Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

VARLIQ BİR KİTABDIR - II YAZI

Oxumaq üçün yaradılan və Oxu əmrinə tabe olan insan Rəbbini tanımaq üçün, öz missiyasını anlamaq üçün Kainat ayəsini oxumağa başladıqdan sonra, nəzərlərini özünə dikərək, suallar verməyə başlayacaq. Mən kiməm, yaradılış məqsədim, qayəm nədir? Nədən göy üzü bu qədər bəzədilmişdir? Kainatda işıq verən və alan yaxud işıqlarını itirən ulduzlar vardır. Mən də bu Kainatın bir hissəsiyəm. Demək, oxşar tərəflərimiz çoxdur. Bu qədər möhtəşəm qalaktikalar, ulduzlar toqquşmadan nizama tabe olaraq sülh, salam halında mövcudiyyətlərini sürdürməktədirlər. Nə zamandan bəri?! Böyük partlayışdan bəri. Hər şey bir nöqtədən başladı. Əmr verildi. Hər kəs yerini aldı. Makro kosmos ilahi qanunlara tabe olmaqla sülh halında yaşayır. İnsana xidmət üçün. Ey Adəm övladı, Allah səni yaratdı və Adəmə yaratdıqlarının adlarını öyrətdi. Genetik atamız olan Adəmin qarşısında Mələklər Allahın əmrilə səcdə etdilər. Ona xidmətə başladılar Allah xatirinə. Allah sevgisi naminə Allahın sevdiyi Adəmə xidmətdədirlər. Allah İnsana əşrəf dedi. Torpaqdan yaranmış, qan laxtasından yaranmış İnsana ən şərəfli məqama aparan yolları göstərdi. Atamızdan bu yana genetik olaraq bizi salamla kodlaşdırdı, hər şeyi fitrətimizə yerləşdirdi. Allaha təslim olan Onun yaratdıqları ilə salam ünsiyyətini qoruyacaqdır. Makro dünya ilə mikro dünya arasında salam. Mikro dünyalar arasında salam.

“İnsanın elə bir dövrü olub keçmişdir ki, o, xatırlanmağa layiq bir şey olmamışdır. Həqiqətən, Biz İnsanı qarışıq bir nütfədən yaratdıq. Biz onu eşidən, görən yaratdıq. Biz ona haqq yolu göstərdik. İstər minnətdar olsun, istər nankor ”(İnsan, 1-3)

Öncə Kainat incələndi, daha sonra nəzərlər İnsanın özünə dikilir. İnasan və Kainat. Kainatdakı İnsanı tanımaq insandakı kainatı tanımaqla mümkündür. Allah İnsanı yalnız Ona xidmət üçün yaratdı, İnsan yalnız Allahın qulu ola bilər. İbadət üçün yaradılan abd ibadət obyektində yanılmadığı zaman xoşbəxtliyə - Nura çata bilər. İbadətin nə olduğunu anlayan İnsan, əslində abd olmağın şərəfini, şirinliyini, gərəkliliyini dərk edər. Elə o zaman da hər namazında, hər qiraətində - “biz yalnız Sənə ibadət edir və yalnız Səndən yardım diləyirik ”- əhdinə vəfa edə bilər. Missiyası üzərində düşünən nəhayətdə abd olmağın bir nemət olduğunun mütləq fərqinə varacaq.

Rəbbini axtaran İbrahimin də kəşfi Kainatdakı axtarışlardan başlamadımı? Rəbbinin kim olduğunu axtaran İbrahim (ə) günəşi, ayı bildikdən sonra anladı ki, Rəbb bütün Kainatı var edəndir. Rəbb bütün kainatı onun ixtiyarına vermiş. İnsan sahib olduğu şeylərin qulu ola bilməz. İnsan yalnız Hər şeyi idarə edən, Yönləndirən Allahın quludur. Allahı tanımaq üçün Rəbbindən hikmət dilədi İbrahim. Rəbbi ona hikmət verdi. İnsanın hikmətə ehtiyacı olduğunu anlamışdı İbrahim. Anlamışdı ki, kimə hikmət verilmişsə ona çoxlu xeyir verilmişdir. Anladı ki, İnsanın yaradılış qayələrindən ən böyüyü Allahın tərbiyəsi ilə tərbiyələnərək, əxlaqı ilə əxlaqlanaraq, Allaha gözəl qul olmaqdan ibarətdir. Anladı ki, qul qulluq üçün yaradılmışdır. (Qulluq nökərçilik, deyil. Anladı ki, ibadət üçün yaradılan İnsan yalnız ibadət etdiyi zaman şərəfə nail olur. Vəzifəsini anlamayan, vəzifəsinə sahib çıxmayan Şərəfli İnsan şərəfli adını itirərək onun antonimi olan şərəfsiz adına yiyələnmiş olur. Atalıq vəzifəsini icra etməyən ata necə adlandırılır? Yaxud analıq vəzifəsindən imtina edən ana? Döyüş meydanından qaçan əsgər, xəstəyə şəfa verməli olan savadsız həkim? və s. Demək, hər kəs şərəfli vəzifəsindən imtina edərsə, əks qütbdə yerləşən şərəfsiz adına yiyələnmiş olur. Elə isə şərəfli İnsan vəzifəsinə layiq görülən İnsan vəzifəsindən imtina edərsə, onu necə adlandırmalıyıq?! Şərəfli İnsan vəzifəsinə layiq görülən İnsan vəzifəsi, missiyası haqda heç düşünmürsə, yaxud düşünmək belə istəmirsə, onun adı nədir? Məqsədi, amalı, son mənzili nədir? Vəzifəsindən sui-istifadə edənlərin aqibəti necə olmalıdır?! Təbii düşünən, axtarışlarda olan İnsan mütləq Həqiqətə catacaq və abd olaraq ibadət nemətinin dadına varacaq)
Axtarışlarda olan İbrahim anladı ki, Rəbbi yardım edəndir, yardım edənlərə yaxındır. İnsanların yardımına qaçdı.

