Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sən məni Allahdan istəməyi bilmədin (2-ci bölüm)
Sən məni Allahdan istəməyi bilmədin (2-ci bölüm)

Rəhman əsgərlikdən qayıdan kimi Rusiya Federasiyasına işləməyə getmişdi. Orada özünə iş qurmuş , ata-anasına pul göndərərək, onların yaşayış səviyyəsini xeyli dəyişmişdi. Kərim kişi həyət-bacasını, evini söküb yenisini tikmiş, təmir etdirmişdi. İndi ogluna toy etmək istəyirdi. Süleyman kişinin qızı Aliyəni məsləhət etmişdilər evdə. Sona xanım Süleyman kişinin qızlarının tərifini çox eşitmişdi. Odur ki, oglu Rəhmana da Aliyə ilə evləməsini arzu etmişdi. Kənddə danışırdılar ki, bu bacılar evdar və çox mehriban, həm də çox gözəl qızlardır.
Rəhman evin ikinci uşagı olsa da, özündən böyük qardaşı və kiçik bacıları da ailə qurmuşdu. Ailədə subay bir Rəhman idi. Odur ki, Kərim kişi onu da evləndirib, bu dünyadan gedəndə rahat getmək istəyirdi.
Aliyə arabir Rəhmanın şəklinə baxır, amma tam qərarını verə bilmirdi. Oglan zahirən onun çox xoşuna gəlmişdi. Amma onun haqqında heç nə bilmirdi, nə xasiyyəti haqqında, nə də özü haqqında bir kəlmə belə eşitməmişdi. Sanki Rəhman iki gün bundan öncə, elə göydən düşmüşdü. Aliyə, ailə qurmuş rəfiqələrinin çoxunun xoşbəxt oldugunu, həyatından razı olduğunu eşitmişdi. Amma özü ailə qurmaq haqqında heç düşünməmişdi. Hələ də uşaqlıqda oldugu kimi bu evdə, bu həyətdə sərbəst gəzib dolaşır, ata-anası, bacıları ilə hara getmək lazım olanda gedirdi.
İndi isə bu şəkil onun bütün rahatlığını əlindən almışdı. Bacılarının dediyinə görə valideyinləri razı imişlər bu işə. Süleyman kişinin xasiyyətinə bələd olan Aliyə, düşünürdü ki, demək yaxşı ailədilər ki, atam razıdır. Ona görə də yavaş-yavaş ürəyində bir istilik yaranmağa başlayırdı. Şəkildəki oglanın da, get-gedə baxışları mülayimləşirdi.

