Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səhl ibn Sunbat - Etnik mənşəyi

Etnik mənşəyi
Mənbələrdə Səhl ibn Sunbatın etnik mənşəyi haqqında məlumatlar çox az olsa da, onu erkən orta əsrlərdə Qafqazda nüfuzlu olmuş erməni və alban sülalələrinə aid edən müxtəlif tarixçilər vardır. M. Çamçyan , V. Abaza, A. Qren , V. Bartold kimi tarixçilər Səhl ibn Sunbatın erməni hökmdar sülaləsi olan Baqratuni xanədanının nümayəndəsi olduğunu qeyd etmişlər. M. Çamçyan yazır:

"...erməni tarixinin 269 (840)-cu ilində Babək Ermənistanı tutmaq üçün səfərə başladı, çünki Ermənistanı öz torpağına qatmaq istəyirdi. Ararat dağı yanında Babəklə Sumbat Baqratuni arasında uzun sürən qanlı vuruşma oldu, bu vuruşmadan sonra Babəkin tərəfdarları qaçmağa üz qoydular. Babək özü geri çəkilərkən general Sumbatın oğlu Səhl tərəfindən tutuldu."
B. A. Ulubabyan isə qeyd edir ki, mənbələrdə Səhlin erməni Baqratuni sülaləsinə mənsub olması haqqında heç bir qeyd yoxdur.

Xaçın knyazlarının nəsil şəcərəsini tərtib etmiş Robert Hyusen isə Səhl ibn Sunbatı bu şəcərənin banisi hesab etməklə yanaşı, Sünik sülaləsinin Geqarqunikdə hakim olmuş qoluna mənsub olduğunu güman edir. Eyni zamanda, Klod Mutafiyan da Səhlin Xaçın knyaz sülaləsinin əsasını qoymaqla Sünik sülaləsinin nümayəndəsi olduğunu bildirir.

1897-ci ildə T. İ. Ter-Qriqoryan tərəfindən Səhl ibn Sunbatın etnik mənşəyinin dəqiq göstərildiyi mənbə materialları nəşr edilmişdi. Moisey Kalankatlının “Alban ölkəsinin tarixi” əsərinin nəşr versiyalarına daxil edilməmiş məlumatları tədqiqata cəlb edən müəllif, əsərin Matenadaranda saxlanan əlyazmasında Səhl ibn Sunbatın Albaniyanın ilk hökmdar sülaləsi Arranşahiklər xanədanına mənsub olduğunu bildirir. Moisey Kalankatlıdan gətirilən istinadda deyilir:

"Erməni erasının 286 (1.05. 837 – 30.04. 838)-cı ilində qəflətən Bağdaddan 20 000 atlı çıxıb Alban ölkəsinə hücum etdi. Bunun ardınca Zarmirxakan padşah nəslindən olan Səhl Smbatean böyük şəhid Georgeni köməyə çağırıb gözünü ona zillədi və qartal aciz quşların üzərinə şığıdığı kimi, onlara hücum etdi, Onları qırıb çöllərə saldı və qaçmağa məcbur etdi"
Z. M. Bünyadov qeyd edir ki, “bu parça aydın göstərir ki, Səhl Alban padşah nəsli Zarmirx nəslindən idi və Mehrani Vardan Zarmirx xanədanından 60 nəfəri nahara dəvət edərək, onlara "zəhərli çörək" verib hamısını məhv edəndə diri saxladığı yeganə nümayəndə idi.”

T. Ter-Qriqoryan tərəfindən ilk dəfə nəşr edilmiş materiallara əsaslanan Z. Bünyadov yazır:

"“Tarix”in nəşrlərdə buraxılmış hissələrinə gəldikdə, burada, o zamana qədər mənşəyi məlum olmayan alban knyazı Səhl ibn Sunbatın nəsil şəcərəsi təqdim edilir."
Moisey Kalankatlının əsərini tədqiq etmiş Çarlz Dousett də Səhl ibn Sunbatın Arranşahik xanədanının Zarmixr nəslinə mənsub olduğunu və etnik mənşəcə alban olduğunu bildirmiş, onu Baqratuni xanədanına aid edən tədqiqatçıların fikirlərini qəti şəkildə rədd etmişdi. F. C. Məmmədova isə Səhl ibn Sunbatın hakimiyyətə gəlməsini “Alban dövlətçiliyinin bərpası” hesab edir.

