Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səhih Müslim (İman kitabı ) Peyğəmbərin başqa Peyğəmbərləri (onlara Allahın salamı olsun) xatırlamas

Əlli üçüncü fəsil: Peyğəmbərin başqa Peyğəmbərləri (onlara Allahın salamı olsun) xatırlaması.

Abdullah ibn Abbas (r.a) belə rəvayət edir: ”Peyğəmbər (s.a.v) ilə yola çıxmışdıq.Məkkə və Mədinə arasında olan bir vadinin yanından keçdikdə belə soruşdu: “Bu hansı vadidir?” Biz: “əl-Əzraq” (Göy vadi) deyə cavab verdik. Peyğəmbər (s.a.v) belə buyurdu: “Sanki Musanı (Mənə onun rəngi və saçından Davudun hifz etmədiyi şeyi söylədi) barmağını qulağına qoymuş halda, uca səslə Allahı təlbiyə edərək (ləbbeyk deyərək) vadini keçdiyini görürəm.” Sonra yolumuza davam edib bir dağa çatdıq. Peyğəmbər (s.a.v) bizdən: “Bu hansı dağdır?” deyə soruşdu. Onlar: “Hərşə və yaxud Ləft dağı” deyə cavab verdik. Peyğəmbər belə buyurdu: “Sanki Yunisi əynində yundan olan yapıncıda,yüyəni lifdən olan qırmızı dişi dəvənin üstündə bu vadini keçən görürəm.”

Əbu Hüreyrə (r.a) Peyğəmbərin (s.a.v) belə dediyini rəvayət edir: “Meraca qaldırıldığım zaman Musa ilə qarşılaşdım.” Peyğəmbər(s.a.v) zənnimcə onu belə vəsf elədi: “O, ucaboylu, başı düz saçlı bir kişi idi, sanki Bəni Şanua qəbiləsindən idi. Sonra İsa (aleyhissələm) ilə qarşılaşdım.” Peyğəmbər (s.a.v) onu belə vəsf elədi: “O, ortaboylu, sanki hamamdan çıxmış qızarmış bir kişi idi. Sonra İbrahimi (aleyhissələm) də gördüm.Övladlarından ona ən çox bənzəyəni mənəm. Sonra iki qabın yanına gəldim, birində süd, o birində isə şərab vardı. Mənə onlardan birini seçməyim buyruldu. Mən südü seçdim və içdim. Mənə belə buyruldu: “Sən fitrətə hidayət olundun (və ya fitrətə müvəffəq olundun), əgər şərabı seçsəydin ümmətini düz yoldan azdırmış olardın.”


Əlli dördüncü fəsil: Peyğəmbərin (s.a.v) Məsihi (İsanı, ona Allahın salamı olsun) və Dəccalı xatırlaması.

Abdullah ibn Ömərin (r.a) belə dediyi rəvayət olunur: “Peyğəmbər (s.a.v) insanlar arasında olduğu bir gün Məsih əd-Dəccalı xatırladı və belə buyurdu: “Allah-Təala tək göz deyildir. Həqiqətən, bilin və agah olun ki, Məsih əd-Dəccal sağ gözü kor bir kəsdir. Sanki gözü batmış üzüm dənəsidir.” Sonra Peyğəmbər belə buyurdu: “Özümü bir gecə yuxuda Kəbənin yanında gördüm. Birdən qarayanız bir kişi ilə rastlaşdım. Sanki qarayanızların içində ən gözəl olanı o idi. Düz saçlı, teli çiyinləri arasına çatır, başından su damcılayırdı. Əllərini iki kişinin çiyinlərinə qoymuşdu. Onların arasında Kəbənin ətrafını dolanırdı. “Bu kimdir?” deyə soruşdum. “Məryəm oğlu Məsih” deyə cavab verdilər. Birdən arxasında çox qıvrım saçlı, sağ gözü kor olan bir kişini gördüm. İnsanlardan ona ən çox bənzəyəni İbn Qatanı görmüşdüm. O, əlini iki kişinin çiyninə qoymuş halda Kəbəni təvaf edirdi. “Bu kimdir?” deyə soruşdum. “Məsih əd-Dəccal” deyə cavab verdilər.”


