Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İMAN ZƏİFLİYİNİN ƏLACI(birinci hissə)

Hakim özünün «Müstədrək» əsərində, Təbərani isə «Mucam» əsərində rəvayət edirlər ki, rəsulullah (s) buyurur: «İman hər birinizin daxilində yaradılır. Necə ki, paltar biçilmişdir. Elə isə Allahdan qəlblərinizi imanla canlandırmasını diləyin!» . (Hakim, «Müştədrək», «Səhih hədislər silsiləsi», 1585; Heysəmi, «Məcmu əz-zəvaud», 1/52. Həmçinin Təbərani «Kəbir» əsərində də bu hədisi qeyd edir. Hədisin sənədi həsəndir). Yəni, paltar köhnəlib xarab olduğu kimi, iman da qəlbdə paslanır. Bəzən möminin qəlbini sanki, bir günah buludu bürüyür və qəlb zalımlaşır.
Rəsulullah (s) səhih hədisdə bu halı təsvir edir: «Elə bir qəlb yoxdur ki, onu bir bulud sarmasın. Bu, ayın qarşısını kəsən buluda bənzəyir. Bulud ayın qarşısını kəsərkən qaranlıq yaranır, çəkilib gedərkən isə işıq yayılır» . (Əbu Nəim, «Hiylə», 2/196; «Səhih hədislər silsiləsi», 2268).

Bəzən ayın üzünü buludlar alır, onun işığını kəsir. Lakin bir azdan çəkilib gedir və o, yenidən nur saçır, səmanı işıqlandırır. Eləcə də bəzən insanın qəlbini qara günah buludları örtür, onun nurunun qarşısını alır. Həmin vaxt insan o zülmətin dəhşətində yaşayır. İnsan imanının artmasına çalışsa və bu yolda Allahdan kömək diləsə, həmin buludlar yox olar, qəlbi əvvəlki kimi nura qərq olar.
İman zəifliyi məsələsini və onun çarə yollarını başa düşməkdə mühüm detallardan biri də imanın həqiqətən də artıb azalmasını bilməkdir. Bu, əhli-sünnə və camaat əqidəsinin möhkəmliyindən xəbər verir. Onların fikrincə iman dillə demək, qəlblə etiqad etmək və əzalarla əməl etməkdən ibarətdir. İman itaətlə çoxalır, günahla azalır. Bu barədə Kitab və sünnədə kifayət qədər dəlillər mövcuddur. Allah taala buyurur: «Möminlərin imanları üstünə iman artırmaq üçün onların ürəklərinə rahatlıq verən Odur» (əl-Fəth, 4).
Başqa bir ayədə isə Allah taala buyurur: «Bu sizin hansınızın imanını artırdı?» (ət-Tövbə, 124).
Həmçinin rəsulullah (s) buyurur: «Əgər sizdən biriniz pis bir əməlin şahidi olarsa, onu əli ilə dəyişdirsin. Bacarmazsa, dili ilə, onu da bacarmazsa, qəlbi ilə ona qarşı olsun! Bu, imanın ən zəif dərəcəsidir». (Buxari, 1/51).
İtaətin və günahın təsiri imanın artıb azalması ilə müşahidə olunur. Bu, artıq öz təcrübəsini də tapıb. Əgər bir şəxs çıxıb bazara gedərsə və orada bəzənib düzənmiş qadınları, bazar camaatının yalanlarını və haray-həşirini görərsə, sonra isə qəbristanlığa gedib qəbrlər arasında bir az dayanıb fikirləşsə, qəlbi yumşalar, hər iki hal arasındakı açıq fərqi dərk edər. Deməli qəlb sürətlə dəyişir.
Mövzumuzla əlaqəli bəzi sələflərin fikirlərini nəzərə çatdırmaq istərdik: «Qulun düşünməsi lazım olan şeylərdən biri imanının artıb azalmasıdır. Qul imanının artdığını və yaxud azaldığını bilməlidir. Həmçinin, insan şeytanın vəsvəsəsi gəldikdə onu bilməlidir». (İbn İsa, «İbn Qeyyim nuniyyəsinin şərhi», 2/140).
Onu da qeyd etmək lazımdır ki, iman naqisliyi vacib rüknün tərk edilməsinə və ya haram bir əməlin işlədilməsinə gətirib çıxarırsa, onu edən şəxs məzəmmət edilir. O, Allaha tövbə etməli, nəfsini şəriətə uyğun şəkildə müalicə etməlidir.
Rəsulullah (s) buyurur: «Sənin gücün var. Hər bir gücdə də zəiflik var. Kimin zəifliyi mənim yoluma uyğun olsa, nicat tapacaq. Yox əgər bunun əksi olsa, həlak olacaq». (Əhməd, 2/210; «Səhih ət-təğrib», 55).
Müalicə barəsində danışmazdan əvvəl, bir mülahizəni qeyd etmək lazımdır. Qəlblərində sərtlik hiss edən bəzi insanlar müalicə üçün xarici ünsürlər axtarırlar. Onlar özlərini müalicə edə bilmələrinə baxmayaraq bu məsələdə başqalarından yardım diləyirlər. Əsas olan budur. Çünki iman qulla qəlbi arasında olan bir əlaqədir.
Aşağıda qeyd edəcəyimiz şəri vasitələrlə müsəlman olan kəs Allaha təvəkkül edərək və nəfsini mübarizəyə səsləyərək imanının zəifliyini müalicə edə bilər və qəlbini paslanmaqdan xilas edər.

1) Allah taalanın hər şeyi bəyan etməkdən və istədiyi qulları hidayət edərək nura çıxarmaqdan ötrü nazil etdiyi Qurani-Kərimi dərk etmək.
Şübhəsiz ki, bunda böyük xeyir və təsiredici qüvvə var. Allah taala buyurur: «Möminlər üçün şəfa və rəhmət olan Quran nazil etdik». Müalicə yolu isə dərindən fikirləşməkdən və götür-qoy etməkdən ibarətdir.
