Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Quranı necə oxuyaq

Uca Allah: "…Həm də aramla Quran oxu!" (Muzzəmmil, 73/4) – deyə buyurur. Onu ağır-ağır, tələsmədən oxu! Belə oxumaq Quranı anlamağına və onun üstündə əməllicə düşünməyinə köməkçi olacaq.

Ummu Sələməyə Peyğəmbərin (sallallahu əleyhi və səlləm) Quranın oxunuşu haqqında sual verildikdə, o, belə demişdir:
Peyğəmbər (sallallahu əleyhi və səlləm) Quranın oxunmasını ayələrə bölərdi. (Belə): "Rəhimli, mərhəmətli Allahın adı ilə (deyər və dayanardı); Həmd olsun Allaha - aləmlərin Rəbbinə (deyər və dayanardı); Rəhmli mərhəmətli olana (deyər və dayanardı); Haqq-hesab gününün sahibinə…" (Səhih hədis kimi Tirmizi tərəfindən rəvayət edilmişdir)
Quranın aramla (ağır-ağır) oxunması, səsin məlahətliləşdirilməsi və oxuyarkən tələsməmək bəyənilən bir əməldir, yəni müstəhəbdir.
Peyğəmbər (sallallahu əleyhi və səlləm) buyurub ki: "Quranı səsinizlə gözəlləşdirin. Çünki gözəl səs Quranın gözəlliyini artırır" (Səhih hədis kimi Əbu Davud və başqaları tərəfindən rəvayət edilib)-(1)
(Hədisi bu mətnlə Əbu Davudun "Sünən" əsərində tapa bilmədim. Yalnız onun birinci cümləsinə oxşar bir ifadə Bəra b. Azibin (A.o.r): "Quranı səsinizlə bəzəyin" rəvayətində (Əbu Davud, 1468) verilmişdir.
Cəmil Zeynunun təqdim etdiyi mətni, Əd-Darimi (Sünən, 2/565, h. 3501), Beyhəqi (Şuabul iman, 2/386, h. 2141) və başqaları Bəra b. Azibdən (A.o.r.) rəvayət etmişlər. Şeyx Əlbani isə, "Səhih Cəmi" (3145) və "Səhih hədislər silsiləsi" (2/401, h.771) əsərində onun səhih olduğunu bildirilmişdir.)
İbn Məsud demişdir ki: "Quranı qumu ələyən kimi ələməyin. Şer oxuduğunuz kimi tələsə-tələsə oxumayın. Onun heyrətəngiz buyruqları üzərində dayanın, onlarla qəlbləri hərəkətə gətirin. Sizdən hər hansı bir kimsənin əsas məqsədi surəni tam bitirmək olmasın" (Buxari)
Quranın oxunuşunun bitməsindən sonra "sadəqallahulazim" demək lazım deyil. Çünki Quran oxumaq bir ibadətdir. Ona, şəriət baxımından, ayələrdən başqa bir şey əlavə etmək qəbul olunmur. Bu barədə hər hansı bir şey nazil olmamışdır.
Peyğəmbər (sallallahu əleyhi və səlləm) İbn Məsuddan Quranı dinləmişdir. O, Uca Allahın: "…səni də onlara şahid təyin edəcəyimiz zaman kafirlərin halı nə cür olacaq?" (Nisa, 4/41) buyruğuna çatdıqda Peyğəmbər (sallallahu əleyhi və səlləm) ona: "Bu qədər bəsdir!" dedi. (Buxari) Lakin İbn Məsud "sadəqallahulazim" demədiyi kimi, Peyğəmbər (sallallahu əleyhi və səlləm) də ona bunu əmr etməmişdir.
Bu bidət olan bir sünnəni aradan qaldırmış, onun məhvinə səbəb olmuşdur. Qeyd edilən isə Peyğəmbərin (sallallahu əleyhi və səlləm) aşağıdakı buyruğunda dediyi kimi dua etməkdir: "Quran oxuyan şəxs onunla Allahdan istədiyini xahiş etsin" (Yaxşı hədis olmaqla Tirmizi tərəfindən rəvayət edilmişdir)
Quran oxuyan şəxs qiraətindən sonra istədiyi şəkildə dua etsin və oxuduğu ilə Allaha təvəssül etsin(Oxuduğunu vasitəçi etsin.). Çünki o, duanın qəbuluna səbəb olan xeyirxah əməllər sırasındadır. Bu duanı oxumaq da münasibdir:
"Allahım, mən sənin qulunam, sənin kölənin və cariyənin oğluyam. Taleyim sənin əlindədir. Hökmün qəbulumdur. Barəmdə hökmün də ədalətlidir. Öz zatına ad kimi verdiyin və ya kitabında nazil etdiyin və ya da qullarından birinə öyrətdiyin və yaxud dərgahındakı qeyb aləmində yalnız Özünə bəlli saxladığın hər bir adınla Səndən istəyirəm ki: Qurani Kərimi qəlbimin baharı, gözümün nuru, kədərimi aparan, sıxıntımı, qəmimi dağıdan edəsən!" (Yaxşı hədis kimi Əhməd tərəfindən rəvayət edilmişdir)
(Hədisi imam Əhməd (1/391, h. 3712), İbn Əbi Şeybə (6/40, h. 29318), Əbu Yəla (9/198, h. 5297), Təbərani (Mucamul-kəbir, 10/169, h. 10352) və başqaları rəvayət etmişlər. Şeyx Əlbani "Səhih Tərğib və Tərhib" (2/361, h. 1822) əsərində onun səhih olduğunu bildirmişdir.)


Tarix: 17.04.2013 / 16:34 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 190 Bölmə: Maraqlı melumatlar
loading...