Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hər şey Nədənsə Və Nə Vaxtsa Başlanır

Bismilləhir-Rahmənir-Rahim!

"Siz ancaq şərəflə və professionallıqla hakim borcunu yerinə yetirməlisiniz: işə açıq, qanun və ədalət əsasında baxmalısınız. Siz şərəfli və professional vətəndaş olmalısınız". Bu cümlələr tanınmış bloqqerlərin - Emin Milli və Ədnan Hacızadənin məhkəmə işini aparan hakim Araz Hüseynova tanınmış həmkarım Leyla Yunus tərəfindən ünvanlanmış açıq məktubdan bir hissədir.

Şərəf və professionallaıq. Əslində günün insanının hər zamanlar olduğu kimi, ən böyük ehtiyacı olan dəyərlər. Zatən, bir dəfə buna toxunmuşduq: Vətən insanının ən ümdə problemi - şərəf-ləyaqət və peşəkarlıq defisitidir.

Bu müraciəti oxuduğum zaman, bir neçə il öncə Sumqayıt məhkəməsində bir hakimin belə bir addım atmasını xatırladım. Təbii ki, bunu etməsi o zaman mümkün olmuşdur ki, ona heç bir yuxarı instansiyalardan təziq və sifariş edilməmişdir. Amma bunsuz da, onun çıxardığı hökm kifayət qədər cəsarət, şərəf və peşəkarlıq tələb edirdi. Vətəndaş Şəhla Əliyevanı haqlı bilərək, “İstedad” liseyinin rəhbərliyinin ona qarşı etdiklərini yanlış və qeyri-qanuni bilmişdir. Belə ki, lisey rəhbərliyin biologiya müəlliməsini öz inancına uyğun hicablı olduğuna görə işdən kənarlaşdırmışdı. Hakimin qərarına əsasən, müəllimə həm işə bərpa olunmuş, həm də ona kompensasiya ödənilmişdir.

Dəqiq xatirimdədir, nə qədər böyük zövq və sevinclə hakim qərarı elan edirdi. Və qərarda vətəndaşın insan hüquq və azadlıqlarının mövzusu açıq-aydın bəyan olunurdu. Sanki qərar Avropa məhkəməsinin qərarı idi. Təbii ki, belə qərarın çıxarılması hətta siyasi sifariş olmayanda da asan deyil. Belə ki, lisey rəhbərliyi kifayət qədər səylər edirdi ki, bunun əksinə olsun. Amma bu, baş verdi. Və bu qərar bütün məhkəmə iştirakçıları tərfindən alqışlarla qarşılandı. Əminəm ki, həmin hakim o gün özünü gerçəkdən də Hakim kimi hiss edirdi.

Bu mənada həmkarım Leyla Yunusun müraciətini çox yüksək dəyərləndirirəm. Eyni zamanda ümid edirəm ki, bu müraciət hakim cənab Araz Hüseynovun rəftarlarına təsirsiz ötüşməyəcək. Biriləri belə müraciətləri sadəlövhlük kimi dəyərləndirə bilər. Amma zənnimcə, çox yerində edilmiş bir müraciətdir. Və hər şey nədənsə və nə vaxtsa başlanır.

Eyni zamanda, digər tanınmış və hörmətli həmkarım Arzu Abdullayevanın da bu müraciəti dəstəkləməsini çox yüksək dəyərləndirirəm Yeri düşmüşkən, bu hər iki hörmətli hüquq müdafiəçisinə - Leyla Yunus və Arzu Abdullayevaya, və mütləq adlarının qeyd olunmasını zəruri bildiyim hörmətli həmkarlarıma - Novella Cəfəroğluna, Səidə Qocamanlıya, Səadət Bənənyarlıya – öz səmimi təşəkkürlərimi bildirmək istərdim. Gerçəkdən bu xanımlara, Vətənimizdə insan haqları müdafiəçisi institutunun formalaşmasına verdikləri əvəzsiz töhfələrinə görə səmimi təşəkkürlər düşür. Bir də hər birinə tuşlanan (əksər hallarda da haqsız və insafsız) tənqidlərə dözümlü yanaşmalarını Uca Allahdan diləyirəm.

Uca Allahdan bu mübarək Ramazan ayında bütün hakimlik edənlərin hər birinin bir gün gerçək vücudi məhkəmədə cavab verəcəklərini unutmamaqlarını və öz əməllərinin özlərinə qayıdacağının fərqində olmalarını diləyirəm.


*****


London meri Boris Conson Britaniyanın mərkəzində böyük məscidlərdən birini ziyarət etdi.

Müsəlmanları mübarək Ramazan ayı münasibətilə təbrik etdi və bütün əhalini istisnasız şəkildə Ramazan ayında oruc tutmağa çağırdı. Boris Consonun fikrincə, bütün konfessiya daşıyıcılarının Ramazan ayında oruc tutması müxtəlif din və mədəniyyətlər arasında qarşılıqlı anlaşma üçün müvafiq atmosferin yaranmasına xidmət edə bilər. Məscid qarşısında çıxış edən mer, eyni zamanda Britaniya müsəlmanlarının ölkə mədəniyyəti və iqitsadiyyatına böyük töhfələrindən danışıb. Necə deyərlər, “No comments!”. Yeri gəlmişkən, Boris Conson merlikdən öncə islamofob meyilliliyi ilə fərqlənirdi. Amma bu dünyanın hidayət yollarını nə bilmək olar ki?! Bu mənada bizim məmləkətimizdə də məscidsökən məmurların bir gün məscidtikən məmurlara çevrilməsi də mümkünsüz görünmür. Sadəcə Allahdan diləmək və əmələn iradə nümayiş etdirmək qalır.


*****


Mübarək Ramazan ayının 23-cü gününün duasındakı nurani çalarlara diqqət edək:

- Bizim günahlarımızı təmizləyib, çirkin və eybli işlərdən pak et, ey xəstə qəlblərin təbibi olan Rəbbim!

Qəlblərimizi təqva ilə doldur, ey, günahkarların tövbəsini qəbul edən Rəbbim! Amin!


Hacı İlqar İbrahimoğlu


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 109 Bölmə: Maraqlı melumatlar
loading...