Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əli bin Əbu Talibin (r) fəziləti

1. Ənəs bin Malik (r) rəvayət edir ki, “Rəsulullah (s) bazar ertəsi günü peyğəmbər göndərildi, Əli (r) çərşənbə axşamı günü namaz qıldı” (ət-Tirmizi, Mənaqib, 3976, hədis qəribdir).
Bəzi alimlər bu hədisə əsaslanaraq Əlinin (r) gənclərdən ilk müsəlman olduğunu söyləyirlər.
2. Abdullah bin Ömər (r) rəvayət edir ki, “Rəsulullah (s) səhabələri bir-biri ilə qardaş etdi. Əli (r) onun yanına gəldi və dedi: “Səhabələri bir-biri ilə qardaş etdin, amma məni heç kimlə qardaş etmədin”. Rəsulullah (s) dedi: “Sən mənim həm bu dünyada, həm də axirətdə qardaşımsan” (ət-Tirmizi, Mənaqib, 3722).
3. Zeyd bin Ərqam (r) rəvayət edir ki, “Rəsulullah (s) demişdir: “Mən kimin dostuyamsa, Əli də onun dostudur” (ət-Tirmizi, Mənaqib, 3714).
4. Səd bin Əbu Vaqqas (r) rəvayət edir ki, “Rəsulullah (s) Təbuk döyüşünə gedərkən Əlini arxada (Mədinədə) saxlamışdı. Əli (r) soruşdu: “Ey Allahın Rəsulu, məni qadın və uşaqların yanında saxlayırsan?” Rəsulullah cavab verdi: “Sən Harunun Musa yanında aldığı yeri mənim yanımda almaqdan razı deyilsən? Bu fərqlə ki, məndən sonra peyğəmbər yoxdur” (Buxari; Kitabul-məğazi 80/409, Fadail-əshab 9/54, Müslim, Fadail-əshab, 31 (2404), ət-Tirmizi, Mənaqib, 3731).
5. Müslim və Tirmizinin rəvayətlərində deyilir:
“Rəsulullah (s) Xeybər günü dedi: “Sabah bayrağı elə bir şəxsə verəcəyəm ki, O, Allahı və Rəsulunu sevir, Allah və Rəsulu da onu sevir”. Bu sözə görə adamların çoxu boyunlarını irəli uzadırdılar ki, Rəsulullah onları görsün. Amma o dedi: “Əlini yanıma gətirin”. Əlini gətirdilər, onun gözləri ağrıyırdı. Peyğəmbər onun gözlərinə üfürdü və bayrağı ona verdi. Allah onun əliylə fəthi müyəssər etdi”. Rəvayəti edən daha sonra deyir ki: “... gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı; biz də qadınlarımızı, siz də qadınlarınızı...” (Ali-İmran, 61) ayəsi nazil olduğu zaman Rəsulullah (s) Əlini, Fatiməni, Həsən və Hüseyni (r) yanına çağırdı və: “Allahım bunlar mənim ailəmdir!” – buyurdu” (Buxari, Kitabul-məğazi, 4/231, Müslim, Fadailus-səhabə 32, (2404), ət-Tirmizi, Mənaqib, 3726).
Hədisin birinci hissəsində Xeybərin fəthində Əlinin fəziləti qeyd edilir. Peyğəmbərin buyurduğu kimi Əli:
• Allah və Rəsulunu sevir
• Allah və Rəsulu da onu sevir. Bu böyük müjdədir. Rəsulullahın (s) belə məqamda şəhadəti insan üçün dünyada əldə edə biləcəyi ən böyük nemətlərdən biridir.