İnsanların mənəvi yardımdan çox hansı dəstəyə ehtiyacı ola bilər ki? Bu səbəbblə də, əmr bil məruf, nehy münkəri yaşamağa can atdı. İnsanları yaxşılığa çağırıb, pisliklərdən uzaqlaşdırmağa həsr etdi Allahın verdiyi ömrü. Çünki, anladı ki, xilas yalnız faydalı olmaqdadır. Anladı ki, Yaradan hər bir yaratdığında fayda hikməti yaratmışdır. Yaradılmışın dəyəri, qiyməti onun faydalılıq dərəcəsi ilə ölçülür. Bu səbəbdən də Allahın imtahanından çıxdığı zaman Allah: “Səni insanlara imam təyin edəcəyəm”- dediyi an - “ Bəs nəslimdən necə ? ” sualı ilə Rəbbinə yönəldi. Özünü deyil, arxası ilə gələn insanları düşündü. Özünü deyil, Rəbbin sevdiklərini sevdiyi üçün hər mömin hər namazında Ona salam göndərir. İnsanları nura çağıran, bu yolda cəfalar çəkən Allah sevgilisi Muhamməd Allah Dostu İbrahimin duası deyilmi?!

“Yadına sal ki, İbrahimi öz Rəbbi bir neçə sözlə imtahana çəkdiyi zaman o, tamamilə yerinə yetirdi. “ Səni insanlara imam təyin edəcəyəm-dedi. Nəslimdən necə - deyə soruşdu. - Zalımlar mənim əhdimə nail olmazlar ” (Bəqərə, 124)

“Ey Rəbbimiz, onların içərisindən özlərinə elə bir Peyğəmbər göndər ki, Sənin ayələrini onlara oxusun Kitabı və Hikməti onlara öyrətsin, onları təmizləsin! Həqiqətən, Sən yenilməz qüvvət Sahibi, Hikmət sahibisən ”(Bəqərə, 129)

Kainatda kəşflər edən, özünü dərk edən İbrahim Rəbbinin bircə təslim ol əmrinə “Aləmlərin Rəbbinə təslim oldum” demişdi” (Bəqərə, 131)

Aləmlərin Rəbbinə təslim olmaq. Rəbbini tanıyan Ona necə təslim olmaya bilər?! Ey Adəm övladı, Ey İbrahim nəsli, nədən Allah dostlarının arxasından yüyürmürsən?! Axı bu gün oxumaq üçün, təfəkkür etmək üçün, dərk etmək üçün imkanların daha geniş. Rəbbinin hüzuruna çıxdığın zaman “ Mən hələ hazır deyildim, namaz qılmağa, səni sevməyə, tanımağa vaxtım yox idi, sənin verdiklərini daha çox sevir, daha çox arzulayırdım” deyə biləcəksənmi? Nə olar, düşün! İbrahim səni düşündü. Sən də özünü düşün. İnsanlığın fəxri Muhamməd “ Ümmətim, ümmətim ” - deyərək sənin üçün göz yaşları axıtmadımı?! Ona daş atdıqları zaman, ona əziyyət verdikləri zaman “Allahım onları bağışla, onlar bilmirlər” deyə Sənin üçün ağlayan Muhammədin cərgəsinə nədən qoşulmursan?! Kainata bircə söz yetdi. Ol - dedi Rəbb. Əmrə hazır oldular. Tələs, ey Adəm övladı, özünü tanımağa tələs, missiyanı öyrən, Oxu qoca Kainatı, Oxu şah əsərini, - Lə - deyib, at bütün ilahlarını, bütlərini, xilasa tələs. Səhabə Lə ilahə illəllah deyib, xilas olmadımı?! Öyrən özünü, tanı yolunu, tələs Rəbbinə. Tələs. Paklan, təmizlən, dön Rəbbinə. Övladlarını diri-diri basdıran bədəvilər - Lə ilahə illəllah - deyərək ucaldılar, bir qarışqanı tapdalamaqdan belə qorxdular. Çünki, qəlblərini ruhları fəth etdi. Yaradana ehtiyac duyan ruh qəlbi hidayət nuru ilə doldurdu. Düşün. Mən kiməm? Nə üçün varam? Haradan gəlib, haraya gedirəm? suallarına cavab axtarmaq məcburiyyətindəsən. İbrahim axtardı, Rəbbini tapdı. Muhamməd axtardı, oxumaq əmrini alıb oxumağı öyrəndi və öyrətməyə tələsdi.