Rəsulullah (s) Allahın kitabını dərk edirdi, tez-tez onu təkrarlayır və gecələr ibadət etmək üçün qalxardı. Hətta gecələrin birində o, tək bir ayəni səhərə kimi təkrarladı: «Əgər onlara əzab versən, şübhə yoxdur ki, onlar Sənin qullarındır. Əgər onları bağışlasan, yenə şübhə yoxdur ki, Sən yenilməz qüvvət və hikmət sahibisən!» (əl-Maidə, 118). (Əhməd, 4/149; Albani, «Peyğəmbər namazı», səh. 102).
Rəsulullah (s) Quranı oxuyub dərindən dərk edirdi və ayələr barəsində fikirləşirdi. İbn Hibban yaxşı isnadla «Səhih»ində rəvayət edir ki, Əta deyir: «Mən və Ubeydullah bin Umeyr Aişənin (r) yanına gəldik. Ubeydullah bin Umeyr dedi: Rəsulullahdan (s) gördüyün ən təəccüblü şey barəsində bizə danış! O, ağladı və dedi: «O, gecələrin birində namaz qılmaq üçün qalxdı və dedi: «Ey Aişə, Rəbbimə ibadət etməyim üçün məni tək burax!» Mən isə dedim: «Allaha and olsun ki, sənin qədər və səni sevindirən hər şeyi istəyirəm». Sonra o, dəstəmaz aldı və namaza qalxdı. Namazda dayanmadan ağlayırdı. O qədər ağladı ki, sinəsi islandı. Hətta, o qədər ağladı ki, oturduğu yer də islandı. Bilal peyğəmbəri namaza çağırmaq və əzan vermək üçün gəldikdə onu ağlayan gördü və dedi: «Ya rəsulullah, Allah sənin keçmiş və gələcək günahlarını bağışladığı halda, sən ağlayarsan. Rəsulullah (s) dedi: «Şükr edən qul olmayımmı? Bu gecə mənə elə ayələr nazil olub ki, onları oxuyub fikirləşməyənlərin vay halına: «Həqiqətən, göylərin və yerin yaradılması, gecə ilə gündüzün bir-birini əvəz etməsi ağıl sahibləri üçün qəti dəlillərdir. O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlayar, göylərin və yerin yaradılması haqqında düşünərlər» (Ali İmran, 190-191). («Səhih hədislər silsiləsi», 1/106) . Bu, ayələri oxuyub onlar haqda dərindən fikirləşməyin vacibliyinə dəlildir.
Tövhid, mükafat və cəza, hökmlər, xəbərlər, keçmiş qövmlərin hekayələri, əxlaq və ədəb normaları və s. haqda Quranda müxtəlif izahlar var. Həmçinin Quranda insanı Allahın əzabı ilə qorxudan surələrdən söhbət açılır. Bütün bunlar peyğəmbərin (s) bu hədisinə dəlalət edir. Hud və onun yoldaşları haqqında olan surə mənim saçlarımı qocaltmamışdan əvvəl ağartdı» . («Səhih hədislər silsiləsi», 2/679).
Başqa bir rəvayətdə isə Hud, əl-Vaqiə, əl-Mursələt, ən-Nəbə və ət-Təkvir surələri qeyd olunur. (Tirmizi, 3297; «Səhih hədislər silsiləsi», 955) .
Rəsulullahın (s) qəlbinə bütün ağırlığı ilə dolan iman həqiqətləri və böyük məsuliyyət həqiqətən də, onun saçlarını ağartdı. Bütün bunlar onun saçında və bədənində hiss olunurdu. «Sənə əmr edildiyi kimi düz yolda ol və səninlə birlikdə iman gətirənlər də düz yolda olsunlar» . (Hud, 112) .
Rəsulullahın (s) səhabələri də, Qurani-Kərimi oxuduqda onu dərindən başa düşər və ondan təsirlənərdilər. Əbu Bəkr (r) yumşaq qəlbli biri idi. İnsanlarla namaz qılanda Allahın kəlamını oxuyarkən özünü ağlamaqdan saxlaya bilmirdi. Ömər Allah taalanın «Rəbbinin əzabı mütləq vaqe olacaq. Onu heç kəs dəf edə bilməz» (Tur, 7-8) kəlamının təsirindən xəstələnmişdi. (İbn Kəsir, 7/406). Namazda Allah taalanın Yaqub əleyhis-salam barəsindəki «İztirab və kədərimdən Allaha şikayət edirəm» ayəsi oxunduqda, onun hıçqıraraq ağladığı eşidilirdi. (İbn Cövzi, «Mənaqibu Umar», 167).
Osman (r) isə buyurur ki, «kaş qəlbimiz Allahın kəlamından doymaqla təmizlənərdi. Bu, qanı Quranın səhifələri üzərinə tökülərək öldürülmüş şəhid idi. Səhabələr barəsində məlumatlar çoxdur.
Eyyubdan rəvayət olunur ki, Səid (ibn Cubeyr) namazda bu ayəni iyirmi dəfədən çox oxuyardı: «Allahın hüzuruna qayıdacağınız gündən qorxun!» . («Siyəru əlamun-nubələ», 4/324). Bu, Quranda son nazil olan ayədir. Tamamilə belədir: «Hər kəsə gördüyü əməlin əvəzi veriləcək və haqsız yerə zülm olunmayacaqdır» (əl-Bəqərə, 281) .
İnsanı dərindən düşündürəcək ayələrdən biri də Allah taalanın bu ayəsidir: «Cəhənnəmə vasil olarkən onların – kaş ki, sür-sümük olardıq – demələrini görəydin!» . İbrahim bin Bəşşar demişdir ki, bu həmin ayədir ki, orada Əli ibn Fudeylin ölümünə bir işarə var. ( «Siyəru əlamun-nubələ», 8/446). Digər bir ayədə isə Uca Allah buyurur : «Onlar üzüqoylu səcdəyə qapanıb ağlayar, onların itaəti daha artar» (əl-İsra, 109) .
