Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

AXIRƏZ-ZAMANIN ƏLAMƏTLƏRI

Aşağıdakı hədis Əllamə Mühəmməd Baqir Məclisinin «Biharül-ənvar» kitabının VI cildindəndir (səh. 306-309). Hədisi heç bir şərh vermədən diqqətinizə təqdim edirik. Yalnız bunu əlavə edirik ki, ətrafa diqqətlə baxsaq, göstərilən əlamətlərin bir çoxunun həyata keçdiyini görmüş olarıq. Amma bu vəziyyətin də son hədd olub-olmadığını yalnız Allah bilir. Allah bizi bundan da betər rüzigardan qorusun!

Məşhur səhabə Abdullah ibn Abbas rəvayət edir ki, Həzrət Mühəmməd Peyğəmbərin (s) sonuncu həcc səfərində (vida həccində) o həzrəti müşayiət edirdik. Peyğəmbər Kəbə evinin qapısını əli ilə tutub üzünü bizə tərəf çevirdi və buyurdu: «İstəyirsinizmi sizə qiyamətin əlamətlərini xəbər verim?».

Həmin gün Salmani-farsi Peyğəmbərə hamıdan daha yaxın yerdə durmuşdu. O, Peyğəmbərə belə cavab verdi: «Bəli, ey Allahın Rəsulu». Həzrət buyurdu: «Qiyamətin əlamətlərindən biri budur ki, namaz gözdən düşəcək (yəni camaatın namaza rəğbəti qalmayacaq), insanlar öz şəhvətlərinə uyacaq, nəfsani istəklərinin ardınca gedəcəklər. Mal-dövlət camaatın arasında böyük məqama sahib olacaq, adamlar sərvətə pərəstiş edəcəklər. Din dünyaya satılacaq. O zaman imanlı adamların qəlbi ətrafda gördükləri və dəyişdirə bilmədikləri çoxlu mənfi hallarla suvarılacaq; sanki duz suda həll olur».

Salman heyrətlə soruşdu: «Ey Allahın elçisi! Doğrudanmı belə bir zaman gələcək?». Peyğəmbər buyurdu: «Bəli. Ixtiyarında olduğum Allaha and olsun ki, ey Salman, o zaman hakimiyyət zalım hökmdarların əlinə keçəcək. O zalım hökmdarların vəzirləri fasiq (günahkar), alimləri zülmkar, inanılmış adamları isə xain olacaq. O zaman pis iş (münkər) yaxşı əməl (məruf) kimi, yaxşı əməl də pis iş kimi təqdim olunacaq. Xain insan əmin (əmanətdar) kimi tanıtdırılacaq, əmanətdar kimi tanına adam isə xəyanət edəcək. Yalançının sözünü təsdiq edəcək, doğruculun sözünü danacaqlar. Qadınlar hakimiyyətə çatacaq, qızlar məsləhətçi olacaq, uşaqlar minbərlərə qalxacaqlar. Yalan – zirəklik kimi, zəkat – itki kimi, beytül-malı yemək isə qənimət kimi sayılacaq. Adam öz ata-anasına zülm verəcək, amma dostuna yaxşılıq edəcək. O zaman səmada quyruqlu ulduz (komet) görünəcək».

Salman yenə heyrətlə soruşdu: «Ey Allahın elçisi! Doğrudanmı elə bir zaman gəlib-çatacaq?». Peyğəmbər cavab verdi: «Bəli, ey Salman! İxtiyarında olduğum Allaha and olsun ki, o zaman qadın ticarətdə öz ərinə şərik olacaq. Yağış öz mövsümündə yox, yayın istisində yağacaq. Mülayim xasiyyətli insanlar dəyişib qəzəbli olacaqlar, kasıblar təhqir ediləcəklər. Bazarlar bir-birinə yaxın yerləşəcək. Bazar əhlindən birisi: «Mən hələ heç nə satmamışam», o birisi: «Mən hələ qazanc götürməmişəm» sözünü elə şəkildə deyəcək ki, sanki Allahı söyür. Camaata elə adamlar hakim olacaq ki, kim ağzını açsa, öldürüləcək. Əksinə, sussa, düşmənləri onun hər bir şeyini halal bilib mənimsəyəcəklər. Hakimlər camaatın beytül-malı ilə öz kisələrini dolduracaq, insanların namusuna təcavüz edəcək, qanını tökəcək, ürəyinə qorxu və dəhşət salacaqlar. Həmin gün möminləri qorxu, dəhşət, şübhə və vahimə içində görərsən.

