Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hikmət dolu fikirlər

Bir gün Loğman oğluna “ sənə üç məsləhət vermək istəyirəm” deyir:

— Birincisi, çalış həyatın boyu dünyanın ən ləzzətli yeməklərini yeyəsən.

— Ikincisi, çalış dünyanın ən rahat yataqlarında yatasan.

— Üçüncüsü, çalış dünyanın ən yaxşı saraylarında yaşayasan.

Loğmanın oğlu nəsihətlərdən təəccüblənərək:

— Ata, bizim kiçik və kasıb bir ailəmiz var. Bu kasıb vaxtımızda bunlara mən necə nail ola bilərəm?

Cavabında Loğman buyurur:

— Oğlum, əgər gec və az yemək yesən, o yemək sənin üçün dünyanın ən ləzzətli yeməyi olar. Əgər çox çalışıb gec yatsan, yatdığın hər hansı bir yer sənin üçün dünyanın ən rahat yeri olar. Əgər insanlarla mehriban davranıb, onların qəlblərində özünə yer tapa bilsən, demək dünyanın ən gözəl evlərinə, saraylarına sahibsən.


* * *

Məhəmmədşah Qacarın zamanında bir qoca yaşadığı şəhərin hakimindən baş vəzirə şikayət edir. Vəzir şikayətə baxır və qocanın haqlı olduğunu görür.

Lakin qocanın şikayət etdiyi şəhər hakimi baş vəzirin qohumu olduğundan, vəzir heç bir tədbir görmür və ona İsfahana gedib, orada yaşamağı məsləhət görür:

Qoca: İsfahanın hakimi də sizin qardaşınız oğludur.

Baş vəzir: Onda Şiraza get!

Qoca: Şirazın hakimi isə sizin bacınız oğludur!

Baş vəzir: Elə isə Təbrizə get!

Qoca: Təbriz də sizin nəvənizin ixtiyarındadır.

Baş vəzir qocanın cavablarından əsəbləşərək:

— Cəhənnəmin dibinə get! — deyir.

— Təəssüflər ki, orda da sizin mərhum atanız var – deyə, qoca cavab verir.

* * *
Bir qoca məmləkətin hökmdarını görmək üçün təcili saraya gedir, amma mühafizəçilər onu buraxmırlar.

Bağçada gəzən hökmdar içəri girmək üçün səs-küy salan qocanın səsini eşidir və mühafizəçilərə onu içəri buraxmalarını əmr edir. Hökmdar ondan soruşur:

— Nə olub, niyə səs-küy salmısan?

— Oğru… Oğru bütün mal-mülkümü oğurlayıb. Heç bir şeyim qalmayıb.

— Oğru evinə girəndə sən haradaydın?

— Yatmışdım.

— Niyə yatmışdın ki, malını da oğurlasınlar?

— Mən yatmışdım, çünki hesab edirdim sizlər oyaqsınız.

Kişinin bu cavabı hökmdarı düşünməyə vadar edir, daha sonra qocaya dəyən ziyanın xəzinədən ödənilməsini əmr edir və deyir:

— Sən haqlısan qoca. Xalq yatsa da bizlər oyaq və ayıq olmalıyıq. Biz oyaq olsaq ölkədə oğurlq və özbaşnalıq olmaz.


Tarix: 03.12.2014 / 14:00 Müəllif: Aziza Baxılıb: 92 Bölmə: Maraqli Hekayeler
loading...