Əl-Ərməni
VIII əsrdə ərəblərin Azərbaycana hücumları zamanı Sünik, Albaniya, eləcə də Gürcüstanın bir hissəsi xəzərlərin əlində idi. Baş vermiş ərəb işğalından sonra bu ölkələrin tarixi-coğrafi ərazi bütövlüyü saxlansa da onların inzibati adı dəyişdirilmişdi. İlk çağlar Adurbadaqan, Albaniya, Ermənistan, Şərqi Gürcüstan və əl-Cəzirə vilayəti birlikdə yeni yaranmış gənc ərəb dövlətinin beş vilayətindən birini təşkil edirdi.

İstəxri yazır:

"Biz Ermənistan, Arran və Azərbaycanı xəritədə birləşdirir və onlara bir ölkə kimi baxırıq."
İbn Havqəl isə qeyd edir:

"Qərbə doğru, Rum sərhədlərinə tərəf çevrilib onun şərq hüdudları və İslamın ən uzaq həddlərində olan vilayətləri təsvir edək. Yazmağa başladığımız ilk ölkələr Ermənistan, Arran və Azərbaycandır. Bu ölkələri biz bir vilayət hesab edirik. "
VIII əsrin başlanğıcında Qafqazın işğal olunmuş torpaqlarında ərəblərin tam hakimiyyətinin bərqərar olması ilə vassallığını da itirən və bir dövlət kimi ləğv edilən Qafqaz Albaniyası ərəb vilayəti Arrana (ar-Ran, Arran) çevrildikdə, "Ərməniyyə" adlı yeni ərəb inzibati adı yaradıldıdı. Bu adı daşıyan ərəb vilayəti öz tərkibində təkcə Cənubi Qafqazın qalan hissəsinin fəthindən bir neçə il əvvəl işğal olunmuş Ermənistanı deyil, eləcə də Qafqaz Albaniyası və İberiya ərazilərini də birləşdirirdi. Yeni ərəb inzibati termininin yuxarıda adı çəkilən ölkələrə də şamil edilməsi Bizans imperatoru I Yustinianın (527-565) islahatları nəticəsində VI əsrin ortalarında yaranmış Bizans Ermənistanı inzibati vahidinin adı ilə bağlı idi.

Ərəb mənbələrində tarixi şəxslərin doğulduqları və ya hakim olduqları şəhər, vilayət və ölkələrin adı ilə adlandırılması ənənəsi vardır. Bu mənada Səhl ibn Sunbat Əl-Məsudi və Ət-Təbəri kimi ərəb müəlliflərinin əsərlərində “əl-Ərməni” ləqəbi ilə qeyd edilir. Bəzi ərəb müəllifləri isə onu “Ərməniyyə patriki anlamında” “batrik əl-Ərməniyyə” və ya “batrik əl-Ərmən” titullarıyla təqdim edirlər. Ərəb mənbələrindəki bu faktlara istinad edilən bir çox tədqiqatlarda Səhl ibn Sunbatın erməni mənşəli olması göstərilir.

Həyatı
Səhl ibn Sunbatın şəxsi həyatı haqqında mənbələrdə çox az məlumat vardır. Kalankatlı onun atası Sunbatın (erm. Smbat) Alban Arşakiləri sülaləsinin (bəzən Sünik sülaləsi hesab edilir.) nümayəndəsi olduğu qeyd edir. Səhlin Hovannes və Atrnerseh adlı iki oğlu olmuşdu. Eyni zamanda Səhlin ailəsi Qafqaz Albaniyasının parf mənşəli hökmdar sülaləsi olan Mehranilərlə də qohumluq əlaqələrinə malik olmuşdu.

822-ci ildə Mehranilərin son nümayəndəsi III Varaz Trdatın öldürülməsindən sonra onun arvadı və qızı Sparam Xaçında sığınacaq tapır. Daha sonra isə Səhlin oğlu Atrnerseh Mehranilər sülaləsinin son nümayəndəsi III Varaz Trdatın qızı Sparam ilə evlənir. Moisey Kalankatlı yazır:

"Varaz Trdat və onun balaca oğlu Stepannosu onların qohumları olan Filipp oğlu Nerseh Daduyi-Vəng adlı dərədə öldürmüşdü. O zaman bu bəladan sonra öldürülən knyazın arvadı ər mərdliyi ilə sağ qalan Sparam adlı qızını götürüb gecənin qorxulu yolunu qət edərək Xaçın qalasında gizləndi. O, öz evinin namusu barəsində düşünərək Sparamı, Qeqam vilayətini zəbt edən Sünikin hakimi Səhl oğlu Atrnersehə ərə verdi. Onun Atrnerseh adlı oğlu ağıllı qadına rast gəldi və Allah qorxusu ilə onlar öz həyatlarını möminliklə keçirib öz ölkələrində hamının istəkliləri olmuşlar.


Tarix: 30.01.2015 / 18:57 Müəllif: Feriska Baxılıb: 161 Bölmə: Qafqaz Albaniyası
loading...