Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qardaşı qızı ilə evlənən əmi, bacısının əri ilə qaçan qız və 20 ildən sonra açılan ailə sirri...

Seriallar cəmiyyətimizə nəyi təbliğ edir?

Daha çox xəyanət, uzun illərin sirri, qadağan olunmuş münasibətlər mövzusunda çəkilən seriallar bütün dünya ölkələrində televiziyaların ən çox baxılan proqramlar siyahısına daxildir. İndi TV-lər reytinq üçün ən məşhur serialları almaqdan ötrü yarışa girirlər...

Ailələri dağıdan "ailə serialları"

Bizə ailə serialı adı ilə təqdim edilən seriallara diqqətlə baxdıqda, onların ailə institutunun təməlini sarsıdan və milli-mədəni dəyərlərimizi dəyişməyə çalışan teleistehsallar olduğunu anlamaq çətin olmur. Cəmiyyətin ziyalı təbəqəsi tərəfindən daim tənqid olunan bu cür serialların sayı azalmaq əvəzinə, getdikcə sürətlə artır.

Əxlaqi dəyərləri gülüş hədəfinə çevirən, min illərdir inandığımız, doğru hesab etdiyimiz davranışları kriteriyalara dəyişməyə çalışan, əvəzində uşaqlara, gənclərə mənfi nümunələr təlqin edən seriallara günün istənilən saatı baxmaq olar. Əgər şüurlu bir şəkildə izləyiriksə, orada saysız-hesabsız mənəvi-psixoloji təzyiq elementlərinin olduğunu da görəcəyik. Başlığında tanınmış bir yazıçının romanı əsasında çəkildiyi qeyd olunsa da, seriyalar acı bağırsaq kimi uzandıqca müəllifin yazdığı bir kənarda qalır, rejissor mövzunu öz istədiyi formata salır. Bəlkə də, romanı yazan yazıçı sağ olsaydı, filmə baxıb utanc hissindən ölərdi.

Bu günlərdə Sumqayıtda yaşayan qohumları ziyarətə getmişdik. Axşam düşən kimi evin bütün sakinləri - 7 və 11 yaşlı uşaqlardan tutmuş onların nənəsinə qədər hamı televizorun qabağına yığıldı. "Yəqin, kanalların hansındasa yaxşı veriliş olacaq" deyə düşündüm. Amma bir neçə dəqiqədən sonra məlum oldu ki, TV-də hind serialına baxacaqlar. Uzun-uzadı bir adı olan serial, bayağı səs effektləri, gərəksiz panoramalar, yalançı həyəcanla dolu səhnələr, şou tipli çəkiliş texnikası və sonunda məntiqsiz bir mövzu...

Söhbət edən iki aktyorun biri digərinə nəsə deyir və əvəzində digərinin ona baxışını təxminən 10 dəqiqə müxtəlif panorama, yaxınlaşma və uzaqlaşma effektləri ilə gurultulu səs effektlərinin altında verirlər. Bütün ailə diqqətlə izlədikdən sonra uşaqlı-böyüklü, körpəli-qocalı hamı qızğın müzakirəyə başladı... Bu mənzərəni heyrətlə izləməkdən başqa əlimizdən bir şey gəlmədi...

"Qaraçı qanı" serialının qan donduran mövzusu

İllər öncə bizim televiziyalardan birində "Qaraçı qanı" adında bir ispan teleserialı yayımlanırdı. Çoxsaylı tamaşaçısı olan serialın mövzusu isə təxminən belə idi: "Gənc bir qız özündən təxminən 10 yaş böyük bir kişini sevir, münasibət və yaxınlıqları olur, bir necə il sevgili olurlar, sonra məlum olur ki, onlar əslində əmi-qardaşqızıdırlar. Amma bu gerçək onları bir-birindən aralamır. Əmi öz qardaşı qızı ilə evlənir, 4-5 uşaqları olur".