Rəhman anasından aldıgı xəbərə bilmədi nə desin. Ona qız tapmışdılar. Atası onu təcili rayona çagırırdı. Rəhman düşüncəli halda evə çatdı. Oturub dərindən nəfəs aldı. Ətrafa göz gəzdirdi. Nə edəcəyini düşünə bilmirdi. Ürəyində bir ad durmadan səslənirdi: "Aliyə". O bu qızla evlənməli idi. Atasının tündməcaz oldugunu bilirdi. Bilirdi ki, getməsə ona bərk acıgı tutacaq. Onun isə evlənmək heç ağlına da gəlmirdi. Ürəyində acı bir sıxıntı var idi.
Sona xanımgilin evində şadyanalıq idi. Kəndə səs düşmüşdü, Rəhman evlənməyə gəlir. Rəhmanın bacılarının əl-ayagı yerə dəymirdi. Sona xanım biş-düş eləmiş, çeşid-çeşid yeməklər hazırlamışdı. Qoyunlar kəsilib, kabablar hazırlanmışdı. Süfrələr bəzənmişdi. Həyətdə qurulan stolların ətraına qohum- qonşular əyləşmişdi. Hamı Rəhmanı gözləyirdi. Qardaşı Salman onu qarşılamaga getmişdi. Sona xanımın böyük gəlini Rəna da sevinclə qulluq edirdi. Lakin onun bu sevincinin üstünə bəzən qaynanası Sona xanımın kinayəli baxışları kölgə salırdı.
İllər öncə onu da belə şadyanalıqla bu evə gəlin gətirmişdilər. Lakin çox keçməmişdi ki, Sona xanımla gəlini arasında ziddiyət başlamış, Kərim kişi böyük oğluna ev tikib ayırmışdı. Ona görə də, indi Rəna burda qonaq kimi hərlənirdi. Yəni Sona xanımın üzündəki o kinayə, onu sərbəst olmaga qoymurdu.
Uzaqdan maşın səsi eşidildi. Hamının nəzərləri küçəyə zilləndi. Gələn Salman idi. Maşın düz qapının agzında dayandı. Qardaşlar maşından düşdü. Hamı Rəhmanla görüşmək üçün ona sarı gəldi. Sona xanımla Kərim kişi hamıdan qabaqda idi. Ana balasını bağrına basdı. O üzündən, bu üzündən öpdü, qoxladı, özündən aralayıb üzünə doyunca baxmaq istədi. Kərim kişi:
-Ay qız, bir imkan ver biz də görüşək, dedi.
-Ay Kərim, darıxmışam axı balam üçün, qoy görüm bir necədir.
Kərim kişi oglunu qucaqladı. Ürəyindən qəribə bir kövrəklik keçdi. Oglu yekə kişi olmuşdu. Onu qardaşı Cəmilə bənzətdi. Cəmil Böyük Vətən müharibəsinə getmiş, geri dönməmişdi. Odur ki, sanki qardaşının quxusunu, təsəllisini oglu Rəhmanda tapdı. Gözünün nəmini, qəlbinin qəmini hamıdan gizlətdi. Qonaqlar, hamı Rəhmanla görüşdü, Rəhmanın bacıları sevinclə onun boynuna sarıldılar. Gəlinləri Rəna gəlib kiçik qardaşı kimi onu bagrına basdı. Rəhman hörmətlə onu qucaqladı.
Gələnlər şadyanalıqla yeyib-içib getdilər. Almaz gülə-gülə qardaşının yanına gəldi.
-Nay-na-nanay, nay-na-nanay, ay qaqa, toyundur e, bir süzəcəyəm ki, toyunda. Qurban olaram qardaşıma. Görün necə gözəl qardaşım var, elə seçdiyimiz qız da gözəldir, "tfu-tfu". Allah hər ikinizi bəd nəzərdən saxlasın.
Rəhman bacısının şadyanalıqla dediyi sözlərdən qızaran kimi oldu, özünü itirdi. Axı o hələ qızı görməmişdi. "Yaxşı deyiblər ki, qız evində toydu, oglan evinin xəbəru yox" -deyə düşündü. Amma özünü o yerə qoymayıb, sakitcə gülümsədi.
Sona xanım hər şeyi ölçüb-biçmişdi. Aliyəni ogluna göstərmək üçün plan da hazırlamışdı. Aliyəgilin qonşulugunda toy olacaqdı. Böyük oglu Salmanı da o toya dəvət etmişdilər. Sona xanım Rəhmanı da onunla birlikdə toya yollayacaq və Salman ona qızı orada göstərəcəkdi.
Rəhman Aliyənin şəklini görəndə xoşuna gəlmişdi əslində. Amma ürəyindəki sıxıntı onu rahat buraxmırdı. O anasının üzünə baxır, bütün bu işlərin necə olacagını sanki, gözlərilə anasından soruşurdu. Anası isə bunlara məhəl qoymadan öz işində idi. Rəhmanı təsirləndirən, əl-qolunu bağlayan o idi ki, hələ qıza ondan xəbərsiz elçi də getmişdilər. Anasının onun yalvarışlı baxışlarına məhəl qoymadığını görən Rəhman, utanmağı bir kənara qoyub, ondan soruşdu:
-Ana, sən hər şeyi bilə-bilə niyə bu addımı atırsan? Xalxın gül kimi balasını niyə bədbəxt edirsən? Axı sən bilirsən ki, mənim övladım var. Rus da olsa yoldaşım var. Bəs onlar necə olsun?
-Necə olacaq, heç nə. Onlar sənin ordakı ailən olsun bu da el adəti ilə gətirdiyimiz gəlin olar, burdakı ailən olar.
Anasının bu cavabına mat qaldı. Onun bu cür soyuqqanlı davranışı onu çaşdırdı. "Necə yəni, mənim iki ailəm olmalıdır?" fikriyilə gözünü uzaqlara dikdi...xəyaldan ayrılıb üzü daglara sarı getməyə başladı. Qarşıda daglar sıralnmış, sanki bu yerləri kimdənsə gizlətmək istəyirdi. O, gəlib bulağın yanına çatdı. Siqaretindən dərin bir qullab alıb, köksünü ötürdü. Gözünün qabağına Tanya və kiçik oglu Ruslan gəldi. Rəhman gələndə hər şeyi ona olduğu kmi danışmışdı. Vəziyyəti başa salmışdı. Tanya bu sözü çoxdan gözləyirdi. Bilirdi ki, bu qafqazlı, qaragöz oğlanı bir gün onun əlindən alacaqlar. Amma, ona olan sevgisi azalmamışdı. Bir möcüzə olacağına, Rəhmanın onu atmayacağına əmin idi sanki.
Şırıltı ilə axan bulağın səsi onu xəyallarından ayırdı. Getmək lazım idi. Salman onu gözləyirdi. Onlar toya gedəcəkdilər. Bu işlərin sonu necə olacağını anlaya bilməyən Rəhman, evə gələrək, qardaşı ilə birlikdə toya getdi. Onlar yol boyu dinib danışmır, hər ikisi siqaret çəkirdi. Anasının tərsliyinə Salman çoxdan bələd idi. Amma o, elə düşünürdü ki, Rəhman Aliyə ilə evləndikdən sonra Tanya ilə əlaqəsini kəsəcək. Anasının qorxunc fikirlərindən onun xəbəri yox idi. Beləcə qardaşlar hərə öz dünyasında, fikirlər içində toy evinə çatdılar. Onları mehribanlıqla qarşılayan toy yiyəsi , Salmanın qardaşını görüb ikiqat sevindi.
-Ay Rəhman xoş gəlmisən. Həmişə elində, obanda. Nə yaxşı ki, sən də gəldin. Heç gəlişindən xəbərim olmayıb. Burda olub gəlməsəydin inciyərdim səndən, keçin yuxarı başa
Qabaqda bir dəstə qız evə, təzə gəlinin yanına keçmək üçün toyxanadan çıxırdılar. Rəhman onların arasında Aliyəni gördü. Aliyə agappaq don geymiş, qara, qıvrım, uzun saçlarını kürəyinə tökmüşdü. Aliyə bu baxışları duydu sanki. Geri çevrildi. Onların baxışları rastlaşdı bir an. Aliyə qıpqırmızı oldu. Bu baxışları tanıdı. Bu ona şəkildən baxan oglan idi, Rəhman idi. ”Gəlib demək”- deyə ürək çırpıntıları ilə düşündü. Özünü-sözünü bilmədi bir an. Qızlardan geri qalmayaraq irəlilədi. Rəhman isə, gedib yerində otursa da, qızın gözəlliyi gözünün qabagından getmədi...


Tarix: 29.04.2015 / 10:44 Müəllif: Aziza Baxılıb: 335 Bölmə: Maraqli Hekayeler
loading...