Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İslamda olmağın savabı və keçmiş günahların bağışlanması

1.Əmr ibn əl-Asın islam dinini qəbul etməsi əhvalatı barədə özündən nəql olunan hədisdə Əmr belə deyir: «Elə ki, Allahtaala islamı qəlbimə saldı, Peyğəmbərin (s.a.v.) hüzuruna gələrək dedim:
“Sağ əlini uzat, səninlə bir sövdələşmə bağlayaq”. Sağ əlini uzatdı. Əlimi sıxdı. Peyğəmbər (s.a.v.) dedi:
“Ey Əmr, sənə nə olub?” Dedim:
“İstəyirəm bir şərt kəsim”. Dedi:
“Nə barədə şərt kəsmək istəyirsən?”
“Bağışlanmağım barədə” – deyə cavab verdim. Dedi:
“Məgər sən bilmirsənmi islam, hicrət və həcc özlərindən əvvəl bütün günahları yox edir?”
(Hədisi Müslim rəvayət etmişdir.)

2.Peyğəmbər (s.a.v.) dedi: «Əgər islamın qaydaqanunlarına riayət edərək yaxşı müsəlman adını qazansan, Cahiliyyət dövründə etdiklərinə görə cavabdehlik üzərindən götürülər. Yox əgər islamda pis müsəlman kimi tanınsan, həm əvvəl, həm də sonra etdiklərinə görə cavab verəcəksən».( Hədisi Əhməd “Müsnəd” adlı əsərində (I, 379) rəvayət etmiş, Əhməd Məhəmməd Şakir isə səhih hesab etmişdir.

3.Həkim ibn Hizam deyir: «Soruşdum: “Ey Allahın elçisi! Cahiliyyət dövründə sədəqə vermək, qul azad etmək və qohumlarla yaxşı münasibətdə olmaq kimi bir çox yaxşı işlər görmüşəm. İndi bu işlərə görə mənə savab düşürmü?” Peyğəmbər (s.a.v.) belə cavab verdi:
“Sən əvvəlki yaxşı əməllərə sahib ola-ola islamı qəbul etdin”.( Hədisi Buxari rəvayət etmişdir.)

4.Ənəs ibn Malikdən rəvayət olunan bir hədisdə deyilir ki, bir kişi Peyğəmbərin (s.a.v.) hüzuruna gələrək onun təbliği, beş vaxt namaz, zəkat, oruc və həcc ziyarəti barədə soruşur, çıxıb getdikdə isə Peyğəmbərə (s.a.v.) xitabən belə deyir: «And olsun səni haqla göndərənə ki, bunlara nə bir şey əlavə edəcəm, nə də bunlardan bir şey azaldacam». Bunu eşidən Peyğəmbər (s.a.v.) belə deyir: «Əgər doğru danışırsa,(dediiyni edərsə) Cənnətə daxil olacaq»( Hədisi Müslim rəvayət etmişdir.)

5.Ənəs ibn Malikdən rəvayət olunan bir hədisdə deyilir ki, vaxtilə bir yəhudi oğlan Peyğəmbərə (s.a.v.) qulluq edərdi. Günlərin bir günü bu yəhudi oğlan xəstələnir. Peyğəmbər (s.a.v.) onu ziyarət edir, gəlib baş tərəfində oturur və ona: «İslamı qəbul et» – deyir. Bu zaman oğlanın atası da burada olur. Xəstə nə edəcəyinə qərar vermək üçün atasının üzünə baxır və atası ona Əbu əl-Qasimə (s.a.v.) itaət etməsini əmr edir. Oğlan islamı qəbul edir. Peyğəmbər (s.a.v.) onun yanından çıxarkən Allaha belə həmd-səna edir: «Onu alovdan xilas edən Allaha həmd olsun!»( Hədisi Buxari rəvayət etmişdir.)

6.Abdullah ibn Əmr ibn əl-Asın Allah elçisindən nəql etdiyi aşağıdakı hədisə nəzər salsaq, bunun bariz nümunəsini görmüş olarıq. Allahın elçisi buyurmuşdur: «İslamı qəbul edən artıq nicat tapdı, kifayət qədər ruziləndirildi və Allah-taala verdiyi hər bir şeylə onu razı saldı»( Hədisi Müslim rəvayət etmişdir.)

7.Əbu Hüreyrədən rəvayət olunan hədisdə Allahın elçisi buyurmuşdur: «Əgər sizlərdən biri gözəl şəkildə Allaha təslim olarsa [islamı qəbul edərsə], onun gördüyü hər bir saleh işin savabı on qatdan yeddi yüz qata qədər artar. Gördüyü hər bir pis işə görə isə Allahın hüzuruna çıxana qədər ona yalnız bir günah yazılar».( Hədisi Müslim rəvayət etmişdir.)

