Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ALLAH Muhammed Ya Eli

Nə üçün "Allah, Muhəmməd, Ya Əli" deyirlər, "ya" sözünü "Əli"nin qarşısında işlədir, o biri isimlərdən öncə işlətmirlər? Əslində, bu mövzu barədə düşüncələrimi oxucularla paylaşmaq çoxdan ürəyimdən keçirdi, ancaq ehtiyat edirdim: birdən fikrimi kifayət qədər açıqlaya bilmədim? Bəlkə, izahımdan oxucuda cavab əvəzinə daha çox sual meydana gəldi? Məsələ doğrudan da ciddidir, çünki bəziləri bundan sui-istifadə də edə bilərlər, bəziləri üçün məsələ təəccüblü görünər. Lakin bir halda ki, bu sual ateist izahlı İslamı düşüncəyə malik insanları düşündürür, o zaman məsələnin geniş şərhinin vaxtı çatmışdır.



Ən çox ictimai nəqliyyat vasitələrində rast gəlinən bu xitab növünü kimisi güzgünün üzərinə, kimisi şüşəyə, kimisi xalça parçasına, kimisi daha başqa yerə yazdırır. Sürücü mühərrikini işə salanda, satıcı siftə edəndə "Allah, Muhəmməd, ya Əli!" deyir. Görünür, kimisi üçün bu dua, kimisi üçün tilsim, kimisi üçün də sehrli sözdür. Hamımızdan çox həyatı təhlükə ilə qarşı-qarşıya olan sürücülərdir! Səhər iş üçün evdən çıxan bu peşə sahiblərinin ailə üzvləri qədər narahatlıq keçirən daha hansı peşə sahibləri, onların ailə üzvləri var? Halbuki, heç birimiz bir an sonra sağ qalıb-qalmayacağımızı bilmirik. Kaş insanların hamısı həyatlarının bir tükdən asılı olduqlarını sürücülər qədər hiss edəydi. O zaman yəqin ki, Allah adı çox adamın iş masasının istündə, ən görkəmli yerdə olardı. Nə isə...
"Allah, Muhəmməd, Ya Əli!"
Yox ... İnsan bu dünyadan hər an gedə biləcəyini düşünür və Allahı, Peyğəmbəri, xəlifələri xatırlayır.
Gözəldir amma... Amma nə üçün "ya" sözü təkcə "Əli" sözünün qarşısında işlədilir? Maraqlıdır deyilmi?
Öncə bu məsələ üzərində dayanmaq istərdik ki, İslam əxlaqı kiməsə və ya kimisə sadəcə adı ilə dilə gətirməyib. Söhbət Allahdan, Peyğəmbərlərdən, xəlifələrdən, səhabələrdən, qısacası İslamın hər hansı bir sahəsində tanınmış adamlardan gedirsə getsin, ya bu adların əvvəlində, ya sonunda hörmət ifadə edən müəyyən sözlər işlədilir. Məsələn, "Allah" deyərkən, ondan sonra "cəllə cələluhu" sözü işlədilir, yaxud "Allah" əvəzinə sinonim sözlər və ifadələr - "Haqq Təala Həzrətləri", "Cənabı Haqq", "Allah Təala" və s. işlədilir. Kainatın fəxri Peyğəmbərimizin adı çəkilərkən "Allahın salatı və salamı onun üzərinə olsun" mənasında gələn "Aleyhissalatu vəssalam", "Sallallahu Aleyhi və səlləm" sözləri, digər peyğəmbərlərin adları çəkiləndə "əleyhissəlam" sözü işlədilir. Bəzi ölkələrdə Peyğəmbərimizə (səllallahu əleyhi vəssəlləm) hörmət əlaməti olaraq yeni doğulan körpələrinə onun adı tək verilmir, onun ətrafında olan digər insanların adı da əlavə eilir. Məsələn, Muhəmməd Əmin, Muhəmməd Əli, Muhəmməd Sadiq. Hətta Muhəmməd yerinə Mehmet belə deyilir. Peyğəmbərimizə (səllallahu əleyhi vəssəlləm) sayqı və hörmətdə qüsur etməkdən qorxan bu insanlar "Birdən Onun adından sonra ləyaqətsiz bir söz işlədərəm, Onun xətrinə dəymiş olaram," - deyə ehtiyat edirlər.
Bu, sadəcə hörmət ələməti deyildir, inananlar üçün bu, Allahın (cəllə cəlaluhu) əmridir. Əmr isə icra edilməlidir: "Allah və mələkləri Peyğəmbərə çox salat edərlər (onun şərəfini qorumağa, şanını ucaltmağa xüsusi əhəmiyyət verərlər). Ey möminlər! Siz də ona səlat edin və tam bir təslimiyyətlə salam verin" (Əhzab, 56).
