Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sağlığımda

Göz yaşını tök sinəmə- dəfn elə,
Ağlayırsan- sağlığımda ağla sən.
Qəhrin varsa, sağlığımda qəhr elə,
Ağlayırsan- sağlığımda ağla sən.

Varmı indi ahdan yanan Kərəmlər,
Odu odla söndürəcək Sənəmlər?
Bir də çətin ələ düşə bu dəmlər...
Ağlayırsan-sağlığımda ağla sən.

Gedən gedər, qəmi qalar bir içim,
Fərqi yoxdu: ya üç mini, ya üçü...
Məzar üstə çoxu ağlar görk üçün,
Ağlayırsan-sağlığımda ağla sən.

Qorx ki, sabah qəbirlər də çapıla,
"İnciləşən" göz yaşları qapıla,
Göz yaşları alverçisi tapıla,
Ağlayırsan-sağlığımda ağla sən.

Ölüm odur- başda oturt, baş olmur,
Sağlıq odur- təriflərə aş olmur.
Daşa da bük,daşı da bük- daş olmur,
Ağlayırsan- sağlığımda ağla sən.


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 55 Bölmə: Sevgi şerləri
loading...