Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

1ci hissə...
1ci hissə...

Damaso xoruzların birinci banında gəlib çıxdı;yeddi aylıq hamilə arvadı Anna paltarını soyunmadan yatağın içində oturub eləcə gözləyirdi. İşartısı öləziyən nöyüt lampasına baxa-baxa Damaso hiss etdi ki, Anna bütün gecə dəqiqəbədəqiqə onu gözləyib; elə indi də gözləməkdədir. Odur ki, toxdaqlıq üçün başını tərpətdi. Ancaq Anna cavab vermədi, qorxudan bərəlmiş gözlərini Damasonun əlindəki qırmızı bağlamaya dikib, hönkür-tüsünü boğmaq üçün dodaqlarını bir-birinə sıxaraq titrətməyə başladı. Damaso səssiz bir çılğınlıqla arxadan gəlib hər iki əliylə qadının korsajından yapışdı. Ondan turşumuş spirt iyi gəlirdi.
Anna birtəhər ayağa qalxdı, sonra bütün ağırlığıyla özünü Damasonun qucağına yıxdı, üzünü al-qırmızı rəngli zolaq-zolaq köynəyinə sıxıb hönkürdü, ta sakitləşənə qədər ondan bərk-bərk yapışıb buraxmadı.
- Oturduğum yerdəcə yuxulamışam, – deyə zarıya-zarıya hıçqırdı, – yuxuda görürəm birdən qapı taybatay açılır, səni qan içində sürüyüb içəri atırlar.
Damaso arvadının ağuşından kirimişcə qopub onu bayaqkı yerində oturtdu, sonra bağlamanı onun qucağına atıb özü bayıra, ayaqyoluna çıxdı. Anna bağlamanı açanda oynanmaqdan didiklənib çopur-çopur olmuş üç bilyard şarı gördü: ikisi ağ rəngdə, biri qırmızı. Damaso təzədən içəri girəndə qadın hələ də təəccüb içində şarları gözdən keçirirdi.
- Bunlar neyçündü belə?
Damaso çiyinlərini çəkdi:
- Bilyard oynamaqçün.
Sonra şarları təzədən qırmızı əskiyə bükdü və bıçağı, cib fənərini, bir də özünün yonub düzəltdiyi kilidaçanı bağlama ilə birgə sandığın dibində gizlətdi. Anna elə paltarlı-paltarlı yerinə uzanıb üzünü divara çevirdi. Damaso təkcə şalvarını soyundu. O, yatağa sərələnib siqareti siqaretə calaya-calaya bayırı dinşəyir, çöldən eşidilən erkən sübh xışıltıları içində, törətdiyi həngamənin hansısa əlamətini, əks-sədasını kəsdirməyə çalışırdı; qəfildən hiss etdi ki, Anna da yatmır.
- Nə fikirləşirsən?
- Heç nə, – Anna cavab verdi.
Hirsindən Damasonun səsi indi daha dərindən və daha boğuq çıxırdı. O, siqaretə son qüllab vurub kötüyü torpaq döşə-məyə basıb söndürdü və dərindən köks ötürüb pıçıldadı:
- Başqa şey yox idi, boş-boşuna nahaqdan bir saat özümü həlak elədim.
- Hayıf ki, səni öldürmədilər.
- Dilin qurusun sənin! – Damaso taxta çarpayının qırağını tıqqıldadıb əsəbi tərzdə mızıldandı, torpaq döşəməyə əl gəzdirib kibritini, siqaretini axtardı.
- Daha sənə sözüm yoxdu, xalis uzunqulaqsan! Heç olmasa məni düşünəydin. Fikirləşəydin ki, gözümə yuxu getmir, oturub səni gözləyirəm. Küçədən hər xışıltı gələndə, hər dəfə bir hənirti eşidiləndə elə bilirdim sənin meyitini gətirirlər.
Anna köks ötürüb davam elədi:
- Özü də nədən-nədən, üç dənə qotur şardan ötrü!
- Daxılda cəmi-cümlətanı iyirmi beş sentavo vardı.
