Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İBN ZİYADIN ZƏLİL EDİLMƏSİ SƏHNƏSİ

Digər səhnəyə toxunaq. Yezidin Kufədə vali qoyduğu lənətlik İbn Ziyadın məmurları ona çatdırırlar ki, Kufədə ab-hava dəyişir. İbn Ziyad da deyir ki, yəqin saraya gəlib, burada bir təmtəraq görəndə sarsılarlar, məğlubiyyətlərini qəbul edərlər. İndi təsəvvür edək, nə qədər cəmiyyət yığılıb, təmtəraq düzənlənib, hamısı da əsirlərə tamaşa edir. Adət üzrə piyada, səhra-biyaban ilə dincəlmədən gələn, bütün yaxınları öldürülmüş insanlar belə vəziyyətdə necə olarlar? Amma Kərbəla əsirlərinin nəinki bu ab-havadan ruhiyyələri dəyişir, onlar burada bir vüqar, izzət səhnəsi yaradırlar və o qədər izzətlə, vüqarla daxil olurlar ki, İbn Ziyad lənətlik bu səhnədən qəzəblənir və istəyir onlara hörmətsizlik etsin, amma cəsarəti çatmır.

İmam Səccadın (ə) burada bir buyuruşu olur. Buyurur: “Ey Ziyadın oğlu! Bu gün qüdrət taxtında oturubsan, Peyğəmbərin (s) övladları isə qarşında durublar. Ey Ziyadın oğlu, belə güman etmə ki, bizim nəzərimizdə qiymətli bir dəyərin vardır”.

İmam (ə) bu cinayətkara çatdırır ki, harada otursan da, dəyərin yoxdur, Peyğəmbər Əhli-beytindən (ə) heç bir zaman üstün ola bilməzsən və belə bir işlərlə bizim nəzərimizdə qüdrətli görünmək istəyirsənsə, böyük səhvin var. Zəlillik bizdən tamamilə uzaqdır.

O qədər təsir edir ibn Ziyada bu bir neçə kəlmə söz ki, çox narahat olur və hətta əmr verir ki, İmamı (ə) qətlə yetirsinlər. Amma əsirlərin – neçə müddət məhrumiyyətlər içində piyada yol gedən və olmazın məşəqqətlərə məruz qalmaqlarına baxmayaraq, həqiqi izzət və əzəmətin təcəssümü olan bu müqəddəs insanların təsiri o qədər idi ki, Übeydullah ibn Ziyadın başında olanlar belə, bu təsirin altına düşürlər və cinayətkar valini bu qərardan daşındırırlar.

Amma burada bir səhnə də yaşanır ki, yüzillər sonra da bütün azadxah insanların qanını cuşa gətirir. İmam Səccad (ə) buyurur: “Məni öldürməklə qorxudursan?! Öldürülmək – bizim adətimiz, şəhid olmaq isə - kəramətimizdir”.

Bu bir neçə sözlə İmam (ə) bütün məsələlərin nöqtəsini qoyur. Atası Hüseyn (ə) də, babası Əli (ə) İlahi dəyərlər uğrunda canlarını veriblər. Və İmam Səccad (ə) da hər an buna hazırdır. Və o toplumlar ki, şəhid verməyə, amallar uğrunda həyatlarından belə keçməyə hazır olan oğullar yetişdirir - heç zaman zəlil olmaz. Düşmən nə qədər qüdrətli və güclü görünsə də.

HƏYATIN HƏR SƏHNƏSİNİN QƏHRƏMANLARI

İmam Səccadın (ə) mübarək şəxsiyyətini bir qədər yaxından tanımaq üçün, bu Həzrətin (ə) həyatından olan bəzi nümunələrə toxunaq. O cümlədən, İmam Səccadın (ə) alicənablıq və genişqəlbliliklə bağlı qoyduğu irsə nəzər yetirək. Nəql edirlər ki, ömrünün müəyyən vaxtında İmam (ə) həccə gedirmiş. Amma istəmirmiş ki, onu tanısınlar və buna görə özgə bir karvana qatılaraq, yol gedir. Uzun yoldur, İmam (ə) çalışır öz səfər yoldaşları olan zəvvarlara xidmət etsin, onlara qarşı çox diqqətli olur. Yolun yarısında karvana bir nəfər qoşulur ki, İmam Səccadı (ə) görən kimi tanıyır və həmin karvandakılara deyir ki, “sizə xidmət edən bu şəxsi tanıyırsınız?”. Deyirlər: “Xeyir, tanımırıq. Mədinəli bir gəncdir və çox yaxşı bir adamdır”. O adam deyir: “Bəli, tanımırsınız. Tanısaydınız, heç zaman razı olmazdınız ki, o, sizə xidmət etsin”. O adam İmamı tanıdır ki, bəs, zəmanənin İmamıdır (ə), Həzrət Peyğəmbərin (s) övladıdır, Həzrət Əli (ə) nəvəsi, İmam Hüseynin (ə) oğludur. Bu tanıtmanı eşitcək, zəvvarlar narahat olub, gedirlər İmamın yanına ki, “Ağa, niyə bizi bu vəziyyətə saldınız? Siz bizə xidmət edəsi adam deyilsiniz. Əyləşin lütfən, biz sizə xidmət edək”, - deyə xahiş edirlər. İmam (ə) cavab verir ki, məhz elə ona görə tanımadığı karvanla getdi ki, zəvvarlara xidmət etmək, yoldaşlıq etmək imkanı olsun.

