Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İnsanın Taleyini Müəyyənləşdirən Amil: Ana Südü

Uşağın tərbiyəsində ananın rolu daha çoxdur. Çünki ana övladla ünsiyyətdə atadan daha çox olur. Alimlərin yazdıqlarına görə, ananın fikirləşməsi belə, bətnindəki və ya süd verdiyi uşaqda müəyyən təsir qoyur.

Əgər ana uşağın bətnində olduğu zamanda, islam qayda-qanunlarına (ələlxüsus halal yemək) riayət etsə, mütləq onun cəmiyyətə verdiyi övladı da sağlam və pak bir insan olacaqdır. Bir sözlə, ananın öz övladının necə şəxsiyyət olmasında böyük rolu var. Mətləbin daha aydınlaşması üçün aşağıdakı hədislərə nəzər salaq.

İslam Peyğəmbəri (s) buyurur: "Heç vaxt uşaqlarınıza axmaq və ağıldan kəm qadın süd verməsin. Çünki bu xasiyyətlər süd vasitəsi ilə uşaqlarınıza keçər".

İmam Baqir (ə) buyurur: "Axmaq qadınlar sizin uşağınıza süd verməsin. Çünki süd insanın təbiətində əsər qoyur". Başqa bir hədisdə isə İmam buyurub: «Çünki uşaq o südün vasitəsi ilə boya-başa çatır».

İmam Kazimdən (ə) soruşdular: "Zina yolu ilə doğmuş qadına süd vermək üçün uşaq verəkmi?".

İmam cavabında buyurdu: "O qadının və onun zinadan doğulmuş qızının belə süd verməsi düz deyil".

Məhəmməd ibni Mərvan deyir: "İmam Baqir (ə) mənə buyurdu: "Uşağına gözəl qadınlar süd versinlər. Heç vaxt uşağının eybəcər qadından süd əmməsinə icazə vermə. Çünki bəzi vaxtlar süd uşaqda təsir qoyur və süd verən qadının xüsusiyyətləri ona keçir".

İmamlarımızdan nəql olunan bəzi hədislərdə isə şərab içən qadının süd verməsinə kəskin etiraz olunmuşdur. Eləcə də süd verən vaxt qadınların təmizliyə riayət etmələrinə təkid olunmuşdur. Bu hədislərin bəzilərinə diqqət yetirək.

İmam Əli (ə) buyurur: "Qadınları evlənəndə seçdiyiniz kimi, süd vermək üçün də seçin. Çünki süd uşağın təbiətini dəyişir".

Peyğəmbərlərdən, Musa peyğəmbərlə İslam Peyğəmbərinin (s) başqa qadınlardan süd əmməmələri onu göstərir ki, insanın həyatının birinci yeməyi halal və pak yerdən gəlməlidir. «Qəsəs» surəsinin 12-ci ayəsində oxuyuruq: "Musaya anasının döşündən savayı özgənin döşünü əmməyi öncədən haram etmişdik". Təfsirçilərdən bəzisi bu ayənin şərhində belə yazırlar: "Musa peyğəmbər uşaqlıqda heç bir süd verən qadının döşünü qəbul etmədi. O, özünü başqa qadınların qucağından yerə atırdı. Bu işin səbəbi isə Allahın o qadınların döşlərini Musaya haram etməsi idi. Çünki Allah-təala Musanın haram süd yox, anasının halal və pak südünü əmməsini istəyirdi. Ona görə ki, sonralar Musa zülm və haqsızlıqla mübarizə aparacaqdı".

Qeyd: Münəccimlərdən dünyaya səltənətinin məhvinə səbəb olacaq oğlan uşağının gəldiyinə dair xəbər alan Firon məmləkətdə yeni dünyaya gələn bütün körpə oğlanların öldürülməsinə sərəncam vermişdi. Musanın (ə) anası övladını xilas etmək məqsədi ilə Allaha dua edərək, onu beşiyində çaya buraxır. Körpəni Fironun həyat yoldaşı Asiya tapır. Uşağın südəmər olduğu üçün ona süd anası arayırlar. Allahın hökmü ilə Musanın (ə) doğma anasını tapırlar və peyğəmbər elə onun südü ilə bəslənir.





(Möhsin Qəraətinin “Günahşünaslıq” kitabından).


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 92 Bölmə: Maraqlı melumatlar
loading...