Ən mühüm təfəkkür formalarından biri də Qurani-Kərimdə çəkilən misaldır. Çünki Allah taala Qurani-Kərimdə misallar çəkməklə bizi düşünməyə, dərindən fikirləşməyə sövq edir. Uca Allah buyurur: «Allah insanlara hikmətli kəlamlar söyləyir ki, bəlkə onlar Allahı xatırlasınlar». Başqa bir ayədə isə Allah taala buyurur: «O məsəlləri insanlar üçün örnək göstəririk ki, bəlkə onlar yaxşıca düşünsünlər» .
Bir dəfə sələflərdən biri Qurani-Kərimdə çəkilən misallardan biri barəsində fikirləşir, ancaq mənası ona aydın olmur. Başlayır ağlamağa. Ağlamağın barəsində ondan soruşanda belə cavab verir: «Allah taala buyurur ki: «Biz bu məsəlləri insanlar üçün çəkirik. Onları yalnız haqqı bilənlər anlayar» (əl-Ənkəbut, 43). Mən də çəkilən misalı başa düşmədim. Mənim elmimin itməsinə görə də ağlayıram».
Allah Qurani-Kərimdə bizim üçün çoxlu misallar çəkir. Onlardan: od yandıran şəxs, eşidilməyən tərzdə bağıran insan, yeddi sünbül bütürən toxum, ləhləyən it, kitab daşıyan eşşək, milçək, hörümçək, kor və kar, görən və eşidən, küləyin sovurduğu kül, xeyirli və xəbis olan ağac, səmadan enən su, çıraqlı qəndil, mülki olan, lakin heç nəyi bacarmayan insan, bir-biri ilə çəkişən şəriklər və s. barəsində Qurani-Kərimdə ətraflı misallar çəkilir. Burada məqsəd misallar barəsindəki ayələrə müraciət etmək və onlara xüsusi diqqət yetirməkdir.
İbn Qeyyim (Allah ona rəhmət etsin!) müsəlmana vacib olan Qurandan istifadə edərək qəlbin sərtləşməsinin qarşısını necə almağı qısa şəkildə göstərərək qeyd edir: «Bu, iki cürdür: Birincisi, qəlbini dünyadan çevirəsən və onu axirət eşqi ilə yaşadasan. Quranın mənalarına, izahına, fikrinə, məqsəd güddüyü düşüncəsinə uyğunlaşasan. Lazım olan payını və qəlbin şəfası üçün hər şeyi almağı bacarasan. Əgər Allah taala bir şeyi qəlbin şəfası üçün nazil edibsə, ondan istifadə olunsa, qəlb Allahın izni ilə hər cür bəladan uzaq olar».

2) Allahın əzəmətini hiss etmək, onun ad və sifətlərini tanımaq, onlar haqqında fikirləşmək, mənalarını dərindən anlamaq. Bu hisləri qəlbində möhkəmlətməli, əzalarında isə onları həyata keçirmək üçün yaşatmalıdır. Çünki qəlb əzaların sahibi və ağasıdır. Demək olar ki, əzalar qəlbin əsgərləridir. Əgər qəlb sağlam olsa, əzalar da gümrah olar, əgər qəlb qüsurlu olsa, əzalar da nöqsanlı olar.
Allahın əzəməti haqda Kitab və sünnədə mətnlər çoxdur. Əgər müsəlman olan şəxs onları dərindən anlasa, qəlbi titrəyər, Uca Allahın qarşısında öz qürurunu qırar, Eşidən və Bilən rəbbinin əmrlərinə riayət edər, əbədi və əzəli olan rəbbindən qorxaraq imanı artar. Eyni zamanda Allahın ad və sifətlərini tanıyıb onları dərindən anlamaq lazımdır. Həqiqətən, Allah böyük və əzəmətlidir. O, hər şeyə nəzarətçidir, qüdrətlidir, vüqarlıldır, yenilməz güc və qüvvət sahibidir. O, əbədidir, yəni ölməzdir. Cinlər və insanlar isə ölürlər. Allah taala öz qulları üzərində yenilməz gücə malikdir. Mələklər, hətta göydə çaxan şimşək də onu təsbih edir. O, oyaqdır, heç vaxt yatmır, elmi hər şeyi əhatə edir. Həqiqətən, Allah gözlərin xəyanətini və qəlblərdə gizli olanları bilir. Allah taala elminin genişliyini belə vəsf edir: «Qeybin açarları Allahın yanındadır. Onları ancaq Allah bilir. Allah suda və quruda nə varsa hanısını bilir. Elə bir düşən yarpaq yoxdur ki, Allahın ondan xəbəri olmasın. Yerin zülmətləri içində elə bir toxum, elə bir şey yoxdur ki, məhz açıq-aydın kitabda olmasın» (əl-Ənam, 59).
Allah taala başqa bir ayədə öz əzəməti haqqında xəbər verərək buyurur: «Allahı lazımınca qiymətləndirmədilər. Halbuki, Qiyamət günü yer bütünlüklə onun ovucunun içində olacaqdır, göyləri isə Allah sağ əli ilə bükəcəkdir» (əz-Zümər, 67) .