- Onda heç nəyə əl vurmayaydın.
- İçəri zorla girmişdim, daha əliboş qayıtmayacaqdım ki.
- Başqa şey götürəydin də.
- Dedim ki, başqa heç nə yox idi.
- Bəsdi görək, bilyardxanada şey azlığıdı?
- Adama elə gəlir, amma içəri keçib yaxşı-yaxşı göz yeti-rəndə görürsən ki, bir fərli şey yoxmuş.
Anna susdu. Damaso özlüyündə arvadının bilyardxananı xəyalən göz önünə gətirib ac gözləri ilə qaranlıqda nəsə qiymətli bir şey aradığını təsəvvür elədi.
- Nə bilim, bəlkə də elə sən deyən kimidir, – deyə arvad handan-hana dilləndi.
Damaso təzədən siqaret alışdırdı. Kefliliyi keçib getdikcə yavaş-yavaş bədəninin keyi açılır, o da öz varlığına yiyəlik etmək iqtidarında olduğunu artıq duymağa başlayırdı.
- İçəridə yekə bir pişik vardı. Yekə, ağappaq bir pişik.
Anna bu biri böyrü üstə çevrilib, top kimi şişmiş qarnını ərinin qarnına sıxdı, ayağını da onun paçasının arasına soxdu; ondan soğan iyi gəlirdi.
- Bərk qorxurdun?
- Kim, mən?
- Əlbəttə, sən. Deyirlər, hərdən kişilər də qorxurlar.
Arvadının gülümsədiyini hiss etdiyindən Damasonun da kefi əməlli-başlı duruldu və gülümsünüb dedi:
- Qorxurdun da sözdü? Az qala şalvarı islatmışdım.
Annanın öpməsinə mane olmasa da, özündən cavab öpüşü gəlmədi. Bir az ara verib, sonra səfər təəssüratlarını bölüşürmüş kimi hamısını yerli-yataqlı danışmağa başladı; necə bir təhlükəyə qol qoyduğunu yaxşıca dərk etsə də, əməlindən peşmançılıq çəkməsi zərrəcə hiss olunmurdu. Anna bir xeyli müddət dinmədi.
- Səfeh iş tutmusan.
- Çətini başlamaqdır. – Damaso cavab verdi, – Siftə üçün sən deyən o qədər də pis deyil.
Damaso yuxudan ayılanda günortanın istisi tüğyan eləyirdi. Anna çoxdan qalxmışdı; Damaso da tənbəl-tənbəl dikəldi, fəvvarəyə sarı yeriyib başını suyun altına tutdu, yuxusu dağılanacan beləcə qaldı. Onların kirayə yaşadıqları mənzil ortaqlı patiosu olan adi, saysız otaqlardan biri idi. Qapının girəcəyənidə biş-düş hazırlamaqdan və ütünü qızdırmaqdan ötrü soba, bir də yemək stolu vardı; yemək masasından həmçinin paltar ütüləmək üçün istifadə olunurdu. Ərinin qalxdığını görən Anna ütülənmiş ağları masanın üzərindən yığışdırdı və qəhvə hazırlamaq üçün ütünü sobanın qırağına çəkdi; dərisi ağappaq olan qadın ərindən gövdəliydi və ömrü boyu qorxu-hürkünün nə olduğunu bilməyən adamlara məxsus ötkəm yerişi vardı.
Damaso baş ağrısının qatı dumanı içindən arvadını süzüb onun sözlü adama oxşadığını, eyhamlı baxışlarla ona nəsə demək istədiyini hiss etdi və patiodan gələn səslərə qulaq kəsildi. Anna qəhvəni onun qabağına qoyub astadan pıçıldadı:
- Səhərin gözü yırtılandan hamı bundan danışır. Kişilər çoxdan ora yollanıblar.
Damaso pəncərədən çölə boylandı; paltar sərən arvadlardan başqa həyətdə heç kəs gözə dəymirdi: nə kişilər, nə uşaqlar. O, qəhvəsini içə-içə bayırdan eşidilən qarışıq səslərə, hənirtilərə qulaq verdi. Sonra siqaret alşdırıb qapıya çıxdı.
