Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kişilərin qadınların həyatını “puç” edən xobbiləri

Niyə bizdə xobbi deyiləndə "çayxana həyatı" daxilində olan oyunlar yada düşür?

Problemi necə həll etməli?

Həmidə xanım 7 ildir evlidir. Ailə münasibətləri normaldır. Ancaq onun bir şikayəti var. Həyat yoldaşı işdən sonrakı vaxtını ancaq "həmkarlarıyla" domino oynamaqla keçirir. Bu artıq onda bri xobbi, vərdiş halını alıb və lazımi şeylərə, ən əsası, ailəsinə vaxt ayırmasına mane olur. Onun beynində artıq oyunda udub-uduzmaq məqamı ön plana keçir. Həlimə xanımın sözlərinə görə, belə olduqda da, ailədə yersiz söz-söhbətlər yaranır və əri də bu zaman yenə də öz "məkanına"-çayxanaya qaçır. Xanımı isə çoxları üçün normal həyat tərzi və heç də problem olmayan bu məsələnin çıxış yolunu tapmadığı üçün narahatdır.

Pataloji asılılığın həlli varmı?

Təbii ki, hər bir ailədə bu kimi, yaxud da kiçik və ya böyüklüyündən asılı olmayaraq, bir problem olur. Bəzi məsələləri isə problem hesab edə bilmirsən, ancaq sənin həyatını çətinləşdirir, normal axarını pozur, həll olunacaq məqamların həllini ertələyir. Bu baxımdan evli qadınları narahat edən məsələlərdən biri də həyat yoldaşının hər hansı xobbiyə malik olmasıdır. Hər bir insanın həyatında bu və ya digər xobbi var. Bunlar aşağıdakılardan ibarət ola bilər: marka yığmaq, futbol, idman, kart, alkoqol, yoqa və s. Hətta xeyirli bir məşğuliyyətin də həddən artıq aludəçisi olmaq. Bütün bunlar insanı o qədər özünə cəlb edir ki, bəzən o, özü də bilmədən yaratmış olduğu xobbi həyatında yaşamağa başlayır. Yaxud da buna o qədər aludə olur ki, ətrafdakıları yaddan çıxarır, bəzənsə bu məşğuliyyətlə ətrafdakıları narahat edir.
Həyat yoldaşının hər hansı bir xobbiyə malik olması qadınları özündən çıxarır, onların daha çox həmin işlə məşğul olmasından şikayətlənirlər. Ancaq psixoloqlar bildirirlər ki, əgər həyat yoldaşınız illüziya dünyasına qapılıbsa, ətrafdan xəbəri yoxdursa, bunun qarşısını almaq olar. Bu, elmdə patoloji asılılıq kimi ifadə olunur. Bunun qarşısını almaq istəyirsinizsə, özünüzə bir neçə sual verin: siz bundan əzab çəkirsiniz? Yoldaşınız buna nə dərəcədə aludə olub? Nə qədər vaxt ayırır? Evdə hər hansı bir iş görürmü? Ailəsi ilə gəzməyə gedirmi? İşdə bu işlə məşğul olurmu? Əgər söhbətləri ancaq bu suallar ətrafında qurub, bu kimi suallara daha çox təsdiqləyici cavablar alırsınızsa, onda sizin yoldaşınız artıq öz xobbisindən asılı vəziyyətdədir. Əlbəttə, siz çox zaman həyat yoldaşınızın pis xobbisindən danışırsınız, onun sizə necə əzab verdiyini söyləyirsiniz. Ancaq siz onu da bilməlisiniz ki, bəzi xobbilər insan üçün böyük əhəmiyyət daşıyır.

Qadın nə etməli?