Rəsulullah (s) buyurur: «Qiyamət günü Allah yeri tutacaq, göyləri isə sağ əli ilə bükəcək və deyəcək: «Mənəm hakim, hanı yerin hakimləri?» . ( Buxari, 6947) . Musa əleyhis-salamın hekayəsini eşidib dərindən fikirləşdikdə, ürək titrəyir, vicdan dilə gəlir. O, «Ey Rəbbim, üzünü mənə göstər, sənə baxım!» dedikdə, Allah taala buyurdu: «Sən məni əsla görə bilməzsən. Ancaq o dağa bax! Əgər o dağ yerində dura bilsə, sən də məni görə bilərsən. Allah dağa göründükdə onu parça-parça etdi və Musa ürəyi gedib yerə yıxıldı» (əl-Əraf, 143) . Peyğəmbər (s) ayəni təfsir edərkən onu oxudu və əli ilə işarə edərək dedi: «bu şəkildə» - baş barmağını çeçələ barmağının yuxarı oynağına qoydu və dedi: «Dağ çökdü ». ( Tirmizi, 3074; Əhməd 3/125, 209. İbn Kəsir hədisin rəvayət yollarını öz təfsirində qeyd edir, 3/466. İbn Qeyyim qeyd edir ki, hədis Müslimin şərtinə görə səhihdir. Albani hədisin səhih olduğunu bildirmişdir, hədis 480). Dağ parça-parça oldu.
«Allah taalanın pərdəsi nurdur. Əgər onu açsa, sifətinin cəlalı yaradılmışların gördüyü hər şeyi yandırıb məhv edər». (Müslim, 197).
Rəsulullahın (s) hədisi Allahın əzəmətini bir daha göstərir: «Allah göydə bir şeyi əmr etdikdə, mələklər onun əmrinə tabe olaraq qanadlarını çalarlar. Onlar səf-səf düzülərlər. Qəlbləri tir-tir əsər. Deyildikdə ki, rəbbiniz nə əmr etdi? «Allah haqqı əmr etdi, O, böyük və əzəmətlidir» - deyilər» ( Buxari, 7043) .
Bu barədə dini mətnlər çoxdur. Məqsədimiz imanın zəifliyi kimi bir bəlanı aradan götürmək üçün qeyd olunan mətnlərdəki ibrətlərdən istifadə edərək ən gözəl şəkildə Allahın əzəmətini dərk etməyə nail olmaqdır. İbn Qeyyim (Allah ona rəhmət etsin!) Allah taalanın əzəmətini şirin və gözəl bir kəlamla belə ifadə edir: «Allah taala hər şeyi idarə edir, əmr və nəhy edir, yaradır, ruzi verir, öldürür, ucaldır və endirir, gecəni gündüzlə əvəzləyir, günləri insanlar üçün növbə ilə dəyişdirir… Allahın əmri, hakimiyyəti göydə və onun qatlarında, yerdə və onun üzərində, altında, suda, quruda keçərlidir. Onun elmi hər şeyi əhatə edir.O, hər şeyin sayını bilir, hər şeyi eşidir, ona heç nə qaranlıq və sirr qalmır. Dillərinin və ehtiyaclarının fərqli olmasına baxmayaraq O, deyilən hər bir kəlməni eşidir, Ona heç nə mane olmur, məsələlərin çoxluğu Onu çaşdırmır, ehtiyacı olanların istəklərini qarşılamaq Onu yormur, bezdirmir. O, hər şeyi görür. Allah taala qaranlıq gecədə qara qaya üzərində gəzən qara qarışqanı da görür. Bizim qeyb bildiklərimiz Ona bəyan, sirr bildiklərimiz Ona əyandır. «Göylərdə və yerdə kim varsa hamısı Ondan diləyər». O, günahları bağışlayır, kədərləri aparır, bəlaları uzaqlaşdırır, kasıbı varlandırır, yolunu azmışı düz yola gətirir, duaları qəbul edir, acları doyurur, paltarı olmayanları geyindirir, xəstəyə şəfa verir, tövbə edənin tövbəsini qəbul edir, saleh insanın mükafatını verir, məzluma kömək edir, qolu zorluları zəlil edir, nöqsanları örtür, bəzilərini qaldırır, bəzilərini endirir. Həqiqətən, Allah taala hikmət sahibidir. Əgər göylərdə və yerdə olanlar, ilk və son yaradılmışlar, insanlar və cinlərin hamısı inanan və müttəqi olsalar da, Onun mülkündə nəsə artmaz. Əgər ilk və son yaradılmışlar, insanlar və cinlərin hamısı ən zalım qəlbə sahib olsalar belə. Yenə də Onun mülkündən nəsə əksilməz. Həmçinin, göylərdə və yerdə olanlar, insanlar və cinlər, dirilər və ölülər bir yerə yığışıb nəsə istəsələr və Allah onların istəklərini yerinə yetirsə, yenə də Ondan zərrə qədər də nəsə azalmaz. O, əzəlidir, Ondan əvvəl heç nə olmayıb. O, əbədidir, Ondan sonra heç nə yoxdur. O, zahirdir, Ondan üstə heç nə yoxdur. O, batindir, Onsuz heç nə yoxdur. O, zikr edilməyə, tərifə və ibadətə layiqdir. O, heç bir şəriki olmayan hakimdir, tayı-bərabəri yoxdur. O, ehtiyacsızdır, övladı yoxdur. Ucalardan ucadır, bənzəri yoxdur. Ondan başqa hər şey fanidir, mülkündən başqa hər şey qurtarandır. Onun izni olmadan heç bir itaət və asilik olmaz. İtaət olunur, həmd edilir. Asilik edilir, O, isə bağışlayır. Onun verdiyi hər bir cəzada ədalət, hər bir nemətdə fəzilət var. Allah taala ən yaxın himayədar və ən yaxşı biləndir. O, insanların başlarına gələn hadisələri, ruzilərini və əcəl vaxtlarını əvvəlcədən yazmışdır. Sağlam qəlblər Ona olan imanla coşar. Ona hər şey əyandır. Onun bəxşişi də, əzabı da yalnız bir kəlimənin nəticəsidir. «Bir şeyi yaratmaq istədikdə sadəcə «ol» deyər və o da dərhal olar» . («əl-Vabilus-siyyəbu», səh. 125) .

