Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Üçüncü Olimpiya oyunu

III Olimpiya oyunları 1 iyul — 23 noyabr (5 aya yaxın) 1904-cü ildə ABŞ-ın Sent-Luis şəhərində keçirildi. Burada 12 ölkənin 625 idmançısı, o cümlədən 8 qadın iştirak edirdi. Sent-Luis şəhərində olimpiyaçılar 17 idman növündə 103 medal dəsti uğrunda mübarizə aparmışlar.

Maraqlıdır ki, iştirakçiların 533 nəfəri ABŞ nümayəndələri olmuşdur. III Yay Olimpiya oyunlarını bir növ, amerikanların Olimpiadası da adlandırmaq olar. Təşkilat komitəsi təsadüfdənmi, qəsdənmi ümumdünya sərgisini olimpiya günlərinə saldıqları üçün oyunların keçirilmə müddəti yenə uzandı.

Bu oyunlara cəmi 8 ölkə gəlmişdi. Fransa, İngiltərə və bir çox ölkələr oyunların keçirilmə yerinin uzaq olduğunu və maliyyə xərclərini nəzərə alıb oyunlarda iştirak etməmişdilər. Sent-Luis oyunları səviyyəsinə görə Paris Olimpiadasından da aşağı səviyyədə keçirilmişdir. Burada boks ilk dəfə Olimpiya oyunlarının proqramına daxil edilmişdir.

Olimpiadanın təşkilatçıları verdiyi vədə görə oyunların keçirilməsi üçün stadion tikməli idilər. Lakin idmançılar Bulon meşəsində, universitetin idman meydançalarında yarışmışlar. Qadınlar ancaq oxatma yarışında mübarizə aparmışlar. Meri Xausli 3 qızıl medal qazanmışdır.

Atletika. Amerika idmançıları atletika yarışlarında 25 qızıl medaldan 23-nə sahib olmuşlar. Məsələn, ABŞ idmançısı Arçi Xan 200 m məsafəni 21.6 saniyəyə qət etdi. Bu rekord 28 il toxunulmaz qaldı. Arçi Xan həm də 60 və 100 m məsafələrə qaçmaqda da çempion olmuşdur.

ABŞ atleti Ceyms Laytbodi 800, 1500 və 2500 m məsafələrdə, Rey Yuri (rezin insan) yerindən hoppanmağın bütün növlərində, Harri Xilman 200 və 400 m məsafələrdə və 400 m maneəni dəf etməkdə çempion olmuşlar. Paris Olimpiadasının çempionu, amerikalı atlet Rey Yuri yenidən yerindən üç təkanla uzununa tullanmaqda 2 qızıl medal əldə edərək çempion olmuşdur.

Ağır atletika. Mübarizə Amerika və Yunanıstandan gəlmiş 5 idmançı arasında getmişdir. Atletlər bir və iki əllə ağırlıq qaldırmışlar. Bir əllə Amerika idmançısı Otto Ostxof, iki əllə isə yunan idmançısı Perikles Kakusis qalib gəlmişlər.

Boks üzrə yarış çəki üzrə keçirilmişdir. Corc Finneken, Oliver Kirk, Qarri Spencer, Çarlz Mayer fərqlənmişdir. Mütləq çəkidə Oliver Kirk iki qızıl medal almışdır. Bütün idmançılar ABŞ-dan olmuşdur.

Gimnastika yarışında milliyətcə alman olan Anton Xeyda 5 qızıl və 1 gümüş medal əldə etmişdir.

Qılıncoynatma Paris Olimpiadasının çempionu kubalı Ramon Fonst komanda və şəxsi yarışda 3 qızıl medal qazanır. Bu idmançı 1938-ci ilə qədər (56 yaşınadək) müxtəlif yarış və turnirlerdə çıxış edərək 125 medala sahib olmuşdur. İdmançının arxivində təkcə qılıncoynatma mükafatı deyil, həm də boks, velosiped idmanı, güllə atıcılığı üzrə mükafatlar da vardır.

Üzgüçülük yarışları süni kanalda keçirilmişdir. Burada üzgüçülük yolları həddindən artıq primitiv idi. Macarıstanlı Zoltanu Xalmai 50 və 100 yard1 məsafələrə, alman Emilyu Rauş (880 yard və 1 mil2) uzaq məsafəyə, amerikalı Çarlz Deniels orta məsafəyə (220 və 440 m.) yarışlarda hərəyə 2 qızıl medal almışlar.

Sent-Luisde keçirilən oyunları BOK-un prezidenti Pyer dö Kuberten kəskin tənqid etmişdir. Burada qalmaqal, fırıldaqçılıq, xoşa gəlməyən hallar olmuşdur. O, bunu Olimpiya xartiyasına zidd hərəkət kimi qiymətləndirmişdir


Tarix: 04.12.2014 / 16:59 Müəllif: Aziza Baxılıb: 75 Bölmə: Olimpiya oyunları
loading...