Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gülümsəyən qız
Gülümsəyən qız

Hər gün ən azı bir rəsmini paylaşmağa çalışır bu gülümsəyən qız. Hər rəsmində gülümsəyir. Lakin özündən başqa onun gülümsəməsinin səbəbini bilən yoxdur. Hamı onu şən, zarafatcıl, istiqanlı, arabir küsəyən olduğunu yaxşı bilir. O, hər adamla ünsiyyət qurmur. Hər adamla oturub-durmur. Onun öz dünyası və öz dünyasında yer alacaq yaxınları var.

O, hələ də gülümsəyir. Atasının təqaüdə çıxdığını, anasının məktəbdə müəllimə işlədiyini (onun anasına "pulgir Məsmə" də deyirlər), qardaşının institutdan qovulduğunu, digər qardaşının fərarilik üstündə həbsxanada olduğunu gizlədir bu təbəssüm.
Onun gülüşündə diş məcunlarında reklam olunan rəsm xronologiyası durur. Onun gülüşündə nə gizlənmir ki? Amma yenə də gülümsəyir. Onun bir qəmgin portretini görən yalnız evdəki Məstandır. Mətbəxə yemək qalıqlarını oğurlamağa gələn bu pişik tez-tez bu qızın gizlincə oturub ağladığının şahidi olub. Onun ağlamasının şahidi olmuş bu pişik buna əhəmiyyət verməyib, öz işində olurdu...
Gülümsəyən qız... O, çox özünə vurğundur. Özünü Afrodita hiss edir. Artıq bunu beyninə təlqin edib ki, yer üzünə nazil olmuş yeganə huridir. Səhər-axşam saatlarla güzgü qarşısında o yana bu yana gedib gələn və maraqla özünə tamaşa edən o gülümsəyən qız... Öz bədəninin saatlarca qayğısına qalır, anasından aldığı pullara bahalı-bahalı kremlər, balzamlar alaraq özünü daim xoş rayihələrdə saxlamağa çalışır. O, hətta Kleopatra da olmaq istəyirdi..


Gülümsəyən qız... O daim bu dünyada ona layiq olacaq bir oğlanın olmayacağını düşünür. Tez-tez rəfiqələrinə bu haqda söz açır. Özünün Tanrı tərəfindən lənətləndiyi gümanındadır. Bu dünyada çox gözəl və ən ideal insan olduğu üçün ona tay tapıla bilməyəcəyini düşünür və bunu üzündə ifadə edir... Gülümsəyir...

Gülümsəyən qız... O tənqidi əsla qəbul etmir. Tərifi çox sevir. Onu daha çox tərif edən şəxsə daha çox təbəssüm edərək "Çox sağ olun, minnətdaram!" - deməyi sevir. Lakin o daha artığını istəyir... İstəyir ki, ağıla -gümana gəlməyəcək təriflər deyilsin ona. O istəmir ki, hər kəsə deyilən gözəllik tərifləri ona da deyilsin. Xeyr, istəmir...
O ərə itaət, dünyaya övlad gətirmək, övladları məktəbə aparıb qayğılarını çəkmək kimi fikirləri absurd hesab edirdi. İyirmi iki yaşına çatmasına baxmayaraq hələ də o, evdə valideynlərinə çay belə süzməmişdi. Amma hələ də onlardan şikayətçi idi və özünə qarşı az qayğı göstərildiyini iddia edib - ailəsini gülümsəyərək lənətləyirdi.
Gülümsəyən qız... Gülümsəyir, gülümsəyir... Gülümsədikcə həyatın ona nələr hazırladığından xəbərsiz halda gülümsəyir. Şəkillər çəkdirir, özünü əla-həzrət şahzadə kimi hiss etməyi çox sevir və yenə də gülümsəyir. Anlamır ki, həyat bir zaman ona qəhqəhə ilə cavab verəcək...


Tarix: 17.04.2015 / 18:07 Müəllif: Aziza Baxılıb: 225 Bölmə: Qadın dünyası
loading...