Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hər bir müsəlmanın bilməsi vacib olan əməllər (I-hissə)

Həmd ancaq Allaha məxsusdur. Ona həmd edir, Ondan kömək və bağışlanma diləyirik. Nəfslərimizin şərindən, əməllərimizin pisliyindən Ona sığınırıq. Allah kimi doğru yola yönəldərsə, onu o yoldan azdıran tapılmaz, kimi də azdırarsa, onu doğru yola yönəldən tapılmaz.
Allahdan başqa ilah olmadığına şahidlik edirəm. O, Təkdir və şəriki yoxdur! Şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir!
“Ey iman gətirənlər! Allahdan Ona layiq olan tərzdə çəkinin və ancaq müsəlman olduğunuz halda ölün!” (Ali-İmran, 3/102).
“Ey insanlar! Sizi tək bir candan xəlq edən, onun özündən zövcəsini yaradan və onlardan da bir çox kişi və qadın törədib yer üzünə yayan Rəbbinizdən qorxun! Adı ilə bir-birinizdən cürbəcür şeylər istədiyiniz Allahdan və qohumluq əlaqələrini kəsməkdən çəkinin! Həqiqətən, Allah sizə nəzarət edir” (Nisa, 4/1).

“Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz danışın ki, O, əməllərinizi islah etsin və günahlarınızı bağışlasın. Kim Allaha və Onun Elçisinə itaət etsə, böyük bir uğur qazanar” (Əhzab, 33/70-71).
Daha sonra, Peyğəmbərimiz Muhəmməd (ona Allahın salavatı və salamı olsun!) buyurmuşdur:
“Həqiqətən, sözlərin ən doğrusu Allahın kəlamı, yolların ən xeyirlisi Muhəmmədin (ona Allahın salavatı və salamı olsun!) yoludur. Əməllərin ən pisi isə sonradan uydurulanlardır. Sonradan uydurulub dinə gətirilən hər əməl bidət, hər bidət yolundan sapma və sapma da cəhənnəmlikdir”(Muslim (867), Nəsai, (3/188).)

BU DÖRD MƏSƏLƏ:

1. Elm - dəlillərlə Allahı, Onun peyğəmbərini tanımaq və İslam dinini bilməkdir.
2. Əməl – bu elmə riayət etməkdir.
3. Dəvət – insanları Allaha çağırmaqdır.
4. Səbr – dəvət zamanı yaranacaq əziyyətlərə dözməkdir.

