Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kişilərin Reproduktiv Sistemi

Kişilərin Reproduktiv (Dölyaratma) Sistemi

Kişi reproduktiv orqanları kişi cinsi hüceyrəsi olan spermatozoidlərin yaranması, yetişməsi və uşaqlıq yoluna çatdırılması prosesini yerinə yetirirlər.

Bəs kişi reproduktiv (dölyaratma) sistemi necə tənzimlənir? Əlbəttə ki, burada əsas rolu baş beyini oynayır. Hipotalamus mərkəzi sinir sistemi və xayalardan (yumurtalar) aldığı məlumat nəticəsində xüsusi hormon ifraz edir ki, o da öz növbəsində hipofiz vəzisi tərəfindən digər iki vacib hormonun – lyüteyinləşdirici (LH) və follikulstimullaşdırıcı hormonların (FSH) hazırlanması və ifraz olunmasını stimullaşdırır. LH-lyüteyinləşdirici hormon öz növbəsində testosteron hormonunun (spermatozoidlərin yetişməsini təmin edən) hasil olunmasını stimullaşdırır, FSH isə sağlam spermanın yetişməsi üçün digər hormonları aktivləşdirir.

Əsas kişi hormonu olan testosteron, spermatozoidlərin yetişməsinin təmin edilməsində iştirak etməsindən savayı, kişi cinsiyyət üzvlərinin formalaşmasında və kişi cinsi əlamətlərinin (kişi tipinə məxsus tük örtüyünün inkişafı, kişilərə məxsus xarici görünüşün, psixika və davranışın) formalaşmasında da iştirak edir. Testosteron hormonu həmçinin kişilərdə müvafiq seksual meylliyin (libido) yaranması, nəslin davam etdirilməsi üçün tələb olunan xüsusiyyətlərin əmələ gəlməsinin təmin edilməsində də iştirak edir. Qan plazmasında testosteronun miqdarı gün ərzində müəyyən dəyişikliklərə məruz qalır. Onun maksimal səviyyəsi səhər saat 7-9 radələrində, minimal səviyyəsi isə saat 24-03 radələrində olur.

Kişi cinsi sisteminə xayalar (yumurtalar) və onların artımları, toxum çıxarıcı (xaric edici) axacaqlar – yollar, toxum kisəcikləri, prostat vəzisi, digər kiçik vəzilər və kişi cinsiyyət üzvü daxildir.

Xayalar (yumurtalar) cüt vəzili orqan olub uzunluğu 3-5 sm, eni isə 2-3 sm-dir. Xayalar dəri və əzələdən təşkil olunmuş xüsusi kisəcikdə – xayalıqda yerləşirlər.

Xayalığın əsas vəzifəsi xayaların normal fəaliyyəti üçün mümkün olan optimal şərait yaradılmasından ibarətdir. Xayalarda spermatozoidlərin əmələ gəlməsi prosesi yalnız bədən temperaturundan bir qədər aşağı olan, 33-34°C-də mümkün olur. Məhz buna görə xayalar normal məlum temperaturu 36,7°C olan bədəndən “xaricə çıxarılmışlar”. Xayalıq xayalarda olan temperaturu tənzimləyir və onları müxtəlif travmalardan qoruyur. Əksər kişilərdə sol xaya sağ xayadan bir qədər iri olur və azca aşağıda yerləşir. Xayada milyonlarla spermatozoid yetişdirilir. Spermatozoidlərin yetişdirilməsi müddəti 74 gün təşkil edir. Spermatozoidlərdən savayı, xayalarda testosteron hormonu da hazırlanır.

Hər xayanın arxa kənarına xaya artımı söykənmişdir ki, burada spermatozoidlərin yığılaraq yetişdirilməsi başa çatdırılır. Kiçik boru şəklində olub, uzunluğu 5-8 sm, qalınlığı 1 sm olan xaya artımları spermatozoidlərin yetişməsində böyük rol oynayan xüsusi maddə hazırlayırlar. Xaya artımından toxumçıxarıcı axacaq başlayır. Uzunluğu 40 sm-ə yaxın olan toxumçıxarıcı axacaq yuxarı qalxaraq xayalıqdan çıxır, qasıq dəliyindən keçərək qarın boşluğuna daxil olur və sidik kisəsi boynuna yaxınlaşarkən genişlənərək toxum kisəciklərini əmələ gətirir. Bu kisəciklərdə spermatozoidlərin həyat fəaliyyətini aktivləşdirən, onlara əlavə enerji verən qidalı maye hasil olur.

Nəticədə əmələ gəlmiş qarışıq daha sonra kişi üçün çox vacib orqan hesab edilən prostat vəzisinə çatdırılır. Bu vəzini çox vaxt “kişinin 2-ci ürəyi” də adlandırırlar. Prostat vəzisi sidik kisəsinin altında yerləşir və arxa tərəfdən düz bağırsağa söykənir. Bu vəzi forma və ölçüsünə görə şabalıdı xatırladır. Prostat vəzisində bütün axarlar – toxum xaric edici və sidik ifrazı axarı bir axar şəklində birləşirlər ki, bu da sidik kanalı (uretra) adlanır və kişi cinsiyyət üzvünün içərisində keçir. Beləliklə, kişilərdə uretradan həm sidik, həm də sperma (toxum) xaric olunur. Lakin bu zaman sperma ilə sidik heç də bir-birinə qarışmır. Ona görə ki, eyakulyasiya (toxum xaric edilməsi) zamanı, bağlanaraq sidiyin sidik kanalına daxil olmasının qarşısını alan xüsusi qapaq (klapan) mövcuddur. Prostat vəzisi spermanın əsas tərkib hissəsi olan ağ rəngdə maye (sekret) hazırlayır. Eyakulyasiya (toxum xaric edilməsi) anında prostat vəzisi bir an içində yığılır və bu mayeni spermaya xaric edərək onun düzgün istiqamətdə hərəkət etməsinə kömək edir. Bundan başqa prostat vəzisi cinsi hormonların mübadiləsində də iştirak edir.

Toxum xaric edilən zamanı orta hesabla 3-5 ml (1 çay qaşığı 5 ml-dir) sperma (toxum mayesi + spermatozoidlər) xaric olunur. Spermada olan spermatozoidlərin sayı çox fərqli ola bilər. Bu say müəyyən dərəcədə eyakulyasiyaların (toxum xaric edilməsi) tezliyindən (sayından) də asılıdır. Normal halda spermanın hər 1 ml-də 40-120 milyon spermatozoid olur.

Spermatozoidlər ölçüsünə görə çox kiçik (0,06 mm) olmasına baxmayaraq, aktiv şəkildə (40-50 mkm/san) hərəkət etmək qabiliyyətinə malik olurlar. Spermatozoidlə müqayisədə yumurta hüceyrəsinin ölçüsü (0,1 mm) xeyli böyük

olur. Yetişmiş spermatozoid – baş hissəsi, boynu, cismindən (gövdəsi) və onun hərəkətini təmin edən quyruq hissəsindən ibarətdir. Spermatozoidin baş hissəsində kişi xromosomlarını daşıyan nüvə, həmçinin yumurta hüceyrəsinin qişasını əridə bilən fermentlər yerləşmişdir.


Tarix: 19.11.2013 / 02:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 267 Bölmə: Maraqli Melumatlar
loading...