Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadının geyimi önəmlidir, yoxsa üzündəki ifadə?

"Bir qadının üzündəki ifadə, geyimindən daha çox önəmlidir", - deyən Dale Qarnagie qadınlara geyimlərinə görə deyil, üz ifadələrinə görə qiymət verməyi tövsiyə edir. Maraqlıdır, kişilərimiz bunu necə dəyərləndirirlər?

"Ekspress" qəzeti yazır ki, 22 yaşlı tələbə Zaur İsabalayevin fikrincə, qadının geyimi onun daxili dünyasının xəbərçisidir. Üz ifadəsinin necə olmasından asılı olmayaraq, qadınların geyimi onun necə xasiyyətdə biri olduğunu biruzə verir. "Mən BDU-nun tələbəsiyəm. Qrup yoldaşlarımız istədikləri kimi geyinirlər. Amma geyimlərinə baxıb, mən onların necə olduğunu başa düşə bilirəm. Qısa münasibətdən sonra haqlı olduğumu da görürəm. Qapalı ailədən gələn qızlarımız nəinki geyimlərinə, eyni zamanda danışıqlarına, davranışlarına, üz ifadələrinə fikir verirlər. Çox deyib gülmürlər, açıq-saçıq danışmırlar. Amma açıq geyinən qızlarımızın xasiyyəti də geyimlərinə uyğundur".

Digər həmsöhbətim də tələbədir. Lakin onun düşüncələri tam fərqlidir. Vüqarın fikrincə, qadına dəyəri geyiminə görə deyil, xasiyyətinə, üz ifadəsinə görə vermək lazımdır. "Elə qızlarımız, qadınlarımız var ki, baxırsan, qapalı geyinib. Bir az danışan kimi səsi aləmi başına götürür. Amma elə qadınlarımız da var ki, nə qədər açıq geyinməsindən asılı olmayaraq, elə üz ifadələri var ki, düşünürsən, danışdırsam, çantasını başıma vuracaq. Mən bu fikirlə tam razıyam ki, qadına geyiminə görə deyil, üz ifadələrinə görə dəyər vermək lazımdır. Elə qızlar var ki, ailə qurmaq məqsədilə qapanırlar".

Bir qədər yaşlı nəslin nümayəndələrinin fikirləri də çox maraqlıdır. 55 yaşlı Sabir Əhmədov deyir ki, geyim qadının gözəlliyidir. Təbii ki, qadın gözəl görünmək üçün gözəl də geyinməlidir. S.Əhmədovun fikrincə, qadının geyiminə baxaraq qiymət vermək ağılsızlıqdır: "Düşünürəm ki, ağıllı, təcrübəli kişi qadının geyimi ilə ona qiymət verməməlidir. Mən həyatda çox zaman qapalı geyinənlərin daha açıq xasiyyətə malik olduğunun şahidi olmuşam. Çünki hər bir qadın gözəl görünmək üçün bir qədər açıq geyinmək istəyir. Yəni bu qadınların daxili duyğusudur. O qadını ki qapalı geyinməyə məcbur edirlər, o qadın istəklərini xasiyyəti ilə biruzə verməyə çalışır".

Müsahibim hesab edir ki, kişilərimiz bir qədər açıq geyinən qadınla ünsiyyətə üstünlük verməlidirlər. Onun fikrincə, açıq geyinən xanımların hər bir hərəkətləri də göz qabağında olur.

Ramiz Əliyev isə hesab edir ki, qadının daxili zahirinə biruzə verdiyi üçün onlar daxilinə uyğun geyinirlər. "Açıq xasiyyətli xanımlar açıq geyimlərə, bir az qapalı xanımlar isə qapalı geyimlərə üstünlük verirlər. Heç bir zaman ağır təbiətli xanımı açıq geyinməyə və əksinə, olmaz. Geyinsə belə, bu uzun sürməz".

R.Əliyev indiki dövrün qadınlarının geyimini qənaətbəxş hesab edir.

Bu mövzuda qadınlarımızın da fikirlərini öyrəndik. Tələbə Lalə açıq geyimlərə üstünlük verir. "Amma mən açıq xasiyyətli deyiləm, mənim də qəbul etmədiklərim, "yox, olmaz" deyə bildiklərim çoxdur. Fikir vermişəm, qızlarımız qapalı geyinirlər və eyni zamanda istədiklərini də edirlər. Aramızda hicab bağlayan da var. Amma gündə bir oğlanla görüşür".

Lalə qadında əsas xasiyyətin və üz ifadəsinin önəmli olduğunu deyir. Qadının geyiminə gəlincə, həmsöhbətim deyir ki, "istədiyimi geyinirəm, bəyənməyən baxmasın".

Elnarə isə hicablı xanımdır. O hesab edir ki, insanın daxili ilə xarici eyni olmalıdır. "Mən hicab bağlayıb, qapalı geyinirəm. Dinimin bütün şərtlərinə əməl edirəm. Axı necə mini yubkalı qız kimi düşünə bilərəm?"

Bəs bu mövzuda psixoloqlar nə düşünür? Həqiqətənmi insanların daxili ilə zahiri eyni olur?

"Yox, insanların daxili ilə zahiri eyni olmur. Elə qapalı insanlar var ki, bir az danışandan sonra tam açıq xasiyyətli biri olduğunu başa düşürsən", - deyən psixoloq İkram Əliyev qadınların bu xüsusiyyətini "pərdələmə" bacarığı adlandırır. Onun dediyinə görə, qadınların əksəriyyətinin daxili zahirinin tam əksidir. "İnsanların daxili dünyasını onlardan yaxşı heç kəs bilməz. Elə qadınlar var ki, daxili hislərini cilovlaya bilirlər. Bu cür qadınlar daxili arzularını biruzə verməmək üçün istəklərinin tam əksinə hərəkət edirlər. İstənilən qadın gözəl, cazibəli görünməyi, diqqət mərkəzində olmağı sevir.

Amma insanları düşündürən bir də milli mentalitet məsələləri var. Adət-ənənələrin dərinliyinə gedən xanımlar, tənədən, dedi-qodudan qorxduqları üçün geyimlərinə fikir verir, qapalı geyinirlər. Bəzən qadınların üzərində ailə nəzarəti olur. Güclü ailə nəzarəti olan xanımlar da istədikləri kimi geyinə bilmirlər. Yəni qapalı geyinməyə məcbur olurlar. Amma qapalı geyinmək o demək deyil ki, bu qadının istəkləri, arzuları yoxdur. Açıq geyinənlər öz hislərini yenə biruzə verərək, rahat yaşaya bilirlər, qapalı geyinənlər bir qədər açıq mühitə düşən kimi axına tez qarışırlar".

Psixoloqun sözlərinə görə, açıq geyinən, amma qapalı düşünən xanımlarımız da var. Bu cür qadınlar bəzən qapalı geyinənlərdən də ağır xasiyyətli olurlar. Onlara yaxınlaşmaq mümkün olmur. "Mən insanlarla uzun zamandır ki, işləyirəm, onların daxilini, iç dünyasını gözəl bilirəm. Bu səbəbdən deyə bilərəm ki, qadınlara üz ifadələrinə baxaraq, dəyər vermək lazımdır. Geyimlə insanı müəyyənləşdirmək, ona dəyər vermək yalnış bir fikirdir".

Dahilərdən biri deyir ki, qadın gözəl olmasa da olar. O, xoşüzlü və xoşxasiyyət olsa bu, böyük sərvətdir. Geyim isə onun zərurətidir...


Tarix: 21.05.2013 / 21:10 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 238 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...