3) Şəriət elmini öyrənmək. Bu, elə bir elmdir ki, onu öyrənmək Allahdan qorxmağa və ona olan imanın artmasına gətirib çıxarır. Allah-taala buyurur : «Həqiqətən, Allahdan qulları arasında alimlər qorxar» . Bilənlərlə bilməyənlər iman baxımından eyni tutula bilməz. Şəriəti bütün aydınlığı ilə bilən, şəhadətin mənasını və tələblərini dərk edən, ölümdən sonrakı qəbir, məhşər həyatından, Qiyamətin hallarından, Cənnətin gözəlliyindən, Cəhənnəmin əzabından, şəriətin haram-halal etdiklərindən xəbərdar olan və peyğəmbərin (s) həyatı ilə yaxından tanış olan kimsə ilə bunların heç birindən xəbəri olmayan kimsə necə eyni tutula bilər?! Allah taala buyurur: «De ki, bilənlərlə bilməyənlər heç bərabər olarmı?» .

4) Zikr halqasının (məclisinin) zəruriliyi . Bu, bir neçə səbəbdən imanın artmasına gətirib çıxarır. Allahı zikr etmək mərhəmətə, hüzura, mələklərin zikr edənlər ətrafında toplaşmasına səbəb olur. Allah zikr edənləri ən yüksək mövqelərdə xatırlayır. Mələklər onların günahları üçün Allahdan bağışlanma diləyirlər. Rəsulullah (s) səhih hədisdə bu barədə buyurur: «Bir toplum zikr etdikləri zaman mələklər onları əhatə edər, Allahın rəhməti onları bürüyər, onların üzərinə bir sakitlik nazil olar. Allah orada olan hər kəsi yada salar» («Səhih Müslim» 2700) .
Səhl bin Hənzəli (r) rəvayət edir ki, rəsulullah (s) buyurur: «Bir camaat zikr etmək üçün bir yerə toplaşıb sonra oradan getdikləri vaxt onlara deyilər: Bağışlanmış halda qalxın!» . («Səhih əl-Cami», 5507) .
İbn Həcər (Allah ona rəhmət etsin!) deyir: «Zikr etmək deyəndə vacib olan xeyir əməli yerinə yetirmək nəzərdə tutulur. Əlbəttə ki, zikr bir ibadətdir. İbadət isə Allahın razı qaldığı söz və əməllər toplusudur. Quranı tilavət etmək, hədis oxumaq və elm öyrənmək də bu əməllərdəndir» ( «Fəth əl-Bari», 11/209)
İmam Müslimin özünün «Səhih» əsərində Hənzələ əl-Useydidən rəvayət etdiyi hədis zikr məclislərinin imanı artırmasına bir daha dəlalət edir: «Əbu Bəkr mənimlə qarşılaşdı və dedi: «Ey Hənzələ, necəsən? Dedim: Hənzələ ikiüzlülük edir. O dedi: «Sübhənallah, sən nə danışırsan? Dedim: Rəsulullahın (s) yanında oluruq o, bizə Cənnəti və Cəhənnəmi xatırladır. Ancaq elə ki, rəsulullahın (s) yanından çıxırıq, arvadlarımız övladlarımız və dünya həyatı başımızı qatır, çox şeyi unutdurur. Əbu Bəkr dedi: «Mən də bununla qarşılaşıram. Mən və Əbu Bəkr rəsulullahın (s) yanına gəldik. Mən dedim: Hənzələ ikiüzlüdür, ya rəsulullah! Rəsulullah (s) buyurdu: «Bu nə deməkdir?». Dedim: «Ya rəsulullah, sənin yanında olanda bizə Cənnəti və Cəhənnəmi xatırladırsan. Elə bil ki, gözlərimizlə görürük. Ancaq elə ki, sənin yanından çıxırıq, arvadlarımız, övladlarımız və dünya həyatı başımızı qatır, bizə çox şeyi unutdurur». Rəsulullah (s) isə buyurur: «Nəfsim əlində olana (Allaha) and olsun ki, mənim yanımda olduğu kimi imanlı olmağa və zikr etməkdə davam etsəniz, mələklər yatağınızda, yolunuzda belə sizi salamlayarlar». Üç dəfə «Ey Hənzələ, Qiyamət, Qiyamət» təkrarladı». (Müslim, «Səhih», 2750) .
Səhabələr (Allah ondan razı olsun!) zikr etmək üçün bir yerə toplaşmağa çox can atırdılar və bunu iman adlandırırdılar.
Muaz (r) bir kişiyə demişdir: «Sən də gəl bizimlə otur, bir saat imanımızı artıraq» (Sənədi səhihdir. Albaninin təhqiqi ilə olan «Ərbəu məsəli fil iman», səh. 72) .

5) Xeyir əməlləri çoxaltmaq və vaxtı bunlara sərf etmək . Bu, qəlbi müalicə etməyin ən böyük səbəblərindəndir. İmanın güclənməsində onun təsiri böyükdür. Bu barədə bir hədisə diqqət yetirməyiniz yerinə düşər. Rəsulullah (s) səhabələrindən soruşur: «Bu gün kim oruc tutub?» Əbu Bəkr dedi: «Mən». Rəsulullah (s) yenə buyurdu: «Bu gün cənazədə kim iştirak edib?»> Əbu Bəkr dedi: «Mən». Rəsulullah (s) yenə buyurdu:> «bu gün kim xəstə yanına gedib?> Əbu Bəkr dedi: «Mən». Rəsulullah (s) buyurdu: > «Bu əməllər hansı insanda cəmləşərsə, o, Cənnətə daxil olar» . (Müslim, «Fadaulu Səhabə», 1/12). Bu rəvayət Əbu Bəkr Siddiqin (r) fürsətlərdən yetərincə istifadə etməyə və hər cür ibadətləri yerinə yetriməyə necə həris olmasına dəlalət edir. Peyğəmbər (s) sual verdikdə Əbu Bəkrin (r) dərhal cavab verməsi, onun günlərinin itaətlə keçməsinə dəlalət edir. Sələflər xeyir əməllər etməklə və vaxtlarını xeyir əməllərlə keçirməklə imanlarının artmasını hiss etmişlər. Həmmad bin Sələmə barəsində Abdurrəhman bin Mehdi deyir: «Ona sən sabah öləcəksən desən belə, o, bacardığı qədər daha çox xeyir əməl edər». ( Siyəru əlam ən-nubələ», 7/447) .
