Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

radyallahu anhə –yə: «YALAN, BÖHTAN ATMAQ CƏHƏNNƏMƏ APARAN YOLDUR»

8.«O, kəslər ki, yalan yerə şahidlik etməz, faydasız bir şeylə rastlaşdıqları (lağlağı bir söhbət eşitdikləri) zaman onlardan üz çevirib keçər (özünü ləyaqətlə aparıb onlara əhəmiyyət verməz)». (əl-Furqan 72). «O, kəslər ki, lağlağıdan, lüzumsuz şeylərdən üz döndərərlər». (əl-Muminun 3). «Zinadan xəbəri olmayan namuslu, ismətli mömin qadınları zinada ittiham edənlər dünyada və axirətdə lənətə düçar olarlar. Onları (Qiyamət günü) çox böyük bir əzab gözləyir». (ən-Nur 23). «Mömin kişi və qadınları etmədikləri bir işdən (günahdan) ötrü incidənlər, şübhəsiz ki, öz üzərlərinə böhtan və açıq-aydın bir günah götürmüşlər». (əl-Əhzab 58). «İsmətli qadınlara zina isnad edib, sonra (dediklərini təsdiqləyəcək) dörd şahid gətirə bilməyən şəxslərə səksən çubuq vurun və onların şəhadətini heç vaxt qəbul etməyin. Onlar sözsüz ki, (Allahın itaətindən çıxmış) əsil fasiqlərdir». (ən-Nur 4).
Aişə – radyallahu anhə – rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm – bir səfərə çıxmaq istədikdə zövcələri (yoldaşları) arasında püşk atardı. Püşk onlardan hansına düşsəydi Peyğəmbər - səllallahu aleyhi və səlləm – onu özü ilə birlikdə səfərə aparardı. Döyüşlərin birinə getmək istədiyi vaxt həmişəki kimi aramızda püşk atdı və bu dəfə püşkdə mənim adım çıxdı. Mən Peyğəmbər - səllallahu aleyhi və səlləm – ilə birlikdə səfərə çıxdım. Bu səfərimiz artıq hicab ayəsinin nazil olmasından sonra baş vermişdi. Məni Kəcavəndin içərisində aparırdılar. (Dincəlmək istədikdə) kəcavəndin içərisindən düşərdim. Bütün səfər boyu belə davam etdi. Nəhayət Peyğəmbər - səllallahu aleyhi və səlləm – bu döyüşü başa vurub Mədinəyə yaxınlaşdıqda (dincəlmək üçün) dayandı. (Bir müddət orada qaldıqdan sonra) Peyğəmbər - səllallahu aleyhi və səlləm – hərəkət etmək əmrini verdi. Mən (ehtiyacımı ödəmək üçün təkbaşına) ordudan ayrılmışdım. Ehtiyacımı yerinə yetirib geri qayıtdım. (Yolda əlimi) sinəmə vurduqda gördüm ki, Yəmən muncuqlarından olan boyunbağım qırılıb düşmüşdür. Dərhal dönüb onu axtarmağa başladım. Elə onu axtarmaq da məni yoldan saxladı. Mənim kəcavəndimi aparan kimsələr mənim orada olduğumu zənn edərək kəcavəndi dəvənin üstünə qoymuşdular. O, zaman qadınlar xəfif və az yedikləri üçün yüngül çəkili olurdular. Elə bu səbəbdən də kəcavəndi qaldıran kimsələr onun çəkisindəki fərqə varmayaraq onu (dəvənin üzərinə) qoymuşdular. O, vaxt mən kiçik yaşda (gənc yaşında) bir qadın idim. Bu səbəblə də dəvəni qaldırıb və çəkib getmişdilər. Ordu getdikdən sonra mən boyunbağımı tapdım. Mən ordunun olduğu yerə gəldikdə artıq orada nə bir çağıran, nə də bir cavab vərən vardı. Kəcavəndin qoyulduğu yerə gəldim. Onlar məni kəcavəndin içərisində tapmadıqlarını bilib geri dönəcəklərini güman etdim. Mən bu fikirlə yerimdə oturdum. (Bir müddətdən sonra) gözlərim mənə üstün gəlib yatdım (yuxuladım).