• Xeybərin fəthi Əlinin (r) əliylə müyəssər olmuşdur. Bu döyüş ərəfəsində bayrağın Əliyə verilməsi səhabələrin gözündə mühüm hadisə idi. Çünki bu, Allah və Rəsulunun Əlini sevdiyinə sübut idi. Dünya səadətindən xeyirli olan bu məqama çatmaq ümidi ilə hər kəs boynunu irəli uzatmış və peyğəmbərin (s) onu görməsini istəmişdi. Hətta Ömər bin Xəttabın (r) belə dediyi rəvayət olunur: “Heç vaxt döyüşə rəhbərlik etməyi arzulamadığım halda, o gün “nə olardı, Rəsulullah (s) bayrağı mənə verərdi” ümidi ilə onun məni görməsi üçün başımı irəli uzatdım”.
Hədisin ikinci hissəsində Əlinin başqa fəziləti göstərilir: Əli və ailəsi Peyğəmbərin (s) ailəsindəndir.
6. Zirr bin Hübeyşi Əlidən (r) belə eşitdiyini rəvayət edir: “Toxumu çatladan və canlıları yaradana and olsun ki, ummi peyğəmbər (s) mənə möminin məni sevəcəyinə, münafiqin məndən üz çevirəcəyini əhd etdi” (Müslim, İman 131, (78); ət-Tirmizi, Mənaqib, 3737; Nəsai, İman, 20, (8, 117).
“Toxumu çatladan” – toxumları cücərdən deməkdir. Hər gün seyr etdiyimiz bu hadisə bizə adi bir hal kimi görünür. Əslində bu bir möcüzədir. Bəsit bir dən torpağa düşdükdə ondan gövdə, yarpaq, çiçək, meyvə, rəng, qoxu, dad və s. əmələ gəlir. Bunlar “dənin açılması”nın nəticəsidir. Buna görə Əli (r) hadisənin sahibi Allaha and içməklə sözə başlayır. Çünki Allah əl-Ənam surəsinin 95-ci ayəsində “Şübhəsiz ki, toxumu da, çərdəyi də cücərdib çatladan, ölüdən diri, diridən ölü çıxardan” kimi tanıdılır.
“Ummi” – anaya mənsubluğu bildirir. Bununla yazıb-oxumağı bilməmək nəzərdə tutulur. Çünki insan anadan olanda yazıb-oxumağı bacarmır. Bu Quranda belə bildirilir: “Allah sizi analarınızın bətnlərindən heç bir şey bilmədiyiniz halda çıxartdı” («ən-Nəhl», 78).
Rəsulullahın (s) “ummi” olmasına baxmayaraq, ona Quran kimi kitabın nazil olması, onun keçmiş və gələcəkdən, kainatın mahiyyəti haqqında doğru, dəyişməz xəbərlər verməsi onun ən böyük möcüzələridir.
Hədis belə də rəvayət olunur: “Mömin məni sevər, münafiq məni sevməz”.
7. Cabir bin Abdullah (r) rəvayət edir ki, “Taif günü Rəsulullah (s) Əlini çağırdı və onunla xüsusi görüşdü. Görüşün uzun çəkdiyinə görə adamlar: “Rəsulullah (s) əmisi oğlu ilə görüşməsini uzatdı” – dedilər. Bunu duyan peyğəmbər (s) buyurdu: “Onunla xüsusi görüşü mən (öz arzumla) etmədim, Allah etdi” (ət-Tirmizi; Mənaqib, 3728).
Taif səfəri zamanı peyğəmbərin (s) Əli (r) ilə görüşü o qədər uzandı ki, adamların bəziləri: “Əmisi oğlu ilə söhbəti uzatdı” – dedilər. Bu sözlərin dedi-qodu niyyəti ilə və ya düşüncələrini “çəkinmədən səmimi şəkildə söyləmə tərbiyəsi” niyyəti ilə də deyildiyini izah etmək olar. Doğrusunu Allah bilir. Lakin hansı niyyətlə deyilməsindən asılı olmayaraq peyğəmbər (s) məsələni aydınlaşdırmışdır. O, bu zaman “Kafirləri siz öldürmədiniz, Allah öldürdü. (Düşmənlərin gözünə bir ovuc torpaq) atdığın zaman sən atmadın, Allah atdı” («əl-Ənfal» surəsi, 17) ayəsinə uyğun üslubdan istifadə etmişdir.
