Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nagil

Sənə vəfasız dilbərim demirəm ki, havayı.
Sevməmişəm, sevmərəm də mən səndən savayı.
Çox tufanlı yol keçmişdik, uçurumlu, dolayı.
Amma mənzilə çatmadıq, yarı yolda qırıldı.
Demə hər şey əbəs idi, demə hər şey nağıldı...

İndi məndən ayrıldığın bir neçə aymı, ilmi?
Mənim nələr çəkdiyimi görən qəlbin bilirmi?
O günlər həyatımızın xoş günləri deyilmi?
Mənim üçün zəhmət ilə qazanılmış qızıldı.
Demə hər şey əbəs idi, demə hər şey nağıldı.


Biz heç vaxtı olmamışıq ucuz eşq düşkünləri,
Bir yerdə yol axtarmışdıq, açmışdıq düyünləri.
O canüzən, o həsrətli, o hicranlı günləri,
Demə daha unutmuşam, demə keçmişdə qaldı,
Demə hər şey əbəs idi, demə hər şey nağıldı.

İnan sənə bağlanmışdı hər arzum, hər diləyim.
Deyirdim ki, təkcə sənsən umacağım, köməyim.
Məhəbbətdən ilham alan pöhrə idi ürəyim.
Kökündən qopardıb atdın, xəzan kimi saraldı.
Demə hər şey əbəs idi, demə hər şey nağıldı.

Bu sevgini özün üçün saysan da qüsur indi,
Bu məhəbbət mələklərin göndərdiyi nur idi.
Qoruduğum, saxladığım bərq vuran büllur idi.
Sən isə sındırdın onu, parçalandı, dağıldı.
Demə hər şey əbəs idi, demə hər şey nağıldı


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 104 Bölmə: Sevgi şerləri
loading...