Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ata Feryadi

Bu günlərdə bir atanın oğlu başqa dini qəbul etdiyi üçün yanğı və acı ilə ağladığını gördüm. Oğlunun hərəkətləri, həm də dostları atanı çox qəzəbləndirmişdi. Yanğı ilə deyirdi: «Onu kasıblığımla oxutdurdum, adam elədim, indi övladımı torlarına salıblar, o qədər uşağın başını doldurublar ki, mənim üzümə qayıdır, ağvalideyin olur. Görəsən onu bu yoldan çəkindirəcək bir kəs varmı?» Mən həmin ataya üzümü tutub deyirəm: Həzrət Əli(ə) (ə) çox gözəl buyurmuşdur: «Həqiqətən insanlar, qızıl və gümüşə olan ehtiyaclarından çox gözəl əxlaqa ehtiyaclıdırlar.» Hər bir insanın daxilində ilahi varlığa, dinə maraq hissi vardır. İnsanlar nə qədər istəsələr dinsiz yaşaya bilməzlər. Necə ki, Sovet ittifaqı bizə hakim olarkən, hansı ateisti dindirsəydin Allaha olan inamını görərdin. Çox şükür ki, əvvəlkindən fərqli olaraq insanların namaz qılıb oruc tutmasına, öz dini həyatını yaşamasına şərait vardır. Amma bunun başqa bir çətinlikləri də var : Müxtəlif dinlərin, məzhəblərin həddindən artıq fəaliyyəti! Həmin bu dinlər, məzhəblər din axtaran insanları, xüsusi ilə gəncləri özlərinə sarı çəkirlər. Cahil insan isə həqiqəti bilmədiyindən, başa düşmədiyindən elə bilir ki, haqq yoldadır. Ey Ata, İmam Cəfər Sadiq (ə) buyurmuşdur: «Nə qədər ki, müxaliflər və əcnəbilər övladlarınızı yollarından azdırmayıb onlara İslami məsələləri öyrədin» Sən bir ata olaraq övladına heç dindən danışdınmı? Ona İslamı, həzrəti Məhəmməd və onun Əhli-beytini sevdirdirmi? Onunla birgə namaz qıldınmı, əlindən tutub məscidə apardınmı? Halbuki dini tərbiyə ataların övlad qarşısında olan vacib borclarından və övladın ata üzərindəki, hüququ sayılır. Sağlam dini tərbiyəli ailədən məhrum olan uşaqlar, cəmiyyəti, insanları yoldan azdıranlardan olurlar. Onlar fəsada, pozğunluğa meyl edər, üstəlik başqalarını da bu yola sürükləyərlər. Ey ata! Sənin simanda bütün atalara səslənirəm: Övladlarınızı sevirsinizsə onlara təhsil verməklə yanaşı, dinimizi də sevdirin, öyrədin. Bu gün «onun uşağı pis yola düşüb, mənimki yox» deyib keçməyək, düşünək ki, onun əlindən tutub çirkabdan çıxarsaq həzrəti Mühəmməd (s) ın və imamların yanında üzümüz ağ olacaq. Peyğəmbərimiz (s) buyurub: «Axirəz zamanda dünyaya gələn övladlara ataları tərəfindən vay olsun! Çünki ataları onlara vacibatdan heç nə öyrətməzlər.» Soruşdular ki, ya Rəsulləllah, o atalar kafir və ya müşrik olarlar? Həzrət Mühəmməd (s) buyurdu: «Yox onların ataları mömindirlər amma öz övladlarına dini məsələləri öyrətmirlər. Əgər övladların özləri bu məsələləri öyrənmək istəsələr ataları bu işə mane olub qabağını alarlar. Mən o atalardan bezaram, onlarda məndən uzaqdırlar.»


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 206 Bölmə: Maraqlı melumatlar
loading...