Buna sübut Uca Allahın aşağıdakı kəlamıdır: “And olsun axşam çağına! Həqiqətən, insan ziyan içərisindədir. Yalnız iman gətirib yaxşı işlər görənlər, bir-birinə ədalətli olmağı məsləhət görənlər və bir-birinə səbirli olmağı məsləhət edənlər istisnadır” (Əsr, 103/1-3).
İmam Şafii (Allah ona rəhmət etsin!) demişdir:
“Əgər Allah (c.c.) qullarına bu surədən başqa bir dəlil nazil etməsəydi, bu onlara kifayət edərdi”.
İmam Buxari (Allah ona rəhmət etsin!) isə belə deyir:
“Elm söz və əməldən əvvəl gəlir. Bu deyilənə dəlil Uca Allahın aşağıdakı ayəsidir:
“(Ya Rəsulum!) Bil ki, Allahdan başqa heç bir ilah yoxdur. (Ondan) həm öz günahlarının, həm də mömin kişilərin və qadınların bağışlanmasını dilə...”. (Muhəmməd, 47/19) Uca Allah bu ayəsində söz və əməldən öncə elmin zəruriliyini bəyan etmişdir.”
Bilmək lazımdır ki, hər bir müsəlman kişi və qadının aşağıdakı üç məsələni bilməsi və ona uyğun əməl etməsi fərzdir.
Birincisi. Bizi Allah yaratmışdır. O, bizə ruzi vermişdir. Bizi özbaşına qoymamış və bizə peyğəmbər göndərmişdir. Həmin peyğəmbərə itaət edib göstərişlərinə əməl edən Cənnətə daxil olar, ona asi olan isə Cəhənnəmə vasil olar.
Uca Allah belə buyurur:
“Həqiqətən, Biz Firona elçi göndərdiyimiz kimi, sizə də şahidlik edəcək elçi göndərdik. Firon elçiyə asi oldu. Biz də onu şiddətli bir əzabla yaxaladıq” (Muzzəmmil, 73/15,16).
İkincisi. Uca Allah, Ona ibadətdə şərik qoşulmasına, istər o, yaxın mələk olsun, istərsə də göndərilmiş elçi, əsla razı olmaz. Buna Uca Allahın:
“Şübhəsiz ki, məscidlər Allahındır. Yalnız Allaha ibadət edilməlidir!” (Cinn, 72/18) ayəsi dəlildir.
Üçüncüsü. Tək Allaha ibadəti yalnız Ona məxsus sayaraq Allahın Elçisinə (ona Allahın salavatı və salamı olsun!) itaət edən hər bir insanın, ən yaxın əzizi də olsa belə, Allaha və Elçisinə (ona Allahın salavatı və salamı olsun!) qarşı çıxan bir şəxslə dostluq etməsi yolverilməzdir.
Uca Allah belə buyurur:
“Allaha və Axirət gününə iman gətirən elə bir camaat tapa bilməzsən ki, onlar Allaha və Onun Elçisinə düşmən olanlarla – öz ataları, oğulları, qardaşları, qohum-əqrəbaları olsalar belə - dostluq etsinlər. Allah onların qəlbinə iman salmış və onları Öz tərəfindən bir ruhla dəstəkləmişdir. Allah onları ağacları altından çaylar axan Cənnət bağlarına daxil edəcəkdir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan razıdır, onlar da Allahdan razıdırlar. Onlar Allahın firqəsindəndirlər. Həqiqətən, məhz Allahın firqəsinə daxil olanlar nicat tapanlardır” (Mucadilə, 58/22).
Qoy Allah səni Ona itaət etməyə yönəltsin! Həqiqətən, Həniflik (Tövhid dini) İbrahim peyğəmbərin (ə.) dinidir. Bu – sənin Allaha qulluğu yalnız Ona məxsus edib ibadət etməyin üçündür. Allah bunu bütün insanlara əmr etmiş, onları məhz bu məqsədlə yaratmışdır. Buna görə də Uca Allah belə buyurur:
“Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün yaratdım” (Zariyat, 51/56).
Burada “...ibadət etmək...” ifadəsi “təkləşdirmək” mənasını verir.
Uca Allahın ən böyük əmri Tövhiddir. Yəni, təkcə Allahın ibadətə layiq olduğunu qəbul etməkdir. Onun qadağan etdiyi şeylərin ən böyüyü isə şirkdir. Şirk, Allahla birlikdə bir başqasına dua etməkdir. Buna dəlil Uca Allahın aşağıdakı ayəsidir: “Allaha ibadət edin və heç bir şeyi Ona şərik qoşmayın!..” (Nisa, 4/36).
Əgər kimsə səndən: “İnsana bilməsi fərz olan üç əsas məsələ nələrdən ibarətdir?” – deyə soruşsa de ki, qulun Rəbbini, peyğəmbəri Muhəmmədi (ona Allahın salavatı və salamı olsun!) və İslam dinini tanımasından ibarətdir.”
Əgər “Rəbbin kimdir?” deyilsə, de ki, “Rəbbim, məni və bütün aləmləri nemətilə bəsləyən Allahdır. O mənim İlahımdır (məbudumdur). Ondan başqa İlah (məbud) tanımıram! Buna dəlil Allahın aşağıdakı ayəsidir:
“Həmd olsun aləmlərin Rəbbi Allaha” (Fatihə, 1/2).
Allahdan başqa nə varsa – yaradılmışdır. Mən də o məxluqlardan (yaradılmışlardan) biriyəm.
Əgər “Rəbbini nə ilə tanımısan?” – deyə soruşulsa:
“Ayələri ilə, yaratdıqları ilə” – cavabını ver. Çünki gecə də, gündüz də, günəş də, ay da Rəbbimin ayələrindəndir. Yeddi təbəqəli göy və yeddi təbəqəli yer və içindəki hər şey Onun yaratdıqlarındandır.
Uca Allah belə buyurur:
“Gecə və gündüz, günəş və ay Onun dəlillərindəndir. Əgər siz Ona ibadət edirsinizsə, onda günəşə və aya səcdə etməyin, onları yaradan Allaha səcdə edin” (Fussilət, 41/37).

