Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xroniki qəbzlik sindromu

“Qəbizlik” termini altında bağırsağın boşalma funksiyasının dayanıqlı və ya gəlib-keçən (intermittə edici) pozulması nəzərdə tutulur. “Qəbizlik sindromu” dedikdə isə bağırsağın boşalma prosessinin pozulması nəticəsində meydana çıxan və əsasən subyektiv xarakter daşıyan simptomların məcmusu başa düşülür.

Xroniki qəbizliyin əsas əlaməti onun xəstədə 12 aydan çox çəkməsidir, bu zaman patoloji prosesin daimi va ardıcıl xarakter daşıması zəruri deyil. Bu kriteriya 1999-cu ildə həzm sisteminin funksional pozulğunluqları üzrə keçirilən 2-ci Roma konsensusu tərəfindən təklif edilmişdir və ayrıca təsnifat vahidləri olan “Funksional mənşəli qəbizlik” və “Qəbizliklə müşayət olunan qıcıqlanmış baqırsaq sindromu”na da aiddir. Bundan əlavə bu kriteriya istənilən xroniki prosesin, o cümlədən istənilən digər mənşəli xroniki qəbizliyin xarakteristikasında belə uğurla tətbiq oluna bilər.

Funksional mənşəli xroniki qəbizlikdən və onun aşağıda sadalanacaq, ayrıca bir diaqnostik vahid kimi klasifikasiya olunan formalarından başqa, bütün digər növ xroniki qəbizlik proseslərinə münasibət çox zaman ikincili xarakter daşıyan sindromsimptom kimi olunmalıdır.

Problem ondadır ki, bir sıra hallarda, hətta ən müasir instrumental və labarator texnologiyalar belə xəstədə qəbizliyə gətirib çıxaran orqanik mənşəli patologiyanın aşkar edə bilmir. Bu zaman qəbizlik kliniki mənzərəni formalaşdıran yeganə əlamət olur və funksional patologiya kimi klasifikassiya olunur.

Hal hazırda qəbizliyin mövcudluğu praktiki təbabətdə də, elmi cəmiyyətlərdə də Connell-in hələ 1965-də təklif etdiyi normalara əsasən təyin edilir. Bu zaman normal defekasiyaların sayı - ən çoxu gündə 3 dəfə (bundan artıq olarsa - ishal), ən az azı isə həftədə 3 dəfə (bundan nadir olarsa - qəbizlik) olmalıdır. Bundan əlavə defekasiya zamanı çətinlik və xaric olunan bağırsaq möhtəviyyatının 35qr/sutka-dan az olması da nəzərə alınmalıdır.

Nəzərə almaq lazımdır ki, xəstənin qəbizlik haqda təsəvvürü defekasiya aktlarının sayı ilə mütənasib olmaya da bilər. Bu onunla bağlıdır ki, xəstələrin baxışı çox subyektivdir və onlar digər müxtəlif simptomları daha əhəmiyyətli hesab edirlər.

Çox vaxt xroniki qəbizlik sindromuna bir çox orqan və sistemlərin zədələnmə simptomları da daxildir. Bununla yanaşı qəbizliyin funksional növləri haqqında danışdıqda onların bu və ya digər formalarına xas olan differensial-diaqnostik əlamətləri dəqiq təsəvvür etmək lazımdır. Burada həzm traktının digər funksional pozğunluqlarında olduğu kimi analogiya aparılmalıdır. Məs. defekasiya zamanı və ya ondan sonra ağrının olub-olmaması funksional qəbizlik ilə qəbizliklə müşayət olunan başqa xəstəliyi ayırmaq mümkündür.

Roma kriteriyalarının C3 kateqoriyasına əsasən (1999) kliniki praktikada həkim aşağıda sadalanan əsas əlamətlərdən 2 və daha artığının mövcudluğu zamanı qəbizlik məvhumu haqqında düşünə bilər:

· Bağırsaq möhtəviyyatının gec-gec xaric olması (həftədə 3 dəfədən az)

· Defekasiya zamanı nəcisin az miqdarda xaric olması ( 35qr/sutka-dan az)

· Xaric olunan nəcisin forma, konsistensiya və sıxlığının dəyişməsi (1/4dən çox hallarda)

· Bağırsağın natamam boşalması hissiyyatı (1/4dən çox hallarda)

· Akt müddətinin 25%-dən uzun çəkən anorektal obstruksiya hissi (1/4dən çox hallarda)

· Möhtəviyyatın yumşaq konsistensiyasına baxmayarag güclü gücənmələrə ehtiyac hissi (1/4dən çox hallarda)

Bu zaman xəstənin birincili defekasiya ritminin dəyişilməsini qeyd etməsi zəruridir. Bu əlamət ona görə vacibdir ki, bəzi insanlarda defekasiyanın ritminin nisbi nadir (məs. 2-3 gündən bir) olması onlara heç bir narahatçılıq verməyə bilər. Bağısağın boşalma ritminin tezliyinə bir sıra faktorlar təsir edir ki, onlardan ən əhəmiyyətlisi qəbul edilən qidanın xarakteridir. Məsələn, kosmonavtlarda olduğu kimi yüksək dərəcəli rafinasiya emalından keçirilmiş qida ilə qidalanan şəxslərdə fizioloji defekasiyaların sayı həftədə 3 dəfədən xeyli az ola bilər. Bitki mənşəli qida məhsullarından bol-bol istifadə edən insanların bağırsaqları isə gündə 2-3 dəfə boşala bilər və bu da, təbii ki, heç bir patoloji prosesə dəlalət etmir.

Bağırsağın boşalmasının ən fizioloji ritmi – gündə bir dəfə, səhərlər, heç bir çətinlik olmadan (birmomentli, tez və tam), yoğun bağırağın möhtəviyyatdan tam azad olunması hissi ilə bitən defekasiya aktı hesab olunur.


Tarix: 21.01.2015 / 11:05 Müəllif: Aziza Baxılıb: 140 Bölmə: Qastroenterologiya
loading...