Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

: Peyğəmbərdən (s.a.v) sonra xəlifə kimdir? (Vilayət ayəsi və həqiqətən Həzrəti Əli səcdədə ikən zə

«Vilayət ayəsi»
Deyilən ayə budur: "Sizin haminiz ancaq Allah, Onun Peyğəmbəri və iman gətirənlərdir. O kəslər ki, tam mütiliklə (Allaha) namaz qılır və zəkat verirlər." (əl-Maidə: 55. )

Onlar bu ayənin təfsirində Əlidən (r.a) bir hədis nəql edirlər. Rəvayətdə deyilir ki, Əli namaz vaxtı rüku halında olarkən bir nəfər kasıb insan gəlib sədəqə, başqa rəvayətə görə zəkat istədi. Bu zaman Əli üzük olan əlini kasıba tərəf uzatdı və o da Əlinin (r.a) barmağından üzüyü götürdü. Sonra Allah təala bu ayəni nazil etdi: "Sizin haminiz ancaq Allah, Onun Peyğəmbəri və iman gətirənlərdir. O kəslər ki, (Allaha) namaz qılır və rükuda olduqları halda zəkat verirlər." Ayəni əslindən fərqli olaraq belə tərcümə edib deyirlər ki, namaz vaxtı rükuda olarkən yalnız Əli zəkat vermişdir və bu da onun vəliliyinə və xəlifəliyinə dəlalət edir.

Buna bir neçə yöndən cavab vermək olar:

Birinci: Bu hadisənin doğruluğunu isbat edən səhih sənəd yoxdur. Rükuda olarkən üzüyünü sədəqə verməsi haqqında Əlidən (r.a) səhih rəvayət nəql olunmamışdır. Əslində Əli barəsində tərif uydurmağa ehtiyac yoxdur. Çünki Allah və rəsulunun onun haqqında söylədikləri tərif ona yetərlidir. Belə ki, onlar Əlini tərifləmək istəyirlər, amma onu məzəmmət edirlər. Demək uca və nöqsansız Allah buyurur: "Həqiqətən, möminlər nicat tapmışlar! (Cənnətə nail olmaqla mətləblərinə çatıb əbədi səadətə qovuşmuşlar!) O kəslər ki, namazlarında (hər şeyi unudaraq ruhən və cismən yalnız Allaha) müti olub (Ona) boyun əyərlər! (Allahın qarşısında kiçilərlər!)" ( əl-Muminun: 1-2.)

Peyğəmbər (s.a.v) isə belə buyurmuşdur: "Həqiqətən də namazın özünəməxsus əməlləri var". ( Səhih əl-Buxari: Kitabul əməl fis-salət. Bab, mə yunhə anil kəlam, 1199. Səhihi Müslim: Kitabul Məsacid: 538.)

Namazda mütilik edənlərin öncülü və örnəyi olan Əlinin (r.a) namaz əsnasında sədəqə etdiyini necə dilimizə gətirə bilərik. Məgər o namazı bitirməsini gözləyib sonra sədəqə verə bilməzdi?! Təbii ki, bunu edə bilərdi. Əslində insan namaz qılarkən bacardığı qədər mütilik göstərməli və belə işləri namazdan sonraya saxlamalıdır.

İkinci: Qayda üzərə zəkat verən kimsə, hansısa insanın gəlib ondan zəkat istəməsini gözləmədən, zəkatını vaxtında verməlidir. Hansı daha yaxşıdır, zəkatı özün kiməsə təqdim etmək, yoxsa zəkat malını qarşına qoyaraq evində oturub haçan qapını döyüb istəsələr onda vermək?! Heç şübhəsiz, birinci hal daha yaxşıdır.

Üçüncü: Peyğəmbərin (s.a.v) sağlığı dövründə Əli  kasıb idi. Ona görə də Əlinin Fatiməyə (Allah onlardan razı olsun) verdiyi mehr sadəcə bir zirehli paltardan ibarət idi. Əlinin varı olmadığı üçün Fatimənin mehrini pul şəklində verə bilməmişdi. O kasıb idi. Əli kimi bir insana zəkat vermək vacib deyildi. Demək Peyğəmbərin (s.a.v) sağlığında Əliyə (r.a) zəkat vermək vacib olmamışdı.

Dördüncü: Ayədə rüku halında zəkat vermək təriflənmir. Belə olsaydı o zaman hər bir insan rükuda zəkat verməklə bu tərifə layiq görülərdi. Həmçinin, Allah təala rüku halında zəkat verənləri mədh etdiyindən dolayı bu əməl zəkat verənlər üçün sünnə (adət) olar və zəkat verən hər kəs bunu rüku vəziyyətində icra edərdi. Amma ümmətdən heç kəs bu fikri irəli sürməmişdir.

