Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Midiya Hökmdar sülaləsi - Tarixi

Manna ilə münasibətlər
E.ə. VII əsrin ortalarına doğru aşşurlular tərəfindən məğlubiyyətə uğradıldıqdan sonra Manna böyük dövlət kimi öz mövqeyini itirdi. Manna kimmerlər, skiflər və madalılarla mövcud olan ittifaqı sayəsində xeyli dərəcədə gücə və qüdrətə malik idi. Lakin əsrin 70-ci illərinin sonlarına doğru skiflərin bir qisminin xəyanəti nəticəsində bu ittifaq dağıldı. Partatua başda olmaqla aşşurluların tərəfinə keçmiş skiflərin bir qismi Assur hökmdarı Asarxaddona mannalara zərbə endirməkdə yardım etdi. İşpakay başda olmaqla skiflərin digər qismi isə mannalılarla ittifaq münasibətlərini davam etdirdi. Aşşur hökmdarı "Mannalılar ölkəsi əhalisini pərən-pərən saldım..., mannalıları xilas etməmiş skif, (onların) müttəfiqi İşpakanın qoşunlarını silahla qırdım" – deyə öyünürdü.

Artıq Aşşurbanipalın hakimiyyəti dövründə (e.ə. 668-627-ci illər), təqribən e.ə. 660-cı ildə aşşurlular Mannanı çox ağır məğlubiyyətə uğratdılar, onu əski qüvvəsindən qəti şəkildə məhrum etdilər. Manna Nineva hakimlərinin vassalı səviyyəsinə endirildi və o öz süqutuna qədər Nineva hakimlərinə sadiq qaldı. Bu hal ona səbəb oldu ki, madalılar indi əski müttəfiqləri olmuş mannalara tabe olmayaraq, onların gücünə güvənmir və özlərini müdafiə etməyə çalışırdılar.

Assur yürüşləri
Assur hökmdarları Manna kimi Midiya ərazisinə də yürüş edir, Midiya hakimlərini özlərindən asılı vəziyyətə salırdılar. E.ə. IX əsrin ikinci yarısında V Şamşi-Adad, sonra isə onun oğlu III Adadnirari Midiya ərazisinə yürüş etmişdilər. E.ə. VIII əsrin ikinci yarısında III Tiqlatpalasar "güclü midiyalıların" ərazisinə çatmış, Midiya hakimlərinin xəracını qəbul etmişdi. II Sarqon Manna yürüşü zamanı, Midiya ərazilərinə də soxulmuşdu. Məhz bu dövrdə, Midiya hakimlərindən sayılan, lakin Manna canişini olan Dayaukku Urartunun fitnəsinə uyaraq mərkəzi hakimiyyətə qarşı çıxırdı. II Sarqon Dayaukkunu ailəsi ilə birlikdə Hamat şəhərinə köçürdü.

E.ə.VIII əsrin sonunda Midiyada vahid dövlət yaradılması təşəbbüsü göstərilmişdi. Herodot bunu Deyokun (e.ə. 712-675) adı ilə bağlamışdı. Məlumatlara görə Deyok Midiya tayfalarını birləşdirmiş və vahid dövlət yaratmışdı. O, Ekbatan şəhərini saldırmış, qala divarları çəkdirmiş və bu şəhəri Midiya dövlətinin paytaxtı elan etmişdi.

Skiflərin hakimiyyətə gəlməsi
Skiflərin Güney Azərbaycan və Ön Asiyaya gəlməsi ilə Midiya Assuriyaya qarşı fəallaşdı. Herodotun məlumatına görə bu mübarizəyə Fraorta (e.ə. 675-653) başçılıq edirdi. Mixi yazılarda o, Kaştariti adlandırılır. Tarixçilər güman edirlər ki, Mannada məskunlaşan skiflər Assura qarşı mübarizədə madaylara kömək edirdilər. E.ə. 672-ci ildə Midiyanın Assuriyaya qarşı mübarizəsi uğurla başa çatdı. Midiya Assur böyunduruğunu atdı və müstəqil dövlətə çevrildi. Fraorta kiçik hakimlikləri də öz ətrafında birləşdirə bildi.