Əlli beşinci fəsil: Peyğəmbərin (s.a.v) başqa Peyğəmbərlərə namaz qıldırması.

Əbu Hüreyrə (r.a) Peyğəmbərin (s.a.v) belə dediyini rəvayət edir: “Özümü Hicrdə gördüm, Qureyş məndən Meraca qaldırılmağım barəsində soruşurdu.Məndən Beyt əl-Məqdiş haqda təsdiqləmədiyim şeyləri xəbər aldılar. Elə bir sıxıntı keçirdim ki, bu günə qədər belə sıxıntı keçirməmişdim. Allah-Təala mənim üçün onu (Qüdsü) açdı və mən ona baxırdım. Bundan sonra nə soruşdularsa, onların hər bir sualına cavab verdim. Özümü bir dəstə Peyğəmbərlərin içində gördüm. Musa (aleyhissələm) dayanıb namaz qılırdı. Sanki Bəni Şanua qəbiləsindən olan ucaboy, qıvrım saçlı bir kişi idi. Sonra Məryəm oğlu İsanın (aleyhissələm) dayanıb namaz qıldığını gördüm. İnsanlardan ona ən çox bənzəyən Ürvə ibn Məsud əs-Səqafidir. Daha sonra İbrahimi dayanıb namaz qılan gördüm. İnsanlardan ona ən çox bənzəyən sizin Peyğənbərinizdi (yəni, özünü nəzərdə tutur). Namaz vaxtı gəlib çatdı. Onlara imamlıq etdim, elə ki, namazı qurtardım, kimsə mənə belə dedi: “Ey Muhəmməd, bu Cəhənnəmin sahibi Malikdir, onu salamla.” Mən ona tərəf döndükdə, o mənimlə görüşdü.”


Əlli altıncı fəsil: Peyğəmbərin (s.a.v) Sidrət ül-Muntahaya çatdırılması.

Abdullah ibn Məsudun (r.a) belə dediyi rəvayət olunur: “Peyğəmbər (s.a.v) Meraca qaldırıldıqda, onu Sidrətül-Muntaha deyilən yerə çatdırdılar. Ora səmanın altıncı qatındadır. Yerdən ucalan hər bir şey ora çatır və ordan qəbul olunur. Yuxarıdan nazil olan nə varsa ora enər və oradan qəbul olar. O bu ayəni oxudu: “O zaman Sidrəni nələr bürümüşdü, nələr” (“ən-Nəcm” /16). Sonra belə dedi: “Qızıldan kəpənək.” Peyğəmbərə (s.a.v) üç şey verildi: “Beş namaz, “əl-Bəqərə” surəsinin son ayələri, ümmətində Allaha heç bir şeyi şərik qoşmayanların böyük günahlarının bağışlanması.”


Əlli yeddinci fəsil: Allah-Təala buyurur: “İki yay uzunluğunda, bəlkə, ondan da yaxın oldu.”

Şeybani belə rəvayət edir: “Zirr ibn Hubeyşdən Allah-Təalanın bu ayəsi haqda soruşdum: “İki yay uzunluğunda, bəlkə, ondan da yaxın oldu.” (“ən-Nəcm”/9). O belə cavab verdi: “Mənə Abdullah ibn Məsud (r.a) belə rəvayət etdi: “Peyğəmbər (s.a.v) Cəbraili gördüyü vaxt onun altı yüz qanadı vardı.”

Abdullah ibn Abbas (r.a) belə buyurur: “Qəlb gördüyünü yalan saymaz. Siz onun Cəbraili gördüyü barəsində mübahisəmi edirsiniz? And olsun ki, görmüşdü.” (“ən-Nəcm” /11-13). O, qəlbi ilə iki dəfə görmüşdür.


Tarix: 24.04.2013 / 22:14 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 154 Bölmə: Maraqlı melumatlar
loading...