Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əbdülxaliq ibn Əbü’l-Məali ibn Muhəmməd əl-Arrani

Şafi’i məzhəbinə mənsub fəqih idi. Şam diyarında şeyxü’ş-şüyux Sədrəddin Əbü’l-Həsən ibn Həmmuyənin, sonra isə Mosulda əllamə İmadəddin Əbu Hamid Muhəmməd ibn Yunis Məvsilinin tələbəsi olmuş, onlardan şafi’i fiqhini öyrənmişdi. Təhsilini başa vurduqdan sonra Əxlat şəhərinə getmişdi. Buradakı mədrəsələrdə müdərris və müfti olmuşdu. Əxlatşah hökmdarları ona hörmət və ehtiram bəsləyirdilər. Alim xarəzmlilərin Əxlat və ətraf vilayətləri xarabazara çevirmələrindən (1) sonra bu diyarı tərk edərək Dəməşqə getmiş və h. 15 şəvval 633-cü ildə (21 iyun 1236) burada vəfat etmişdi
(ƏSNƏVİ, Təbəqatu’ş-Şafi’iyyə, C. I, s. 74; YAQUT əl-HƏMƏVİ, Mu’cəmü’l-Büldan, C. I, s. 87. Yaqut əl-Həməvinin 1229-cu ildə Şam diyarının digər bir şəhəri Hələbdə vəfat etdiyini nəzərə alaraq onun Əbdülxaliq əl-Arrani ilə görüşdüyünü ehtimal etmək olar. )




(1) Əxlatşahlar və ya Sökəmənlər dövləti 1100-1207-ci illərdə Anadolunun şərqində, Van gölü ətrafında mövcud olmuş türk dövləti idi. Bu dövlətin ərazisinə qismən Azərbaycanın qərb torpaqları da daxil olmuşdu. 1197-ci ildən etibarən bu dövləti Sökmən ailəsinə mənsub məmlük əmirlər idarə etmişdilər. 1207-ci ildə əmir Balabanın ölümündən sonra Əxlat Əyyubilərin əlinə keçmişdi. Lakin Xarəzmşah Cəlaləddin Məngübərtinin bu coğrafiyaya gəlişindən sonra Əxlat Əyyubilərlə Xarəzmşah arasındakı hərbi toqquşmanın mərkəzində qalmışı. 1226-cı ilin dekabrında Əxlat Xarəzmşahın əlinə keçmişdi. 1231-ci ildə Əyyubi və Anadolu Səlcuqlularının müttəfiq orduları Xarəzmşah Cəlaləddini Yassıçəmən döyüşündə ağır məğlubiyyətə uğratmışdılar. Xarəzmşah Cəlaləddin Əxlatın Əyyubilərin əlinə keçəcəyini bildiyi üçün şəhəri oda verib xaraba qoymuşdu. Ehtimal ki, Əbdülxaliq Arraninin Əxlatı tərk etməsi də bu şəhər üçün fəlakətli olan 1220-ci illərə təsadüf etmişdi. Bax: Muhəmməd ibn Əhməd NƏSƏVİ, Siyrətü’s-Sultan Cəlaləddin Məngübərti, (Nşr. Ə. Həmdi), s. 299-326, Qahirə 1952; İBNü’l-ƏSİR, Kamil fi’t-Tarix, C. XII, s. 417, 427.


Tarix: 02.05.2013 / 22:22 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 97 Bölmə: Maraqlı melumatlar
loading...