İ.M.Dyakonov qeyd edir ki, e.ə. VII əsrin 50-ci illərində çox güman ki, Midiya yenə də Assur ilə toqquşmalı olur. Herodotun verdiyi məlumata görə Fraorta (Kaştariti) Assura yürüş təşkil etmişdi. Skiflərin digər bir dəstəsi, başda Madiy olmaqla Assurun köməyinə gəlmiş və Kaştaritini məğlub etmişdi. Kaştariti döyüşdə həlak olmuşdu. Beləliklə e.ə. 625–585-ci illərdə Midiya skiflərdən asılı vəziyyətə düşmüş və skiflərin rəhbəri Madiy Midiyanın III hökmdarı kimi hakimiyyətə gəlmişdir. Madiyin hakimiyyəti dövründə Midiyada daxili sabitlik olsa da ölkədə Assur yönümlü siyasət yeridilmiş, Midiya xarici siyasətdə demək olar ki, Assura tabe olmuşdur.

Kiaksarın maday hakimiyyətini bərpa etməsi
Herodotun verdiyi məlumata görə skiflərin Midiyada ağalığına son qoyulması Kiaksarın (bu Midiya hökmdarı Bisitun yazısında Huvaxıştra, Babil qaynaqlarında Umakiştar adıyla xatırlanır) adı ilə bağlıdır. Kiaksar e.ə. 585–ci ildə altmış illik skif ağalığına son qoyaraq taxt–tacı maday sülaləsinə qaytarmış və hakimiyyətə gələrək Midiyanın IV hökmdarı kimi tarixə düşmüşdür.

Herodota görə Kiaksarın hakimiyyəti dövründə özlərini şah adlandıran xırda vilayət hakimləri mərkəzi hakimiyyətə tabe edildi.[84] Ziya Bünyadov qeyd edir ki, yəqin Kiaksar bundan sonra "şahlar şahı" rütbəsi daşımışdı. Ölkədə daxili sabitliyi bərpa etdikdən sonra Kiaksar Midiyanın ətrafında olan və özlərinin müstəqil hökmdarı olan xırda vilayətləri özünə tabe etməyə və dövlətin ərazisini genişləndirməyə başladı. Qısa müddətdə Midiyanın cənub-şərqində yerləşən farsların ölkəsini – Persia da Midiyaya tabe edildi. Mədəni cəhətdən madaylardan dəfələrlə aşağı səviyyədə olan farslar Midiya mədəniyyətini mənimsəməyə başladılar.

Assura qarşı Midiya–Babil kompaniyası
Mərkəzləşmiş dövlət yaratdıqdan sonra Kiaksar Assura qarşı müharibəyə hazırlaşdı. Bu məqsədlə o, Midiya ordusunu yenidən təşkil etdi. Kiaksar ordusunu silahlarına uyğun olaraq nizəçi və oxçu dəstələrinə böldü, süvarilər dəstəsi yaratdı. Ölkənin müxtəlif ərazilərində yaşayan tayfalardan qədim dünyanın ən güclü ordusunu topladı. Assurun gücünə yaxşı bələd olan Kiaksar güclü düşmənlə tək qarşılaşmaqdan çəkinərək, Midiya kimi daima Assurun dağıdıcı yürüşlərinə məruz qalan Yeni Babilistan hökmdarı Nabupalasar ilə ittifaqa girdi. Hər iki tərəfdən eyni zamanda düşmən üzərinə hücum eləməyi haqda razılıq əldə etdi.

Assur ilə müharibə bir neçə il davam etdi. Öz ordusunun axıra kimi müqavimət göstərə bilməyəcəyindən qorxan Assur hökmdarı III Aşşur-Ubalit o zaman Assura tabe olan bütün xalqların ordusunu Midiya və Babil ordusuna qarşı yönəltməyə cəhd etdi. Lakin Qablin şəhəri yaxınlığında baş verən döyüş zamanı Assur ordusu məğlub edildi. E.ə. 615–612-ci illərdə Midiya və Yeni Babilistan ordusu tərəfindən Assurun Aşşur, Arbela, Kalat şəhərləri və paytaxtı Nineva tutularaq talandı. Beləliklə, əsrlərlə qədim şərq dövlətlərinin ən qorxulu düşməni olmuş nəhəng Assur dövləti e.ə. 604-cü ildə süqut etdi və onun torpaqları Midiya və Yeni Babilistan arasında bölüşdürüldü.


Tarix: 27.01.2015 / 19:29 Müəllif: Feriska Baxılıb: 92 Bölmə: Midiya
loading...