Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kimdir Bedbext?

Bismilləhir Rahmənir Rahim!

“... əsgərlikdə oruc tutmağın necə çətin olduğundan, qatlaşmalı olduqları problemlərdən danışdı. Bu zaman elə bu mövzuda mənə bir hadisəni danışdı. Əslində o, bunu çox sərbəst danışırdı və sanki belə şeylərə öyrəşib. O danışdıqca dilim tutuldu, qəhərləndim, qəlbim sıxılmağa başladı. “Bir gün komandir məni yenə günorta naharından yayınan gördü. Yanına çağırdı. – Sən yenə oruc tutursan? – Bəli, yoldaş komandir, hələ 7-8 gün oruc tutacam. – Burada oruc tutarlar, siz necə bədbəxt insansınız?!...”

Bu sətirlər gənc qələmlərin birindən çıxmış acı reallığı əks elətdirən bir Ramazan ayı dərdləşməsidir. Amma buradakı “siz necə bədbəxtsiniz?!” ibarəsi əslində vücudumu silkələdi.

Bədbəxt?! Kimdir əsl bədbəxt?! Kimdir həqiqi bədbəxt?! Vətəninini qorumaq üçün orduya gedən inanclı maqistratura tələbəsi və ya onun vicdan azadlığını təmin etməyən ordu “zabiti”?!

Zabit! Bu sözdə nə qədər böyük ruh var. Amma biriləri nə qədər bu sözü cılızdaşdırmış. Kimdir həqiqi bədbəxt?! İradə nümayişi etdirən və istənilən şərtlər altında, gözə soxmadan mübarək Ramazan ayının orucunu tutan, din adından istifadə etməyən vicdanlı və namuslu, yüksək İQ daşıyıcısı olan Vətən əsgəri və ya hər fürsətdən yararlanan, hətta namaz və oruc üçün də pul tələb edən bir “zabit”?!

Əziz Allahın Peyğəmbəri (s) həqiqi bədbəxtin tərifini verir: «Bu böyük ayda Allahın bağışlanmasından məhrum olan kimsə bədbəxtdir».

Mərhəba olsun, istənilən şərtlər altında Allah dinini yaşadan Vətən əsgərlərinə!

Mərhəba olsun, oruc tutmasından, namaz qılmasından sui-istifadə etməyən, namusla və vicdanla Vətənə xidmət edən Vətən əsgərinə!

Burada mütləq haşiyə çıxmağı zəruri bilirəm. Mən əminəm ki, belə “zabitlər” azlıq təşkil edir. Və ordumuzda saysız-hesabsız namuslu və vicdanlı, sözün həqiqi mənasında Zabitlər var. Hansılar ki, iman daşıyıcısı olan əsgərin həqiqi vətənpərvərlik ruhuna əmindirlər və hər zaman Vətən yolunda şəhadət mərtəbəsinə ucalmağa hazır olduqları ilə qürur duyurlar. Zatən, bu Vətən bir gün məhz bu şəhidlik ruhiyyəsi ilə də azad olacaq, inşəallah.

*****

Bu günlərdə bəzi mətbu orqanlarda məscidsökməyə meriya qarşısında etiraz edən bir qrup dindarın addımları ilə bağlı mövqeyimizi təhrif ediblər. Bəndeyi-həqirin mövqeyi bu etiraz aksiyasına ilk günlərdə bəyan etdiyi kimi, qəti olaraq qalmaqdadır və bunu 3 sentyabr “Obamanın iftarı, hicablı şagird, fədakar Reycel Korri” köşə yazımda da bəyan etmişəm. Bəzi dəyərli mətbuat səhifələrində də özləri də bilmədən təhrif olunmuş fikirlərimiz getdiyindən, bir daha olduğu kimi həmin yazıdan məsələyə aid hissəni gətirirəm:

“...Bəli, artıq iki gündür məscid sökülmə mövzusu bütün ölkə insanının müzakirəsinə çevrilib.

Kim necə bacarırsa, bunun qarşısını almağa çalışır. Gün ərzində ən çox mətbuatın soruşduğu mövzulardan biri Bakı şəhər İcra Hakimiyyətinin qarşısında "Fatimeyi Zəhra" məscidinin sökülməsinə qarşı etiraz aksiyası keçirilməsi ilə bağlı idi. Hamı ilgilənirdi ki, bu formada etiraz nə qədər doğrudur? Bu sulaın cavabını yalnız bir cümlə ilə verirdim ki, ölkədə məscidsökmə ilə baş verənlər o qədər anormaldır ki, bunun müqabilində insanların bu təki etiraz etməsi çox təbiidir.

"Əgər məscid sökülsə, traktorun qarşısında dayanacağıq. Bura Allahın evidir” - etiraz zamanı səslənən cümlələr isə məni xəyalən Fələstinə apardı. Reyçel Korrini xatırladım. İyirmi dörd yaşlı bir gənc amerikanlı tələbə bir qızı. Fələstinli körpələrin xilasına getmiş və fədakarcasına özünü onların evlərinin sökülməsinin qarşısını almaq üçün büldozerin qabağına ataraq haqq uğrunda canını fəda edən Reycel Korrini.

Gör iş nə yerə gəlib çatıb ki, inanc insanı özünü məscid sökmənin qarşısını almaq üçün ağır texnikanın altına atmaq istəyir?! Qarabağın azadlığında özünü fəda etməli Vətən oğlunu bu kimi hala gətirməyin adı nə?!

Allahım, Səndən bu məscidsökmə bəlasından qurtulma diləyirik. Allahım, Sənə bütün bu müsibətlərdən pənah aparırıq”.

*****

Mübarək Ramazan ayının 24-cü gününün duasına diqqət edək:

- Səndən, Səni razı salan əməlləri istəyirəm və Səni qəzəbə gətirən əməllərdən Sənə pənah aparıram, ey əziz Rəbbim!

- Səndən istəyirəm ki, belə bir gündə məni, Sənə itaət etməyə və günah etməməyə müvəffəq edəsən, ey, hacəti olanlara səxavət və kərəm edən Rəbbim! Amin!


Hacı İlqar İbrahimoğlu


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 257 Bölmə: Maraqlı melumatlar
loading...