəndə göyərməyə də bilərsən.
– Görməyəcəksən!
– Görəcəyəm, – qız sakit, inamla dedi.
Göm-göy göyərdi, dodaqları əsir, sözünü deyə bilmirdi, nəhayət özünü ələ aldı. Sənin bir insafın olsun, yazıq-yazıq deyirdi, mən burda, küçənin ortasında, şagirdlərimin gözünün qarşısında mələsəm, yaxşımı olar? Necə razı olarsan ki, gələcək ərin küçədə, yolun ortasında dayanıb quzu kimi mələsin, qıçlarını qucaqlasın? Sənə küçənin ortasında mələ deyən olmayıb, qız dedi, axşamçağı bizə gələrsən, bağa, orda sakitlikdi.
Müəllif insan şəxsiyyətiin alçaldılmasının qanunla yasaq olduğunu bildiyindən, düşüncə, fikir, iradə azadlığına məxsusi hörmət elədiyindən bəzi məqamların, epizodların üstündən sükutla keçməyi lazım bilir. Hər halda kənddə toy oldu və bu payız toyu xatirələrdə uzun müddət yaşayacaq qədər gözəl idi. Söz yox, bəy öz arzusuna çatsa da tez-tez göyərirdi, səbəbi də xanəndə idi. Oxumağa başladımı zilə qalxır, ilişib qalırdı orda, vurnuxur, çapalayır, düşə bilmirdi. Bəy ona sifariş göndərirdi, ay quşquşu, adamın abrı, həyası olar, utanan üzü olar, ora çıxma, çıxırsan, düşə bilmirsən. Xanəndə də söz verir, amma yenə də öz bildiyini eləyirdi, zilə qalxır, hələ bir bəyə də göz-qaş eləyirdi, yəni narahat olma, bu dəfə düşəcəyəm. Bəy də nəfəsini içinə çəkib gözləyir, ən nəhayət heç olmaya bu dəfə quşquşunun doğrudan da ordan düşə biləcəyini güman eləyirdi. Nahaq yerə, quşquşu növbəti dəfə də ilişib qalırdı orda, gözləri arayıb axtarır, nahaq yerə vurnuxurdu. Dişi bağırsağını kəsən bəy də başlayırdı göyərməyə, yəni gömgöy olur, tamadanı tələsdirirdi, neyleyirsən elə, toyu tez qurtar, yoxsa bu quşquşunu öldürəcəyəm, həyatımda ilk dəfədi belə qanmaz adam görürəm. Sən bilə-bilə ki, düşə bilməyəcəksən, niyə ora qalxırsan?
Toy qurtardı, bəyin nənəsi evə ayaq basan gəlinin qoluna girib ona öz məsləhətlərini verirdi, qızım, yadında saxla, kişilərə etibar eləmək olmaz. Nəvəmin qəlbi qalıb hansısa dənizin sahilində, söyüd ağacının dibində, sən bunun gözünü çöldən-bacadan yığışdır. Narahat olma, gəlin də gülərək onu arxayın eləyirdi, heç narahat olma, yığışdıraram.


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 500 Bölmə: Sevgi varmı?
loading...