Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hz. Yusifin əsl Gözəlliyi

Kampüter proqramları bir proqramlama dili ilə yazılır. Qədər də bir proqramdır. Bəs bu proqram hansı proqramlama diliylə yazılmışdır? Qədərin proqram dilini anlamaq bəşər gücünün fövqündə duran çox çətin məsələdir. Bununçün ilahi yardıma ehtiyac vardır. Bir proqramın dilini anlamaq üçün ilk növbədə o dilin kodlarından və şifrələrindən agah olmaq lazımdır. Məsələn, röyaların insan qədəri ilə sirli bir bağlantısının olduğunu Qurandan öyrənirik. Hz. Yusifin gördüyü yuxu onun qədər proqramına aid işarələr daşıyırdı. Hz. Yusif “təvilul-əhadis”dən xəbərdar idi. Kim bilir, bəlkə də təvilul-əhadis qədərin proqram diliydi.

İnsanlar gördükləri röyalardan gələcəyə aid məlumat almaq istəyər. Yuxu yozma kitabları ən çox satılan kitablar arasında yer tutur. Amma çox təəssüf olsun ki, çox vaxt yuxu yozanlar qədər dilindən heç nə anlamayanlar olur. Adətən insanların dünyadan gözlədikləri ilə üst-üstə düşən və maddiyyət vəd edən yuxular yaxşı yuxu sayılır. Amma qədər məfhumunu nəzərə aldıqda önümüzdə başqa qapı açılır. Məsələn, qədər proqramında ölüm kodu mütləq mənada pis sayılarmı?! Elə insanlar var ki, ölüm onlar üçün rəhmətdir. Allah təala öz Peyğəmbəri haqqında belə həyatda qalması ilə ölməsi arasında hansının xeyirli olub-olmadığını bildirməmişdir. “Onlara və’d etdiyimizin (əzabın) bir qismini sənə göstərsək də və ya (ondan qabaq) səni öldürsək də (Öz dərgahımıza götürsək də, fərq etməz). Sənin vəzifən ancaq (dini) təbliğ etməkdir. Haqq-hesab çəkmək isə Bizə aiddir!” (Rəd, 40) Qurani-Kərimdə bir peyğəmbər üçün belə mütləq mənada həyatda qalmağın xeyirli olacağı vurğulanmır. Çünki etdiyimiz yaxşı əməllərin qarşılığını görmə məkanı bu dünya deyildir. “Ola bilsin ki, sizdə nifrət doğuran hər hansı bir şeydə Allah (sizdən ötrü) çoxlu xeyir nəzərdə tutmuş olsun.” (Nisa, 19)

Bəs, gördüyümüz bir yuxu ölümümüzə işarə etsəydi nə edərdik? Yusif peyğəmbərə yuxularını yozduran iki nəfərdən birinin röyası həyatının sona çatacağından xəbər verirdi. Bir insana öləcəyini söyləmək nə qədər də çətindir? Hz. Yusif isə bunu çəkinmədən demişdi. Ondakı bu cəsarət görəsən qədərin proqram dilinə aşina olmasındanmı qaynaqlanırdı? Doğrudan da bəlkə ölüm o adam üçün bir xeyir idi?! Bəlkə ölün qədər proqramı çərçivəsindən baxıldıqda o məhbusun yeganə qurtuluş yolu idi. Yusifin atasına danışdığı yuxunun yozumu da elə ola bilərdi. Yusif Misir sultanı oldu, amma quyuda ölə də bilərdi.

