Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Allahın Ucaltdığı Balaca Müsəlman Haqqında

Allahın Ucaltdığı Balaca Müsəlman


Balaca qardaşım, yaşıdlarının çoxuna baxsan, görərsən ki, böyüklərin, insanların yanında hörmət qazanmaq üçün özlərini
olduqlarından fərqli göstərməyə çalışır, kiməsə oxşamağa can atırlar. Kimi futbol oyunçularını, kimi film aktyorlarını
təqlid edir, digərləri isə müğənnilərə bənzəmək üçün dəridən qabıqdan çıxırlar. Əslən bu insanların özlərinin gözəl
nümunəyə ehtiyacları olduğundan, kənardan belə parodiya bayağı görünür, hörmətdən çox təbəssüm doğurur.

Amma bir oğlan var ki, İslam elmini, Quranı sevdiyi üçün heç bir təşəbbüs göstərmədən, kiçik yaşlarından özündən qat-qat
böyük insanların sevgisini və hörmətini Allah ona nəsib etmişdi.
İnşaAllah, indi sənə onun haqqında danışacağam:
Təxminən sən yaşlarda olarkən, sevimli peyğəmbərimiz Muhəmməd (Allahın ona salavat və salamı olsun) ona dünyanın
ən dəyərli, əzəmətli nəsihətini etmişdi:
"Ey oğul! Mən sənə bir neçə kəlimə öyrədəcəm. Allahı qoru ki, Allah da səni qorusun. Allahı qoru ki, onu öz qarşında tapasan.
Bir şey dilədikdə, Allahdan dilə. Kömək istədikdə Allahdan kömək istə. Bil ki, əğər bütün insanlar sənə xeyir vermək üçün bir
yerə toplansalar da Allahın yazdığından artıq heç bir xeyir verə bilməzlər. Bunu da bil ki, əgər sənə zərər vermək üçün bir
yerə toplansalar da Allahın yazdığından artıq sənə zərər verə bilməzlər. (Çünkü) qələmlər qaldırılmış, səhifələrin (mürəkkəbi)
qurumuşdur» Tirmizi

Bəli, yəqin ki tanıdın. Bu oğlan böyük səhabələrdən və Quran təfsirçilərindən olan AbduLLah ibn Abbas idi. Allah ondan da, atasından da razı olsun.
Amin! İbn Abbas (Allah ondan razı olsun) hələ lap balaca vaxtlarından İslam elminə xüsusi maraq göstərirdi, əsasən də Quranı çox sevər, öyrənərdi.
Onun elmə hərisliyindən xəbərdar olan Ömər ibn əl-Xəttab (Allah ondan razı olsun) səhabələrin görüşlərinə getdiyi zaman
İbn Abbası (Allah ondan razı olsun) da özü ilə götürərdi. Yaşlı səhabələr övladları yaşında olan bu oğlanın böyüklərin
məclisində iştirakını görüb təəccüblənərdilər.
Bir gün müdrik Ömər (Allah ondan razı olsun) özünəməxsus tərzdə bunun səbəbini onlara aydınlaşdırmaq qərarına gəldi. Bədr döyüşündə
iştirak etmiş yaşlı səhabələri bir yerə toplayıb, İbn Abbası da (Allah onların hamısından razı olsun) həmin məclisə çağırdı.

Məclis əsnasında Ömər ibn əl-Xəttab (Allah ondan razı olsun) səhabələrə üzünü tutub, onlara Nəsr surəsinə dair sual verdi.
Bilirsənmi, bu surə Qurani Kərimin 110-cu surəsidir, Mədinədə nazil olmuşdur və üç ayədən ibarət qısa surələrdən biridir. İnşaAllah,
valideynlərindən xahiş et ki, Nəsr surəsini əzbərləməkdə sənə kömək etsinlər. Beləliklə də ata-ananla birlikdə sevimli Peyğəmbərimizin
(Allahın ona salavat və salamı olsun) dediyi:"Quran öyrənən və öyrədən xeyirli insanlardan olarsınız."(Buxari)

Surənin ümumi məzmunu belədir:
Allahın köməyi və qələbə gəldiyi zaman,
insanların dəstə-dəstə Allahın dininə girdiklərini gördükdə
həmd ilə Rəbbini təriflə və Ondan bağışlanmağını dilə. Həqiqətən, O, tövbələri qəbul edəndir!

Bəli, Ömər (Allah ondan razı olsun) yaşlı səhabələrdən "Allahın köməyi və qələbə gəldiyi zaman...”surəsində nədən danışıldığı barədə soruşduqda,
onlardan kimisi bunu qələbə gələn zaman müsəlmanların Allaha şükr edib, günahlarının bağışlanmasını istəməli olduğu kimi izah etdilər, digərləri isə
sualın düzgün cavabını bilmədiklərindən susdular. Vəziyyəti belə görüb, Ömər İbn Xəttab (Allah ondan razı olsun) "Ey, Abbasın oğlu, sən də belə
fikirləşirsən?” deyə oğlana sual verdi. Cavabında isə İbn Abbas (Allah ondan razı olsun) bir vaxtlar Allah Rəsulunun (Allahın ona salavat və salamı
olsun) bu ayə sonadək nazil olduqdan sonra İslamın tezliklə qələbə çalacağını, Məkkənin müsəlmanlar tərəfindən fəth ediləcəyini və missiyası sona
yetdiyi üçün artıq vəfat edəcəyini anlayaraq, dediyi sözləri xatırlayaraq, cavab verdi: "Allahın köməyi və qələbə gəldiyi zaman..”ayəsində Uca
Allah Öz Rəsuluna əcəlinin yaxın olduğuna işarə edir”.
Əslən böyük səhabələrin ayəyə verdikləri izah düz olsa da, dəqiq, daha dərin, bütöv mənanı ehva edən cavabı İbn Abbasın söylədiklərində tapan
Ömər ibn Xəttab (Allah onlardan razı olsun) dedi: "Sənin dediyindən daha düzgün cavabı bilmirəm”.
Bəli, balaca müsəlman, görürsənmi, insan İslamı elmini, Quranı sırf Allahın razılığı üçün səmimi qəlbdən sevib öyrəndikdə, əməl etdikdə, başqalarına
öyrətdikdə, Allah da ona elə bir ucalıq nəsib edir ki, insanların qəbləri həmin insana yönəlir, onlar arasında hörmətə layiq görülür. Kim də Allahın
yanında yox, insanların yanında sevilmək istəyirsə, son nəticədə gülüş hədəfinə çevrilir.
Sonda Allahın izni ilə, dediklərimə dəlil olan, peyğəmbərimiz Muhəmmədin (Allahın ona salavat və salamı olsun) dediyi və mənim çox sevdiyim bir
hədisi çatdırmaq istərdim.

"Kim insanları hirsləndirmə bahasına Allahın razılığını axtararsa Allah ondan razı olur və insanları da ondan razı edər. Kim də Allahı qəzəbləndirmə
bahasına insanların razılığını axtararsa Allah ona qəzəblənər və insanların da ona qəzəblənməsini təmin edər.»
Tirmizi

Balaca müsəlman, qoy bu sözlər sənin də həyat prinsipinə çevrilsin. Daim Allahın razı qaldığı əməllər üçün çalış!


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 125 Bölmə: Maraqlı melumatlar
loading...