Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qafqaz Albaniyasının incəsənəti

Qafqaz Albaniyasının incəsənəti Qədim Şərqin tarixi və regional incəsənəti olmaqla Azərbaycan incəsənətinin ən qədim mərhələlərindən birini təşkil edir.

Arxeoloji materialların öyrənilməsi, tədqiqatçılara Qafqaz Albaniyası incəsənətinin inkişaf mərhələləri haqqında fikir söyləməyə imkan vermişdir. Orta əsrlər alban incəsənəti qədim dövrdə Qafqaz Albaniyası sənətkarlarının yaratdıqları özüllər üzərində inkişaf etmişdi. Qafqaz Albaniyası incəsənəti erkən dövrdə təbiəti və xarakteri baxımından dini ideyalara əsaslansa da, birinci əsrdən yeni dövrün başlanması ilə dinin təsiri bir qədər zəifləyir və feodalizmin mənşəyi və inkişafı ilə bağlı yenilikçi ideyalar yayılır. Yüksək səviyyədə mənimsənilmiş humanist ideyaların istiqamət verdiyi ikinci mərhələ dini və məzhəbi tendensiyaların üstünlük təşkil etdiyi əvvəlki mərhələnin özülləri üzərində inkişaf etməkdə idi.

Alban incəsənətinin tədqiq tarixi
1926-cı ildə arxeoloq D. M. Şərifovun rəhbərliyi ilə Nuxa uyezdi ərazisindəki Yaloylutəpə ərazisində başlanılan arxeoloji tədqiqatlar o vaxta qədər Qafqaz üçün yad olan dəfn adətlərinin və naxışlı keramika məmulatlarının aşkarlanması ilə nəticələndi. Bu tədqiqatlardan sonra, Azərbaycanın müxtəlif ərazilərində və Şərqi Gürcüstanda aparılmış arxeoloji qazıntılar zamanı Yaloylutəpə tipli dəfn adətinin izləndiyi çoxlu abidələr tədqiqata cəlb edilmişdir. Həmin il D. M. Şərifovun rəhbərliyi, İ. M. Cəfərzadə, K. A. Klementyev və R. Əfəndiyevin iştirakı ilə Qəbələ rayonu ərazisindəki qədim yaşayış yerində arxeoloji tədqiqatlara başlanmış və tədqiqatların nəticəsi olaraq D. Şərifov Albaniya dövlətinin paytaxtını aşkarladıqlarını elan etmişdi.
Küp qablarda dəfn adətinin aşkarlandığı arxeoloji qazıntılar və tədqiqatlara T. İ. Qolubkina rəhbərlik etmişdir. Mingəçevirdə aparılan bu tədqiqatlar zamanı zoomorf tipli keramika nümunələri və keramika nümunələri üzərində möhürlər aşkar edilmişdi. Y. A. Poxomov, N. V. Minkeviç-Mustafayeva, R. M. Vahidov, V. P. Fomenko, G. M. Aslanov və K. M. Əhmədov da müxtəlif dövrlərdə Mingəçevir abidələrində arxeolo qazıntılar aparmış və artefaktları tədqiq etmişlər. Qafqaz Albaniyası dövrünə aid tarixi-memarlıq abidələrində Y. A. Poxomov kimi hərtərəfli biliyə malik və Qafqazın numizmatikasına həsr edilmiş əsərləri ilə məşhur olan bir alim də məşğul olmuş və öz əsərlərindən altısını Azərbaycanın sikkə xəzinələrinə həsr etmişdir. Həmçinin Mingəçevirin küp qablarda dəfn mədəniyyəti, Albaniya ərazisində Sasani satraplığı dövründə inşa edilmiş divar qalıqları, Qobustanın Böyük Daş dağındakı Roma kitabəsi və Azərbaycanın müxtəlif ərazilərində olan olan alban məzar daşları da Y. A. Poxomov tərəfindən tədqiq edilmişdir. G. İ. İone küp qəbirlərdən tapılmış müxtəlif keramika məhsullarına, küp qəbirlərin tarixləndirilməsinə, erkən dövr küp qəbirlərindən birində aşkarlanmış çəkmə formalı saxsı qaba bir neçə məqalə həsr etmişdi. Z. İ. Yampolski Qafqaz Albaniyasının bir neçə abidəsinə, o cümlədən 1848-ci ildə Qobustan dövlət tarixi-bədii qoruğunda aşkarlanmış latın kitabəsinə və Şamaxı və digər rayonlardan aşkralanmış daş alban bütlərinə bir neçə məqalə həsr etmişdi.Yaloylutəpə mədəniyyətinin tarixi və arexeoloji materiallarının ilk dəfə uğurlu sistemləşdirildiyi əsər hesab edilən O. S. İsmizadənin “Yaloylutəpə mədəniyyəti” əsəri 1956-cı ildə nəşr edilməklə Qafqaz Albaniyasının maddi mədəniyyətinin əsaslarının tədqiqinə həsr edilmişdi. Bu tədqiqatdan sonra Qafqaz Albaniyasının mədəniyyəti və incəsənətinə həsr edilmiş müxtəlif tədqiqatlar və monoqrafiyalar nəşr edilməyə başlandı. G. M. Aslanov, R. M. Vahidov və G. İ. İonenin Mingəçevir arxeoloji qazıntıları zamanı əldə edilmiş külli miqdarda materialın tədqiqinə əsaslanan geniş əsəri Eneolit və Tunc dövrlərinin də incələnməsinə əsaslanır. Həmin dövrdə Qafqaz Albaniyasının tarixi və mədəniyyətinin tədqiqində ciddi addım hesab edilən Kamilla Treverin əsəri də nəşr edilmişdi.

R. M. Vahidov və Z. İ. Yampolskinin Qafqaz Albaniyasının maddi mədəniyyəti və dininin tədqiqinə həsr edilmiş məqalələri də böyük maraqla qarşılanmışdı. Mingəçevirdəki alban abidələri ərazisindəki maddi mədəniyyət və dini həyatı, III – VIII əsrlərə aid müxtəlif məişət əşyaları, qəbir abidələri, epiqrafik abidələr R. M. Vahidovun əsərləri və məqalələrində tədqiq olunmuşdur. Həmin əsərlərdə aşkarlanmış şüşə və keramik məhsulların tədqiqinə də xüsusi diqqət yetirilmişdir. 1960-cı illərdən Azərbaycan SSR-də tarixçi və arxeoloqlar tərəfindən Qafqaz Albaniyası incəsənətinin müxtəlif mərhələlərinə həsr edilmiş dissertasiyalar nəşr edilməyə başlandı. G. M. Aslanov, İ. A. Babayev and A.B.Nuriyev, və A. B. Nuriyev öz tədqiqatlarında zinət əşyaları, qliptika və şüşə məmulatının tədqiqinə xüsusi diqqət yetirmişlər. Lakin bu əsərlərdə arxeoloji materialların təsviri özəllikləri incələnməmiş, sənətkarlıq formaları, qədim dini ənənələrin incəsənətə təsiri və Qafqaz Albaniyası incəsənətinin mərhələlərinin formalaşmasında rolu tədqiq edilməmişdir. N. İ. Rzayev Qafqaz Albaniyasının keramika nümunələrinin tədqiqinə həsr edilmiş monoqrafiya nəşr etdirmişdi.


Tarix: 02.02.2015 / 14:10 Müəllif: Feriska Baxılıb: 84 Bölmə: Qafqaz Albaniyası
loading...