Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Alaniyada Sənətkarlıq

Metalişləmə
Ayrı-ayrı yerlərdə indiyədək qalmaqda olan metal, daş və ağac əmək alətləri Albaniyanın iqtisadiyyatını öyrənmək üçün xüsusi əhəmiyyətə malikdir. Bunlar dəmir oraqlar, çapacaqlar, bıçaqlar, qayçılar, bizlər, iynələr, dən daşları, kirkirə daşları, sürtgəclər, bülöv daşlardan ibarətdir.

Xınıslı, Nüydü, Qırlartəpə, Yaloylutəpə, Qaraköbər, Torpaqqala və Albaniyanın digər məskənlərində forması və ölçüsü müxtəlif olan əl dəyirmanları, o cümlədən qayıq şəklində çox iri dən daşları aşkar edilmişdir. Eramızın I-II əsrlərindən başlayaraq işlədilən kirkirə daşlarının tapılması dən üyüdülməsinin yeni, mütərəqqi üsullarının tətbiqi ilə bağlıdır. O dövrdə xeyli miqdarda dişli oraqların olması əkinçilik sahəsində, xüsusən biçin prosesində əmələ gələn tərəqqini arxeoloji cəhətdən təsdiq edir. Arxeoloji tədqiqatlar zamanı aşkar edilən bitki qalıqları Albaniyada əkinçiliyin inkişafı və istehsal olunan məhsulların çeşidi haqqında mühakimə yürütməyə imkan verir.

Dulusçuluq məmulatı Qafqaz Albaniyası iqtisadiyyatının və mədəniyyətinin daha da inkişaf etdiyini göstərir. Eramızdan əvvəl I minilliyin ikinci yarısında Yaloylutəpə keramikasının yeni səciyyəvi formaları – qonşu ölkələrin keramikasından fərqlənən süddanlar, birayaqlı və üçayaqlı vazalar meydana gəlir. Yaloylutəpə keramikası Şirvan, Şəki, Zaqatala bölgəsi, Gəncə-Qazax, Mil-Qarabağ düzü, Alazan və Kür hövzəsi, habelə Dağıstan ərazisində olan abidələrdən məlumdur. Yuxarıda qeyd edilmiş rayonlar üçün səciyyəvi olan keramika kompleksinin yeknəsəqliyi vahid, səciyyəvi iqtisadiyyata, mədəniyyətə və əraziyə malik əhalinin etnik yekcinsliyinə sübutdur.

Albaniya ərazisində xeyli miqdarda dəmirçilik məmulatı üzə çıxarılmışdır; onların böyük bir qismi yerli ustaların məhsuludur, bununla birlikdə gətirilmə əşyalara, başlıca olaraq zərif qab-qacağa və bəzək şeylərinə də təsadüf edilir. Albaniyanın yerli xammala əsaslanan metallurgiyası və metalişləmə sənəti yüksək kamillik səviyyəsinə qalxmışdı.

Alban cəmiyyətinin əyanlar təbəqəsinin məişətində geniş istifadə olunan gümüş və mis qab-qacaq cəmiyyətin sosial cəhətdən yekcins olmadığını da aydın bildirir.

Metal qablarla yanaşı, şüşə məmulatı da geniş yayılmışdı. Albaniyada şüşə qab istehsalının eramızın II-III əsrlərindən meydana gəldiyi ehtimal edilir. Əvvəlki dövrdə isə bunlar bir qayda olaraq Şərq ölkələrindən gətirilirdi.

Zərgərlik də nəzərə çarpacaq dərəcədə inkişaf etmişdi. Arxeoloji tədqiqatların gedişində, xüsusilə qəbirlərdə aşkar edilmiş bəzək şeyləri öz formalarının və istifadə olunmuş materialların rəngarəngliyi ilə fərqlənir. Bunlar metaldan, şüşədən, gildən, pastadan, müxtəlif qiymətli və yarımqiymətli daşlardan hazırlanırdı. Bəzək şeylərinin tərkibinə qadın tacları (çələngləri), boyunbağılar, qolbaqlar, üzüklər, asma bəzəklər, sancaqlar, toqqalar, muncuqlar, müxtəlif tikmə, bəzəklər və i.a. daxildir. Əsasən Mingəçevir, Yaloylutəpə, Xınıslı, Qəbələ, Qaratəpə, Qalagah, Şortəpə, Qırlıtəpə və digər Albaniya abidələri qazıntılarından məlum olan, nəcib metallardan və qiymətli daşlardan hazırlanmış bəzək şeyləri müəyyən qrup təşkil edir.