Səfvan b. Muattil əs-Suləmi sonra Zəkvani(ZƏKVANDA – yaşadığı üçün bu ad verilmişdir. Səfvan – radyallahu anhu – Ömər – radyallahu anhu – nun xəlifəliyi dövründə hicrətin on yeddinci ilində Ermənistanı fəth edərkən şəhid olmuşdur. ) arxadan gələn əsgərlərin qalmış olan əşyalarını və s. şeyləri götürərək (toplayaraq) sahibinə qaytarmaq vəzifəsinə sahib idi. Bu kimsə səhərə yaxın mən olduğum yerə gəlib çatdıqda yatmış bir insan qaraltısını görüb mənə yaxınlaşmışdı. O, (hicab ayəsi) nazil olmamışdan əvvəl məni gördüyü üçün dərhal məni tanımışdı. Mən onun (məni tanıdığı an) /İNNƏ LİLLƏHİ VƏ İNNƏ İLEYHİ RACİUN – Biz Allahın bəndələriyik və ona tərəf qayıdacağıq». (əl-Bəqərə 156) ayəsini «İstirca» sözlərini söyləməsi ilə ayıldım. Dərhal çarşabla üzümü örtdüm. Allaha and olsun ki, bir tək kəlmə də belə demədi və mən ondan «İstirca» sözlərindən başqa bir kəlmə də belə eşitmədim. Mənim dəvəyə minməyim üçün dəvənin ön ayaqlarını basaraq (dəvəni) çökdürdü. Mən dəvəyə mindim. (Dəvənin üzəngisindən) tutaraq çəkib apardı. Nəhayət şiddətli isti olduğundan dincəlmək üçün dayanmış orduya çatdıq. Bu an haqqımda (iftira olaraq) həlak olan həlak olmuşdur. İftira atan Abdullah b. Ubeyy b. Səlul idi. Nəhayət Mədinəyə çatdıq.
Mədinəyə gəldikdə bir ay xəstə oldum. Bu vaxt cəmaat iftira söhbətlərini (sözlərini) danışır və müzakirə edirdilər. Mən isə bunların heç birindən xəbərdar deyildim. Yalnız xəstələndiyim zaman məni şübhələndirən bir şey vardı ki, o da Peyğəmbər - səllallahu aleyhi və səlləm – dən başqa vaxtlarda görməkdə olduğum Lütf və Mərhəməti bu xəstəliyim vaxtı görmürdüm. Ancaq yanıma gəldikdə salam verər, sonra da (adımı çəkmədən): «Xəstəniz necədir!» deyə buyurardı. Bütün bunlar məni şübhələndirsə də mən şərri hiss etmirdim. Nəhayət xəstəliyimdən təzə qurtarmışdım ki, (sağalmışdım) evdən çölə çıxdım. Mənimlə bərabər Mistahın anası (Ummu Mistah) da çıxmışdı. Biz ehtiyacımızı ödəmək üçün Mənasi tərəfə çıxmışdıq. Buralar ancaq gecədən-gecəyə zəruri ehtiyacımızı ödəmək üçün çıxdığımız yerlər idi. Bu da evlərimizin yaxınlıqlarında ayaqyolları tikilənə qədər davam etdi. O, vaxtlar bizim bu halımız ibtidai ərəblərin halına bənzəyirdi (onlar da zəruri ehtiyaclarını ödəmək üçün evlərindən çox uzaqlaşardılar). Mən də Mistahın anası ilə çölə çıxdım. Bu qadın Əbu Ruhm b. Muttalib b. Abdi Mənafın qızıdır. Anası da Səxr b. Amirin qızıdır ki, bu qadın da Əbu Bəkr əs-Sıddıqın xalasıdır. Əbu Ruhmın qızının oğlu da Mistah b. Usasə b. Abbad b. Muttalibdir. Birgə evə qayıtdıqda Mistahın anasının paltarının (ətəyi) ayağına ilişərək sürüşdü. (Ərəblər arasında fəlakət zamanı söylənilməsi adət olan: «Düşmənin həlak olsun! duası yerinə): «Mistah həlak olsun! deyə oğluna bəd dua etdi. Mən də ona: «Nə pis söz söylədin! Bədr döyüşündə döyüşən bir kimsəni söyürsən?» dedim. Qadın mənə: «Eh! Sən onun söylədikləri sözləri hələ eşitməmisən?» deyə cavab verdi. Mən: «O, nə deyib ki!» deyə