Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yusif Məmmədov (II)

Məmmədov Yusif Əbülfət oğlu - Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor.

Həyatı
Yusif Məmmədov 24 yanvar 1950–ci ildə Qərbi Azərbaycanın Sisiyan rayonunun Dəstəgird qəsəbəsində anadan olmuşdur. 1966-cı ildə orta məktəbi qızıl medalla bitirərək, Azərbaycan Dövlət Universitetinin (indiki BDU) mexanika-riyaziyyat fakültəsinə daxil olmuş, universiteti əla qiymətlərlə bitirdikdən sonra 1971-ci ildə təyinatla ADU-nun riyazi-fizika tənlikləri kafedrasında saxlanılmış, bu kafedrada assistentdən professor vəzifəsinədək yüksəlmişdir. 2000-2004-cü illərdə BDU-nun I prorektoru vəzifəsində çalışmışdır. 1974-cü ildə namizədlik, 1990-cı ildə isə doktorluq dissertasiyası müdafiə etmişdir.

2000-ci ildə Azərbaycan prezidenti Heydər Əliyevin sərəncamı ilə "Əməkdar elm xadimi" fəxri adına layiq görülmüşdür.

2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.

Riyaziyyatçıdır, riyazi fizika və diferensial tənliklər sahəsində tanınmış mütəxəssisdir. 100-dən artıq elmi əsərin müəllifidir. Əsərlərinin xeyli hissəsi xarici ölkərin nüfuzlu jurnallarında çap olunmuşdur.

10 nəfər elmlər namizədi, 1 nəfər elmlər doktoru yetişdirmişdir.

YUNESKO-nun "Elmi biliklərin və texnologiyaların etikası" Azərbaycan Komitəsinin üzvüdür.

Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissyasının riyaziyyat və mexanika ixtisasları üzrə ekspert şurasının sədridir.

2006-cı il aprelin 21-də Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru vəzifəsinə təyin edilmişdir.


Tarix: 06.02.2015 / 17:20 Müəllif: Feriska Baxılıb: 82 Bölmə: Qərbi Azərbaycan
loading...