Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Payızda dəriyə necə qulluq etməli?

Soyuq havaların düşməsi dəriyə bir qədər də qulluq tələb edir. Isti havaya nisbətən soyuq və şaxtanın dəriyə daha pis təsir etdiyinə görə, xüsusilə bu mövsümdə mütəxəssislərin məsləhətləri yerinə düşür. Mütəxəssislərin fikrincə, güclü şaxtalar hələ düşməsə belə, külək dəridə quruluq yaradır.

Kosmetoloq Ülviyyə Qasımovanın dediyinə görə, hətta sağlam adamlarda daimi olaraq soyuq havanın və küləyin təsirindən vaxtından əvvəl qocalma müşahidə olunur. "Əgər fikir vermisinizsə, uzun müddət şaxtada qaldıqda qan damarları daralır və dəri ağarır. Bu da qandövranına mənfi təsir göstərir, maddələr mübadiləsi pozulur, dərinin qidalanması isə azalır. Bu zaman dəri müxtəlif qıcıqlanmalara məruz qalır, ağarır və təravətini itirir. Lakin dəriyə düzgün qulluq etdikdə bunun qarşısını almaq olar".

Kosmetoloq bildirir ki, soyuq hava şəraitində dərinin donmadan və quruluqdan qorumaq üçün daimi olaraq xüsusi qoruyucu kosmetik vasitələrdən istifadə etmək lazımdır. "Əgər dəri qurudursa, axşamlar dərinin təravətli olması üçün ona xama, süd, yağlar vurmaq olar. Bu mövsümdə nəmləndirici vasitələrdən və xüsusi maskalardan da istifadə olunmalıdır".

Müsahibimin dediyinə görə, bəzən soyuq hava zamanı dərinin müəyyən hissəsində hissiyyat itir və həmin nahiyə ağarır. "Bu zaman açıq havadasınızsa, dərhal həmin hissəni sürtmək lazımdır. Ev şəraitində isə zədələnmiş nahiyəyə bitki yağı, vitaminlə zəngin olan balıq yağı çəkmək olar. Dəri çox donduğu təqdirdə isə həkimə müraciət etmək lazımdır".

Ü.Qasımovanın dediyinə görə, payızda bir sıra xroniki xəstəliklər də baş qaldırır ki, bu da dəridə özünü göstərir. Dəri tədricən xarici faktorlara qarşı müqavimətini itirir. "Xüsusi ilə də həssas dərini soyuqdan qorumaq lazımdır. Bunun üçün 1 stəkan lobya bir neçə saat suda saxlanılır. Sonra isə yumşalana qədər qaynadılır. İsti lobya süzgəcdən keçirilərək yarım limonun suyu və 1 xörək qaşığı zeytun yağı ilə qarışdırılır. Alınan qarışıq üzə çəkilərək üzdə 20-30 dəqiqə saxlanılır və ilıq su ilə yuyulur".

Kosmetoloq Ülkər Pınarın sözlərinə görə, soyuq havalarda dəri qorunmalı və qidalandırılmalıdır. "Payız mövsümündə dərinin növündən - yağlı, normal, quru və ya qarışıq olduğundan asılı olaraq, maskalar edilir. Əsasən quru dərili adamlar soyuq hava zamanı daha çox əziyyət çəkirlər. Soyuğun təsirindən dəridə çatlaqlar yaranır, dəri soyulmağa başlayır. Dəridəki xoşagəlməz xüsusiyyətlərin yaranmasının qarşısını almaq üçün əvvəlcə dəri lasyonla silinir. Sonra isə üzərinə maska çəkilir. Maskanı hazırlamaq üçün 1 yumurta sarısı, 1 çay qaşığı zeytun yağı, 1 çay qaşığı un, yarım çay qaşığı limon suyu qarışdırılır. Belə maska dərinin quruluğunu aradan götürür və yumşaldır".

Manikur ustası Gövhər Hüseynova isə əlavə edib ki, tək dəridə deyil, dırnaqlarda da payız fəslində müxtəlif fəsadlar yaranır. "Xüsusilə soyuq havalarda dırnaqlarda laylanma baş verir, vitamin çatışmamazlığı nəticəsində dırnaqlar qırılmağa, bəzi hallarda hətta çatlamağa başlayır. Bunun qarşısını almaq üçün tərkində bol kalsium olan ərzaqlarla qidalanmaq, dırnaqlara xüsusi möhkəmləndirrici vasitələr çəkmək lazımdır".


Tarix: 24.11.2014 / 10:22 Müəllif: Aziza Baxılıb: 72 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...