- Teresa!
İslaq donu bədəninə yapışmış yeniyetmə qız əlüstü ona sarı döndükdə Anna pıçıldadı:
- Ehtiyatlı ol.
Qız yaxınlaşanda Damaso laqeyd səslə soruşdu:
- Nolub ki?
- Bilyardxananı yarıb hər şeyi aparıblar, – deyə qız elə o saat üdüləməyə başladı; özü də elə yerli-yataqlı danışırdı, elə bil hər şeyi öz gözüylə görmüşdü. Qızın üdüləməsindən belə çıxırdı ki, guya bilyardxanada nə vardısa, bilyard stolu qarışıq hamısını yığıb-yığışdırmış, çırpışdırıb aparmışdılar. Qızı dinləyə-dinləyə Damaso bir anlığa özünü unudub, az qala bütün bunların gerçəkdən belə olduğuna inandı. Yalnız otağa qayıdarkən «lənət sənə, kor şeytan!» deyib dodaqaltı mızıldandı.
Anna pəsdən oxuyurdu. Damaso həyəcanını boğmaq üçün stulu çəkib lap divara dirədi. Üç ay əvvəl onun iyirmi yaşı tamam olmuşdu. Gizli ciddi-cəhdlə və nəvazişlə uzatdığı nazikcə bığları çopur sifətinə bir ötkəmlik verirdi; Damasonun özünə inamı da elə o vaxtdan artmışdı. Ancaq indi bir yandan kəskin baş ağrısı, bir yandan da dünənki gecənin xoşagəlməz düşüncələri içində qovrula-qovrula bundan sonra neyləyəcəyini, necə yaşayacağını heç cürə dərk edə bilmirdi.
Anna ütülənmiş ağları iki topaya ayırıb getməyə hazırlaşdı, Damaso onun arxasınca otağa keçdi.
- Tez qayıdarsan.
- Həmişəki vaxtda. Götür, bu dama-dama köynəyi geyin, hələlik o əynindəki flaneldə gözə dəyməsən yaxşıdır. Nə bilmək olar, bəlkə səni görüblər?
Anna onun pişik gözütək işıldayan parıltılı gözlərinindüz içinə baxdı. Damaso tərli ovuclarını şalvarına sürtüb:
- Məni heç kəs görməyib, – dedi.
Anna ağları qoltuğuna vurub təkrar dilləndi:
- Bilmək olmaz. Salamatı budur ki, sən hələ evdən bayıra çıxmayasan. Qabaqca mənim getməyim yaxşıdır, gedib oralara baş çəkərəm, bir az fırlanıb vəziyyəti öyrənərəm. Məndən arxayın ol, mən quyruq ələ vermərəm..
Nə baş verdiyini şəhərdə heç kəs doğru-dürüst bilmədi-yindən, Anna da eyni şeyi hər dəfə təkrar eşitməli olurdu. Şənbə günləri ağları paylayandan sonra o adətən bazara dəyərdi, indi isə birbaşa meydançaya üz tutdu.
Bilyardxananın qarşısında gözlədiyinidən az adam vardı. Badam ağaclarının kölgəliyində üç-dörd kişi dayanıb gaplaşırdı. Gündən qorunmaqçün başlarına güllü yaylıq örtmüş suriyalılar elə yerdə bardaş qurub nahar edirdilər. Onların brezent örtüklü dükanları sanki gün altında mürgü döyürdü. Mehmanxananın geniş vestibülündəkikresloda bir kişi yayxanıb yatmışdı;kişinin ağzı açıqdı, qollarını yana ataraq eləcə sərələnib qalmışdı. Gün-ortanın bürküsü sanki hər şeyi iflic etmişdi.