Bəzi xobbilərin çoxu böyük enerji sərfinə gətirib çıxarır. Bu da insanın bədənində olan artıq enerjinin çıxmasına səbəb olur. Artıq qalan vaxtın necə sərf olunmasının da böyük əhəmiyyəti var; məsələn: hər hansı bir etiketin kolleksiyası alkoqolizmdən, evdə komyuterdə oynanılan oyunlar isə lazımsız yerlərə getməkdən çəkindirir.
Həyat yoldaşınızın hər hansı bir xobbisini tərgitməyə çalışdıqda ətrafdakılarla və ya psixoloqla məsləhətləşməyə çalışın. Əgər buna imkanınız çatmırsa, onda aşağıdakıları edə bilərsiniz.
Bunun üçün, ilk növbədə, hər ikiniz oturub səmimi söhbət aparmalısınız. Onun bu işdən əl çəkməsini, ailənizə daha çox vaxt ayırmasını xahiş etməlisiniz. Əgər bunun köməyi olmasa, onun hərəkətlərinə nəzarət etməli və ona öz kömək əlinizi uzatmalısınız. Əgər bütün bunlar da sizə kömək etmirsə, onda aşağıdakı vasitələrdən də istifadə edə bilərsiniz.

Heç bir kişi aciz olmaq istəməz
O, xobbisinə qapıldığı zaman xoş anlarınızda çəkdirdiyiniz hər hansı bir şəkil və ya videosüjeti ona göstərmək olar və ya onun xobbisinə qapıldığı anda şəklini və ya videosunu çəkərək saxlamaq, sonra ona müqayisə etmək üçün hər iki anının şəklini və ya videosüjetini göstərmək olar. Bu zaman həyat yoldaşınız özünün necə zəif adam olduğunu, acizliyini görəcək. Heç bir kişi özünün aciz, yazıq, zəif adam olmasını istəmir, bu hala düşməsini arzulamır, ətrafdakıların onu güclü varlıq kimi qəbul etməsini istəyir. Bunu anladıqdan sonra o, xobbisindən bir qədər soyumağa çalışacaq.

Faydalı bəhanələr gərək...

Lakin bu üsul da faydasızdırsa, sizin başqa bir əlacınız var. Xobbisi ilə məşğul olduğu vaxt onu hər hansı bir bəhanə ilə qonaqlığa, gəzintiyə, ev işlərinə, şam süfrəsinə və s.-yə dəvət edin. Lakin bura özünüzün və ya uşağınızın xəstəliyi bəhanəsi aid edilməməlidir. Bəzi qadınlar var ki, ərini hər hansı bir işdən ayırmaq üçün özlərinin və uşaqlarının xəstəliyindən istifadə edirlər. Lakin bu, çox vaxt yaxşı səmərə vermir. Bu cür yalanların üstü açıldıqda yoldaşınızın sizə qarşı marağı sönəcək, inamı itəcək.
Yenə də çarə tapa bilmirsinizsə, onda həm onu, həm də özünüzü seçim qarşısında qoyun: ya bu problemdən qaçın, ya da onu bu problemdən qurtarın. Onu bu problemdən qurtara bilmirsinizsə, onda yaxşı bir psixoloqla məsləhətləşin.
Bəzi qadınlarımız da var ki, onlar üçün həyat yoldaşının hər hansı xobbisi heç də problem deyil və ona yanaşma üsulu, bəlkə də, həyatlarını daha rəngarəng edir.

"Heç bir xobbi sevgini üstələməz"

Yazar Şəbnəm Karslı bunu problem etməyən xanımlardandır: "Yoldaşımın ən böyük xobbisi futboldur. Dəlicəsinə Trabzonspor fanatıdır. Bunu isə problem və ya xoşagəlməzlik kimi qəbul etmirəm. Ailəmi çox sevirəm və onun sevdiklərini də sevməyi bacarıram. İlk tanışlıq günlərimizdə Trabzonspor komandasına qarşı heç bir hissim və ya onlar haqqında məlumatım yox idi. Azarkeşliyi də bacaran biri deyildim. Lakin yoldaşımın azarkeşliyi məndə də maraq oyatdı. İndi biz maç izləməyə bərabər gedirik, onun dəstək verdiyi komandaya mən də dəstək verirəm. Bu, olduqca maraqlıdır. Ümumiyyətlə, ailədə heç bir xobbinin sevgini üstələyəcəyinə inanmıram, təbii ki, söhbət sağlamlığa zərərli olmayan və hüquq daxilində olan xobbilərdən gedir". Hər bir qadının bacara biləcəyi bir addım və bundan ötrü ailəsində problem yaratmağa dəymədiyini anlamaq məsələni heç də qəlizləşdirmir.