Digər dini dünyagörüşlərindən fərqli olaraq İslam bütün peyğəmbərləri qəbul etdiyindən, onların atamız olduğunu xatırlatdığından bu sayqı və hörmət, əlbəttə ki, bütün peyğəmbərlərə də aid edilməlidir. Qurani-Kərim (diqqət edin, "Quran" sözü də tək işlədilmir, onun da kimin Kitabı olduğu, dəyəri nəzərə çatdırılır), bu barədə deyir: "Biz Allaha və Onun qatından bizə endirilənə; İbrahim, İsmayıl, İshaq, Yaqub və əsbata endirilənə, Musa ilə İsaya verilənlərə, Rəbləri tərəfindən digər peyğəmbərlərə gələnlərə, onlar arasında heç bir fərq qoymadan inanır və biz sadəcə Allaha təslim olduq" deyin." («Bəqərə» surəsi, 136).
Buna görədir ki, təkcə səhifələr haqqında deyil, kitablar haqqında deyil, onların nazil olduqları insanlar - peyğəmbərlər haqqında danışarkən öncə "Həzrəti" sözünü, sonra "əleyhissəlam" sözləri işlədilir. Bütün bunlara baxmayaraq adi vətəndaşların deyil, hətta məclislərdə bəzi din xadimlərinin də digər peyğəmbərlərin adını çəkərkən sadəcə "Adəm", "İbrahim", "Musa", "İsa" və s. deməkləri adama qəribə gəlir.
"Allah, Muhəmməd, Ya Əli!"
Xitabın bu şəkli ilə hər gün rastlaşır, çoxumuz elə belə də deyirik. Bunda nə var? Nə üçün bu mövzuya bu qədər geniş girişdən sonra başlayırıq? Allah (cəllə cəlaluhu) kainatın, onun tərkibində nə varsa, hər şeyin, o cümlədən yerin, yerdə nə varsa, hər şeyin, insanların da xaliqidir. Həm də kitabı göndərən də Odur, insanlar içərisindən birini seçib peyğəmbərlik vəzifəsi ilə şərəfləndirən də Odur, Qiyamət gününün sahibi də odur. İndi ki, hər şey Onun hökmünə tabedir, deməli, müraciət də yalnız Ona olmalıdır. Qurani-Kərimdə keçən müraciət forması - xitab "Ya" dır. Ya Allah! Müraciət ediriksə, "Ya Allah" deməliyik. Həzrəti İbrahimlə (əleyhissəlam) bağlı qissədən məlum olduğu kimi, dağ kimi qalanmış tonqala atılarkən o, yalnız Allahı (cəllə cəlaluhu) xatırlamış, yalnız ondan imdad istəmişdi. Axirət günü bizə şəfaətçi olacaqların başında Kainatın Fəxri, Hz. Muhəmməd (səllallahu əleyhi vəssəlləm) gəlir. "Ümmətim! Ümmətim!" deyə bizi ətrafına toplayacaq, günahlarımızın bağışlanması üçün bizə yardım edəcək, "Bunlar mənim ümmətimdir, Ya Rəbb! Onları bağışla, onları kafirlərlə, münafiqlərlə birlikdə cəhənnəm əzabı çəkməkdən azad elə!", - deyib bizə şəfaətçi olacaqdır. Biz, əlbəttə ki, Ona müraciət edəcək, "Ya Rəsulullah, mən də sənin ümmətindənəm, bütün günah və qüsurlarımla mənə şəfaətçi ol, Cənabı Haqq qarşısında günahlarımın bağışlanması üçün məni də ümmətin kimi qəbul eylə!" deyəcəyik.
Hələ sağlığında cənnətlə müjdələnmiş on nəfərdən biri, Peyğəmbərimiz (səllallahu əleyhi vəssəlləm) üçün dəfələrlə hər şeyindən keçən Həzrəti Əlinin (radiyallahu anh) xatirinə kim bilir neçə nəfərin günahları bağışlanacaq, cəhənnəm əzabından qurtulacaqdır. Onlardan biri olmaqdan kim imtina edər? "Ya Əli, məni də xatırla, məni də özünlə Peyğəmbərimizin (səllallahu əleyhi vəs səlləm) yanına götür" deyən neçə-neçə insan olacaqdır.
Elə isə nə üçün biz təkcə Hz. Əliyə (radiyallahu anh) xitab edirik?