8. Ənəs (r) rəvayət edir ki, “Rəsulullah (s) Bəraət (ət-Tövbə) surəsini (Ərəfatda həcc ziyarətinə gələnlərə təbliğ etmək üçün) Əbu Bəkrə (r) göndərmişdi. Sonra onu çağıraraq: “Bunun, ailəmdən olmayan bir kimsə ilə təbliğ edilməsi uyğun deyil” – buyurdu. Sonra Əlini (r) çağıraraq surəni ona verdi” (ət-Tirmizi; Təfsir, «ət-Tövbə», 3089).
Alimlərin fikrinə görə Əbu Bəkrdən (Alah ondan razı olsun!) sonra Əlinin (r) göndərilməsi ərəblərin adətindən irəli gəlir. Bu adətə görə, müqaviləni ancaq onu bağlayan kimsə və ya ailəsindən olan başqa bir şəxs poza bilər. Buna görə Peyğəmbər (s) belə etmişdir.
Surənin ilk ayələrində müsəlmanların müşriklərlə müqavilə bağlamalarından söhbət getdiyini də nəzərə alsaq bunu belə izah etmək olar. Doğrusunu Allah bilir.
9. Əbu Həzim Sələmə bin Dinardan rəvayət edir ki, “Bir nəfər Səhl bin Sədin (r) yanına gəlir və: “Mədinə əmiri filankəs minbərin yanında Əli haqqında danışır” – deyir. Səhl: “Bu əmir Əli haqqında nə deyir?” – deyə soruşur. Əbu Həzim: “Əmir Əliyə Əbu Turab deyir” – dedikdə, Səhl ibn Səd güldü və: “Allaha and olsun, Əliyə bu ləqəbi Peyğəmbər vermişdir və Əlinin ən çox bu ad xoşuna gəlirdi” – dedi. Əbu Həzim dedi: “Mən bu ləqəbi peyğəmbərin Əliyə necə verdiyini öyrənməklə ləzzət almaq istədim və Səhl ibn Səddən soruşdum: “Ey Əbu Abbas, bu necə olub?” O dedi: “Bir dəfə Əli Fatimənin yanına girmiş və sonra çıxaraq məsciddə yatmışdı. Bu vaxt Peyğəmbər gəlib: “Əmioğlum haradadır?” – deyə soruşdu. Fatimə: “Məsciddədir” – dedi. Peyğəmbər məscidə getdi və Əlinin kürəyi torpağa batmış halda yatdığını gördü. Peyğəmbər Əlinin kürəyindən torpaqları təmizləyərək: “Otur, ey Əbu Turab! Otur, ey Əbu Turab!” – dedi. (Buxari; Kitabul-fadail-əshab 9/51).
10. Səd bin Übeydə demişdir: “Ömərin oğlunun (ibn Ömərin) yanına bir adam gəldi və Osman haqqında soruşdu. İbn Ömər Osmanın yaxşı xüsusiyyətlərindən danışdı və o adama: “Bəlkə Osman haqqında dediklərim sənə pis gəlir?” – deyə soruşdu. Həmin adam: “Bəli” – deyə cavab verdi. İbn Ömər: “Allah sənin burnunu yerə sürtsün!” – dedi. Sonra o adam İbn Ömərdən Əli haqqında soruşdu. İbn Ömər Əlinin gözəl əməllərindən danışdı və: “Əli budur. Evi də peyğəmbərin (s) evlərinin ən gözəlidir” – dedi. Sonra yenə: “Bəlkə, Əli haqqında danışdıqlarım sənə pis gəlir?” – deyə soruşdu. O adam: “Bəli” – dedi. İbn Ömər ona: “Allah sənin burnunu torpağa sürtsün! Get, mənim barəmdə nə bacarırsan et!” – dedi” (Buxari; Kitabul- fadail əshab 9/52).


Tarix: 01.05.2013 / 17:44 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 527 Bölmə: Peyğəmbərlərin Həyatı
loading...