Bəzək şeylərinin böyük bir qrupu antik dövrdə geniş yayılmış qolbaqlardan ibarətdir. Qolbaqlar tuncdan, gümüşdən, qızıldan, dəmirdən hazırlanırdı. Ayrı-ayrı keramik qolbaq nümunələri də məlumdur. Qolbaqların ön kəsiyi dairəvi yaxud üçbucaqvaridir, çox vaxt zoomorf başcıqlar şəklində düzəldilən ucları bəzilərində aralıdır, səthi ya saya, ya da ornamentlidir; bu qolbaqlar yalnız bəzək şeyləri deyil, həm də qədim albanların ideoloji təsəvvürlərini əks etdirən ayin əşyaları idi.

Boyunbağılar əsasən o dövrün ən erkən qəbirlərinin materiallarından tanışdır. Ucları bir qədər genişləndirilmiş, bitişdirilməmiş, batıq ornamentlə bəzədilmişdir. Alban kişi və qadın qəbirlərində tez-tez üzük və sırğalara rast gəlinir – bunlar formaca bir-birindən fərqlidir. Onlar əlvan metallardan, dəmir və sümükdən düzəldilirdi. Üzüklər tökmə və döymə üsulu ilə düzəldilir; bəzən qiymətli daşlardan və şüşələrdən qaş qoyulur, zoomorf təsvirlər, həndəsi ornamentlərlə təchiz olunurdu. Qaşlı üzüklər möhür rolunu oynayırdı və xronoloji cəhətdən, bir qayda olaraq, qaşsız üzüklərə nisbətən daha sonralara aiddir. Üzük-möhürlərin xarici nümunələri adətən Romadandır. Onlar Qafqaz Albaniyasının Roma ilə geniş əlaqələrə malik olmasını təsdiq edir.

Bəzək şeyləri arasında sırğalar xüsusi yer tutur. Qızıl sırğalar Mingəçevir, Yaloylutəpə, Xınıslı, Qalagah, Şatırlı (Bərdə) və başqa yerlərdə aşkar edilmişdir. Qeyd etmək maraqlıdır ki, Şatırlı antik məskəni yaxınlığında olan qəbiristanda qazıntı zamanı müxtəlif zərgərlik məmulatı ilə birlikdə tökmə üsulu ilə sırğalar və digər bəzək şeyləri hazırlamaq üçün işlədilən daş qəliblər tapılmışdır.

Bəndlər bəzək şeyləri arasında mühüm yer tutur. Gümüş, tunc, dəmir bəndlərə qəbirlərin əksəriyyətində təsadüf edilir. Əcnəbi bəndlər, əsasən Roma bəndləri çoxdur. Arxeoloji qazıntılar nəticəsində əsasən tuncdan olan çoxlu miqdarda müxtəlif sancaqlar üzə çıxarılmışdır. Onlardan bəzilərinin başı tunc zəncirlərlə bəzədilmişdir.

Rəngarəng toqqalar, piləklər, asma bəzəklər və xüsusilə həm yerli ustalar tərəfindən düzəldilən, həm də kənardan gətirilən müxtəlif muncuqlar da külli miqdarda tapılmışdır. Munacuqlar əsasən antik dünyanın məşhur mədəniyyət mərkəzlərindən gətirilirdi və digər gətirilmə materiallarla birlikdə bunlar sübut edir ki, eramızdan əvvəl IV-I əsrlərdə və eramızın I-II əsrlərində Qafqaz Albaniyası Qara dənizin şimal sahilində yerləşən şəhərlərlə, Parfiyanın, Romanın, Mesopotamiyanın, Misirin, Hindistanın, Suriyanın şəhərləri ilə geniş ticarət əlaqələri və mədəni əlaqələr saxlamışdır. Albaniya ərazisində ehtiyatı bol olan əlvan daşlar keyfiyyətdə ən yaxşı gətirilmə nümunələrdən geri qalmayan bəzək şeyləri və möhürləri düzəltməkdə yerli sənətkarlar üçün xammal mənbəyi idi.