İlk baxışda çox İslami görünən, haqqında bəhs edilən xitab haqqında da eyni sözlər söylənə bilər. Yüz illər boyu ilan kimi sakit, səssiz içimizə, şüurumuza yerləşdirilən zındıq əfkarlar içərisində onlarca, bəlkə, yüzlərcə, minlərcə nümunələr vardır. Məlum olduğu kimi, xristianlıqda bir növ üçtanrılıq mövcuddur - Ata Allah, Oğul Allah, Müqəddəs Ruh. Hətta Hz.İsanın (əleyhissəlam) və Hz.Məryəmə belə sitayiş edilir, onların rəsmləri, heykəlləri qarşısında səcdə edilir və s. Beləliklə, Allahın (cəllə cəlaluhu) saf dininə xələl gətirilərək yenidən bütpərəstliyə qayıdılır. Halbuki, Allah təkdir, şəriki yoxdur, Ondan başqa hər şey və hər kəs Onun tərəfindən yaradılmışdır və Onun hüzuruna qayıdacaqdır.
Xristianlığı pozanlar eyni məqsədlə İslama da təsir göstərməyə çalışır, saf, təmizqəlbli müsəlmanların da bir qismi bu tora düşərək xristianlığın düşdüyü yanlış yola düşür, pərdə arxasında nələrin işləndiyinin fərqinə varmırlar. "Allah üçdür" deməyin, sizin üçün xeyirli olacağına görə bundan vaz keçin. Allah ancaq bir təkdir. O, övladı olmaqdan uzaqdır. Göylərdə və yerdə nə varsa, hamısı Onundur. Vəkil olaraq Allah yetər" («Nisa» surəsi, 171).
Avtomaşınların şüşəsindən, güzgüsündən əsli olmayaraq rəsmlər asılır. Bəzi kənd məscidlərində, kilsə divarlarını xatırladan rəsmlərin asıldığına belə rast gəlmişəm. Hətta səcdə üçün istifadə edilən möhürlərin üzərində belə insan rəsmləri çəkilir. Qəribədir ki, bu rəsmlər bir xristian ölkəsindən deyil, İslam ölkələrindən ixrac edilir.
Allah, Muhəmməd, Ya Əli!
Burada ehtiyat edilən nə var? Var. Birinci; bu xitab növü xristianlıqdakı üçtanrılığa çox yaxındır. Halbuki, yuxarıda da izah edildiyi kimi, yalnız və yalnız Allah (cəllə cəlaluhu) hər şeyin yaradanı, maliki, o cümlədən din gününün sahibidir. İmdad istəniləcəksə, yalnız O vardır.
Hz.Muhəmməd (səllallahu əleyhi vəssəlləm) kəlmeyi şəhadətdə dediyimiz kimi "Allahın qulu və rəsuludur". Diqqət edin, əvvəlcə qulu, sonra Rəsuludur. Allah Rəsulunun (səllallahu əleyhi vəssəlləm) ən yaxını, silahdaşı, din qardaşı, əmisioğlu, kürəkəni Hz.Əli (radiyallahu anh) də öncə Allahın qulu, sonra xəlifədir. Bu halda həm Peyğəmbərimiz (səllallahuəleyhi vəssəlləm), həm də Hz. Əli (radiyallahu anh) öncə qul, sonra birincisi rəsul, ikincisi isə xəlifə rütbələri ilə şərəfləndikləri halda, nə üçün biz Allaha (cəllə cəlaluhu) deyil, Hz. Əliyə (radiyallahu anh) müraciət edirik? Nə üçün, heç olmazsa, "Ya Allah, Ya Muhəmməd, Ya Əli" demir, birinci və ikincinin sadəcə adlarını hörmətsizliklə sadalayıb "Ya Əli" deyirik?
Məgər Hz. Əli (radiyallahu anh) buna razı olardımı? Allah Rəsulunu (səllallahu əleyhi vəssəlləm), Hz.Əlini sevən, onlara sayqı göstərən, onlar kimi bir həyat yaşamağa çalışan hər bir müsəlman nə Allaha (cəllə cəlaluhu), nə Onun Rəsuluna (səllallahu əleyhi vəssəlləm), nə də Hz. Əliyə (radiyallahu anh) belə hörmətsizlik etməz və bunu ağlına da gətirməz.
"Bismillah" (Bismillahir Rəhmanir Rahim) hər xeyirin başıdır. Biz də onunla başlayırıq. Bil, ey nəfsim! Bu mübarək kəlmə İslam nişanı olduğu kimi, bütün mövcudatın hal dili ilə Onu anmasıdır". Allah təkdir və şəriki yoxdur. Allaha şərik qoşmayın!


Fərrux ƏKBƏROV


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 450 Bölmə: Maraqlı melumatlar
loading...