8.«Dəmir maskalı bir kişi Peyğəmbərin (s.a.v.) hüzuruna gələrək dedi: «Ey Allahın elçisi! Vuruşum, yoxsa islamı qəbul edim?» Allahın elçisi: «Əvvəlcə islamı qəbul et, sonra vuruş» – deyə cavab verdi. Kişi əvvəlcə islamı qəbul etdi, sonra isə vuruşdu və vuruşarkən şəhid oldu. Allahın elçisi belə dedi: «Az iş gördü, lakin böyük bir savabla mükafatlandırıldı».( Hədisi Buxari və Müslim rəvayət etmişdir.)

9.Kürzi ibn Əlqamə əl-Cüzaidən rəvayət olunan hədisdə Peyğəmbər (s.a.v.) buyurmuşdur: «Əgər Allah-taala ərəb, yaxud da əcəm olan istənilən ev əhli üçün xeyir istəsə, bunun üçün onlara islamı bəxş edər».( Hədisi Əhməd rəvayət etmiş, Albani isə səhih hesab etmişdir.)

10.Allahın elçisi buyurmuşdur: «Allahtaala möminə zülm etməz. Ona bu dünyada saleh əməllər nəsib edər, axirətdə isə bu əməllərə görə onu mükafatlandırar. Kafir isə bu dünyada Allah üçün gördüyü yaxşı işlərin bəhrəsi ilə qidalanar, axirətdə isə mükafatlandırılması üçün heç bir savaba malik olmaz».( Hədisi Müslim rəvayət etmişdir.)

11.Abdullah ibn Əmrdən rəvayət olunan bir hədisdə Peyğəmbər (s.a.v.) buyurmuşdur: «Allah üçün bir müsəlmanın qətli dünyanın yox olmasından daha ağırdır»( Hədisi Tirmizi rəvayət etmiş, Albani isə səhih hesab etmişdir.)

12.Ənəsdən rəvayət olunan bir hədisdə Peyğəmbərin (s.a.v.) belə dediyi bildirilir: «Üç keyfiyyət vardır ki, kim onlara malik olsa, imanın ləzzətini dadmış olar: Allah və elçisini hər bir şeydən çox sevsə, müsəlmanı yalnız Allah rizası üçün sevsə və alova atılmağı arzulamadığı kimi Allah-taalanın qurtuluşundan sonra yenidən küfrə qayıtmağı arzulamasa».( Hədisi Buxari və Müslim rəvayət etmişdir.)

13.Abbas ibn Əbdülmüttəlibdən rəvayət olunan digər bir hədisdə isə Allah elçisinin belə deməsi bildirilir: «Kim Allahın Rəbb, islamın din və Məhəmmədin (s.a.v.) elçi olmasından məmnun olsa, artıq imanın ləzzətini dadmış olar».( Hədisi Müslim rəvayət etmişdir.)

14.Nəvvas ibn Səmandan rəvayət olunur ki, Allahın elçisi buyurmuşdur: «Allah-taala doğru yolu misal gətirir. Yol hər iki tərəfdən hasara alınmışdır və bu hasarlarda açıq qapılar vardır. Qapıların üzərindən nazik və boş pərdələr asılmışdır. Yolun ağzında bir nəfər dayanıb insanları çağırırdı: “Ey insanlar! Hamılıqla bu yola daxil olun, əsla başqa istiqamətə əyilməyin!” Bir nəfər də yolun ortasında dayanaraq bu qapılardan hansınısa açmaq istəyənə belə deyirdi: “Vay sənin halına! Onu açma! Əgər onu açmış olsan, ora daxil olacaqsan”. Bu yol islamdır. Hasarlar Allah-taalanın hüdudları, açıq qapılar Allah-taalanın haram buyurduqları, yolun ağzında dayanıb insanları çağıran uca və böyük Allahın Kitabı, yolun üstündə dayanıb insanları səsləyən isə Allah-taalanın hər bir müsəlmanın qəlbindəki moizəçisidir».( Hədisi Əhməd və Hakim rəvayət etmiş, Zəhəbi, Tirmizi və Albani isə səhih hesab etmişdir.)

15.Peyğəmbər (s.a.v.) belə demişdir: «Kim axşam və səhər üç dəfə: “Allahın Rəbb, islamın din və Məhəmmədin (s.a.v.) elçi olmasından məmnun oldum” – desə, onu razı salmaq Allah-taala üzərində bir haqq olar».( Hədisi Əhməd, Nəsai və Hakim rəvayət etmiş, Zəhəbi, Əbu Davud və Tirmizi səhih, İbn Baz isə yaxşı hesab etmişdir.)


Tarix: 25.04.2013 / 20:14 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 159 Bölmə: Maraqlı melumatlar
loading...