O zaman şərqdən və qərbdən bəzi şeylər (adət-ənənələr və ya qanunlar) gətirib Islam ümməti üzərində hakim edərlər. Vay olsun şərqdən və qərbdən gələnlərin zülmü altında qalan ümmətimin zəif kimsələrinin halına! Vay olsun Allahın əzabına tuş gələcək həmin şərq və qərbdən gələnlərə! Onlar nə kiçiyə rəhm edər, nə böyüyə ehtiram göstərər, nə də günahkarı bağışlayarlar. Danışıqları söyüş və nalayiq sözlərdən ibarət olar. Bədənləri insan bədəni olar, ürəkləri isə şeytan ürəyi!».

Salman dəhşət içində ah çəkdi: «Ey Allahın Rəsulu! Doğrudanmı elə bir vaxt gələcək?». Peyğəmbər cavab verdi: «Bəli, ey Salman! İxtiyarında olduğum Allaha and içirəm ki, kişilər kişilərlə, qadınlar da qadınlarla kifayətlənər (yəni cinsi pozğunluq baş alıb-gedər). Ata öz qızının qeyrətini çəkdiyi kimi, oğlunun da qeyrətini çəkər. Kişilər qadınlara oxşayarlar, qadınlar da kişilərə. Qadınlar miniklərə minərlər… O zaman məscidlər kilsə və yəhudi məbədi kimi qızılla bəzədilər. Quranlara bəzək-düzək vurular. Dükanların binası uca, cərgəsi uzun olar. Amma orada işləyənlərin ürəyi bir-birinə düşmən olar və hər kəsin dili öz xeyrinə danışar. Ümmətimin kişiləri və oğlanları özlərinə qızıldan zinət vurarlar, ipək paltar geyinərlər. Hətta pələng dərisi alqı-satqı vasitəsinə çevrilər».

Salman yenə təəccüblə xəbər aldı: «Ey Allahın Rəsulu! Bütün bunlar olacaqmı?». Peyğəmbər buyurdu: «Bəli, ey Salman! İxtiyarında olduğum Allaha and olsun ki, o dövrdə sələm hər yeri bürüyüb açıq-aşkar bir işə çevrilər. Alış-verişlər qeybətlə, rüşvətlə həyata keçirilər. Din əskik, dünya yüksək tutular. Talaqların sayı artar, heç bir ədalətli cəza icra edilməz. Əlbəttə ki, bundan Allaha ziyan gəlməz. Oxuyub-çalan kənizlər (yəni muzdla camaatı əyləndirən qadınlar) meydana çıxarlar. Ümmətimin ən pisləri hakimiyyətə çatarlar.

Ümmətimin varlıları məhz gəzinti və əyləncə məqsədi ilə, ortabab təbəqə ticarət üçün, kasıblar isə özünü göstərmək və riya niyyəti ilə həccə gedərlər. Bir dəstə yaranar ki, onlar Quranı Allahdan başqa bir məqsəd naminə öyrənər, onu müsiqi kimi oxuyarlar. Başqa bir dəstə peyda olar ki, onlar da Islam fiqhini Allahdan başqa bir məqsəd üçün öyrədərlər. O zaman zinazadələr çoxalar, Quran nəğmə kimi oxunar, camaat dünya qazancı üstündə bir-birinin qol-qabırğasını sındırar. Bütün qadağanlar aradan götürülər, camaat bilərəkdən və qəsdən günaha bulaşar, pislər yaxşıları özünə tabe edər. Yalan açıq-aşkar və maneəsiz danışılar, azğınlıqlar aşkara çıxar, kasıblar öz kasıblıqlarını gizlətməzlər. Camaat geyimə görə bir-birinin qarşısında fəxr edər… Yaxşı işlərə çağırıb pis işlərdən çəkindirməyi isə bəyənməzlər. Imanlı adam ümmətin ən alçaq və mənfur üzvünə çevrilər. Quran oxuyanlarla ibadət əhli bir-birini danlayarlar. Bu adamlar mələklər aləmində murdar sayılarlar. Varlının kasıblamaqdan savayı qorxusu olmaz. Dilənçi bu cümədən gələn cüməyə kimi bir həftə dilənsə də, ona bir şey verən olmaz… O zaman camaat çox yaşamaz. Qəfildən yer nərə çəkər (yəni yerin təkindən dəhşətli səs eşidilər). Hər qövm (millət) elə bilər ki, yerin səsi onların məkanından gəlir. Onlar Allahın istədiyi vaxta kimi qalıb, sonra dağılıb-gedərlər (məhv olarlar). Daha sonra yer öz təkindəkiləri, yəni qızılla gümüşü çölə tökər. Amma daha qızılla gümüşün heç kimə faydası olmaz».
Mənbə: Əllamə Məclisi. Biharül-ənvar, VI, 306-309.


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 242 Bölmə: Maraqlı melumatlar
loading...