Xobbisi olmaq da bir fərasətdir

Ancaq hər kişinin sağlam xobbisi olmur və bununla həm öz həyatını, həm də ailəsinin həyatını alt-üst edə bilir. Əslində, bir insanın xobbisinin olması gözəl bir şeydir. Deməli, sənin müəyyən maraqların, maraqlanmaq üçünsə normal həyat tərzin, təfəkkürün, maraqlarına ayıracaq vaxtın var. Ancaq həyatını düzgün xobbiyə yönləndirmək də sağlam düşüncə tələb edir. Heç bir xobbiyə sahib olmamaq isə təəssüfedici bir haldır.
Səadət xanım isə deyir ki, həyat yoldaşının elə bir xobbisi yoxdur: "Kişilərin siqaret çəkməsini bəyənmirəm, amma yoldaşım da elə çəkın deyil. Uşaq deyil ki, hər hansı oyunlara aludə olsun. Futbol oynamağa marağı olsa, sağlamlıq cəhətdən yaxşı olardı. Yoldaşım heç nərdtaxta belə oynamağa maraq göstərmir. Bəzi digər şeylər də onun səviyyəsinə uyğun deyil heç".

"Çayxana həyatını", qumarı xobbi seçənlər

Günel xanım isə, bir çox qadınlar kimi yoldaşının gününü çayxanalarda keçirməsindən narazıdır. Deyir ki, sanki çayxanasız yaşaya bilmir. Ərinin məşğuliyyət olaraq nərd, domino oynamağı, çay, pivə içməyi seçməsi onunçün, həqiqətən, problemdir.
Arzunun həyat yoldaşı isə, belə məkanlarda kart oynaya-oynaya və bunun sadəcə bir məşğuliyyət, boş vaxtını keçirmək üçün bir vasitə olduğu deyə-deyə sahib olduğu hər şeyi bir gün bu yolda itirənlərdəndir. Yəni "qumar borcu namus borcuna" çevrilən bir məqam.

Çoxlarının bu barədə fikrini öyrəndikdə ya vaxtının olmadığını, ya da domino, kart kimi oyunlarla vaxt keçirdiklərini bildirirlər. Niyə bizdə ancaq belə bir şey xobbi kimi qəbul edilir? Xüsusilə, gənclər vaxt tapan kimi heç bir fayda verməyəcək oyunlar arxasınca qaçır və gələcəkdə də həyatını düzgün qura bilmir. Dünyagörüşü çox dar bir çərçivədə qapanıb qalır. Belə bir gəncin də hər hansı dünyagörüşlü bir xanımla ailə qurması zaman, onun ərinin vaxtını çayxanalarda domino oynamaqla keçirməsi, söhbət etmək üçün ortaq cəhətləri, mövzularının olmaması, təbii ki, problem yaradır. Bu baxımdan, ailə quranda hər bir cəhətdən diqqətli olmaq lazımdır. Sonra gec olmasın deyə...

Kənan Hacı da bildirir ki, kişilərin xobbisi zərərli, ailəyə toxunacaq dərəcədə olmamalıdır: "Mən şahmat oynamağı xoşlayıram və bu, mənim xobbimdir.
Bu da ailədə heç bir problemə səbəb olmur". Bir çox kişilər də, belə düşünsə, qadınların şikayəti də azalar və normal həyat tərzi keçirərlər.


Tarix: 18.05.2013 / 14:37 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 297 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...