Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tərbiyəvi hədislər...

Tərbiyəvi Hədislər


Peyğəmbər (s.ə.s) buyurub: "Əgər qonşu səndən kömək istəsə kömək et, borc istəsə borc ver, sənə ehtiyacı olsa ehtiyacını aradan götür. Başına bir müsibət gəlibsə, ona ürək-dirək ver, könlünü al, bir xeyir işi olanda onu təbrik edib gözaydınlığı ver, xəstələnsə ona baş çək, halı ilə maraqlan, dünyadan köçəndə dəfnində iştirak et. Evini onun evindən hündür tikmə ki, ona tərəf gələn hava axınının qarşısını alasan, amma özü icazə verərsə eybi yoxdur. Öz övladının əlinə meyvə verib bayıra çıxarma ki, qonşunun övladı onun əlində meyvəni görüb narahat olar. Qazanda bişirdiyin xörəyin iyi və tüstüsü ilə qonşunu narahat etmə, əgər bunu bacarmasan, onda yeməkdən bir qədər ona göndər".

İmami Əli(ə) oğlu Həzrəti Həsənə(ə) bunları söylədi:"Oğlum, sənə dörd şey öyrədimmi ki, onlara əməl etməklə həkimə ehtiyacın olmasın? Dedi: "Bəli, ata, öyrət". Həzrət buyurdu: "Sağlamlıqdan gözəl heç bir paltar yoxdur. Odur ki acmayınca süfrə başında oturma, yeməkdən tam doymamış süfrədən qalx, yeməyi yaxşı çeynə və yatmaq istəyəndə ayaqyoluna get. Əgər bunlara əməl etsən, həkimə möhtac olmazsan. Bir də oğlum, isti yeməyi soyut. Çünki sevimli Peyğəmbərimizin qabağına isti yemək qoyulduqda, o buyurdu: "Qoyun soyusun, Allah bizə od yedizdirmir, bərəkət soyuq yeməkdədir. Unutma, oğlum, sağlamlıq nemətlərin ən yaxşısıdır".

Peyğəmbər (s.ə.s)"Allah-Təala qadınlara qarşı kişilərdən daha mehribandır. O kişi ki anasına, həyat yoldaşına, qızına, bacısına, nənəsinə, qayınanasına, xala-bibilərinə və digər doğma qadınlara yaxşılıq edərək qəlbini açır, Qiyamət günündə Allah tərəfindən böyük mükafat alacaq. Əgər kişi bazara daxil olub ailəsinə bir hədiyyə alsa, min yetimə sədəqə vermiş kimidir. Özü də hədiyyə paylayanda birinci qız uşaqlarından başlamaq lazımdır. Unutmayın, oğlanlar nemət, qızlar isə yaxşılıqdırlar. Allah nemətlərə görə sorğu-sual edər, yaxşılıqlara görə isə mükafat verər".

İmami Əli(ə)."Bir gün Həzrət Məhəmməd Peyğəmbər bir kişinin iki övladından birini öpdüyünü, digərini isə öpmədiyini gördü. Sevimli Peyğəmbərimiz bu səhnədən çox narahat oldu və belə buyurdu: "Nəyə görə onların arasında ayrı-seçkilik saldın? Övladlarınız arasında fərq qoymayın! Uşaqlarınızın sizə ehtiram və hörmət qoymaqda ədalətli olmalarını istədiyiniz kimi, siz də onların arasında ayrı-seçkilik salmayın!".

İmami Cəfər Sadiq(ə) buyurub: "Bilirsinizmi Novruz günü nə günüdür? Bu günün qədim kökü var. Novruz Allahın bəndələrdən Ona ibadət etmələrinə və heç nəyi Allaha şərik qoşmayacaqlarına, elçilərinə, imamlara iman gətirəcəklərinə vədə aldığı bir gündür. Novruz - günəşin doğduğu ilk gündür. Novruz Bayramı yaxınlaşanda bədənini yu, ən təmiz paltarlarını gey, ən xoş qoxulu ətirlərlə özünü ətirləndir".


Tarix: 04.12.2014 / 11:38 Müəllif: Aziza Baxılıb: 183 Bölmə: Maraqlı melumatlar
loading...