soruşdum. O, da mənə iftira sahiblərinin dedikləri sözləri xəbər verdi. Artıq xəstəliyimin üstünə bir xəstəlik də əlavə olundu. Evə qayıtdıqda yanıma Peyğəmbər - səllallahu aleyhi və səlləm – gəldi. İçəri daxil olaraq salam verdi və: «Xəstəniz necədir?» deyə buyurdu. Mən də valideyinlərimin yanına getmək üçün ondan izn istədim. Niyyətim (mənim haqqımda gəzən) bu xəbərin doğru olub-olmadığını valideyinlərimdən dəqiqləşdirmək idi. Peyğəmbər - səllallahu aleyhi və səlləm – mənə izn verdi. Mən də valideyinlərimin yanına gələrək anama: «Anacan! İnsanlar nə danışırlar?» deyə soruşdum. Anam: «Qızım! Özünü üzmə. Özünü və səhhətini fikirləş. Vallahi bir kişinin yanında sevdiyi gözəl bir qadını olsun və onun bir çox ortaqları olsun və onun əleyhinə danışmasınlar bu çox nadir hallarda (olan bir hadisədir)» deyə cavab verdi. Mən: «Subhənəllah! İnsanlar bunu mu danışırlar?» dedim. Bunun üzərinə bütün gecəni ağladım. Səhərə qədər gözümün yaşı dayanmırdı. Səhərə kimi bir anlıq belə yuxuya gedə bilmədim. Ağlamaqla səhəri açdım. Peyğəmbər - sallallahu aleyhi və səlləm – vəhyin nazil olması gecikdiyi üçün Əli b. Əbu Talib və Usamə b. Zeyd – radyallahu anhum – yanına çağırdı. Onlardan zövcəsindən ayrılıb-ayrılmamaq haqqında məsləhət aldı. Usamə b. Zeydi – radyallahu anhu – Peyğəmbər - sallallahu aleyhi və səlləm – in ailəsini yaxından tanıdığı və qəlbində onlara bəslədiyi sevgiyə görə: «Ya Rəsulullah! Onlar sənin əhlindir. Biz onun haqqında xeyirdən başqa bir şey bilmirik» dedi. Əli b. Əbu Talib – radyallahu anhu – ya gəlincə isə o: «Allah sənə heç bir hədd qoymamışdır (dünyanı sənə dar etməmişdir). Ondan başqa nə çox qadınlar. Aişə – radyallahu anhə – nin xidmətçisi Bərirə – radyallahu anhə – dən soruşsan o, da sənə düzünü deyəcəkdir. Peyğəmbər - sallallahu aleyhi və səlləm – Bərirə – radyallahu anhə – ni yanına çağırıb buyurdu: «Ey Bərirə! Aişədə səni şübhələndirən bir hal gördünmü?» Bərirə: «Səni haqq ilə göndərən Allaha and olsun ki, ondan heç bir qəbahətli iş görmədim. Əgər görsəydim onu qınayardım. Yalnız bir şeyi demək istəyirəm ki, az yaşlı təzə bir qadındır. Ailəsinin xəmirini yoğurarkən (xəmiri) qorumağı ona tapşırırdım. O, da yatdığı üçün qoyun gəlib xəmiri yeyərdi. Bundan sonra Peyğəmbər - sallallahu aleyhi və səlləm – minbərə çıxıb iftiranı ortaya atan Abdullah b. Ubeyy b. Səlul üzr istəsin deyə cəmaata xitab edərək buyurdu: «Ey müsəlman cəmaatı! Sizlərdən kim mənim əhlimə əziyyət verən kimsənin ittihamını rədd edərək əhlimə bəraət qazandıra bilər? Vallahi mən öz əhlim (yoldaşım) haqqında xeyirdən başqa bir şey bilmirəm. Bu iftiraçılar bir adamın adını da ortaya çıxardıblar ki, (Səfvan b. Muattıl) bu kimsə haqqında mən xeyirdən başqa bir şey bilmirəm. Bu adı çəkilən fəzilətli insan bu ana qədər mənimlə bərabər olmaq müstəsna mənsiz ailəmin yanına girməmişdir». Bu vaxt ənsarlardan Əus qəbiləsindən olan Sad b. Muaz – radyallahu anhu – ayağa qalxaraq: «Ya Rəsulullah! O, kimsəyə qarşı mən sənə kömək edəcəyəm (haqq qazandıracağam). Əgər bu iftiranı çıxaran Əus qəbiləsindəndirsə biz onun boynunu vurarıq. Yox əgər (qardaşlarımız) olan Xazrac qəbiləsindəndirsə bizə əmr et biz də əmrini yerinə yetirək. Bu dəfə Sad b. Ubadə ayağa qalxdı. O, da Xazrac qəbiləsinin başçısı idi. Əvvəl əməlisaleh olmuş sonra isə yolunu azmışdı. Sad b. Muaza qarşı: «Sən yalan söylədin! Allaha and olsun ki, sən nə onu öldürənsən, nə də öldürməyə qadirsən!» dedi. Bu dəfə Sad b. Muaz – radyallahu anhu – nun əmisi oğlu olan Useyd b. Xudeyr – radyallahu anhu – ayağa qalxaraq Sad b. Ubadəyə qarşı: «Allaha and olsun ki, sən yalan danışırsan! Vallahi biz onu əlbətdə ki, öldürərik. Həqiqətən sən münafiqsən ki, münafiqlərin tərəfini saxlayaraq bizimlə münaqişə edirsən. Beləliklə Əus və Xazrac qəbilələri arasında elə bir münaqişə düşdü ki, az qala bir-birlərini öldürəcəkdilər. Peyğəmbər - sallallahu aleyhi və səlləm – minbərdən enərək onları sakitləşdirdi.
Aişə: «Mən daha bir gün də ağladım. Gözümün yaşı dayanmırdı və bir an belə yuxuya gedə bilmirdim. Valideyinlərim mənim bu cür ağlamağımı görüncə elə zənn etdilər ki, ciyərimi parça-parça edəcəyəm. Onlar mənim yanımda olduqları vaxt ənsarlardan bir qadın mənim yanıma daxil olmaq üçün izn istədi. Mən də ona izn verdim. Gəlib mənimlə birlikdə (dərdimə şərik olaraq) ağlamağa başladı. Bu vaxt Peyğəmbər - sallallahu aleyhi və səlləm – içəri daxil olub salam verdi və əyləşdi. Halbuki Peyğəmbər - sallallahu aleyhi və səlləm – bundan əvvəl haqqımda iftiralar başlanan müddətdən bəri yanımda oturmamışdı. Bir ay keçməsinə baxmayaraq haqqımda heç bir şey vəhy olunmamışdı. Peyğəmbər - sallallahu aleyhi və səlləm – əyləşib Allaha həmd-sənalar etdikdən sonra buyurdu: «Ey Aişə! Haqqında mənə filan-filan sözlər çatıbdır. Əgər sən onların dediklərin-dən uzaqsansa tezliklə Allah səni təmizə çıxardacaqdır. Yox, əgər belə bir haram işi etmisənsə Allahdan bağışlanma dilə və Allaha tövbə et. Çünki qul günahını etiraf edib Allaha tövbə etdikdə Allah da onun tövbəsini qəbul edib onu bağışlayar. Peyğəmbər - səllallahu aleyhi və səlləm – bu sözlərini deyib qurtardıqdan sonra gözümün yaşı kəsildi. Gözümdən bir damla da belə yaş axmadı. Mən atama: «Peyğəmbər - sallallahu aleyhi və səlləm – in söylədiyi bu sözlərə mənim tərəfimdən cavab ver!» dedim. Atam: «Vallahi Peyğəmbər - sallallahu aleyhi və səlləm – ə nə deyəcəyimi bilmirəm!» dedi. Sonra anama: «Peyğəmbər - səllallahu aleyhi və səlləm – in söylədiyi bu sözlərə mənim tərəfimdən cavab ver!» dedim. Anam: «Vallahi Peyğəmbər - sallallahu aleyhi və səlləm – ə nə deyəcəyimi bilmirəm!» dedi. Mən az yaşlı uşaq olduğum üçün Qurandan da çox dəlil-sübut bilmirdim: «Vallahi mən qəti olaraq bildim ki, siz bu iftiraçıların (dedi-qodularını) eşitmisiniz. Hətta bu sözlər sizin qəlblərinizdə yer almış və ona inanmısınız. Əgər mən sizə bu günahdan uzaq olduğumu desəm, Allah