Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

“Nisa” Surəsi 24 Ayənin Təfsiri

Bismillahi-Rehmani-Rehim

Nisa suresi 24-cu aye:

. ﴿وَالْمُحْصَنَاتُ مِنَ النِّسَاء إِلاَّ مَا مَلَكَتْ أَيْمَانُكُمْ كِتَابَ اللّهِ عَلَيْكُمْ وَأُحِلَّ لَكُم مَّا وَرَاء ذَلِكُمْ أَن تَبْتَغُواْ بِأَمْوَالِكُم مُّحْصِنِينَ غَيْرَ مُسَافِحِينَ فَمَا اسْتَمْتَعْتُم بِهِ مِنْهُنَّ فَآتُوهُنَّ أُجُورَهُنَّ فَرِيضَةً وَلاَ جُنَاحَ عَلَيْكُمْ فِيمَا تَرَاضَيْتُم بِهِ مِن بَعْدِ الْفَرِيضَةِ إِنَّ اللّهَ كَانَ عَلِيمًا حَكِيمًا﴾

“(Allahın hökmü ilə kafirlərlə döyüşdə) malik olduğunuz qadınlar istisna olmaqla ərli qadınlarla izdivac haram edilmişdir. (Bu hökmlər) sizin üçün Allahın yazısı və qanunudur. (Deyilənlərdən) başqaları sizin üçün halaldır. (Digər qadınları) öz mallarınız vasitəsi ilə - zina məqsədi ilə yox - paklıq və nikah qəsdi ilə tələb edin. Kam aldığınız qadınların (müvəqqəti nikahda) mehrlərini vacib şəkildə ödəyin. Mehriyyə tə’yin etdikdən sonra bir-birinizlə razılığa gəlməyinizdə sizin üçün günah yoxdur. Həqiqətən, Allah biləndir və hikmət sahibidir.”

Nöqtələr

◘“Muhsənat” sözü lüğət baxımından başqalarının toxunması qadağan olan qorunmuş şeyə deyilir. Bu sözün kökü Qur’anda üç dəstə haqqında işlədilmişdir:
1. İffətli və pak qadınlar; Necə ki, Allah həzrət Məryəmi belə qadınlardan saymışdır.
2. Ərli qadınlar; Çünki ər qadının iffətini qorumağı öz öhdəsinə götürmüşdür. Uyğun söz ayədə həmin bu mə’nanı ifadə edir.
3. Müharibədə əsir düşməmiş və kəniz olmayan azad qadınlar; Çünki əsirlik qadının iffət pərdəsini yırtır. Kənizlər arasında iffətsizlik geniş yayılmışdı. Növbəti ayədəki “əl muhsənatil-mö’minat” ifadəsi bu mə’nanı bildirir.
◘Ayədəki “musafihinə” sözü “sifah” sözündən olub, zina mə’nasını ifadə edir.
◘Kafir qadının əsir düşməsi onun ərindən boşanması kimidir. Məsələn, əri kafir qaldığı halda iman gətirən qadın öz imanı vasitəsi ilə ərindən ayrılmış olur. İslamda ərli qadınla izdivac haramdır. İstənilən məzhəb və millətdən olan ərli qadınla ailə qurmaq olmaz. Amma əsirlik boşanma kimidir. Əsir düşmüş qadın bir dəfə aylıq adəti görüb təmizlənənədək və ya hamilədirsə, azad olanadək heç bir yaxınlıq edə bilməz. Belə bir qayda həmin qadını kafirlərə qaytarmaqdan və ya öz başına buraxmaqdan üstündür.
◘“Mut’ə” sözü də həcc, namaz, sələm, qənimət sözləri kimi lüğət yox, şər’i mə’naya malikdir. Əllamə Təbatəbainin “Təfsire-Əl-mizan” əsərində bildirdiyi kimi, ayədə “istəmtə’tum” deyərkən “mut’ə” nəzərdə tutulmuşdur. (Mut’ə müvəqqəti nikah deməkdir.)
◘Nikaha görə əcr verilməsi müt’ədən söhbət getdiyini bildirir. Əgər söhbət daimi nikahdan getsəydi, mehriyyə vacib olardı. Daimi nikahda, hətta kam almaq olmadıqda və yaxınlıqsız talaq verildikdə, mehriyyənin yarısı ödənir.
◘Əhli-beyt (ə) buyruqları və əksər sünni təfsirlərinə əsasən, ayədə ikinci xəlifənin sonradan haram etdiyi müvəqqəti nikah nəzərdə tutulmuşdur. Əslində, kimsə Allahın hökmünü dəyişmək səlahiyyətinə malik deyil. Əgər müt’ə haram edilməsəydi, rəvayətlərin bildirdiyinə əsasən, zalımlardan savay kimsə zina etməzdi. Müvəqqəti nikah ən düzgün çıxış yoludur. Dünya məhz müvəqqəti nikah olmadığından zinanı azad etmişdir. Müvəqqəti nikah ictimai bir zərurətdir. Sünni rəvayətlərinə əsasən, müt’ə zövcədən uzaqlıq və döyüşlər səbəbindən caiz sayılmışdır. Həmin şərait bu gün də mövcuddur. Müt’ə hökmündə məqsəd ictimai problemlərin və fəsadların qarşısını almaqdır. Bu hökm qiyamətədək şər’i bir zərurətdir.
◘Bə’ziləri əsas gətirirlər ki, Qur’anda iddə, irs, cinsi üzvün qorunması mövzuları daimi nikahla əlaqədar bəyan olunmuşdur və müt’ə daimi nikah deyil. Bu irada belə cavab veririk:
Əvvəla, müt’əyə də izdivac deyilir. İkincisi, müt’ədə də iddə saxlanılır. Müt’əni daimi nikahdan fərqləndirən yalnız irs məsələsidir.