“Oxu. Yoxdan Yaradan Rəbbinin adı ilə oxu! O, insanı laxtalanmış qandan yaratdı. Oxu, Sənin Rəbbin Ən böyük Kərəm sahibidir. O, Rəbbin ki, Qələmlə yazmağı öyrətdi. (Ələq, 1-5)

Allah ona qarşı bir addım atanlara, iki addım atar, ona qarşı can atanlara, O da can atar. Ona qarşı yüyürənlərə, O da yüyürər. Sonra O qədər ona yaxınlaşar ki, eşidən qulağına, görən gözünə, duyan qəlbinə çevrilər. Allahın firqəsi olmağa tələsin. Nicata çatanlar məhz Allahın firqəsidirlər. “ İyyakə nəbudu va iyyakə nəstəin” Biz yalnız Sənə yardım edirik və Səndən yardım diləyirik. Bir ibadət –iki yardım, iki ibadət-dörd yardım, 4=8, 8=12...

İnsanın axtardığı İslam, İslamın axtardığı isə İnsandır. Bu iki sevgilinin görüşməsilə İman ortaya çıxar. İnsanın İslamı yaşamasılə əməl, bilməsilə elm, görməsilə ehsan, tanımasilə irfan, duyaraq yaşamasilə təqva ortaya çıxar.

“Məgər insan elə güman edir ki, o başlı –başına buraxılacaq? Məgər o tökülən bir qətrə məni deyildimi? Sonra laxtalanmış qan oldu və Allah onu yaradıb surət verdi. Sonra da ondan biri kişi, biri qadın olmaqla iki cift yaratdı. Elə isə O Allah ölüləri diriltməyə qadir deyilmi?” (Əl-Qiyamə, 36-40)

Bəli, insan seçər, lakin təyin edə bilməz. Təbii ki, insanı yaradan, yaratdığı insan üçün də, bir həyat proqramı var etmişdir.Və insanlar necə olur ki, bütün varlıq aləmini, onların işləri belə daxil, mərhəmətlə proqramlayan Allahdan başqa bir proqram düzəldirlər. Hakim və Habir olan Allahın qayda-qanun verdiyi bu möhtəşəm Kainatın bir parçası olduğu halda, öz nəfslərinə uyğun və canlarının istədiyi qanunlar icad edirlər, seçirlər
“Biz göyləri, yeri və onların arasında olanları oyun-oyuncaq yaratmadıq. Biz onları yalnız haqq olaraq yaratdıq, lakin onların əksəriyyəti bilməz” (Əd-Duhan, 38-39)

Rəbbim heç bir yaratdığını ruzisiz buraxmamışdır. Nə qədər sürünənlər vardır ki, öz ruzilərinin arxasınca getmək iqtidarında deyillər, onları Yedizdirən, Qoruyan Uca Yaradıcıdır. Alma qurdu öz ruzisinin içində oturub ruzilənmirmi? Yaxud ana bətnindəki canlı üçün ruzi özü gəlmirmi? (Ey insan, yoxsa sən düşünürsən ki, səni yoxdan var edən, sənə şərəfli varlıq statusu qazandıran Allahın bu imtahan dünyasında səni yardımsız qoyacaq? ) Ey insanlar hara tələsirsiniz? Ruziniz Allahdan deyilmi? Allah üçün yaşayanı Allah özü yedizdirər. Allah ədalətlidir, adildir. Onun diləməsi də ədalətindən, adilliyindən, sevgisindən qaynaqlanar, yaxud da Onun diləməsində və təsərüfunda ədalətinin, rəhminin, vahhablığının təcəllisi öz əksini tapmaqdadır. Demək, dilədiyini alçaltması da, yüksəltməsi də, alması da, verməsi də xeyrindən qaynaqlanmaqdadır. Uhud müharibəsi əslində müsəlmanların məğlubiyyəti deyil, qələbəsi idi. Allahın təsərrüfatında hər şey xeyirdən qaynaqlanır.

