Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

GÜNAHKARLARIN BƏHANƏLƏRİ VƏ ONLARIN CAVABI

Insanın iradə azadlığı və qəzavü-qədər məsələsi Islamda ən çox mübahisə yaradan problemlərdən biridir. Bu mövzuda ifrat mövqe tutan bəziləri həm keçmişdə, həm də indi öz pis əməllərinə haqq qazandırmaq üçün deyirlər:

“Niyə Allah mənə günah etmək üçün imkan verdi? Məgər o bilmirdi ki, mən günah edəcəyəm? Niyə məni bu yoldan saxlamadı?”. Imam Cəfər Sadiq (ə) bu cür düşünən şəxslərin bəhanəsini kəsərək buyurmuşdur:
Bu dünyada zina etmiş yaraşıqlı bir qadını qiyamətdə Allahın hüzuruna gətirib soruşacaqlar: “Niyə günah etdin?”. Qadın deyəcək: “Ilahi! Sən məni yaraşıqlı yaratdığın üçün məni aldatdılar və zinaya məcbur etdilər. Əgər məni çirkin yaratsaydın, heç kim mənimlə zina etmək istəməzdi”. Bu zaman Allah əmr edər ki, Həzrət Məryəmi çağırsınlar. Həzrət Məryəm gələndə Allahın əmri ilə mələklər o qadından soruşarlar: “Indi bax gör, sən gözəlsən, yoxsa Məryəm gözəldir? O səndən daha yaraşıqlıdır, amma buna baxmayaraq, günah etmədi və gözəlliyi onu günaha sürükləmədi”.
Sonra yaraşıqlı bir kişini məhşərə gətirib soruşacaqlar ki, niyə dünya həyatında əxlaqsızlıq edirdin? Kişi cavab verəcək: “Ay Allah! Sən məni elə yaraşıqlı yaratmışdın ki, qadınlar məni aldadıb zinaya təhrik etdilər. Əgər məni bu cür gözəl yaratmasaydın, heç kim məni günaha sövq etməzdi”. Allah Həzrət Yusif Peyğəmbəri (ə) çağırmağı əmr edər. Həzrət Yusif (ə) gələndən sonra o kişiyə müraciət olunar: “De görüm sən gözəlsən ya Yusif? O səndən daha yaraşıqlı olsa da, günah etmədi və gözəliyini pis işlərə yönəltmədi”.
Daha sonra müsibətlər çəkmiş bir adamı haqq divanına gətirərlər. Bu adam dünya həyatında çox bəlalar çəkmiş, amma səbr etməyib günaha düşmüşdü. O adamdan günahının səbəbini soruşanda deyər: “Ilahi, sən niyə mənə bu qədər müsibətlər verdin? Əgər başıma bəla gəlməsəydi, günah etməzdim”. Allah əmr edər ki, Həzrət Əyyub Peyğəmbəri (ə) məhşərə dəvət etsinlər. O həzrət gələndən sonra mələklər günahkar adama söyləyərlər: “Sənin başına gələnlər daha ağır idi, ya Əyyubun çəkdiyi müsibətlər? Amma o, səbr etdi və günaha bulaşmadı”.
Beləcə, qiyamət günündə bütün günahkarların bəhanəsi kəsilər və hər kəs layiq olduğu cəzanı alar.


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 72 Bölmə: Maraqlı melumatlar
loading...