Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mehdi Hüseynzadə

Mehdi Hüseynzadə vətənimizdən çox uzaqlarda faşist düşərgəsində ağır işgəncələrə mətanətlə sinə gərmiş, sonra əsir düşərgəsindən qaçıb, Yuqoslaviya, Triyest, İtaliya partizan dəstələri ilə düşmənə qarşı birgə amansız mübarizə aparmışdır. 1908(9)-ci ildə Bakıda anadan olmuşdur. 1932-ci ildə o, Azərbaycan Dövlət Rəssamlıq məktəbinə daxil olmuş və bu məktəbi bitirmişdir. 1937-ci ildə Leninqradda (indiki Sankt-Peterburq) Xarici Dillər İnstitutunda təhsil almışdır. 1940-ci ildə yenidən Bakıya qayıdıb, Azərbaycan Dövlət Pedaqoji İnstitutunda öz təhsilini davam etdirmişdir.

Böyük Vətən Müharibəsi başlananda müharibəyə yollanmış, 1942-ci ilin yayında Kalaç şəhəri ətrafındakı qanlı vuruşmaların birində ağır yaralanmış və faşistlər tərəfindən əsir alınmışdır. 1943-cü ilin sonlarında Mehdi, bir dəstə azərbaycanlı əsir ilə faşist əsarətindən qaçıb, Yuqoslaviya və İtaliya partizanlarına qoşuldu. Mehdi Qradnik adına 31-ci diviziyanın 9-cu qarışıq italyan-yüqoslav körpüsü qərargahının xüsusi təxribat-kəşviyyat dəstəsini yaratmışdı. Mehdi hitlerçi zabit forması və yoxsul kəndli libasında Adriatik sahilində şəhər və kəndləri sərbəst gəzir, partizanlara lazım olan kəşfiyyat xəbərlərini toplayırdı. Faşistlər kino-filminə baxarkən "Mixaylo" öz cəsur kəşviyyatçı dəstəsi ilə birlikdə Opçina kinoteatrının binasını partlatmışdı. Bu əməliyyat zamanı 80 nəfər faşist məhv olmuş, 110 nəfərdən çoxu ağır yaralanmışdı. Bundan bir az sonra Mixaylonun rəhbərlik etdiyi dəstə Triyestdə alman hərbi xidmətçilərinin aşxanasını partlatmışdı ki, bunun nəticəsində də 100-dən çox alman zabiti ölmüş və yaralanmışdı. Mixaylo, faşistlərə xidmət edən "Il Pikolo" qəzeti redaksiyasını və mətbəəsini, Qaritsa yaxınlığında faşistlərin 200 ton benzinlə dolu anbarını partlatmış, Qaritsa səhərində faşist bankını talayıb, partizan dəstəsinə bir milyon manat pul gətirmişdir.

Mixaylonun qəhrəmanlığı bununla bitmir. O, onlarca dəmir və şosse yolları körpüsünü, çoxlu faşist avtomasınını partlatmışdır. Şimali İtaliyanın Udinə səhərində 700 nəfər yerli partizan və Sovet əsirini əsarətdən qurtarmışıdır. Yeni qərargahın göstərişinə əsasən Mixaylo alman hərbi texniki paltarında təkbaşına faşist təyyarə meydanına gəlib bir neçə hərbi təyyarəni mina vasitəsi ilə dağıtmışdı.
1944-cü il noyabrın 16-da Mehdi Hüseynzadə, partizan birləşməsi qərargahının tapşırığı ilə faşistlərin böyük hərbi ləvazimat anbarını partladıb geri qayıdarkən faşist keşikçiləri ilə üz-üzə gəlmişdi. Qəhrəman döyüşçü, xeyli faşist öldürmüş və düşmənin əlinə keçməmək üçün son gülləni öz ürəyinə vurmuşdur. "Mixaylo"nun ölüm xəbəri bütün Adriatik sahilinə yayılmışdı. Çepovani kəndində qəhrəmanın başdaşı üzərinə aşağıdakı sözlər həkk olunmuşdur: "Rahat yat, Azərbaycan xalqının qəhrəman oğlu, əzizimiz Mehdi. Azadlıq naminə göstərdiyin ölməz rəşadət dostlarının qəlbində daim yaşayacaqdır".

1957-ci il aprelin 11-də SSRİ Ali Sovet Rəyasət Heyətinin Fərmanı ilə Böyük Vətən müharibəsi illərində faşist işğalçılarına qarşı mübarizədə göstərdiyi qəhrəmanlığa görə Mehdi Hənifə oğlu Hüseynzadə ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adı verildi. Yazıçılarımızdan İmran Qasımov və Həsən Seyidbəyli "Uzaq sahillərdə" povestində Mehdi Hüseynzadənin bədii surətini yaratmışlar. Mehdi Hüseynzadəyə həsr olunmuş, qəhrəmanlığından bəhs edən "Uzaq sahillərdə" bədii film çəkilmişdir.


Tarix: 24.08.2012 / 00:37 Müəllif: [Ram] Baxılıb: 1167 Bölmə: Qəhramanlar
loading...