Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gunah

Günah halında ölməyindən qorx
İslam Peyğəmbəri (s) Əbuzərə etdiyi nəsihətin davamında buyurur: “Ey Əbuzər, günah halında ölməyindən qorx. Çünki o günahlarını yumaq üçün bir yol yoxdur və imkanın da olmayacaq ki, bu dünyaya rəcət edəsən (qayıdasan)”. Yəni öləndən sonra bir imkanın olmayacaq ki, həmin günahları yuyasan. Tövbə qapısı bağlı olacaq. Həmin imkan bu ömür müddətində səndə var. Buna görə də Allahın Rəsulu (s) buyurur ki, günah halında ölməyindən qorx. Səbəbi də budur ki, o anda artıq o günahların əvəzini verə bilməyəcəksən. O günahlara görə peşmançılıq edə bilməyəcəksən. O günahlardan tövbə edə bilməyəcəksən. Bu barədə Qurani-Kərimdə “Möminun” surəsinin 99 və 100-cü ayələrində buyurulur: “...nəhayət onlardan birinin ölümü çatan zaman (canı mələklərin əlində olduğu halda Allaha) deyər: ”Ey Rəbbim, məni (dünyaya) qaytar. Bəlkə (dünyada) qoyduğum şey (dünya malı və ömür günləri) barəsində yaxşı bir iş gördüm". Xeyir, bu, onun dediyi (boş) sözdür (gerçəkləşməyəcəkdir)". Ayədən də göründüyü kimi, insan peşman olacaq, ancaq imkanı olmayacaq ki, bu dünyada buraxdığı səhvləri qayıdıb düzəldə. Çünki Allah cavabında buyurur ki, yox, bu, onun dediyi əbəsdir, boş sözdür.
Həzrət Peyğəmbər (s) nəsihətin davamında buyurur: “O kəs ki, bu dünyada əməllərini ona tərəf göndərmisən, o da sənin üzrünü qəbul etməyəcək”. Yəni Rəbbin də səni bağışlamayacaq.­Peyğəmbər (s) bu cümlələrində bir daha insana təzəkkür edərək deyir: “Ey insan, ey bəşər, bir düşün, haradan gəlmisən, haradasan, hara gedirsən, nə etməlisən?”
Bizə düşünmək üçün elə bir vaxt da verilməyib. İnsan elə bir varlıqdır ki, onun zatında unutqanlıq var. Elə bir varlıqdır ki, öz başına qalsa, təfəkkür etməz. Hidayət rəhbəri olan Peyğəmbərimiz (s) bu cümlələrlə bizə hara gedəcəyimiz barəsində düşünməyi öyrədir. Özü də deyir ki, elə düşünmə ki, burada çox qalarsan. Bil ki, gedəcək yerin var. Bir çoxları səhər açılan zaman axşama çıxacaqlarını düşünüblər, amma axşama çıxmayıblar. Bir çoxları düşünüblər ki, axşamı başa vurub, sübhə çatacaqlar, amma çatmayıblar. Bu, bizim həyatda hər an müşahidə etdiyimiz bir məsələdir. Ölüm bu cürdür, cavana, qocaya baxmır. Heç kimin Allahla müqaviləsi yoxdur. Ona görə də bu vaxtın, bu fürsətin qədrini bilmək lazımdır. O gündən özünü saxlamaq lazımdır ki, günah halında dünyadan köçməyəsən. Bunun üçün nə edək? Alimlər buyururlar ki, günah etmək istədiyin zaman ölümü yadına sal. Əgər ölümü yadına salsan, o günahı etməyəcəksən.

Tural (gunahkar)


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 176 Bölmə: Maraqlı melumatlar
loading...