Beşinci: Allah təala ayədə namazı yerinə yetirməyi (ərəb. ədəus salət) deyil, namaz qılmağı (ərəb. iqamətus salət) qeyd edir. Bu iki hal arasında fərq vardır. Belə ki, Abdullah ibn Abbas namazı qılmaq haqqında deyir: "Namazı qılmaq, onu Peyğəmbərin (s.a.v) etdiyi kimi, yaxşı təmizlənib, rükusunu, səcdəsini, mütiliyini, zikrlərini və qiraətini mükəmməl formada yerinə yetirməkdir. Namazı qılmaq bax budur."

Bəs nə üçün ayədə, "və hum rakiun", "rükuda olduqları halda" sözləri işlədilir. Namazın qılınmasını qeyd etdikdən sonra rüku etməyi təkrarən qeyd etməyin mənası nədir? Heç şübhəsiz ki, burada başqa rüku nəzərdə tutulur. Ayədəki rüku sözündən məqsəd, Allaha müti olmaqdır. Demək, Allah təala Davud əleyhissəlam barəsində belə buyurur: "(Bu sözləri eşidən Davud o biri iddiaçı ağzını açmağa macal tapmamış) dedi: “O sənin bircə qoyununu öz qoyunlarına qatmaq istəməklə, şübhəsiz ki, sənə zülm etmişdir. Doğrudan da, şəriklərin çoxu bir-birinə haqsızlıq edər. Yalnız iman gətirib yaxşı işlər görənlərdən savayı! Onlar da (təəssüf ki) çox azdırlar!” (İddiaçılar bir-birinə baxıb güldükdən, yaxud çıxıb getdikdən sonra) Davud (bu işdən şübhəyə düşərək) Bizim onu imtahana çəkdiyimizi güman etdi. O dərhal Rəbbindən öz bağışlanmasını dilədi və dizi üstə düşüb rükuya (səcdəyə) qapanaraq tövbə etdi." ( Sad: 24.)

Əslində Davud Peyğəmbər səcdə vəziyyətini almışdı. Ayədə isə onun rüku vəziyyətində (ərəb. rakiən) olduğu qeyd olunur. Ona görə də burada rüku sözünün mənası Allah qarşısında müti olmaq və alçalmaq mənasını verir. Uca Allah başqa bir ayədə deyir: "Onlara: “Rüku edin!” – deyildiyi zaman rüku etməzlər!" (əl-Mursələt: 48.)

Yəni, Allaha mütilik göstərin, onun əmrlərinə təslim olun deyildikdə, imtina edərlər.
Uca Allah həmçinin Məryəm haqqında demişdir: "Ya Məryəm, öz Rəbbinə itaət et, səcdəyə qapan və rüku edənlərlə birlikdə rüku et!" Yəni, Allahın əmrinə müti ol, itaətkarlıq göstər. Məryəm öz vaxtını ibadətə sərf edirdi və (qadın olduğu üçün) ona camaatla birgə namaz qılmaq vacib sayılmırdı.
Uca Allahın bu ayədə məqsədi kiminsə rüku halında zəkat verməsinin bəyənilən bir iş olmasını vurğulamaq deyildir.

Altıncı: İbn Cərir ət-Təbərinin rəvayətinə əsasən bu ayənin nazil olma səbəbi belədir: Bənu Qeynuqa qəbiləsinin Peyğəmbərə  qarşı çıxdıqları zaman Ubadə ibn əs-Samitin yanına gəldilər və onların dəstəsinə qatılmasını istədilər. Lakin Ubadə ibn əs-Samit Allah və Rəsulunu dost tutub, onları (münafiqləri, kafirləri) tərk etdi və onlara düşmən kəsildi. Sonra Allah təala bu ayələri nazil etdi: "Sizin haminiz ancaq Allah, Onun Peyğəmbəri və iman gətirənlərdir. O kəslər ki, tam mütiliklə (Allaha) namaz qılır və zəkat verirlər."" ( əl-Maidə: 55.) (Təfsiri Təbəri: 6, 178. )

Yəni bu kimsələr daim Allaha müti olarlar. Bunu, əvvəlki ayələrdə deyilənlər təsdiq edir. Demək ayələrdə deyilir: "Ey iman gətirənlər! Yəhudi və xaçpərəstləri (özünüzə) dost tutmayın! Onlar bir-birinin dostudurlar. Sizdən kim onlarla dostluq edərsə, o da onlardandır. Allah zalım tayfanı düz yola yönəltməz!" (əl-Maidə: 51.)