“De: “Ey mülkün sahibi Allah! Sən mülkü dilədiyinə verir, dilədiyindən geri alırsan. Dilədiyini yüksəldər, dilədiyini alçaldarsan. Xeyir Sənin əlindədir. Həqiqətən Sən hər şeyə qadirsən. Gecəni gündüzə, gündüzü gecəyə qatarsan. Ölüdən diri, diridən ölü çıxararsan. İstədiyin şəxsə saysız –hesabsız ruzi verərsən”(Ali-İmran, 26-27)

Allah tək başına hökm və təsərrüf Sahibi, mülkün Sahibi, dilədiyinə mülkü verən, mülkü dilədiyindən alan, dilədiyini güclü edən, dilədiyini zəif edəndir. Mülk Onun bir “OL” kəlamıdır. İnsan da bu mülkün bir hissəsidir. İnsanların işləri üzərindəki hökrmanlıq bütün Kainat üzərindəki hökmranlığın sadəcə bir parçasıdır. Hər şeyi yaradan, var edən Allahın mülkündə ən dəyərli olanı nədir? Təbii şərəfli İNSAN. Belə olmasaydı ən şərəfli və təmiz varlıqlar olan mələklərə Adəmə səcdə edin deyilərdimi? İnsan Allahın yer üzərindəki xəlifəsidir. Bəs İnsanı İNSAN edən nədir? Təbii insanlıq dərəcəsi. Nankor bir varlıq necə şərəfli İNSAN ola bilər?!

“Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım! Mən onlardan ruzi istəmirəm! Şübhəsiz ki, ruzi verən də, Qüvvət sahibi də, Yenilməz olan da Allahdır. ” (Zariyat (Sovurub dağıdan küləklər), 56-58)

Rəbbin, Yaradıcının qarşısında, Onun bütün gözəllikləri müqabilində verəcəyi bir qarşılığı mövcuddur İnsanın. Rəbb insandan ubudiyyət istəyir, yəni ibadət. Bu gün İnsanla İslam arasında əngəllər qoyulmuşdur. Ət və dırnaq bir-birindən ayrılmış, toxum torpaqsız, torpaq susuz qalmışdır. Toxumsuz qalan torpaq daşlaşacaq, quruyacaq, faydalılıq funksiyasını itirəcək və ölü torpağa çevriləcək. Ey torpaqdan yaranan insan, sənin İslam, Salam, Təslim toxumuna ehtiyacın var. Hidayət nuru sənin suyundur, ey Adəm övladı. Sən sudan yaranmısan. Yalnız oruc vaxtı, yalnız susuzluq anında dərk edirsən suyun qiymətini. Su Allahın bir lütfü, bir neməti. Canlı su canlı torpağı hərəkətə gətirir. Dünyanın ücdə ikisi sudur. Sən və təbiət. Sənin 50-70%-in sudur, Qanın 83%-i, yaranan embrionun 90%-i sudur. Əzələlərin 75%-i, böyrəklərin 82%-i, beynin 74%-i, sümüyün belə 22%-i sudur. Su davamlı olaraq orqanizmdən buxarlanıb atmosferə qarışır. Düşün, ey mikro kosmos. Düşün. Vəhdət halında yaşadığın makro dünya kimi hüzür, Salam halında yaşamaq istəyirsənsə, makro dünya kimi bircə sözlə təslim ol. Təslim ol Yaradanına. Sənin kimi adi insanlar olan Peyğəmbərlər - eşitdik və itaət etdik - dedilər. İbrahim eşitdi və itaət etdi, Muhamməd eşitdi və itaət etdi, ulduzlara çatan səhabələr eşitdilər və itaət etdilər. Aç əllərini yönəl, Rəbbinə. Makro dünya kimi eşit və itaət et. Lə ilahə illallah deyin, xilas olun.

Allahım, Varsan, bütün kainat varlığının aynası. Təksən, Birsən, Vahidsən bütün varlıqlar birliyinin Şahidi. Sənə inanmışıq, hər nə ki, tək o Yaradandır, hər nə ki, cüt o yaradılandır. Hər şey Sənə möhtac, Sən heç bir şeyə möhtac deyilsən. Əhədsən, Vahidsən, Samədsən.

Allahım, ey varlıqların tək Sahibi, bizlərə lə ilahə iləllah deyərək xilas olmağı nəsib et! Ey bizə OXU deyə Əmr edən Rəbbimiz, VARLIQ Kitabını öyrət bizə, oxumağı bacarmaq nemətindən bizə də pay ver.

Əhədsən, Vahidsən, Samədsən.

SƏN BİZƏ YETƏRSƏN !


Tarix: 06.01.2013 / 15:58 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1132 Bölmə: Ramazan
loading...