Müsəlman olan kəs gərək saleh əməllər barəsindəki aşağıdakı məsələlərə diqqət yetirsin.
- Xeyir əməllərə səy göstərmək lazımdır . Allah taala buyurur : «Rəbbinizin məğfirətinə, göylər və yer genişlikdəki Cənnətə qovuşmaq üçün tələsin!». Başqa bir ayədə isə Uca Allah buyurur: «Rəbbinizin məğfirətinə, göylər və yer genişlikdəki Cənnətinə qovuşmaq üçün yarışın!» Bu ayələr peyğəmbərin (s), səhabələrinin xeyir əməllərdə yarışmalarına sövq etdiyini göstərir. İmam Müslim öz «Səhih»ində Ənəs bin Malikdən Bədr döyüşü barəsində rəvayət olunan hədisində müşriklər məğlubiyyətə düçar olduqda peyğəmbər (s) buyurdu: «Genişliyi göylər və yer qədər olan Cənnətə hazırlaşın!» Umeyr bin Həmmam rəsulullahdan (s) soruşur: «Ya rəsulullah, Cənnətin genişliyi göylər və yer qədərdir?» Rəsulullah (s) cavabında «hə» deyir.O, isə deyir: «Bəh-bəh!» Rəsulullah (s) soruşur: «Səni bu sözü deməyə nə vadar etdi?» O, isə cavab verdi: «Allaha and olsun ki, istəyim yalnız Cənnət əhlindən olmaqdır». Rəsulullah (s) buyurdu: «Sən onlardansan». O, isə bir neçə xurma çıxardıb yeməyə başladı və dedi: «Bu xurmaları yeyənə kimi mən həyatdayamsa, bu, böyük bir vaxtdır». Sonra əlindəki xurmaları atdı və ölənə kimi vuruşdu» .( « Səhih Müslim», 1901) .
Musa da Allahla görüşməyə tələsmiş və demişdir: «Sənə doğru tələsirəm ki, məndən razı qalasan». Allah taala Zəkəriyyə və onun ailəsini mədh edərək buyurur: «Həqiqətən, onlar yaxşı işlər görməyə tələsirdilər, ümid və qorxu içində bizə dua edirdilər və Bizə qarşı itaətkar idilər». Rəsulullah (s) buyurur: «Axirət üçün edilən əməllərdən başqa heç bir işdə tələsməyin!» . ( Əbu Davud, «Sünən», 5/157; «Səhih əl-Cami», 3009) .
-- Xeyir əməlləri davamiyyətli şəkildə etmək . Rəsulullah (s) qüdsi hədisdə buyurur: «Allah taala buyurur ki, qulum mənə nafilələrlə yaxınlaşmağa davam etdikcə mən onu sevərəm» («Səhih Buxari», 6137). Başqa bir hədisdə rəsulullah (s) buyurur: « Həcci ümrə ilə davam etdirin!». (Tirmizi, 810; «Səhih hədislər silsiləsi», 1200) . Bu prinsip imanın gücləndirilməsi və şəxsiyyətin itirilməməsi üçün əhəmiyyətlidir. Kəsik (yarımçıq) çoxdansa, davamiyyətli az yaxşıdır.
Saleh əməllərdə davamlılıq imanı artırar. Peyğəmbərdən (s) hansı əməllərin Allaha daha xoş olduğu barəsində soruşulduqda o, belə buyurdu: «Az olsa belə, davamiyyətli olan əməllər» . (Buxari, 11/194). Peyğəmbər (s) bir əməli etdikdə, onu davamlı və mükəmməl edərdi. (Müslim, «Kitab salətul musafirin», 18/141).
İmanın müəyyən bir zamanda çoxalıb sonra zəifləməsi qəlbin sərtləşməsinin qarşısını almır. Bu müvəqqəti xarakter daşıyır. Ona görə də iman davamiyyətli inkişafda olmalıdır. Bu da yalnız ibadətdə çalışqan olmaqla mümkündür.
Allah taala Qurani-Kərimdə sevimli bəndələrinin necə səylə ibadət etmələrindən bəhs edir: «Ayələrimizə inam gətirən kəslər bu ayələri, xatırladıqları zaman səcdə edərlər, öz Rəbbləri olan Allahın adını uca tutarlar və heç bir vaxt lovğalanmazlar, onlar ibadət etmək üçün yataqlarından qalxar, Allaha ondan qorxaraq və həsrətlə ibadət edərlər. Onlara verdiyimiz ruzidən sərf edərlər» (əs-Səcdə 15-16) . Başqa bir ayədə Allah onlar barədə belə buyurur: «Onlar gecələri az yatırlar, səhərə qədər oyaq qalıb ibadət edirlər. Allahdan bağışlanma diləyərlər».
Həqiqətən, sələflərin həyatı ilə tanışlıq və abidlərin necə ibadət etmələrinə nəzər yetirmək insanı heyran edir və onlardan nümunə götürməyə çağırır. Onlar hər gün Quranın yeddidə birini xətm edirdilər. Döyüş günləri gecəni ayıq keçirər, Allahı zikr edərlər. Hətta həbsdə olsalar belə namazlarını əksiltməzlər, gözlərindən yanaqlarına yaş axar. Göylərin və yerin yaradılması haqqında düşünərlər. Ana öz körpəsini yatırmaq üçün görüntü yaratdığı kimi, belə insanlar da zövcələrində yatmış görüntüsü yaradar, zövcəsinin yatmasını görüb gecə namazına qalxması üçün yatağını, çarpayısını tərk edər. Onlar gecə və gündüzü özləri üçün, ailələri üçün, oruc tutmaq, elm öyrənmək və öyrətmək, xəstəyə baş çəkmək, insanların problemləri ilə maraqlanmaq üçün bölüşdürürdülər. Onlar qəlbən məscidlərə bağlı olan kimsələrdir, bir namazdan sonra növbəti namazı gözləyərlər. Onlardan biri vəfat etmiş müsəlman qardaşının ailəsinə tez-tez baş çəkər ki, ehtiyaclarını ödəsin, kömək etsin.