Anna müəyyən ara saxlayır, bilyardxanadan müəyyən bir məsafədə hərlənirdi. Arxa tərəfdəki boş sahədə bir xeyli adam yığışmışdı. Bu zaman Anna Damasodan eşitdiyi və hamı bilsə də, yəqin ki, təkcə daimi müştərilərin yadında olası bir şeyi xatırladı: bilyardxananın dal qapısı boş sahəyə açılır! Qarnını əliylə örtüb gizlətməyə çalışan Anna cəmisi bircə dəqiqədən sonra camaatın arasında dayanıb artıq həmin qapını diqqətlə gözdən keçirirdi. Asma qıfıl salamatdı, ancaq cəftələrin biri yerindən dartıb qopa-rılmışdı. Ərinin təkbaşına gördüyü işin ağırlığını təsəvvür edə-edə Anna xəyalən ona acıdı da.
- Bu kimin işidir belə? – Anna heç kəsin üzünə baxmadan laqeyd səslə soruşdu.
- Bilən yoxdu, – kimsə cavab verdi, – deyirlər gəlmədi.
- Əlbəttə, yad adamın işidir, bizimki olmayacaq ki, – arxa tərəfində dayanmış bir qadın dilləndi, – bizdə oğru-əyri nə gəzir,hamı bir-birini tanıyır.
Anna qadına sarı dönüb gülümsədi:
- Hə, düz deyirsən.
Böyürdə qosqoca bir kişi dayanmışıdı; peysərinin dərisi qırış-qırış idi, Annanı isə tər basmışdı.
- Görəsən çox şey aparıblar? – Anna soruşdu.
- İki yüz peso, üstəlik də bilyard şarlarını, – deyə ahıl kişi cavab verib Annanı diqqətlə süzməyə başladı. – Belə getsə, bir azdan göz qırpmağa da aman verməyəcəklər.
Anna üzünü çevirib dediyini bir də təkrar elədi:
- Hə, düz deyirsən.
Sonra yaylığını başına salıb bir qədər aralandı; gedə-gedə kürəyində qocanın qıyıq baxışlarını hiss edirdi.
Bilyardxananın arxa tərəfinə toplaşan camaat təxminən on beş dəqiqəyəcən sakitcə durub gözlədi, elə bil qapının dalında ölü yatmışdı; sonra yavaş-yavaş hərəkətə gəldilər və qarşı üzdəki meydana doğru axışmağa başladılar.
Bilyardxananın sahibkarı alkald və iki polislə qapının ağzında durmuşdu. Sahibkar balaca, toppuş bir kişiydi; toqqasız şalvarı nataraz qarnına güclə gəlirdi. Gözündəki eynək uşaqların düzəltdiyi əldəqayırma oyuncaq gözlüyə bənzəyirdi. Görkəmindən adamın bütün heysiyyətini ayaqlayıb alçaldan bir miskinlik yağırdı.
Camaat kişini dövrəyə alanda, Anna da hasara söykənibdiqqətlə qulaq kəsildi ki, görsün o nə danışır və adamlar seyrələnəcən yerindən tərpənmədi, eləcə durub dinlədi. Axırda istidən pörtmüş halda yola düzəldi, həyətdə geniş müzakirə açmış qonşu arvadların yanından dinməzcə ötüb öz otaqlarına keçdi.
Bütün bu müddətdə Damaso çarpayıda sərələnib heyrət içində düşünür, amma heç cür qana bilmirdi ki, ötən gecə, onun yolunu gözləyərkən necə olub Anna siqaret çəkməyib; necə dözə bilib, necə bacarıb bunu? İndi onun gülümsünə-gülümsünə içəri nə cür girdiyini, tərdən islanmış yaylığı başından nə təhər açıb atdığını görəndə Damasonun az qala ürəyi dayanacaqdı; o yenicə yandırdığı siqareti kötük əlindən əlindən yer olmayan torpaq döşəməyə basıb soruşdu:
- Hə, nə xəbər var?
Cavab verməzdən öncə Anna yanını yerə basıb oturdu və kürəyini çarpayıya söykədi.
- Heç demə, sən təkcə oğru yox, həm də yalançısanmış!
- Nolub ki?
- Bəs deyirdin siyirmədə heç nə yoxuydu?
- Hə, nolsun? – Damaso qaşlarını çatdı.
