Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Oruc tutmağın faydaları və hikmətləri

Çoxları sual verir. Ramazan ayında oruc tutmağın nə mənası var? Bu oruc tutmaq nəyə lazımdır? Müsəlmanlar səhərdən axşama qədər ac-susuz qalmaqla, cinsi əlaqədən uzaq olmaqla nə əldə edəcəklər? Bu kimi suallara cavab vermək üçün uca Allahdan bütün müsəlmanlara kömək istəyirəm.

Əziz müsəlmanlar, unutmayın ki, sizi incidən, narahat edən suallardan, sözlərdən, bütün növ işgəncələrdən daha şiddətlisi peyğəmbərlərə verilib. Onlara müxtəlif üsullarla və növlərlə verilən işgəncələr yanında sizə verilən sözlü və əməli işgəncələr heç nə sayılır. Bunu unutmayın. Bu yolda əgər doğru olduğunuzda əminliyiniz varsa onda sizə qarşı qaldırılan iddihamlara, incidici sözlərə əhəmiyyət vermədən Allaha və sonra göndərdiyi elçisinə tabe olun. Gücünüz və bacardığınız qədər Allaha və sonra Rəsuluna itaət edin.
Yaxşı, çoxlarını Ramazan ayında tutulan oruc maraqlandırır. Nəyə görə müsəlmanlar bu ayda oruc tuturlar? Bunun bir çox hikmətləri vardır. Əvvəlcə Allaha həmd edirik ki, bizim təmizlənməyimiz üçün bu gözəl və xeyirli-bərəkətli ayı, Ramazan ayını oruc ayını bizə bəxş edib. Bizi bu ayla hədiyyəndirib. Bu uca Rəbbimizdən bizə olan böyük hədiyyədir. O qədər qullar, kölələr var ki, ağaları onları mükafatlandırmır. Amma bizim Rəbbimiz uca Allah bizi heç bir ağanın, heç bir padşahın, heç bir rəhbərin mükafatlandırmağa qadir olmadığı çox möhtəşəm bir ayla, Ramazan ayı hədiyyəsi ilə bizi mükafatlıandırır. Bu Rəbbimizin bizə olan sayıb-hesablaya bilmədiyimiz nemətlərindən biridir. Həm də daha əhəmiyyətlisidir. Biz bu hədiyyənin qədrini-qiymətini bilməliyik, çalışmalıyıq.
Biz bilirik ki, Allah təalanın ən gözəl ad və sifətləri vardır. Bu ad və sifətlərindən biri də Allah təalanın hikmət sahibi olmasıdır. Hökm sahibi olması, istədiyi hökmü verməsi Allaha aid ən gözəl xüsusiyyətlərdən biridir. Allah təala hökm verməsində təkdir, hikmətində təkdir, Onun digər məsələlərdə olduğu kimi hökm vermə və hikmətli olmasında da heç bir şəriki yoxdur. Allah ibadət edilməyə layiq olan haqq, həqiqət olan məbuddur, Özünə ibadət ediləndir. Onun hikməti tam və kamildir və biz onun hikmətini açıqlamaqda həddən artıq çox aciz və nöqsanlıyıq.
Allah təala elə bir şəri, dini hökm, əmr vermir ki, orada böyük hikmət və məsləhət olmasın. Verdiyi bütün hökmlərdə böyük xeyir, məsləhət, mənfəət vardır. Biz bunu bilirik. Amma biz heç vaxt bu hikməti və hökmü dərk edə bilmərik. Bizim ağlımız Allah təalanın hikmətini tam olaraq dərk edə bilməz. Biz çox adi, cüzi bir şəkildə olan məsələləri dərk edə bilərik.
Allah təala hökmləri və əmrləri arasında bizə elə bir hökm və əmr vermişdir ki, biz Ramazan ayı gələndə oruc tutaq. Allah təala buyurur: “Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!” (Bəqərə 183). Oruc tutmaq insanda Allah qorxusunu yaradır. Yəni insan oruc tutmağa başlayanda onda Allah qorxusu hasil olmağa başlayır. Digər vaxtlarda heç insanda belə bir hal baş vermir. Bu Allah qorxusu təqva adlanır. Təqva nədir? Təqva budur ki, insan Allah təalanın əmrlərini yerinə yetirdikdə və qadağanlarından çəkindikdə onda belə bir Allah qorxusu meydana gəlir. İnsanın Allahın əmrlərini yerinə yetirib, qadağanlarından çəkinməsi onda təqva hasil edir. Bu da həmin insanın təqvalı, yəni Allahdan qorxan insna olduğunun göstəricisidir. Daha açıq belə deyək ki, əgər bir insan Allahın və sonra göndərdiyi peyğəmbərinin əmr etdiklərini yerinə yetirir və qadağanlarından çəkinirsə o insan təqva sahibi olur.