-- İbadət edərkən cansıxıcılıq da yaratmaq olmaz . Məqsəd ibadətlərdə davamiyyətli olmaqla darıxdırıcı və usandırıcı hallar yaratmaq deyil, ibadətdən ayrılmamaqdır. İnsan bacardığını, gücü çatdığını edər, gücü çatmadığını edə bilməz. Bu ondan istənilməz də. Rəsulullahın (s) buyurduğu hədis dəlildir: «Həqiqətən, din asandır (asanlaşdırır). Dini heç kim çətinləşdirə bilməz. Əks təqdirdə din o kəsin özünə qalib gələr». (Buxari, 39).
Buxari (Allah ona rəhmət etsin), «həddən artıq ibadət ikrah hissi yaradır» adlı fəslində Ənəsdən belə rəvayət edir: «Peyğəmbər (s) evə daxil olarkən iki sütuna bağlanmış bir ip görür və soruşur: «Bu nə ipdir! Dedilər: Bu ip Zeynəb üçündür ki, ibadət zamanı yorulub taqətdən düşdükdə, ondan tutsun!» Peyğəmbər (s) buyurdu: «Yox, ibadətin gözəlliyi odur ki, fəal şəkildə ibadət edəsən, lakin yorulduqda oturub dincələsən» (Buxari, 1099).
Həmçinin Rəsulullah Abdullah bin Amr bin Asın bütün gecəni namaz qıldığını və hər gün oruc tutduğunu bildikdə ona bunu qadağan etdi və ona bunun səbəbini də açıqladı: «Əgər sən belə etsən yuxusuzluqdan gözlərin zəifləyər və canın yorular». Rəsulullah (s) səhih hədisdə buyurur: «Edə biləcəyiniz işin altına girin. Həqiqətən, şan-şöhrət sahibi Allah siz usanmadıqca, usanmaz. Allaha ən xoş əməllər az olsa belə, davamlı olan əməllərdir» ( Buxari, 3/38).
-- Fövtə verdiyini dərk etmək . Omər ibn Xəttab (r) rəsulullahın (s) belə buyurduğunu rəvayət edir: «Kim Qurandan (yaxud dua və ya zikrdən) bir hissə oxumadan yatarsa və səhəri gün sübh və zöhr namazları arasında oxuyarsa, onları gecə yatmamışdan əvvəl oxumuş kimi savab yazılar». (Nəsai, 2/68; «Səhih əl-Cami», 1228) .
Aişə (r) buyurur: «Rəsulullah namazı davamiyyətli şəkildə qılardı. Əgər durmaq fürsətini əldən qaçırsa və ya yuxu və yorğunluq tutanda gündüz on iki rükət qılardı» (Əhməd, 6/95)
Başqa bir rəvayətdə isə deyilir: «Rəsulullah gecə yatıb qaldıqda və ya xəstə olduqda gündüz on iki rükət namaz qılardı» ( Müslim, 1/515).
Ummi Sələmə Rəsulullahın (s) əsr namazından sonra iki rükət namaz qıldığını görüb bu barədə ondan (s) soruşdu. O (s) isə belə cavab verdi : «Ey Əbu Umeyyənin qızı, əsr namazından sonra iki rükət barəsində soruşdun. Əbdül Qeys qəbiləsindən bir dəstə şəxs gəlmişdi. Başım onlara qarışdı, zöhr namazından sonrakı iki rükəti qılmadım. Bax, bu həmin namazdır» (Buxari, 3/105).
Həmçinin peyğəmbər (s) zöhr namazından əvvəl dörd rükəti qılmasaydı, zöhrdən sonra qılardı. (Tirmizi, 426, «Səhih Sünən Tirmizi», 727). «Əgər zöhr namazından əvvəlki dörd rükəti qılmaq fürsətini əldən buraxsaydı, onu zöhr namazından sonra qılardı». («Səhih əl-Cami», 4759).
Bu hədislər nafilə ibadətlərin yerinə yetirilməsinə dəlalət edir. İbn Qeyyim peyəğmbərin (s) Şaban orucu barəsində qeyd edərək bildirir: «O, (s) hər ayın üç günü oruc tutardı. Əvvəlki aylarda tuta bilmədikdə fərz (Ramazan) orucuna çatmamış Şaban ayında hamısını cəm edərdi». («Təhzib Sünən Əbi Davud», 3/318).
Peyğəmbər (s) Ramazan ayının axır on günü etikaf edirdi. Səfərdə olduğu səbəbdən etikafdan yayınardısa, gələn ili iyirmi gün etikaf edərdi. («Fəthul Bari», 4/285).
--- Qəbul olunmamışdan qorxmaqla bərabər qəbul olunmasını istəmək . İtaətlərdə fəallıq göstərdikdən sonra onun qəbul olunmasından qorxmaq lazımdır. Aişə rəvayət edir ki, rəsulullahdan (s) bu ayə barəsində soruşdum: «Ürəkləri Rəbbinin hüzuruna qayıdacaqlarından qorxuya düşüb verməli olduqlarını (sədəqəni) verərlər…» (Muminun, 60). Onlar şərab içən, oğurluq edənlərdimi? Dedi: «Yox, ey Siddiq qızı. Onlar namaz qılarlar, oruc tutarlar, sədəqə verərlər və bunların onlardan qəbul olunmayacaqlarından qorxarlar. Məhz onlar xeyir əməllərdə yarışanlardır» . (Tirmizi, 3175; «Səhih hədisləri toplusu», 1/162).