Ayədə Abdullah ibn Ubey ibn Səlul nəzərdə tutulur. Çünki o, Bənu Qeynuqa qəbiləsinə dostluq münasibəti bəsləyirdi. Peyğəmbərlə  onların arasında mübahisə başladıqda Abdullah ibn Ubey ibn Səlul Bənu Qeynuqanın tərəfini tutdu, onlara köməklik göstərərək onlarla bir mövqedə dayandı. Sonra Peyğəmbərin  yanına gəlib onlar üçün şəfaətçi olmağa cəhd göstərdi. Amma Ubadə ibn əs-Samit isə Allah və Rəsulunu dost tutub, onları tərk etdi və onlara düşmən kəsildi. Bu xüsusda Allah təala bu ayələri nazil etdi: "Ey iman gətirənlər! Yəhudi və xaçpərəstləri (özünüzə) dost tutmayın! Onlar bir-birinin dostudurlar." Daha sonra Allah təala başda Ubadə ibn əs-Samit olmaqla onunla bir olan digər möminlərin vəsflərini qeyd edir: "Sizin haminiz ancaq Allah, Onun Peyğəmbəri və iman gətirənlərdir. O kəslər ki, tam mütiliklə (Allaha) namaz qılır və zəkat verirlər." Demək bu ayə Ubadə ibn əs-Samit  barəsində nazil olmuşdur.

Yeddinci: Hər kəs bu cür fikirlər iddia edə bilər. Müaviyəni sevənlər bu ayənin Müaviyə barəsində nazil olduğunu deyə bilərlər. Əlinin tərəfdarları onun barəsində hədis uydurduqları kimi, Müaviyənin tərəfdarları da onun üçün yalandan bir hədis uydura bilərlər. Sonra Osmanı sevənlər bu ayənin onun haqqında nazil olduğunu iddia edib bir hədis də uydura bilərlər.

Səkkizinci: Ayənin Əli barəsində nazil olmasını fərz etsək, bu yenə də onun Peyğəmbərdən  sonra xəlifə olmasına dəlalət etmir. Ayənin fərz olunan mənası, bizim Əliyə qarşı sevgi göstərməyimizin vacibliyini bildirir. Elə indi də biz onu dost tutur və sevirik. Allah ondan razı olsun!

Doqquzuncu: Ayə cəm formasında ifadə olunmuşdur. Amma Əli isə fərddir. Doğrudur tərəfimizdən təsdiq edilən qaydaya görə cəm formasında işlədilən ifadə fərdi insana da aid ola bilər. Amma əslində cəm formasında işlədilən ifadələr cəm şəklində də başa düşülür. Cəm formasında işlədilən ifadənin fərdi insana aid olması üçün əlavə dəlalət edən bir səbəb lazımdır. Bu ayədə də belə bir səbəb yoxdur.

Onuncu: Deyirlər ki, "Sizin haminiz ancaq Allah, Onun Peyğəmbəri və iman gətirənlərdir. O kəslər ki, tam mütiliklə (Allaha) namaz qılır və zəkat verirlər." bu ayədə işlədilən "ancaq" sözü müəyyənliyi ifadə edir. Belə olan halda Əlidən əvvəlkilərin, Əbu Bəkrin, Ömərin və Osmanın xilafəti batil sayılır.
Bizim cavabımız isə belədir: İlk olaraq biz bu ayənin Əli barəsində nazil olma fikrinin batil düşüncə olduğunu isbat etmişik. İkincisi isə, ayədəki "ancaq" sözünün müəyyənlik mənasını ifadə etdiyini deməklə Əbu Bəkr, Ömər və Osman xilafətinin batil olmasını deyiriksə onda həmin "ancaq" sözünün mənasına əsasən Həsənin, Hüseynin, Əli ibn əl-Hüseynin, Məhəmməd əl-Baqirin, Cəfərin və digərlərinin də xilafətinin batil olmasını deməliyik.

On birinci: Ayədəki "Sizin haminiz..." sözlərinə əsasən Allahın bəndələri üzərində əmir, rəhbər olduğunu demək Ona yaraşmaz. Allah bəndələrinin xaliqi, ruzi verəni, rəbbi və sahibidir. Belə olan halda ayənin mənası necə olacaq?! Eyni münasibəti Peyğəmbər  haqqında da demək olar. Peyğəmbər (s.a.v) rəhbər vəsfindən daha üstündür, daha layiqlidir. Bu bir daha göstərir ki, ayədə rəhbərlikdən söhbət belə getmir.


Tarix: 03.05.2013 / 20:00 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 237 Bölmə: Maraqlı melumatlar
loading...