Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qurani Kerim 1-ci El Fatihe Duasi

Qurani-Kərim. 1. əl-Fatihə surəsi


Qurani-Kərim İslam dininin müqəddəs kitabıdır. Bu müqəddəs kitabda Allahın kəlamları toplanmışdır. Cəbrayıl (ə) Allahın kəlamlarını Həzrəti Muhammədə (s) vəhy etmiş və bununla da Qurani-Kərim yaradılmışdır. Quran 114 surədən ibarətdir. Surələr ayələrdən təşkil olunmuşdur. “Ayə” sözünün mənası “Möcüzə” deməkdir. Quranda bu haqqda deyilir: “(Ya Rəsulum!) Bunları ayələrdən və himətlə dolu olan zikrdən (Qurandan Cəbrail vasitəsilə) sənə söyləyirik” (“Ali-İmran”,58).

Quran Allahın bəşəriyyətə rəhməti və Həzrəti Muhammədin (s) əbədi möcüzəsidir. Quran Allahın kitabı, kamillik zirvəsi, möminin sevincidir. Quranda yazılan hər bir şey həqiqətdir. Çünki bu ayələr uca Yaradanın kəlamıdır. Quran insanları səadəti bəxş etmək, onlara əbədi gerçəyi söyləmək üçün nazil edilmişdir. Quran digər kitabların təsdiqi, təhriflərin aradan qalxması üçün nazil edilmişdir. Müqəddəs kitabda bu haqqda deyilir:“Bu Quran Allahdan başqasına yalandan aid edilə bilməz. (O ancaq Allahdandır, başqası tərəfindən uydurula bilməz). Lakin o özündən əvvəlkiləri (Tövratı və İncili) təsdiq edən kitabı (lövhi-məhfuzdakı hökmləri) ətraflı izah edər. Onun aləmlərin Rəbbi tərəfindən nazil edilməsinə heç bir şübhə yoxdur!” (“Yunus”,37).


Quran bir nurdur. Bu nur kimilərin gözlərini açar, kimilərin gözlərini kor edər: “Ey insanlar! (Bu Muhəmməd) sizə Rəbbiniz tərəfindən dəlil gəlmişdir. Biz sizə aydın bir nur (Quran) endirdik” (ən-Nisa”,174)

Allahın kitabı daim (artıq 14 əsrdir ki) insanlara yol göstərir. Bu yol sayəsində İslam məzhəblərə, firqələrə ayrılsa da, bütün məzhəblərdə onun təməl prinsipləri yaşayır. Allahın kitabı sonsuz var-dövlətdir. Həzrəti Peyğəmbər (s) bu haqqda buyurmuşdur: “Quran elə bir sərvətdir ki, nə ondan artıq sərvət var, nə də ondan sonra yoxsulluq” (“Biharul-ənvar”, cild 92, bab 1).


Elə isə gəlin bu imkanı dəyərləndirək və Allahın qullarına göndərdiyi müqəddəs kitabın hər gün bir surəsini oxumaqla həyata başqa bir gözlə baxaq.



1. əl-Fatihə
"Kitabı açan" surəsi, 7 ayə,
Məkkədə nazil olub.

Bismillahi rahmanir rahim




1.Mərhəmətli, Rəhmli Allahın adı ilə!

2Həmd (şükür və tərif) olsun Allaha (və ya: Həmd məxsusdur Allaha) – aləmlərin Rəbbinə,

3.(Bu dünyada hamıya) mərhəmətli , (axirətdə isə ancaq möminlərə) rəhmli olana,

4.Haqq-hesab (qiyamət) gününün sahibinə!

5.Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik!

6.Bizi doğru (düz) yola yönəlt!

7.Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 152 Bölmə: Maraqlı melumatlar
loading...