Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Epilyasiyanı evdə özünüz hazırlayın
Epilyasiyanı evdə özünüz hazırlayın

Bu epilyasiya növü şərq ölkələrində çox geniş istifadə olunur. Qərbdə ona "şuqarinq" deyilir ("sugar" - ingilis dilində "şəkər").

Şəkər epilyasiyasının bir çox üstünlükləri var.

- əks-göstərişlərin olmaması,

- aşağı qiymət,

- asanlıq,

- allergik reaksiyaların olmaması,

- yalnız təbii vasitələrdən istifadə olunması,

- epilyasiya pilinq effekti verir - dəri çox hamar, təravətli olur,

- bədənin istənilən nahiyəsində istifadə oluna bilər (üz, ayaqlar, qollar və s.),

- bu epilyasiya növündən daim istifadə edən qadınlar vaxt keçdikcə tüklərin daha gec çıxmasını və daha nazik olmasını qeyd edirlər.

Bu epilyasiyanı kosmetik salonlarda həyata keçirirlər. Lakin ev şəraitində də bunu etmək mümkündür.

Epilyasiya üçün lazım olan pastanı hazırlamaq üçün 4 xörək qaşığı şəkər tozu, 1 çay qaşığı limon duzu, 2 xörək qaşığı su lazımdır. (Əgər sizə daha çox pasta lazım olarsa, inqrediyentlərin miqdarını 2-3-4 və s. dəfə artırın)

Epilyasiya üçün lazım olan pastanın hazırlanması

1. Şəkərlə suyu qarışdırıb odun üzərinə qoyun.

2. Şəkər əridikdən sonra limon duzu əlavə edin və qarışdıra-qarışdıra vam odda bişirin.

3. Hazır pasta karamel rəngində olmalıdır.

4. Pastanın hazır olub-olmamasını yoxlamaq üçün pastanın 1 damcısını təmiz boşqabın qırağına tökün və barmaqlarınızda əzin - pasta barmaqlara yapışmırsa, deməli hazırdır. Digər üsul pastanın 1 damcısını 1 stəkan suya tökün, pasta suda yayılmırsa, yumru damcı şəklində qalırsa - pasta hazırdır.

5. Hazır pastanı təmiz qaba tökün və soyuyana kimi gözləyin.

Pasta soyuyana kimi dərinizi epilyasiya üçün hazırlayın. Epilyasiya olunan hissəni sabunla yuyun, yaxşı qurudun və üzərinə uşaq tozu ("prisipka") və ya un səpin. Bu, pastanın dəriyə yapışmasına imkan verməyəcək. Epilyasiyadan 1 gün əvvəl duş qəbul edin və bədən skrabından istifadə edin. Bu, epilyasiyanın daha yaxşı effekt verməsinə kömək edəcək.

Pasta soyuyanda (ilıq olmalıdır) onun bir tikəsini barmaqlarınızda 1-2 dəqiqə ərzində yaxşı əzin. Pastanın rəngi tədricən dəyişiləcək - ağaracaq, daha elastik olacaq və barmaqlara yapışmayacaq.

Bundan sonra pastanı dəriyə çəkin (tüklərin uzanmasının istiqamətinə qarşı) və daha sonra cəld hərəkətlərlə (tüklərin uzanmasının istiqamətinə) pastanı dəridən qopardın. Pastanı bir neçə dəfə istifadə etmək olar. Daha sonra təzə pastanı götürün. Pasta soyuyubsa, pasta ilə olan qabı isti su tökülmüş qazanda bir qədər qızdırın.

Epilyasiya qurtaranda artıq qalmış pastanı soyuducuda saxlayın. Epilyasiyadan sonra dərini ilıq su ilə yuyun.


Tarix: 16.04.2015 / 11:47 Müəllif: Aziza Baxılıb: 218 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...