da bilir ki, mən bu günahdan uzağam (günahsızam), lakin siz mənə inanmayacaqsınız. Yox, əgər günahkar olduğumu etiraf etsəm yenə də Allah bilir ki, mən bu günahdan uzağam, lakin siz bunu dərhal təsdiq edəcəksiniz. Vallahi mən bu vəziyyətdə özüm üçün və sizin üçün bu ayədən başqa bir məsəl bilmirəm. Ancaq Yusif – əleyhissəlam – ın atası Yəqub – əleyhissəlam – a dediyi sözlər kimi: «Mənə yalnız tükənməz, dözümlü səbr gərəkdir. (Yusif barəsində) dediklərinizin yalan olduğunu (sübut etməyə isə) ancaq Allahdan kömək diləmək lazımdır». (Yusif 18)» belə cavab verdim. Bu sözləri söyləyib yatağıma gedib yatdım. Vallahi o, zaman mən inanırdım ki, Allah mənim günahsız olduğumu üzə çıxaracaqdır. Lakin vallahi haqqımda (Qiyamətə qədər) oxunacaq bir vəhy endiriləcəyini heç zənn etmirdim. Lakin Peyğəmbər - sallallahu aleyhi və səlləm – in yuxusunda bir yuxu görməsini və Allahın da o, yuxu ilə mənə bəraət qazandıracağını ümüd edirdim. Vallahi Peyğəmbər - sallallahu aleyhi və səlləm – otur-duğu yerdən qalxmamışdı. Ev əhlindən də heç kimsə çölə çıxmamışdı. ƏZİZ və CƏLİL olan Allah Peyğəmbər - sallallahu aleyhi və səlləm – ə vəhy nazil etdi. Ona vəhy nazil olduğu zaman həmişə düşdüyü bir vəziyyətə düşdü. Endirilən sözün ağırlığından soyuq qış günündə də belə ondan mirvari dənələri kimi tər axırdı. Vəhy nazil olduqdan sonra Peyğəmbər - sallallahu aleyhi və səlləm – sevincindən gülürdü. Dediyi ilk söz isə bu oldu: «Müjdə ya Aişə! Allah səni təmizə çıxartdı!». Bu an anam mənə: «Qızım Peyğəmbər - sallallahu aleyhi və səlləm – ə doğru çıx və ona təşəkkür et!» dedi. Mən: «Vallahi nə ona tərəf çıxaram, nə də Allahdan başqasına həmd edərəm!» dedim. Uca Allah on ayə nazil etdi: «Həqiqətən (Aişə) barəsində yalan xəbər gətirənlər öz içərinizdə olan bir zümrədir (münafiqlərdir). Onu (o, xəbəri) pis bir şey zənn etməyin. O, bəlkə də, sizin üçün xeyirlidir. O, zümrədən olan hər bir şəxsin qazandığı günahın cəzası vardır. Onlardan günahın böyüyünü öz üstünə götürəni (Abdullah b. Ubeyy) isə (qiyamət günü) çox şiddətli bir əzab gözləyir. Məgər o, yalan sözü eşitdiyiniz zaman mömin kişilər və qadınlar öz ürəklərində yaxşı fikirdə olub: «Bu açıq-aydın bir böhtandır!» deməli deyildilərmi. (Aişəyə) iftira yaxanlar nə üçün özlərinin doğru yolda olduqlarını təsdiq edəcək dörd şahid gətirmədilər? Madəm ki, şahid gətirmədilər, deməli onlar Allah yanında əsl yalançıdırlar. Əgər Allahın dünyada və axirətdə sizə neməti və mərhəməti olmasaydı o, yalan sözünüzə görə sizə şiddətli bir əzab toxunardı. O, zaman ki, siz (münafiqlərin yaydığı) yalanı dilinizə gətirir, bilmədiyiniz sözü ağzınıza alır və ona yüngül, asan (insana günah gətirməyən) bir şey sanırdınız. Halbuki bu Allah yanında çox böyük günahdır. Məgər siz onu eşitdiyiniz zaman: «Bizə bunu (bu yalanı) danışmaq yaraşmaz. Aman Allah! Bu çox böyük bir böhtandır!» deməli deyildinizmi. Allah sizə öyüd-nəsihət verir ki, əgər möminsinizsə