Bu serial haqqında araşdırma edəndə serialın yayımlandığı telekanalın internet ünvanına baş çəkdim. Serialın rəsmləri yerləşdirilmiş səhifədə tamaşaçı rəyləri verilmişdi. Tamaşaçılar serialı o qədər mədh edirlər ki, sanki tərbiyəvi əhəmiyyəti var. Hətta bir qadın yazır: "Çox təşəkkür edirəm, çox gözəl serialdır, mənim həyatımla eynidir". Belə aydın olur ki, bizim də içimizdə ikrah duyduğumuz serial mövzusu belə halları adiləşdirmək məqsədi güdür.

Bacısının əri ilə qaçan qızın sonu

Əxlaqi dəyərlərə uyğun gəlməyən seriallar silsiləsindən daha biri. Peyk antenaları vasitəsi ilə evimizin içinə qədər gələn "Yaprak dökümü" serialı nəinki Türkiyədə, eləcə də Azərbaycanda böyük reytinqə malik idi. Bir çoxumuz onu "görk" kimi qəbul edirik, tərbiyəvi əhəmiyyətə malik olduğunu düşünürük. Amma fakt odur ki, öz doğma bacısının ərinə qoşulub qaçan bir qız toplumun gözündə qurban kimi qələmə verilməsinə baxmayaraq, serialın qəhrəmanı bunu şüurlu şəkildə edir və bütün süjet xətti də belə hadisələrin üzərində qurulub.

Mənliyi möhkəm, şəxsiyyəti oturuşmuş tamaşaçı üçün bu cür seriallar bir əhəmiyyət kəsb etməsə də, yeniyetmə və gənc nəsil üçün sözün əsl mənasında təhlükə mənbəyidir. Pula olan hərislik, ailə dəyərlərinin heç edilməsinə serialda o qədər sıx-sıx rastlanırdı ki, tamaşaçı istər-istəməz axına qapılırdı. Düzdür, serialın sonunda insanların davranışlarının əvəzini öz həyatları bahasına ödəməsi verilmişdi, amma artıq beyinlər sevgi uğruna yeznə ilə qaçmağı normal hesab edirdi.

Boşanmaların səbəblərindən biri də seriallardır

Psixoloq Naib Allahverdiyev deyir ki, insanlar seriallarda izlədikləri hadisələri "deməli, bu cür şeylər həqiqətən ola bilirmiş" düşüncəsi ilə gerçək həyatda da tətbiq etməyə çalışırlar: "Aldatma, qadağan əlaqələr, dəyərlərə həqarət kimi hadisələrin tez-tez yer aldığı serialları izləyənlər buradakı ssenarinin təsiri altında qalır. Seriallardakı ssenarilərin gerçək həyatda tətbiq olunmasının nəticəsi isə ancaq hadisə yaşanıb bitdikdən sonra aydın olur və faciəvi sonluq qaçılmaz olur. Min dəfə peşmanlıq hissi keçirir, dəfələrlə "kaş ki..." de, artıq xeyri yoxdur".

Seriallardakı ssenarilərin insanların şüuraltına yerləşdiyini və bu vəziyyətin davranışlarda və düşüncələrdə fərqliləşmə, gənclərdə özünəqapanma, ev xanımlarında aqressiya, məktəb yaşlı uşaqlarda yuxu sisteminin pozulması, dərslərində geriləmə kimi problemlərə səbəb olduğunu deyən psixoloq qonşu Türkiyəni də misal çəkdi: "Bu ölkədə serial bazarı genişlənəndən bu yana boşanmaların sayı günbəgün artır. 2003-cü ildə 25 min boşanma vardısa, serialların artdığı 2009-cu ildə təxminən 100 minə yaxınlaşdı. Bunun başlıca səbəblərindən biri də seriallardır".