O təvilul-əhadisi bilən bir insandı. (Yusif (12), 6, 21, 101) Yəni, hadisələrin arxaplanını və ya qədər proqramının kodlarını bilirdi. Amma Yusif təvilul-əhadisi bir anda oyrənməmişdi. Yaşadığı hadisələrin də ona öyrətdiyi şeylər vardı. Bu bilgiyə sahib olmaq üçün Misir kimi sivilizasiya və mədəniyyət mərkəzinə getməli idi. Yüksək rütbəli insanların arasında olmalı idi. Allah təala “Beləliklə, Yusifi o yerdə (Misirdə) yerləşdirdik, həm də ona yuxu yozmağı öyrətdik. Allah Öz işində (əmrində) qalibdir (istədiyini edəndir), lakin insanların əksəriyyəti (bunu) bilməz!” (Yusif(12). Təvilul-əhadis elmi yalnız Misir kimi bir məmləkətdə öyrənilə bilərdi. Allah (c.c) bu bilginin boy atacağı torpağı və atmosferi Yusif üçün orda hazırlamışdı. Yusif də qarşılaşdığı hadisələri və fürsətləri zahirinə aldanmadan öz xeyrinə dəyərləndirə bilmişdi. Qədərin ona verdiyi fürsətləri anlayışla dəyərləndirdi. Məsələn, zindan onun öz istəyi idi. Zindanın bir rəhmət olacağını o özü qərarlaşdırdı. Həris qadınlar arasında qalmış gözəlliklə dillərə dastan olan bir gənc üçün zindan rəhmətdir. O, bilirdi ki, hər şey Allahdandır. Zindanda məhbus olmaq da, sarayda məlik olmaq da – hər ikisi Allahın bir lütfü idi. Hadisələri öz axarına buraxmaq və Allaha təslim olmaq lazım idi. Hər şeyi Allaha həvalə etdikdən sonra heç kimə boyun əyməməli idi bir insan. Yusif bunu yaşadı. İş başına, vəzifəyə gətiriləcəyi anda da ilk öncə məsumiyyətinin təsdiqlənməsini tələb etdi. Çünki o, bir peyğəmbər idi və ismətinə ləkə düşürməzdi.

Hz. Yusifin xatirəsi bizə maddi sultanlıqdakı ən böyük imtahanı öyrətdi. İqtidar yolunda və iqtidarda olan insan üçün ən böyük imtahan qadındır. İqtidar sahiblərinin qadın fitnəsinə qarşı durması çox çətindir.Yusif (ə.s) qadın imtahanına sinə gərərək səbr etdi. Yüksək məqamlarda iffət və nəfsi qorumaq imkansızdır düşüncəsini yıxdı. Əsrimizdə masasını cinsəllik üstünə qurmuş yazarlar var ki, yazdıqları bir kitabın yüzminlərlə tirajıyla öyünürlər. Ən böyük sərmayələri də bir qadınla bir kişinin baş-başa qalmalarıdır. Bu gün yalnız o səhnələr üçün kitablar yazılır və o səhnə üçün kitablar oxunur. Halbuki Yusif də belə bir səhnəyə məruz qalmışdı. Cinsəllik yazarları bir də Yusifdən yazsın görək. Yusif onların bütün tezisini çürütdü. Freud ağızlılar bir də Yusif haqqında danışsın görək. Heç düşündünüzmü, gənc və gözəl bir qadın qarşısında Yusif olmaq nə deməkdir? Yusifə qurulan tələlər onu hər tərəfdən mühasirəyə almışkən o, Allaha təslim oldu. Ən böyük həzzi bu təslimiyyətdə gördü. Yusif olmanın həzzi bambaşqadır. Yusif olmaq imkansız deyil.

O, təvilul-əhadisi bilirdi. Bəlkə də buna görə heç kimi qınamamışdı. Öz nəfsini də təmizə çıxarmırdı. O, nəfsində iqtidara gəlmək üçün öz nöqsanları ilə məşğul oldu. Bəlkə biz də nəfsimizə baxaraq Yusifi düşünək?! Bəlkə bizə də nəfsimizlə başbaşa qalacağımız bir quyu lazımdır. Məhz o zaman içimizdəki ruhi gözəlliyi anlaya bilərik. Çünki Yusifin əsl gözəlliyi ruh gözəlliyi idi.


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 203 Bölmə: Maraqlı melumatlar
loading...