bir daha belə şeyləri etməyəsiniz. Allah sizin üçün ayələrini (belə ətraflı, açıq-aydın) izah edir. Allah (hər şeyi) biləndir və hikmət sahibidir. Möminlər arasında pis söz yaymaq istəyənləri dünyada və axirətdə şiddətli bir əzab gözləyir. (Hamının əməlini, yayılan şayiələrin, atılan böhtanların doğru olub olmadığını) ancaq Allah bilir, siz bilməzsiniz! Əgər Allahın sizə neməti və mərhəməti olmasaydı, Allah şəfqətli və mərhəmətli olmasaydı (halınız necə olardı? Dediyiniz yalanlara, yaxdığınız iftiralara görə sizi dərhal məhv edərdi). Ey iman gətirənlər! Şeytanın yolunu tutub getməyin! Kim şeytanın getdiyi yolla getsə, o (insanlara) çirkin, pis işləri görməyi (zina etməyi, yalan danışmağı, özgələrə böhtan atmağı) əmr edir. Əgər Allahın sizə neməti və mərhəməti olmasaydı, heç kəs heç vaxt (günahdan) pak olmazdı. Lakin Allah dilədiyini (günahdan) pak edər. Allah (hər şeyi) eşidən və biləndir». (ən-Nur 11-21).
Allah mənim bəraətim haqqında ayələr nazil etdikdən sonra qohumluq əlaqələrinin hörmətinə və Mistah b. Usasənin kasıb bir (səhabə) olduğundan öz malından onun üçün xərcləyən Əbu Bəkr əs-Sıddıq – radyallahu anhu – dedi: «Qızım Aişə – radyallahu anhə – haqqında söylədiyi iftiralara görə mən ona malımdan heç bir şey verməyəcəyəm. (Bu sözlərdən sonra) Allah ayə nazil etdi: «Aranızda olan fəzilət və sərvət sahibləri qohum-əqrabaya, miskinlərə və Allah yolunda hicrət edənlərə (heç bir şey verməyəcəkləri, heç bir kömək göstərməyəcəkləri barədə) and içməsinlər. (Onları) əfv edib (cəzalandırmaqdan) vaz keçsinlər! Məgər siz (bu yaxşılıq müqabilində) Allahın sizi (günahlarnızı) bağışlamağını istəmirsiniz? Allah (bəndələrini) bağışlayan və rəhm edəndir!» (ən-Nur 22).
Hibban b. Musa dedi ki, Abdullah b. Mubarak: «Bu Allahın kitabında ən ümüdlü ayələrdir!» dedi. Bu ayənin nazil olması ilə Əbu Bəkr: «Vallahi mən Allahın məni bağışlamasını ümüd edirəm və Mistaha verdiyim malı təkrar ona verməyə başladım. Və ondan heç vaxt malımı əsirgəməyəcəyəm!» dedi.
Peyğəmbər - sallallahu aleyhi və səlləm – zövcəsi (yoldaşı) Zeynəb b. Cəhş – radyallahu anhə – dən də mənim haqqımda: «Ya Zeynəb! Aişə haqqında nə bilirsən və nə görmüsən!» deyə buyurdu. Zeynəb: «Ya Rəsulullah! Mən qulağımı, gözümü eşitmədiyim və görmədiyim şeydən mühafizə edirəm. Vallahi Aişə haqqında xeyirdən başqa bir şey bilmirəm» deyə şəhadət etmişdi. Bu o, Zeynəb idi ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – in zövcələri arasında gözəlliyi və Peyğəmbər - sallallahu aleyhi və səlləm – in yanında olan mövqeyi ilə mənimlə rəqabət aparırdı. Lakin Allah onu təqvası səbəbilə (fitnəyə düşməkdən) qorumuşdur. Bacısı Həmnə b. Cəhş isə mənə qarşı iftiraçılara qoşularaq böhtanları yaymağa başladı və bu səbəblə də həlak olanlar içərisində həlak oldu (Buxari 1121, 2661, Müslim 2770.)


Tarix: 25.04.2013 / 19:44 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 413 Bölmə: Maraqlı melumatlar
loading...