Oruc ən böyük səbəblərdən biridir ki, qul dini əmrləri yerinə yetirməkdə yəqinlik əldə edir və oruc tutaraq təqvalı olur. Yəni qulda elə bir iman əldə olunur ki, o Allah təalanın digər əmrlərini yerinə yetirməkdə qvvətlənir, möhkəmlənir və imanın yəqinliyini, həqiqətini, şirinliyini əldə etməyə başlayır. Bu da Allah təalanın quluna verdiyi ən böyük nemətlərdən biridr. Bu nemət hər insana nəsib olmur. Bunun üçün qul özü seçim etməlidir. Amma qul bilməlidir ki, onun seçim etməsində və bu nemətləri əldə etməsində ona kömək edən yenə də Allah təaladır. Əgər Allah istəməsə qul bu nemətləri əldə edə bilməz. Ona görə də hər bir Allah bəndəsi bu nemətləri əldə etmək və əldə saxlamaq üçün uca Allahdan hər zaman dua edib, yalvarıb kömək istəməlidir. Allah təala bizə islamda qalmaqda və dində sabit olmaqda kömək etsin. Amin!
Alimlər oruc tutmağın məşru olması, həqiqət olması, yaxşı olması haqqında olan hikmətləri açıqlamışlar. Orucun təqvanı hasil etməsi haqqında hikmətləri bilmək insanları oruc tutmağa həvəsləndirir. Bu hikmətləri deməkdə heç bir zərər yoxdur. Əksinə orucda olan hikmətləri alimlərin deməsi nəticəsində çoxlu insanlar oruc tutaraq Allaha yaxınlaşmış, Allahın digər əmrlərini də yerinə yetirməyə başlamışlar. Bu hikmətləri oxuyub, dərk edərək ibrət alanlardan və oruc tutanlardan Allah razı olsun. Amin!
Orucda olan hikmətləri alimlər açıqlamışlar. Onlardan bəzilərini qeyd edək:
1. Oruc nemətlərə şükr etməyə bir səbəbdir. Oruc tutmaqla nəfs yeməkdən, içməkdən və cinsi əlaqədən uzaq qalır. Bu üçü nemətlərin ən yaxşısı və ən ucasıdır. İnsan gün batana qədər nemətlərin ən yaxşısı və böyüyü olan yeməkdən, içməkdən və cinsi əlaqədən uzaq qalır. İnsan oruc vaxtı bu nemətlərdən özünü məhrum edərək həmin nemətlərin qədrini bilməyə başlayır. İftar vaxtı insan bu nemətləri yenə də həvəslə əldə edərək sevinir. Bu nemətlərin onda olmasına görə Allaha şükr etməyə başlayır.
2. Oruc tutmaq haramları tərk etməyə səbəb olur. Çünki nəfs halal nemətləri tərk edərək Allahın razılığını əldə edir. Nəticədə insanda Allah qorxusu hasil olur. Halalları Allah üçün tərk edən insan haramları da tərk etməyə başlayır. Halal nemətləri Allah üçün tərk edən insanda hasil olan qorxu və iman onu haramlardan da çəkindirir.
3. Oruc trutmaqla insan şəhvətini məğlub edə bilir. Çünki insanın nəfsində həmişə şəhvət çox güclü olur. İnsan həmişə şəhvətə meyilli, istəkli olur. Oruc tutmaq şəhvəti azaldır və yoxa çıxardır. Ona görə də Allah Rəsulu (səlləllahu aleyhi və səlləm) subay gənclərə əgər gücləri çatırsa evlənməyi əmr edir, əks halda onların oruc tutmasını onlara əmr edir.
4. Oruc tutmaq Allahın rəhmətini cəlb edir. Ac olan insanın qəlbinə rəhmət gəlir, qəzəbi azalır, digər miskinlərin və acların vəziyyətini başa düşərək Allaha şükrünü artırır, imanı təzələnir.
5. Oruc tutmaq şeytanı qəhr edir, əridir, zəiflədir. Bizə Allah elçisi xəbər verib ki, şeytan insanın damarında qanın hərəkət etdiyi kimi hərəkət edir. İnsan isə yeyib-içməyi tərk edərək damarda gəzən şeytanın hərəkəıtini məhdudlaşdırır. Şeytan əvvəlki kimi hərəkət edə bilmir, istədiyi kimi vəsvəsə verə bilmir, halı qalmır, taqəti kəsilir. Niyə də düşmənimizin taqətini orucla kəsməyək. Allahdan müvəffəqiyyət istəyirik.
6. Oruc tutmaq insanı Allaha yaxınlaşdırır. İnsanın gücü çatdığı halda Allah üçün oruc tutduğuna görə günahlara və haramlara gedə bilmir.
7. Oruc tutmaqda dünyanı və şəhvəti tərk etmək vardır ki, bu əməli də Allah təala sevir.
8. Oruc tutmaq mömin bəndənin Allaha itaətini artırır. Bu mömin bəndənin Allaha yaxınlğınıın və itaətlərini çox olmasına səbəb olur. Nəticədə Allah öz bəndəsindən razı olur və onu sevməyə başlayır. Allah təala sevdiyi bəndəsinə dünyada və axirətdə bütün nemət və xeyir-bərəkət qapılarını açır.

Allah təala bizi sevdiyi bəndələrindən etsin. Amin!


Tarix: 04.05.2013 / 18:23 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 272 Bölmə: Ramazan
loading...