Braziliya serialları cəmiyyəti uçuruma aparır

Təxminən 10-15 ildir teleməkanımızı zəbt edən Braziliya, İspaniya, Türkiyə, İran, Hindistan, Meksika serialları əsasən gənc təbəqənin marağını cəlb edir. Səbəb isə seriallarda təbliğ olunan həyat tərzi, "azadlıq", sərbəst davranışdır. Bizim ölkədə gənc nəslin həvəs göstərdiyi, təkrarlamağa çalışdığı yaşam tərzi braziliyalılara baha başa gəlib. Bu ölkənin əhalisinin seriallardan asılılığı son 20 ildə bu ölkədə doğuş sayının azalmasına, boşanma hallarının kəskin artmasına səbəb olub. Braziliya və Latın Amerikası serialları isə demək olar ki, bir-birinin eynidir. Mövzular təxminən belədir:

- Kasıb oğlanla varlı qızın məhəbbəti;
- Ərinə xəyanət edən qadın və yaxud da əksinə;
- Zəngin atasını 20 ildən sonra tapan kasıb övlad;
- Bir-birini sevən gənclərin sonda bacı-qardaş çıxması;
- Varlı olmaq uğrunda bütün mənəvi dəyərləri qurban vermək.

Müşahidələrimizə və bu yazıya bağlı kiçik araşdırmamızın nəticələrinə görə, bizim ölkənin intellektual təbəqəsi seriallara baxmır, nə onların səviyyəsi buna imkan verir, nə belə "sabun operaları"na xərcləyəcək vaxtları var. Məhz bu üzdən seriallar həmişə cəmiyyətin intellektual cəhətdən aşağı təbəqələrinə ünvanlanır və bu auditoriya da gözlənildiyi kimi "verilən yeməyi iştahla yeyir".

Evdar qadınların ən yaxın dostu

Qadınlarımızın böyük əksəriyyəti çalışmır, evdar xanımdır. Ev işlərindən, uşaqların qayğısından, yoldaşına xidmətdən sonra əlində pult televizor qarşısında oturub seriallara baxmaq bir çox evdar qadın üçün sözün əsl mənasında dincəlmək deməkdir. Bir serial bitdikdən sonra o birinə, o bitdikdən sonra digərinə baxan qadın altşüurunda gedən proseslərdən çox vaxt xəbərsiz olur. Çox az qadın serialın gerçək hədəfinin nə olduğunu anlayır. Seriallardakı dəbdəbəli həyatı, restoranlardakı gecələri, lüks maşınları, saray kimi evləri xəyal edən qadınlar da az deyil.

Ailə cəmiyyətin ən fundamental elementidir, necə deyərlər, təməl daşıdır. Ailə nəslin davamı, cəmiyyətin dincliyi, gələcəyin qurucuları kimi bir çox vəzifəsini yerinə yetirməklə birlikdə hər bir fərdin həyatında çox əhəmiyyətli bir yer tutan sevgi ehtiyacı, psixoloji inkişaf, təhsil, mədəni dəyərlər ehtiyacların qarşılandığı ən vacib təşkilatdır. Nahaq yerə demirlər ki, ailə kiçik dövlətdir. Hər bir insanın özünü güvəndə hiss etdiyi, təklikdən xilas olduğu, sevgisini, kədərini paylaşdığı, gündəlik həyatın qarmaqarışıqlığından uzaqlaşıb dinclik tapdığı yer ailəsidir.

Seriallardakı həyata həvəs göstərən qadınlar ailədə istəyərək, ya da istəməyərək problemlərə səbəb olurlar. Serialdakı kimi həyat arzulayan, hər gün yeni geyim, yeni bəzək əşyası istəyən, hər gecə restoranlarda əri ilə şam etmək istəyən, övladına dayə tutan, mətbəxinə girməyən, işdən yorğun gəlmiş ərinə fast-food sifariş edən qadın özündəki dəyişikliyi, demək olar ki, görmür.

Bir sözlə, bu gün seriallar cəmiyyətimizə yad olan bütün ünsürləri özü ilə sürüyüb gətirir, toxunulmaz mənəvi dəyərlərin fundamental dəyişikliklərə uğramasına təkan verir, insanları psixoloji cəhətdən sarsılmış zombiyə çevirməyə çalışır. Sanki hansısa qlobal sehrli bir əl bütün bu prosesi şüurlu şəkildə idarə edir. Bu sehrli əlin sahibi ilə bizim aramızda psixoloji müharibə davam edir. Oyunçu aparsın...


Tarix: 19.05.2013 / 16:01 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 365 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...