Hər addımları əxlaq dərsi və ibrətdir əziz İmamlarımızın (ə)! Əməldə təzahür edilən bir dərs. Bu dəyərli insanlar yalnız Aşuranın və Aşuradan sonra yox, həyatın hər bir səhnəsinin qəhrəmanıdırlar.

Təbərrük üçün İmamın (ə) həyatı boyunca Aşuranı necə yad etməsinə də toxunaq. Deyirlər ki, İmam Səccad (ə) su içmək istəyərkən, gözü suya sataşdıqda, mübarək gözlərindən yaş süzülməyə başlayırdı. Bunun səbəbini soruşanda, buyurardı: “Yezid lənətliyin adamları suyu vəhşi və yırtıcı heyvanlar üçün azad qoyub, amma atamın üzünə bağladıqları (və onu susuz qoyduqları) bir halda, mən necə ağlamayım?!”.

İmam Səccad (ə) buyurardı: “Həzrət Fatimənin (s.ə.) balalarının ölümü yadıma düşərkən, qəhər məni boğur”.

Bir gün İmama (ə) deyirlər: “Sizin qəm-qüssəniz qurtarmaq bilmir”. İmam Səccad (ə) cavab verir: “Vay olsun sənə! 12 oğlundan biri itmiş Yəqub peyğəmbər (Həzrət Yusifin əhvalatına işarədir) öz oğlunun ayrılığına o qədər ağladı ki, gözü kor oldu. Qəm-qüssəsinin çoxluğundan beli büküldü. Halbuki, oğlu sağ idi (yəni onu tapmaqdan ümidini tam üzməmişdi). Amma mən bədənləri bir-birinin yanında yerə düşmüş atamın, qardaşımın, əmimin və 17 nəfər əhli-beytdən öldürülməsini öz gözlərimlə gördüm. Bu halda mənim qəm-qüssəm heç qurtararmı?!”.

İmam Səccad (ə) Allaha münacatla bağlı, dua mədəniyyəti ilə bağlı zəngin bir irs qoymuşdur. O Həzrətin “Səhifəyi-Səccadə”si hər zaman təravətli olan bir münacat toplusudur.

FƏDAKARLIQ ABİDƏSİNİN MƏKANI

Amma qayıdaq Kərbəla səhnəsinə. Kərbəla səhnəsi… Nə qədər qəhrəmanlıqlar olubdur burada. Neçə-neçə salnamələr yazılmış burada. Necə insanlar qurban getdi ki, bəşəriyyət xeyrin nə, şərin nə olduğunu bilsin.

Düşmənin beyət tələbləri, bu beyətə görə istənilən əvəzi vermək hazırlığı İmamin (ə) və məsləkdaşlarin dəmir iradəsinə dəyib parçalanır. Və zəlilliyi səbəbindən mənəvi üfunət qoxuyan düşmən, bu müqəddəs simalari qanlarina qəltan etməkdən başqa bir əlac görmür öz kor gözlərilə.

Amma düşmən hürrlük və azadlıq bayrağını endirə bilmədi! İmam Hüseyn (ə) və məsləkdaşları ləyaqət və izzət yolunda, İlahi dəyərləri yaşatmaq yolunda ən qiymətlilərini qurban verdilər, amma məsləklərindən dönmədilər. Onlar Kərbəla çölündə bir yenilməz fədakarlıq abidəsi ucaltdılar.

Və əsrlərdən gələn bir mesajı var İmam Hüseynin (ə) bəşəriyyətə: «Mənim yolumda olanlar heç zaman Yezidə və yezid kimilərə beyət etməzlər».

Allahım! Bizləri hər zaman gözəllikləri seçib, çirkinliklərdən uzaq olanlardan qərar ver! Bizlərə İmam Hüseynin (ə) davamçısı olmaq şərəfini inayət et! Amin!

Hacı İlqar İbrahimoğlu,


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 124 Bölmə: Maraqlı melumatlar
loading...