Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadın Məsləhətinə Qulaq Asaq, Ya Yox?

Atalarımız “yüz ölç, bir biç” deyiblər. Hər bir hərəkəti etməzdən əvvəl dərin düşünmək, işin müsbət və mənfi tərəflərini araşdır-maq, qəbul edilən qərara məsuliyyətlə yanaşmaq əsl müsəlmanda olması gərəkən keyfiyyətlərdəndir.



Islam insanları düşüncəyə, təfəkkürə, uzaqgörənliyə təşviq edir. Müqəddəslərimiz əbəs yerə buyurmayıblar ki, tələskənlik şeytandan, səbr isə Allahdandır. Düşünərək, ölçüb-biçərək atılan addım insanı ziyandan və təhlükədən xilas edər. Həm tarixin ibrət dərslərinə, həm də ətrafımızda baş verən hadisələrə diqqətlə nəzər salsaq görərik ki, bir çox bəla və itkilərin səbəbi məhz tələskənlik və başdansovduluqdur. Aşağıda bununla bağlı iki maraqlı əhvalatı diqqətinizə təqdim edirik. Birinci əhvalatda qərar qəbul etməzdən əvvəl ətraflı düşünüb-daşınmayan və arvadının sözünə uyan insanın aqibəti, ikinci əhvalatda isə tədbirlə, uzaqgörənliklə hərəkət edən və arvadının ağıllı məsləhətinə qulaq asan adamın qazandığı mükafat təsvir edilib.



Qədim zamanlarda Allah-təala Bəni-Israil peyğəmbərlərindən birinə vəhy etdi ki, filan bəndəmin üç duasını müstəcab etməyə hazıram. Peyğəmbər həmin adamı tapıb vəziyyəti ona xəbər verdi, bildirdi ki, Allahdan üç istək diləyə bilər. O adam da evinə gedib Peyğəmbərin dediklərini arvadına danışdı. Arvad sevincək halda ərindən xahiş etdi ki, dualardan heç olmasa birini ona bağışlasın. Kişi onun xahişinə razı oldu.

Qadın tələsik halda öz istəyini bildirdi: “Allahdan istə ki, mən dünyada ən qəşəng qadın olum”. Kişi dua edən kimi arvadının vücudu gözəlləşdi. Indi onun həyat yoldaşı dünyanın ən yaraşıqlı qadınına çevrilmişdi, gözəllikdə ona tay ola biləcək kimsə yox idi.

Amma qısa müddətdən sonra qadının gözəlliyi onlara xoşbəxtlik gətirmək əvəzinə, başlarına bəla açmağa başladı. Padşah qadının gözəlliyini eşidib, onu öz hərəmxanasına gətirmək üçün sifariş göndərdi. Bir tərəfdən də əyyaş cavanlar qadının ardınca düşüb ona eşq elan edirdilər.

Qadın öz gözəlliyinə valeh olmuşdu. Artıq kasıb və yaşlı ərini saymırdı. Hər gün öz hüsn-cəmalını nümayiş etdirib ərinə minnət qoyurdu: “Sən mənim kimi gözəl qadınla yaşamağa layiq deyilsən. Nə vaxta kimi ömrümü səninlə çürüdəcəyəm? Padşaha hə desəydim, məndən ötrü istədiyim şəraiti yaradardı”.

Kişi arvadının şıltaqlıqlarına çox dözdü, ona öyüd-nəsihət verdi, əxlaqını düzəltməyə çalışdı. Amma səyləri heç bir fayda vermədi. Axırda qəzəblənib ikinci duasını etdi: “Qoy arvadım dünyada ən çirkin qadına çevrilsin!”. Allah o qadının bütün gözəlliyini əlindən aldı, onu çirkin, qoca bir qarıya çevirdi. Qadın öz əməlindən peşman halda bütün günü ağlayıb-sıtqayır, ərindən üzr istəyirdi. Övladları da onun bu halından üzülmüşdülər. Kişiyə hey yalvarıb-yaxarırdılar: “Anamızın halına daha dözə bilmirik. Onun əzabına son qoy. Görmürsənmi, etdiklərindən peşman olub”. Kişinin ürəyi yumşaldı, üçüncü duasını dilə gətirdi: “Ilahi, qoy arvadım öz əvvəlki vəziyyətinə qayıtsın”. Allah qadını əvvəlki görünüşünə qaytardı. Beləcə, düşüncəsizlik üç duanı puç etdi və ərlə arvad heç nə qazanmadan öz keçmiş həyatlarını yaşamağa davam etdilər.



Yenə keçmiş zamanlarda Bəni-Israil qövmünün içində bir mömin yaşayırdı. Bir gecə yuxuda ona Allah tərəfindən ilham edildi: “Allah sənə filan qədər ömür yazıb. Amma bu ömrün tən yarısı var-dövlət və firavanlıq içində, o biri yarısı isə kasıblıq halında keçəcək. Qərarı sən verməlisən. Hansını əvvəl istəyirsən: kasıblığı ya varlılığı?”.

Kişi səhər yuxusunu arvadına danışdı. Həyat yoldaşı bir az fikirləşəndən sonra ona məsləhət gördü ki, əvvəlcə ömrünün varlı hissəsini yaşamağı Allahdan istəsin.

Birdən-birə onların yaşayışı dəyişdi. Ailənin gəliri yüzqat artdı. Kişi nəinki məhəllədə, hətta şəhərdə sayılıb-seçilən adamlardan birinə çevrildi. Əllərinə pul gəldikcə, qadın ərinə məsləhət görürdü ki, kasıblara, ehtiyaclılara yardım etsin, qohum-qonşuya əl tutsun. Hamı onları xeyirxah, səxavətli, ürəyiyumşaq adamlar kimi tanıyırdı. Çətinliyi olanlar bu evə pənah gətirir və kömək görürdülər. Ər və arvad əvvəlki kimi ibadət edir, Allahın verdiyi bol nemətlərin şükrünü layiqincə yerinə yetirməyə can atırdılar.

Ömrün birinci yarısı başa çatdı. Yuxuda verilən qərara əsasən, sabahdan kasıblıq mərhələsi başlamalı idi. Kişi gecə yuxuda ikən Alladan yenə ilham aldı: “Sən qazandığın nemətlərin qədrini bildin, onlara görə şükr etməyi unutmadın. Öz sərvətindən kasıblara payladın, acları doyuzdurdun. Bu yaxşılıqların əvəzində Allah səni ömrünün ikinci yarısını kasıblıq içində yaşamaqdan xilas edir. Ömrünün bu yarısı da əvvəlki kimi firavanlıq və rifah içində keçəcək”.

Beləliklə, ər-arvad öz uzaqgörənlikləri sayəində həm bu dünyada gözəl yaşayış qazandılar, həm də axirət üçün savab topladılar.


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 82 Bölmə: Maraqlı melumatlar
loading...