Bir neçə sual:
1. Məgər müvəqqəti izdivac pərdələnmiş fahişəlik deyilmi?
Cavab: Xeyr, belə deyil. Çünki:
a) Müvəqqəti izdivacda qadın yalnız bir kişinin ixtiyarında olur;
b) Müvəqqəti izdivacda ən azı 45 gün iddə saxlanılır;
v) Müt’ədən doğulan uşaq daimi kəbindən doğulan uşaq kimidir.
2. Əhlikef kişilər bu qanundan sui-istifadə etmirlərmi?
Cavab: Bütün qanunlardan sui-istifadə etmək mümkündür. Məgər şərabı üzümdən hazırlamırlarmı?! Əgər bə’ziləri həcc səfərinə başqa məqsədlə gedirsə, bu səfər qadağanmı edilməlidir?
3. Müvəqqəti nikahdan, müt’ədən doğulan övladların daimi nikahdan doğulan övladlardan fərqi nədir?
Cavab: Müt’ədən doğulan övladların hüquq, irs və bu kimi digər məsələlərdə daimi nikahdan doğulan övladlardan heç bir fərqi yoxdur.

Bildirişlər
1. Evlənmək üçün ərli qadınların sorağına getmək olmaz.
2. Kafirlərlə döyüşdə əsir götürülmüş qadın ərsiz qalmamalıdır. Onu ya kafirlərə qaytarmaq, ya da müsəlmanlarla şər’i rabitəsinə icazə vermək lazımdır.
3. Məhrəmlərlə, ərli qadınlarla, iki bacı ilə eyni zamanda izdivacın haramlığı sabit, qəti və dəyişməz ilahi hökmlərdəndir.
4. İffətsizlik və günah yolda büdcə sərfi haramdır.
5. Müvəqqəti izdivac şər’idir və qadının mehriyyəsi ödənməlidir.
6. Mehriyyə tə’yinində tərəflərin razılığı şərtdir.
7. Müvəqqəti izdivac müddəti başa çatdıqdan sonra həmin müddət və mehriyyəni hər iki tərəfin razılığı ilə artırmaq olar.
8. Müvəqqəti izdivac və izdivac qanunu hökmləri Allahın elm və hikmətinə əsaslanır.
9. Qanunu hazırlayan üçün elm və hikmət kimi iki şərt zəruridir.


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 252 Bölmə: Maraqlı melumatlar
loading...