- Orda iki yüz peso olub, – Anna təsdiqlədi.
- Yalan sözdü,– Damaso səsini qaldırdı və qalxıb oturdu, tez də pıçıltıya keçdi. – Orda cəmi-cümlətanı iyirmi beş sentavo vardı, vur-tut iyirmi beş sentavo, vəssalam.
Anna inanmaya bilmədi.
- Qoca quldur, – Damaso yumruqlarını düyünlədi, – ağız-burnuna heyfi gəlmir!
- Gic-gic danışma, – Anna ürəkdən güldü.
Damaso da özünü saxlaya bilməyib, şaqqanaq çəkdi. Üzünü qırxanda isə Anna görüb-eşitdiklərinin, öyrənib-bildiklərinin hamısını bircə-bircə söyləyib axırda dedi:
- İndi polis gəlməni axtarır. Deyirlər, cümə axşamı gəlib, dünən axşamsa onu qapının həndəvərində hərlənən görüblər.
Damaso ömründə heç üzünü də görmədiyi həmin o yad, o gəlmə adamı düşündü; hansısa anda ona hətta elə gəldi ki, bütün bu həngamənin baiskarı həqiqətən odur.
- Camaat danışır ki, hələ onu bu vaxtacan tapmayıblar. Kim bilir, bəlkə də artıq çıxıb gedib.
Damasonun bəzənib-düzənməsi həmişəki kimi yenə düz üç saat çəkdi: əvvəlcə bığlarını düzəltdi, sonra səliqə ilə yuyunubqırmızı rəngli dama-dama köynəyini geyindi. Anna Damasonunyuyunub-daranma mərasiminə əvvəldən axıradək tamaşa elədi, çıxmazdan qabaq onun təzədən güzgüyə baxdığını görəndə isə öz gözündə özünə xeyli qoca, xeyli də pinti göründü.
Damaso peşəkar boksçu cəldiyi ilə yerində yüngülcə geri fırlanıb döyüş mövqeyi tuturmuş kimi onunla üzbəsurət dayandı; Anna ərinin qolundan yapışıb soruşdu:
- Pulun var?
- Bəs necə?! Düz iki yüz peso! – Damasonun kefi əməlli-başlı durulmuşdu.
Anna divara sarı çönüb əlini qoynuna saldı, korsajın ara-sında gəzdirdiyi pul dürməyini çıxarıb ordan bir peso ayırdı və Damasoya uzatdı.
- Buyur, Xorxe Neqrete.
Axşamüstü Damaso öz curlarıyla birgə meydana gəldi. Ətraf kəndlərdən bazara gəlmiş adamlar stolların, yeşiklərin arasındaca tökülüşüb yatışmışdılar; havanın təzəcə qaralmasına baxmayaraq, artıq hər tərəfdən xorultu səsi eşidilirdi. Deyəsən, beysbol çempionatı cavanları bilyardxananın yarılmasından daha çox maraqlandırırdı; qapı bağlı olduğundan indi yarışların radio verilişlərini izləyə bilməyəcəkdilər. Çempionat barədə öz aralarında qızğınca danışa-danışa, çəkişə-çəkişə heç kinoteatrın qabağına necə gəlib çıxdıqlarnı da hiss etmədilər və nə göstərilə-cəyinin fərqinə varmadan bilet alıb içəri keçdilər.
Baş rolda Kantinflasın çəkildiyi hansısa kinokomediya idi; Damaso eyvanın ön cərgəsində oturub ürəkdən şənlənib gülür, dialoqlararası fasilələr zamanı araya çökən ani səssizlikdə, kinoteatrın açıq damından görsənən gözəl iyun gecəsinin ağır sükuta dalmış ulduzları altında heç bir vicdan əzabı çəkmədən, narahat-çılıqdan yavaş-yavaş qurtardığını hiss edirdi.


Tarix: 09.06.2015 / 13:17 Müəllif: Aziza Baxılıb: 248 Bölmə: Qabriel Qarsia Markes - "Bizlərdə oğru yoxdu"
loading...