Dulusçuluq
Albaniya bədii keramikasının istehsalında özünü xüsusilə parlaq şəkildə büruzə verən dekorativ-tətbiqi sənətin daha da inkişaf etdiyini qeyd etmək lazımdır. Məhz antik dövrdə dulus çarxının demək olar ki, tamamilə istifadədən çıxmasına və alban keramikasının böyük bir qisminin əllə hazırlanmasına baxmayaraq, keramika öz formalarının simmetrikliyi və zərifliyi ilə fərqlənir.Keramikanın ən səciyyəvi tiplərindən biri olan "süddanlar" xüsusilə maraqlıdır. Bunlar yumru gövdəli, birqulplu, azacıq yuxarı qalxmış uzunsov novçalı qablardır, novçanın başlandığı yerdə adətən çox vaxt "süzgəc" düzəldilirdi. Bunlar bişirilməmişdən qabaq ağımtıl və ya qırmızımtıl şirə ilə örtülürdü. Qabların boğazı və qulpu bir çox hallarda batıq və ya çökək ornamentlə, gövdəsi isə simmetrik şəkildə yerləşdirilən yapışdırma düyməvari naxışlarla bəzədilirdi. Səciyyəvi novçanın hər iki tərəfinə vurulan bu cür yapışdırma naxışlar həmin qablara zoomorf görkəm verir. Kürədə bişirilən məşhur birayaqlı və üçayaqlı qırmızı və qara vazalar kimi, təsvir edilən qabların da yerli xalq ənənəsində dərin kökləri vardır və bu ənənənin ünsürləri hellinizm dövrünün alban incəsənəti üçün xüsusilə səciyyəvidir. Eyni zamanda inkar etmək olmaz ki, Yaxın Şərq və Aralıq dənizi ölkələri xalqlarının mədəniyyəti də alban mədəniyyətinə müəyyən təsir göstərmişdir. Eramızdan əvvəl IV-III əsrlərdə geniş yayılmış olan bədii keramikaya əməli əhəmiyyətini də saxlayan ən müxtəlif zoomorf və antropomorf qablar daxildir.
Ümumiyyətlə, mücərrəd ornamentlə bəzədilmiş qablara xüsusi düzəlmiş qulpların, qapaqların və digər lazımlı ünsürlərin köməyi ilə zoomorf və ya antropomorf görkəm verilir. Bir çox saxsı qablarda heyvanların, quşların, insanın yapışdırma və basma ornamentlə, boya ilə yaradılmış sxematik təsvirləri vardır ki, bunlar alban incəsənəti haqqında müəyyən təsəvvür yaradır.

Bununla əlaqədar olaraq İsmayıllı rayonunun Hacıhatəmli yaşayış yerindən tapılmış dabanlı oturacağı olan boz rəngli vazanı xüsusilə qeyd etmək lazımdır; Gövdəsi yapışdırma naxışla bəzədilmiş qabın kiçik şaquli qulpları vardır, ağzı dəyirmidir. Şaquli qulpların hər iki tərəfinə çiçək şəklində kiçik naxışlar yapışdırılmışdır; qulpun dibində də buna bənzər yapışdırma naxış vardır. Yapışdırma naxışların köməyi ilə qaşlar, gözlər, qulaqlar və üzün hər iki tərəfindən sallanan iki hörük, batıq cızıqların köməyilə kirpiklər bildirilmişdir. Qadın çöhrəsinin zəngin təxəyyülü naməlum usta tərəfindən məharətlə yaradılmış təsviri əsrləri arxada qoyaraq bizə gəlib çatmışdır. Buna oxşar antropomorf saxsı qablar qədim Şamaxı qazıntılarından məlumdur. Qabın gövdəsinin yuxarı hissəsi adam başı formasındadır; qulaqlar, burun, gözlər və bel realist görkəmdə verilmişdir. Təsvir edilmiş keramikaya bənzəyən, maral, keçi, öküz, xoruz, göyərçin, tısbağa və i.a. formasında hazırlanan, realist alban incəsənəti üçün səciyyəvi olan antropomorf saxsı qab Türkiyə ərazisində olan hett abidələrindən də məlumdur. Eramızdan əvvəl IV-III əsrlərdən başlayaraq Albaniyanın dekorativ-tətbiqi sənətində kiçik formalar plastikası, məişət süjetlərinə və mifoloji süjetlərə dair səhnələrin batıq xətlərlə təsvir edildiyi daş heykəllər xüsusi yer tutur. Albaniya terrakotları hər şeydən əvvəl qadın heykəlcikləri, az-az hallarda kişi heykəlcikləri, zoomorf fiqurlar, o cümlədən yüyənli at təsvirləri ilə təmsil olunmuşdur. Alban incəsənətinin bu abidələri olduqca çoxdur: təkcə İsmayıllı rayonunun ərazisində, Mollaisaqlı-Hacıhatəmli yaylasında 60-dan artıq heykəlcik aşkara çıxarılmışdır. Bunlar Mingəçevir, Qəbələ və Şamaxı qazıntılarından da məlumdur. Albaniyanın kiçik gil heykəlyapma (koroplastika) sənəti arxaik formaları xeyli dərəcədə hifz edib saxlamış və o, Şərq incəsənəti üçün səciyyəvi olan üslubda yaradılmışdır. Çox ehtimal ki, terrakotlar ən qədim zamanlardan məhsuldarlıq rəmzi sayılan Ana İlahəsinin təsviri ilə bağlı olmuşdur.

Albaniya koroplastikasının müəyyən hissəsi Azərbaycanın qədim əhalisinin etiqadlarını və təsəvvürlərini əks etdirən, qonşu ölkələrin incəsənəti ilə ümumi cəhətləri olan zoomorf təsvirlərlə təmsil edilmişdir. Arxaik cizgiləri saxlayan terrakot heykəlciklər antik dövrdə Ön Asiya və Yaxın Şərq incəsənətinin lokal məktəblərindən birini təmsil edir.


Tarix: 02.02.2015 / 14:08 Müəllif: Feriska Baxılıb: 439 Bölmə: Qafqaz Albaniyası
loading...