“Doğrudan da, Rəbbiniz göyləri və yeri altı gündə yaradan, sonra da Ərşə ucalan Allahdır. O, gündüzü sürətlə təqib edən gecə ilə örtüb bürüyür. Günəşi, ayı və ulduzları əmrinə tabe edən də Odur. Əslində, yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi Allah nə qədər xeyirxahdır” (Əraf, 8/54).

Rəbb – məbuddur (yəni, ibadət ediləndir). Buna dəlil isə uca Allahın aşağıdakı ayəsidir:
“Ey insanlar! Sizi və sizdən öncəkiləri yaratmış Rəbbinizə ibadət edin ki, təqva sahibi olasınız. O, sizin üçün yer üzünü döşəmə, göyü isə tavan etdi. Göydən su endirib onunla sizin üçün növbənöv məhsullardan ruzi yetişdirdi. Siz də bunu bildiyiniz halda heç kəsi Allaha tay tutmayın”. (əl-Bəqərə, 2/ 21,22)
Təfsirçi İbn Kəsir (Allah ona rəhmət etsin!) demişdir: “Bütün bunları yaradan ibadətə layiqdir.”.
Allahın yerinə yetirilməsini əmr etdiyi ibadətlərdən bəziləri bunlardır: İslam (Allaha təslim olmaq), iman, ehsan, dua, xof, ümid bəsləmək, təvəkkül etmək, yönəlmək, çəkinmək, mütilik, qorxu, üz tutmaq, köməyə çağırmaq, sığınmaq, Allahdan gözlənən yardım, qurban kəsmək, nəzir boyun olmaq və s. Bunlar və başqaları yalnız Allah üçün edilir. Uca Allahın aşağıdakı ayəsi buna sübutdur: “Şübhəsiz ki, məscidlər Allahındır. Yalnız Allaha ibadət edilməlidir!” (Cinn, 72/18).
Hər hansı bir ibadəti Allahdan başqasına aid edən müşrik və kafirdir.
Uca Allahın aşağıdakı ayəsi buna dəlildir: “Kim Allahla yanaşı, haqqında özünün heç bir dəlili olmadığı başqa bir ilaha ibadət edərsə, onun cəzasını Rəbbi Özü verəcəkdir. Şübhəsiz ki, kafirlər nicat tapmazlar!” (Muminun, 23/117).
Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!): “Dua – ibadətin beynidir” – deyə buyurmuşdur. Buna sübut uca Allahın aşağıdakı ayəsidir: “Rəbbiniz buyurdu: “Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim! Mənə ibadət etməyi təkəbbürlərinə sığışdırmayanlar Cəhənnəmə zəlil olaraq girəcəklər!” (Mumin, 40/60).
XOF:
Uca Allah belə buyurur: “...Möminsinizsə, onlardan qorxmayın, Məndən qorxun!” (Ali İmran, 3/175).
ÜMİD:
Pak və Uca Allah belə buyurur: “Kim Rəbbi ilə qarşılaşacağına ümid bəsləyirsə, yaxşı işlər görsün və icra etdiyi ibadətlərində Rəbbinə heç kəsi şərik qoşmasın!” (Kəhf, 18/110).
TƏVƏKKÜL:
Uca Allah belə buyurur: “...Əgər möminsinizsə, Allaha təvəkkül edin!” (Maidə, 5/23).

Bir başqa ayədə isə O, buyurur:
“...Kim Allaha təvəkkül etsə, Allah ona kifayət edər....” (Talaq, 65/3).
YÖNƏLMƏK, ÇƏKİNMƏK VƏ MÜTİLİK
Uca Allah belə buyurur: “...Həqiqətən, onlar yaxşı işlər görməyə tələsər, ümid və qorxu ilə Bizə yalvarardılar. Onlar Bizə müti qul idilər” (Ənbiya, 21/90).

QORXMAQ:
Uca Allah belə buyurur: “...Onlardan qorxmayın, Məndən qorxun...” (Bəqərə, 2/150).

ÜZ TUTMAQ
Uca Allah belə buyurur:
“...Rəbbinizə üz tutun və Ona itaət edin...” (Zumər, 39/54).

KÖMƏK DİLƏMƏK:
Uca Allah belə buyurur: “Biz yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik” (Fatihə, 1/5).
Allahın Elçisi isə buyurmuşdur:
“Kömək istəyəndə yalnız Allahdan dilə” .(Tirmizi, 2648.)


Tarix: 08.05.2013 / 20:17 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 203 Bölmə: Maraqlı melumatlar
loading...