Əbu Dərda (r) buyurur: «Bir namazın məndən qəbul olunmasına əmin olsaydım bu mənə dünyadan və onun içindəkilərdən daha sevimlidir» . Allah taala buyurur: «Sadəcə Allah müttəqilərin ibadətlərini qəbul edər» (İbn Kəsirin təfsiri, 3/67).
Allahın haqqı olan vacib buyurulan əməllər qarşısında təslim olmaq möminlərin sifətlərindəndir. Peyğəmbər (s) buyurur: «Bir kişi anadan olduğu gündən ölənə kimi Allahın razı qaldığı şeylərdən üz çevirirsə, Qiyamət günü ona xor baxarlar» (Əhməd, «Müsnəd», 4/185; «Səhih əl-Cami», 5249).
Allahı və özünü tanıyan kimsəyə aydın olar ki, onun sahib olduğu mal-dövlət, hətta bütün insanların əməlini özü ilə gətirsə, bu ona kifayət etməz. Sadəcə Allah sübhənəhu və taala əməli öz kəraməti, səxavəti ilə qəbul edər, savab yazar.

6) İbadətlərin növləri : İbadətlərin müxtəlif çeşidli olması Allah taalanın bizim üçün rəhmət və hikmətindəndir. Bu ibadətlərdən namaz kimi bədənlə əda edilən, zəkat kimi malla icra edilən, həcc kimi onların hər ikisi ilə yerinə yetirilən, zikr və dua kimi dillə edilən ibadətlər mövcuddur. Hər bir ibadət öz növbəsində vacib, nafilə, müstəhəb olmaqla bir neçə qismə bölünür. Nafilə namazlar bir neçə qismə ayrılır. Məsələn, gün ərzində on iki rükət nafilə namazları, əsr namazından əvvəl dörd rükət namaz və düha namazı, bunlardan daha fəzilətli hesab olunan gecə namazları, o da öz növbəsində bir neçə cürdür: iki-iki və ya dörd-dörd sonda bir rükət olmaqla vitir namazı və ya bir təşəhhüddən ibarət doqquz rükətli namaz və s. Beləliklə, ibadətlər icra edilməsi və formasına görə müxtəlifdir. İbadətləri izləyərək yerinə yetirən kəs onlarda sayına, vaxtına, formalarına və hökmlərinə görə böyük fərqlər görər. Ola bilsin ki, bunun belə olmasında hikmət cansıxıcılığı aradan götürməkdir. Çünki insanlar ibadətə meyl göstərmək və imkan baxımından eyni deyildir. Bəzi insanlar başqa ibadətlərə nisbətən gecə namazlarına qalxmaqdan daha çox zövq alırlar. Həqiqətən, cənnət qapılarını ibadətlərin növlərinə görə yaradan Rəbbimiz pak və nöqsansızdır. Əbu Hüreyrədən rəvayət olunan hədisdə rəsulullah (s) nöqsansızdır. Əbu Hüreyrədən rəvayət olunan hədisdə rəsulullah (s) buyurur: «Kim Allah yolunda bir kişi və qadının ehtiyaclarını ödəyərsə, cənnət qapılarından çağırılacaq: Ey Allahın qulu, bu daha xeyirlidir. Kim daha çox namaz qılanlardan idisə, namaz qapısından çağırarlar. Kim cihad əhli olubsa, cihad qapısından çağırarlar. Kim daha çox oruc tutanlardan idisə, Reyyan qapısından çağırırlar. Kim sədəqə əhli olubsa, sədəqə qapısından çağırırlar» . (Buxari, 1798) . Məqsəd bütün ibadətlərdə nafilələri daha çox yerinə yetirənlərin sayını artırmaqdır. Fərz ibadətlərə gəlincə isə, onların yerinə yetirilməsi hamıya vacibdir. Peyğəmbər (s) buyurur: «Valideyn (Yəni valideynlərə yaxşılıq) cənnət qapılarının mərkəzidir». (Tirmizi, 1900; «Səhih əl-Cami», 7145).
İman zəifliyini aradan götürmək üçün bu növlərdən istifadə etmək və Allah taalanın əmr etdiyi fərz və vacibatları qoruyaraq ibadətlərin sayını artırmaq mümkündür. Müsəlman olan kəs ibadətin növlərini incələdikcə böyük təsirə və mənaya malik nadir incilər tapacaq. Hansı ki, başqa yerlərdə bunlara az-az hallarda rast gəlmək mümkündür. Buna iki misal çəkmək olar:
-- Əbu Zərdən rəvayət olunur ki, Rəsulullah (s) buyurur: «Üç qism insan var ki, Allah onları sevir və üç qism insan var ki, Allah onları sevməz. Allah sevdiyi üç qism insana gəlincə onların birincisi o kəsdir ki, düşmənlə üz-üzə gəldikdə axıra kimi mübarizə aparar, ya öldürər ya da şəhid olub yoldaşlarına yol açar, ikincisi isə o kəsdir ki, uzun –uzadı səfərdən sonra ibadətindən qalmaz, namaz qılar. Üçüncüsü isə o kəsdir ki, yaxınlıqdakı qonşusu ona əziyyət verdiyi halda ölüm və ya hər hansısa ayrılıq onları ayırana kimi bütün bu əziyyətlərə qarşı səbr edər» (« Müsnəd», 5/151; «Səhih əl-Cami», 3074).
--Bir gün rəsulullahın (s) yanına bir kişi gəlir və qəlbinin sərtliyindən şikayət edir. Peyğəmbər (s) ona buyurur: «İstəyirsənmi qəlbin yumşalsın və istədiyinə çatasan? Yetimə rəhm et, onun başını sığalla, öz yeməyindən ona yedirt qəlbin yumşalar, istədiyinə çatarsan» ( Təbərani, «Səhih hədislər silsiləsi», 2/533). Bu iman zəifliyinin əlacı mövzusunə birbaşa aydınlıq gətirir.


Tarix: 14.04.2013 / 13:46 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1243 Bölmə: Maraqlı melumatlar
loading...